12.12.2011

O vaxtın sahibi

İbrahim Sel

Oktay Hacımusalının “Bu vaxtın sahibi” romanı üzərində eklektika

Bizi əzin kiminsə hesabına gəlib bu yerlərə sahib olanlar, bizi əzin!

 EKLEKTIKA. Qar yağırdı və biz himn oxuyurduq. Son illər beynimi açan heç bir mətnə rast gəlməmişdim. İlk dəfə idi ki, qıçlarım yığılmırdı. Orfoqrafik səhvlərin (demək olar ki) hamısını gördüm. III Dünya Müharibəsinin yaxınlaşması ilə əlaqədar ancaq nevroloji mətnlər oxunur.
 Təəccüblə çiyinlərini çəkirsən. Sən təhlükənin qlobal miqyasına bax! Hardan xəbər tutmalısan ki? Televizor bütün günü göbəyi açıq türk müğənnilərini göstərir. Şahbuzda gündüz hava müsbət üç, gecə isə mənfi dörd dərəcə olacaq deyir hər dəfə diktor qız. Yalan danışır gözünün içinə kimi. Amma sən hardan biləsən axı bunu? Knut Hamsunu oxumalısan. “Aclığı”.
 Oktay Hacımusalı yenə filosofluq edir. Hərdən qəliz-qəliz danışır. Amma hər şey gün kimi aydındır. Həmişə qaşınmayan yerdən qan çıxarır. Amma sərt münasibətə layiq deyil. Onun dikilən nəzərlərində intiqam alovunu hiss etməmək üçün kor olmaq lazımdır. Pir onundu və o öz pirinin kəramətinə bələddi. Gör bizim oturduğumuz masanı neynəyiblər! Bizi əzin kiminsə hesabına gəlib bu yerlərə sahib olanlar, bizi əzin! Burda donmaq an məsələsidir. Bir an yuxuya getdinsə, vəssalam, donacaqsan. Kimsə gəlib başımızın üstündə dayanacaq. Bizim bildiyimiz şeirlərdən onların zəhləsi gedir. 
 Amma Oktay başının üstündə dayanana fikir vermir. Çünki, əsas o deyil. Onçün əsas yazmaq istədiklərini başa vurmaqdır.
 Bu gündən səhərə ümid qalmayıb. Hər an hər şey ola bilər. Bir kor kükürd qurşunu gəlib saplana bilər bədəninə. Siyəzən onun enerji mənbəyidir. İndi roman yazır. Gəlib bunlara sübut etməliydi ki, mən elə mənəm. Necə ki sübüt etdi. Zərif barmaqların yerinə iri caynaqlar. Bunlar hamısı boş-boş sözlər deyil. Yeni nizam yaranandan onun dediklərini deməyə oğul lazım idi. Dedi. 
 Oktay hamının adi baxdığı şeylərə adi gözlə baxmır. Dərd odur ki, bu sistemdə düşünmək də olmur. Düşünməyə heç nə qalmayıb. Beyin refleksləri məhv olub. İndi də bayırda yağan yağışın səsinə qulaq asa-asa düşünürük ki, nolardı, Allahın altında bizim də əlimizə düşünməyə bir yekə mövzu düşəydi. Onda görərdilər analar necə oğullar doğub.
 Həə, qaqaş, sən nadir istedad sahibisən e. Sübut etməliydin ki, Oktay gedir və qayıtmağı bacarır. “Qarabasmada gördüyüm nisbətən onun yaşlı formasıydı”. Amma “tədirgin” sözünün mənasını başa düşmədim. Arada nəsə duayabənzər sözlər işlədirsən. Eşitmişəm ki, sizin nəsil şairlər qəribə olurlar. Amma daha belə yox da. Kim bilir... bəlkə də... nəsə...
 Qaçmağa çalışır, dəli kimi qışqırmaq və özünü xilas etmək istəyirsən. Deyək ki, getdin və işdi də qayıtmadın. Doğrudan da, bu həyata cəmi bircə dəfə gəlirik və istədiyimiz kimi yaşamalıyıq. Seçimi özümüz etməli, qəti bir qərara gəlməliyik. Qoyaydın, hər şey öz axarıyla gedəydi dəəə! İndi o getmişdi və Bakıda insanlardan aldığı enerji o dağların arasında sıxışıb qalmış kərpic kazarmaya sığışmırdı.
 Mən xoşbəxt ola biləcəyəmmi? Sən xoşbəxtsənmi, dostum? Maşının, evin-eşiyin, qadının, uşaqların... Bütün bunların hamısı sənə özünü xoşbəxt görmək üçün bəsdirmi? Ömründə bircə dəfə də olsun xanımınla, uşaqlarınla harasa getmisənmi? Yoxsa səhər naxıra, axşam axura yaşamısan? Elədirsə, incimə, sən yaşamamısan. Sən sadəcə... Nə bilim e... De-gül, niyə bu cavan yaşdan özünü dərd çəkməyə öyrəşdirəsən axı?
 Sifətindəki təəccübü tuta bildim. Mən səndən vaz keçməyəcəyəm və sən şəhid olacaqsan. Üzülsən, bir də çətin toparlanasın. Bakı mədəniyyəti: Yaman yavaş danışırsan. Amma hərdən sənə elə gəlir ki, qışqırırsan və qarşındakı səsindən narahat olur. Bunu o barmaqlarının üstündə qəribə gömgöy yazılar olan çoşikə başa sal.
 “Üzünü pəncərəyə söykəyib çölə baxırdı. Pəncərənin o üzündə yağış yağırdı. Bu gün qızının ad günü idi. İcazə vermişdilər ki, getsin evə dəyib qızının üzündən öpüb geri qayıtsın. İstəsə lap ad gününü də keçirə bilər. Amma əsas odur ki axşam yoxlamasına özünü çatdırsın. Çatdırmışdı, budur, burdadır. Üzünü pəncərəyə söykəyib çölə baxır. Qəflətən çiyinləri atılıb düşməyə başladı. Əli ilə üzünü tutdu. Hönkürürdü. Heç kim onu sakitləşdirməyə çalışmırdı. Ağlayıb ağlayıb onsuz da sakitləşəcəkdi. Sonra qəfil hönkürtüsünü kəsib fitlə “Sarı gəlin” mahnısını çalmağa başladı. Mən də ona qoşuldum... Necə oldusa...”- BU AYRICA BİR ROMANDIR. İmrovizə.
“Səngər qazırdıq. Başımızın üstündə dayanan zabit məni yanına çağırıb xahiş elədi ki, get mənim telefonumu gətir. “Telefon” sözünü eşidən kimi əsgərlər səngər qazmağa ani də olsa ara verdilər. Hamının çöhrəsində təbəssüm yarandı. Ümiddən doğan təbəssüm...”- BU İSƏ TAMAM BAŞQA TİP KOMANDİR – KAZAK ROMANI. Bunu da əsgərlikdən öyrəndik- ayaq üstdə yatmağı. “Səsin üçün darıxırdım. Sənin üçün darıxırdım”- BU DA AYRI ŞARKIDIR. Şəhərin üstünə duman gəlir xırda-xırda. Ay can ay can. Sən yenə bayramı Siyəzəndə keçirib qaçmaq istəyirsən?
 “Qəflətən telefonuma çağrı gəldi. Nömrə tanış gəlmədi nəsə. Ha fikirləşdim ki, kim ola bilər, ağlıma heç kim gəlmədi. Uzun fasilədən sonra ikinci çağrı gəldi. Həmin nömrəni yığdım.
-İlqar, sənsən?!
-Yox, bağışlayın səhv düşmüsünüz, xanım!
-Üzr istəyirəm.
-Oldu....
 Telefonu söndürdükdən sonra lənətə gəlmiş şeytan məni nəyi var dümsüklədi və bir az da mən centlemenliyimin fontan vurmasından istifadə edərək götürüb həmin xanıma mesaj yollayıb soruşdum xanım, nəsə lazım deyil ki?!
 Qardaş, babam qəbri, hər şey belə başladı...” Ha-haha! ROMAN ALINIB E!
 Kompüter təkcə muzakalnı çentr deyil axı. Allah heç kimi odla su arasında qoymasın. Nə qavram? Qavram nə olan şeydir? Hər şeyi öz adı ilə çağırın. Hər şey öz dəyərini xırda-xırda tərk edir. Yavaş-yavaş hər şey adiləşir. İnanandadır günah doğrusu!
 Paltarlarımı çıxarıb günəşə sarı tutmusan. Bit haqqında düşünürsən. -Alə, farağat! -Alə, azad! Yazın, əfəndilər, yazın. Hələ deyəsən unutqan olduğumuzdan dolayı çox belə elegiyalar yazacağıq bir-birimiz üçün. Sonda özümə yeddimərtəbəli söyüşlər söymədim bəs niyə oxudum bunu? Zəng gəlmir. Əvəzində isə... Əvəzində isə yeyib-içmək gəlir.
 O bina yadına gəlir? Gözlərimi yumub göndərmə düyməsini basanda özüm özümdən düz eləyib eləmədyimi soruşdum. Birdən qayıtdım.. Düz eləmədim?
 Bizi aldatdılar. Heyf Anuradan! Mən onu gəlmə-gəlinti parafessorların nəsil-nəcabətinə də dəyişməzdim!
 Oktayın gözlərində qədər sirrli bir dünya gizlənib ... Saxlayıram. Onsuz da heç nə yazmıram.
 BAKININ İŞĞALI. Bir həqiqətdir ki, min dəfələrlə könüllü fədakarlara müraciət edildi. Cəbhə üçün könüllülər axtarıldı. Fədai qrupları təşkil olundu.  Fədai əsgərlər, fədai telefonçular tapıldı. Tanklar üçün fədailər, dağları aşıb keçmək üçün fədailər, kəşfiyyat üçün fədailər, hücum birlikləri üçün fədailər. Daha doğrusu, sadəcə könüllülər seçildi. Qısacası, savaş müddətində davamlı olaraq könüllü toplamaq lazım idi. Bu bitib-tükənmək bilməyən istəklər qarşısında həmişə eyni davranışlar sərgilənirdi. Bığ yeri hələ tərləməmiş dəliqanlılar və ya bezikmiş kişilər vətənpərvərliyə tutulmuş ruhları və tükənməz cəsarətləri ilə ən yüksək vəzifələrin şüuru içində cəbhəyə axışırdılar. Beləcə, minlərlə, on minlərlə namizəd gəldi. Amma nəticədə bu “inanclı ehtiyat xəzinə” qupquru qurudu. Atəşlər içinə atılıb ölməyənlər yaralı olaraq, sayları çox az qalmış inanclı dostların yanına qayıdırdılar. Ancaq “fədailər” adlanan bu adamlardan qosqoca ordular meydana gətirilə bilərdi. Fəqət bu ordular bizim heç bir işə yaramayan siyasətçilərimizin əfv edilməz şüursuzluqları nəticəsində, sülh şəraitində kiçik bir təlim belə keçməmişdilər. Buna görə də savaş meydanlarında nə edə bilərdilər ki? Cəbhədə etdikləri tək şey, özlərini müdafiə edə bilmədən, tək top mərmisi belə atmağa fürsət tapmadan can vermələri oldu! O qəflət və cəhalət səbəbi ilə Murovdağ yüksəkliyində üzü yuxarı mövqelərdə qərar tutmuş ermənilərə qarşı bir metr qar içərisində hücuma göndərilən 4 min zavallı azərbaycanlı balasının yerinə başqalarını indi tapmaq mümkün deyil və ola da bilməz. Mason fitnəsi ilə belə əsgərlərin itirilməsi yalnız say baxımından əhəmiyyətli deyildi. Bu itkilər əksəriyyət tərəzisinin pislər və canilər lehinə dəyişməsi demək idi. Namussuzluq, yaltaqlıq və qorxaqlıq keçmişdə olduğundan daha çox artmağa başladı. Çünki savaş boyunca yaxşı ailələrə mənsub olan vətəndaşlar məhv olarkən, öz torpağını qoyub qaçanlar bu müddət ərzində məhv olma ehtimalından özlərini qorumağı bacarmışdılar. Müstəqilliyimizin doğuşdan şikəst olduğu da elə burada ortalığa çıxır. Müharibənin ilk günlərindən etibarən hər kəs ermənilərin rəsmi mətbuatda və satirik yazılarda söylənilən və yazılan adamlara oxşamadıqlarını başa düşdülər. Bu yanlış düşüncə şübhəsiz ki onu yaymaqla məşğul olanlara bəzi mənfəətlər təmin edirdi. Bu yanılma mənim də bəzi təbliğat formalarının faydası haqqında araşdırma aparmağıma səbəb oldu. Müəyyən etdim ki, dezinformasiya informasiyanı əvəz edib və tezis özünün antitezisinə keçib.
 “Daşların əleyhinə üsyan etdik/ Sındırdıq/ Bu lap möcüzədir/ Yenə daşlar hakim oldular” (Ramin Cahangirzadə).

Комментариев нет:

Отправить комментарий