24.12.2011

ƏRƏBDOVŞANI ÜSYANI


Həmid Herisçi

Üsyanı əvvəlcədən görmüş Heydər Camal

“2011-ci il haqda nə deyə bilərsiz” sualının cavabını qədim hürufi təfəkkürümüzdən soruşsaq, Füzullah Nəimi “Cavidannamə”sinin öz-özünə açıldığını görüb təəccübümüzdən yerimizdə donub qalarıq. “2011-in əvvəlində də 2 rəqəmi var, axırındakı iki rəqəmin cəmi də 2-ni göstərir, ortada isə sehrli sıfır” cavabını eşidib çaşarıq. Bəli, riyaziyyatın əsas “sıfırlanma” qanunu bu il öz işini görəcək.
Biz bir çox əski dəyərlərimizi sıfırlamağa məcbur qalıb qədim Misir padşahlarını, Ərəbistanın ömürlük prezidentlərini, day bilmirəm nələri “sıfırlamalı” olacağıq.

Münəccimlər də dilini dinc qoymayıb söhbətimizə qarışacaq: “Dovşan ili, Dovşan bürcü üsyanlarla başladı. Ərəbdovşanları dünyanı qatıb-qarışdırdı. Misir mumiyası qəbirdən, muzeylərdən xortladı. Firon ehramları, Sfinks heykəli dekorasiyaları önünə qayıdan qoca tarix qara qulların, yəni dovşanların, mumiyayabənzər məzlumların üsyanını qaldırdı”. “İndiana Cons” filmindəki kimi, mumiyalar keçmişdən qayıdıb dirildi...
Say sistemi “sıfırlama” əsasında irəli gedirsə, işlətdiyimiz təqvimlər də sıfırlama ilə tarixi hesablayırsa, onda nə üçün indiki dəyərlərimizi sıfırlamağa qorxuruq? “Sıfırlanmanın” ən son ünvanı isə əvvəlcə qiyam, sonra qiyamət misteriyasıdır.
Moskvada yaşayan həmyerlimiz, Rusiya İslam Komitəsinin sədri, məşhur filosof, mərkəzi Moskva telekenallarının baş ekspertlərindən biri Heydər Camal bu üsyanları, bu ərəbdovşanlarını çoxdan görsə də, bu məzlum dovşanların bir gün ayılacağını öz siyasi-fəlsəfi proqnozlarında isbatlasa da biz indiyədək inanmırdıq ona. Bu proqnozların sübuta yetdiyi bir vaxtda düşündüm ki, hə, indi lap yeridir, gərək sizi Heydər Camalla mütləq tanış edəm. Onun siyasi portretini Rusiya telekanalları yaxşı cızıb deyə mən burda Heydərin yalnız həyatı portretini cızmaq istədim.

Ana südü, dağ çiçəyi...

Uca dağların qoynunda gözəl, sehrli bir gül növü bitir - adı dillər əzbəri “edelveys” çiçəyi. Min bir çətinliyə qatlaşıb qarlı zirvələrə doğru qalxsan, bu çiçəyi dərib papağına sancsan, hə, bil, artıq “usta alpinist” adını qazanıbsan. Gərək onu biləsən ki, bu çiçəkdən o yana yuxarılarda day gül aləmi, bitki-yaşıllıq dünyası bitib-tükənib. İrəlidə ən sərt dağ silsilələrinin aşılmaz, çılpaq, vəhşi dünyası başlayır. Uca dağ zirvələrindən aşağı ensən, edelveys yolunda rastlaşdığın ilk çiçəkdir, dağlara qalxsan - axırıncı. Bu çiçəyin “bəs azərbaycanca adı nədir” sualını bir gün özümə, bir də dağlara verdim. Taleyin iznilə Babəkin əfsanəvi Bəzz qalasına qalxdığım vaxt. İnanın, dağlar özü verdi bu lal sualın cavabını.
Babək qalasına gedən uzun, yorucu yolun üstündəki sonuncu yaşayış məntəqəsi kiçicik, 10-15 daxmalıq Gülaxır kəndidir. Yəni burda gül-çiçək aləmi öz hökmünə xətm verərək ixtiyarı ötürür əlçatmaz dağ zirvələrinə. Bu kəndin bələdçiləri ilə birgə elə təzəcənə bir sarp qayanı aşmışdıq ki, gördüyümüz cənnət mənzərəsi bizi şaşırtdı - bir edelveys çiçəyi nə vaxtdı boynunu əyərək mənim üzümə, gözlərimə zillənib. Alpinist qanunlarına əməl edərək onu dərib papağıma sancmalı idim. Buna hətta bir-iki cəhd də göstərsəm də o arzudan qəfil vaz keçdim. Əfsanəvi çiçəyin ləçəklərini əzizlədim əvvəlcə, sonra bələdçilərimə “Bu çiçəyin adı nədi bizim dildə” sualımı elə astaca pıçıldadım ki, nəfəsimin yeli qarşımdakı əfsanəvi gülün incə ləçəklərini titrətməsin.
- “Gülaxır” deyərik ona. Bəxtinə düşdü. Güllərin axırıncısıdır o...
Qismətimə bir bax, bu cür nemət hər adamın payına düşməz. Mən eyni anda həm öz dağ çiçəyimi, öz edelveysimi, həm də onun gizli adını, milli adını da tapmışdım. Dədə Qorqudun “ana südü, dağ çiçəyi yarana məlhəm olsun” duası da bax elə həmin an bir şimşək kimi çaxdı beynimdə. Gözlərim qamaşdı, eyni anda qədim dastanımızın bir sirrinə də agah olmuşdum axı. Çox sonralar həmin ilginc macəramı bir də xatırladım. Böyük filosofumuz Heydər Camal öz həyat hekayələrini Moskvada mənə danışanda...

Cahadın balası

Rusiya TV-lərində mənalı çıxışları ilə tanınan, öz yaradıcılığı ilə “Rusiyanın sonuncu filosofu” adını qazanan həmyerlimiz Heydər Camalla tanışlığımın uzun tarixçəsi var. Liberal, antiislamçı Moskva mətbuatı Rusiya İslam Komitəsinin sədri Heydər Camalı sözün məcazı mənasında “İslam cihadının oğlu” sayır. Ancaq bu, məncə, sözün təkcə məcazı mənasında yox, həm də həqiqi mənasında belədir - o, tanınmış rəssam Cahad Heydərin doğmaca oğludur axı. 1940-cı ildə hələ lap gənc ikən Cahad Heydər sevimli Şuşasından ayrılıb Moskvaya gedir ki, orada rəssamlıq sənətinə yiyələnsin. Müharibə başlanınca ordu sıralarına alınır, məşhur marşal Jukovun şəxsi rəssamı vəzifəsində Almaniyaya daxil olur. Şərqi Prussiyanın paytaxtı Köninqsberqdəki qədim alman qəsrlərindən qənimət kimi götürülmüş bir kreslonu sonralar Heydər Camalın evində özüm görmüşəm. 3-4 nəhəng maral buynuzunu birləşdirərək onu kreslo halına gətirmiş usta haradan biləydi ki, haman bu kreslo nə vaxtsa Heydər Camalın Moskva kabinetini bəzəyəcək?! Onunla ilk dəfə görüşəndə o, bu kreslo üzərində əyləşərək mənə öz həyatını danışırdı:
- Atamla anam evlənəndən iki il sonra Şuşaya gəlirlər. Yaddaş kitabımın ilk səhifəsinə bir dumanlı dağ mənzərəsi həkk olunub. Bəlkə məhz Şuşa dağlarının zəif əksidir ki, ilişib qalıb orda. Sonra ailəmiz dağıldı. Anam Məshəti türkü idi, “Mosfilm” kinostudiyası heyvanxanasındakı yırtıcıları əhilləşdirib rejissorlara təhvil verər, geri alardı. O, hətta şimal qurdlarını da əhilləşdirib. Qurdların göz bəbəklərinə baxmağı ondan öyrəndim...
Baxıram, Heydərin mavi gözləri bu an qurd gözündən seçilmir əsla. Bunu fərq etdiyimi Heydər də duyanda söhbətimiz qızışır:
- Ana babam, Noqay türkü Taparaliyev,- Stalin vaxtı SSRİ Ali Məhkəməsində yüksək vəzifə sahibi,- məni övladlığa götürdü o çətin uşaqlıq günlərimdə. Dəcəldim yaman, ancaq babamın zəngin kitabxanasını başdan-ayağa oxudum, xüsusən oradakı klassik alman fəlsəfəsinin külliyyatını. Qollarımda şir gücü vardı o gənc vaxtlarımda, beynimdə alman klassik fəlsəfəsi, şer də yazırdım, bax, beləcənə gəlib girdim Moskva Xarici Dillər İnstitutunun fransız bölməsinə. II kursda bir partokratın balası mənim azəri mənşəyimi söyüncə onu al qana boyadım deyə “burjua millətçisi” damğası ilə institutdan xaric edildim.
Maral buynuzundan qayırılmış bu kreslonu alman cəngavərləri, SS zabitləri növbə ilə bir-birinə ötürüb. Ruhları sakit yatsın 1945-ci il Almaniya xarabalıqları altında - bu kreslo indi də etibarlı əllərdədir. Heydər Camal uzaq 1962-ci ildə institutdan qovulduğu zaman bir bu kresloya baxıb, sonra qarşısındakı nəhəng qara boşluğa. Moskvanın Kropotkinski döngəsindən ayrılaraq özünü həyatın dəli burulğanına atıb. Cahadın oğlu öz ilk cihadını o vaxt həyata keçirib. Yaddaşından silinməyən Şuşa dumanında öz üsyankar ruhuna qanad verib, bir-iki üsyan şeri yazıb cib dəftərinə, sonra gedib əsgərliyə:
- SSRİ-yə qulluq edəcəyimə and içmirdim deyə məni cərimə batalyonuna basdılar əvvəlcə. Sonra ruhi xəstələr dispanserinə. İstədikləri alınmadı. And içmədim. Tale məni Orta Asiyaya atdı, Pamir zirvələrinə qalxan alpinistlərə qoşuldum, SSRİ Alpinizm Cəmiyyətinin üzvü olmaq mənə həm ayda 80 rubl gətirdi, həm də ecazkar, sirr dolu yeni bir həyat...
Söhbətimizin mövzusunu əvəzləmək istəyən Heydər bəy buna işarə verirmiş kimi əyləşdiyi yeri də dəyişir. Oturduğu qədimi alman kreslosundan qalxıb mətbəxə keçir, məni də dəvət edir ora, gözlərim qarşısında haradansa iri bir tacik çaydanı çıxararaq 3-4 çimdik çay qurusu atır içinə. Orta Asiya macəralarını xatirəsində diriltməkçün bir Daşkənd çayxanasının ovqatını yaradır öz ətrafında. Çayı içincə,- hə, yalan demirəm,- çayxana dəstərxanı üstə uzanıb mürgüləyən bir yorğun müştəri cildində hiss edirəm özümü.

İki səmanın qartalı


- Heydər bəy, Bakıya növbəti gəlişiniz zamanı, yadımdadı, mənə dediniz ki, bəs, Bakının dirilər şəhərini görmək azdır sizə. Gərək hökmən Bakının ölülər şəhərinə, yəni bir şəhər qəbiristanlığına da baş çəkəsiniz. O səfərimiz yaddaşıma ömürlük həkk olundu. Bir Allah bilir, nə qədər maraqlı, sirli mətləblərə agah olduq o səfərimiz vaxtı. Eşitdiyimə görə, Düşənbənin də həm dirilər, həm də ölülər dünyası ilə yaxşı tanışlığınız varmış sizin.
Sualım özümə də xoş gəldi. Həə, filosoflara gərək bax, bu cür sual ünvanlayasan. Heydərin eşitdiyi sualı anında cavablandırmaq, araya sükut qatmamaq istedadı bu dəfə də təkrarlanır. Peşəkar teleaparıcıları başqalarından fərqləndirən bu cəhətə Heydər məncə, Moskva telekanallarında yiyələnib. Barmağını bəzəyən gümüş üzük, mavi göz bəbəklərindən vaxtaşırı sıçrayan qığılcımlar, erkək ədaları - bütün bunlar əvvəl ayrı-ayrılıqda girir gözə. Sonra qəfildən bir nöqtədə birləşərək Moskva teleekranlarında tez-tez gördüyümüz Heydər Camalın tanış simasını yaradır:
- Mənim kimi qarabağlı düşdüyü Düşənbədə də özü kimi bir qarabağlı axtarar. Hə, orda bir qarabağlı köhnə prokurorla dostlaşdım, arvadı koreyalı idi. Pulsuz günlərimin birində o, dedi ki, bəs, Düşənbədəki koreyalıların məzarlığında iş var, sinədaşlarını əl arabasına qoyub dart apar axır ünvanına, yaxşı pul qazanarsan. Hə, acından ölməməkçün orda işlədiyim vaxtlar sanki iki səmanın qartalı idim - həm uca Pamir zirvələrini fəth edər, orda ölməzliyi duyar, həm də sonra bax, bu girdaba, məzarlığa qayıdardım. O təzadların içində ikən bir gün Pamir dağlarında yolumu azdım. Ərzağım tükəndi, acından lap halsızlaşsam da elə hey irəli gedir, itirdiyim yolu arayırdım. Dizlərim bükülüb yerə sərildiyim zaman bir də görürəm ki, uzaqdan bir çoban yüyürüb gəlir. Mənə yedizdirdiyi dadlı şorbanın adına “loğman” deyildiyini duyunca gözlərimə işıq gəldi az-az. Elə bildim ki, əfsanəvi Loğmanla görüşmüşəm. Bir-iki günə toxdayıb özümə təzəcə gəlmişdim ki, eşitdim buralarda, Pamirin ən uca zirvəsi istiqamətdə bir ziyarətgah var. Daxilimdən qopan bir pıçıltı idi, nə idi mənə deyən: “Canını aşağıdakı Koreya məzarlığından qurtar, ən yüksəkliklərdəki ilahi nöqtəni, məzarı ziyarət et! Hər iki səmanın qartalı ol. İstər fiziki, istər metafiziki aləmin fatehinə çevril”. O ziyarətgahın yolunu yerli çobanlar da yox, dağlarda ağlını itirmiş köhnə bir rus sərhədçisi bilirdi. Tapdım onu birtəhər. Başladıq Pamir zirvələrinə doğru qalxmağa. Burnumuza dağ ayısının nəcis iyi dəyincə bələdçim olan-qalan ağlını itirdi. Sonra özü də itdi. Qaldım Pamir dağları ilə tək-tənha. Bir də ayıldım ki, üzərimə ayı gəlir. O, iki ayağı üstə qalxıb mənə sarı yeriyirdi. Elə-belə ayı deyildi, ziyarətgahların yolunu kəsən yad qüvvələrin nümayəndəsi idi elə bil.
Qədim nağıl məntiqincə, qəhrəman gərək mütləq öz heyvani həmzadıyla görüşüb onu ram etsin, ilahi güc qazansın həmin an. Heydərdə də o vaxt sanki bu baş verir:
- Anam “Mosfilm” kinostudiyasında yırtıcıları əhliləşdirərkən mənə demişdi ki, təhlükə yaransa, heyvanın göz bəbəklərinin içinə baxım. Baxdım. Bir də gördüm ki, nəhəng ayı geri çəkilib qeyb oldu. Ziyarətgaha qədəm basdığım vaxt axşam namazımın tam vaxtı idi, həəə...
- Ərəbdovşanı orda öz üsyanını etdi, qorxudan azad olub məqama yetişdi, - mən bunları deyərkən Heydər bəy fincanıma çay süzürdü. - Bəzz qalasına çıxarkən yolda məni edelveys çiçəyi qarşıladı. Ona dilimizdə “gülaxır” deyildiyini Babəkin Bəzz qalası ətəklərində yaşayanlardan eşitdim,- fürsətdən istifadə edib Heydəri alpinizm sahəsindəki öz təcrübəmlə tanış etdim.
- Mən dağlardakı ən yüksək məzarda oldum, aşağılardakı koreyalılar məzarlığında da. “Gülaxır” kəlməsini mən də Pamir dağlarında eşitdim ilk dəfə. Elə o vaxt da Pamirdə canımdakı dovşandan azad oldum.
- İndi isə bütün dünya dovşanları deyəsən bu təcrübənizi təkrarlamağa başlayır,- deyib hiss etdim ki, bu cümləmin sonunda bircə nida işarəsi çatmır. Tez səsimi bir pillə yuxarı qaldıraraq:
- Ərəbdovşanları axır ki, üsyan etdilər! Sonuncu “gülaxır” çiçəyinin dərilmək vaxtı çatıb,- dedim.
***
Filosofların öz tale yazıları var - vətənlərindən kənarda olarlar adətən. Bizim bütün qədim filosofların bu yolunu təkrarlayan Heydər Camal indi yox, gələcəkdə bir böyük Azərbaycan filosofu kimi vətənində öz təsdiqini tapacaq. Mən buna ilk cəhdimi etdim. Buyurun, indi növbə gəlib hamımıza yetişib...

Комментариев нет:

Отправить комментарий