02.12.2011

Tağı müəllim, bu qədər pullar hara gedir?

Metroya büdcədən kənar axan milyonların hesabı “Azadlıq”da
İldə ən azı 12-13 milyon manat qazanan metropoliten rəhbərliyi kasıb camaatın qəpiyini güdür
Metroda gediş haqqının 15 qəpikdən 20 qəpiyə qaldırılması haqlı narazılıqlara səbəb olub. Çünki ən ucuz nəqliyyat növü olan metrodan daimi istifadə edənlər gündə bir dəfə gediş-gəliş üçün aya 9 manat əvəzinə 12 manat ödəməli olacaqlar. Belə götürəndə 3 manat böyük rəqəm deyil. Ancaq niyə qalxmalıdır? Nə dəyişdi? Tağı Əhmədovun rəhbəri olduğu metropoliten insanlara qiymət artımından sonra daha yaxşımı xidmət edəcək?
33 milyondan 44 milyona...
Tağı Əhmədovun iddiasına görə, bir sərnişinin daşınması xərci 55 qəpikdir. Bakı Metropoliteninin rəisi hər gün orta hesabla metrodan 600 min nəfər sərnişinin istifadə etdiyini deyir. Bu isə təxminən ildə 220 milyon sərnişin deməkdir. Alınan rəqəmi 15 qəpikə vursaq ortaya 33 milyon manat çıxacaq. Gəlin, indi Tağı Əhmədovun dediyi kimi hesablayaq. Tutaq ki, bir nəfərin daşınma xərci realda 55 qəpikdir, onda metropolitenin saxlanması üçün ildə 121 milyon manat gərəkdir. Gediş haqqı 15 qəpik olan zamanda bir ilə 33 milyon qazanc əldə edilirdi. 20 qəpik olandan bu rəqəm 44 milyon manat olacaq. Deməli, 121 milyon manatın 44 milyonu sərnişinlərdən əldə ediləcək. Bəs qalan 77 milyon necə olur? O pulu kim verir? Axı 2011-ci il üzrə büdcədən 16 milyon manat verilib. Bu isə o deməkdir ki, metropoliten 49 milyonla yaşamaq iqtidarındadı. Deməli, bir sərnişinin daşınması üçün 22 qəpik lazım imiş. 20 qəpik var, qaldı 2 qəpik. Onu bəs necə əldə etmək mümkündür?
Indi başqa bir məqama da toxunmağa ehtiyac var. Belə ki, Metropolitenin gəlirləri təkcə sərnişin daşınmasından ibarət deyil. Ortada ağlagəlməz dərəcədə böyük pullar dövr edir. Metro keçidlərindəki ticarət obyektlərindən və reklam gəlirlərindən gələn gəlirləri də bura daxil etmək lazımdır. Metropoliten şefi bu gəlirlər barədə açıqlama vermir. Bu barədə soruşanlar isə “şəxsi işə” qarışdığı üçün hədələnir.
Ekspertlər deyir ki, metroda qiymətlərin qaldırılmasına ehtiyac yox idi. Çünki reklam və obyektlərin icarəsindən illik gəlir gediş haqqının beş qəpiyə endirilməsinə də şərait yaradır. Görəsən, Tağı Əhmədov reklam və obyektlərin icarəsindən nə qədər gəlir götürür? Bu suala cavab tapmaq üçün Bakı Metropoliteninin bütün stansiyalarını gəzib, barmaqla obyektləri saydıq və verilən kirayə haqqını satıcılardan soruşub hesablama apardıq.
Birinci gəlir mərkəzi - 11 milyon 408 min 404 manat
Öncədən bildirək ki, Bakı Metropoliteninin 21 stansiyası var. Məşədi Əzizbəyovda təmir getdiyi üçün işləmir. “Içərişəhər” yoxdur, “Sahil”də isə bir-iki obyekt var. “Ulduz” və “Dərnəgül”də vəziyyət ürəkaçan olmadığı üçün bunları da hesaba almırıq. Yerdə qaldı 16 stansiya. Biz ən minimal hesablama aparacağıq...
Başlayaq ən gur “20 Yanvar”dan. Burada 224 dükan var. Satıcıların dediyinə görə, yerdən asılı olaraq kirayə haqqı 600 manatdan başlayıb 1000 manatda bitir. 800 manat orta qiymətdir. 224 obyektin hər birindən 800 manat alanda 179200 manat gəlir əldə edilir.
“Inşaatçılar”da 160, “Nəriman Nərimanov”da 146, “Neftçilər”də 110, “Əhmədli”də 98, “Xalqlar dostluğu”nda 115, “Qara Qarayev”də 108, “Gənclik”də 22, “Xətai”də 34, “Nizami”də 8, “Elmlər Akademiyası”nda 15, “Əcəmi”də 132 obyekt icarəyə verilib. Bütün obyektlərin sayı 948 edir. Adları çəkilən metro stansiyalarında obyektlərin kirayə haqqı gündəlik və aylıqdır. Gündəlik haqq 10-30 manat arasındadır. Aylıq icarə haqqı 700-1000 manat civarında dəyişir. Gündəlik yer haqqı ödəyən satıcıların dükanları çox kiçikdir. Bu cür obyektlər metropolitenin ərazisində çox az saydadır. Ən uyğun qiymət 750 manatdır. Bu məbləği 948 obyekt üçün hesablasaq Tağı Əhmədovun 11 stansiyadan hər ay 711000 manat qazanc götürmüş olduğunu görə bilərik.
“28 may”da 12 dükan metronun içində, 11 obyekt isə giriş və çıxışdadır. Burada yer haqqı 750-1200 manat arasındadır. 33 dükan orta hesabla metropoliten rəisinə 900 manat ödəyirsə, aya 29700 manat edir.
Digər 3 stansiyada - “Həzi Aslanov”da 36, “Nəsimi”də 24 və “Azadlıq prospekti”ndə 17 obyekt (hələlik) icarəyə götürülüb. Burada alver zəif olduğu üçün dükanlardan 300-500 manat arasında yer haqqı alınır. 77 obyektdən orta hesabla 400 manat alınsa, 30800 manat əldə etmək mümkündür.
Ümumilikdə Bakı Metropolitenində 1282 obyekt icarəyə verilib ki, bundan da ay ərzində ən azı 950700 manat gəlir əldə edilir. Bu da bir il üçün 11 milyon 408 min 404 manat deməkdir.
Ikinci gəlir mərkəzi - 1 milyon 320 min manat
Metroda reklam işləri ilə cənab Əhmədova yaxınlığı ilə seçilən “Kommet” Reklam Agentliyi məşğuldur. Məlumatlara görə, metro stansiyalarında reklam lövhələrinin bir ədədinin aylıq icarə haqqı 70 manatdır. Vaqonların içindəki reklamların dəyəri isə yerindən asılı olaraq 2-10 manat aralığındadır. 16 metrostansiyanın hər birində 30 reklam lövhəsi var. 480 lövhənin orta hesabla 6 manatdan hasili 2880 manat edir.
Monitorlarda reklam yerləşdirməyin qiyməti heç də aşağı deyil. Belə ki, bir reklam çarxı səhər 06:00-dan axşam saat 24:00-a kimi gündə 360 dəfə göstərilir. Bir çarx hər 3 dəqiqədən bir təkrarlanır. Reklam çarxı isə yalnız bir qatarda, yəni 5 vaqonda quraşdırılır. Hər vaqonda da 2 monitor var. Reklamın qiyməti vaxta görə dəyişir. 5 saniyəlik reklam 68 manat, 10 saniyəlik çarx 128 manat, 15 saniyəlik çarx 180 manat, 20 saniyəlik çarx 224 manat, 30 saniyəlik çarx 306 manatdır. Bu qiymətlər bir ay üçün nəzərdə tutulub. Əldə etdiyimiz məlumatlara görə,  eskalatorun üstündə reklam 100 manat, yerləşdirmə üçün 20 manat icarə haqqı, üstəlik də vergi ödəməlisən. Stansiyaların divarlarında icarə haqqı 150 manatdır. Metroda ən baha reklam yeri isə tunelin üstüdür - 200 manat. Kassa ətrafında reklam yerləşdirməyin icarə haqqı 25 manat, balans əməliyyatları aparılan yerin icarə haqqı isə 30 manatdır. Bu qiymətlər bir ay üçün nəzərdə tutulub.
Eskalatordan düşən yerdə və platformada səsləndirilən reklamlar da vaxtdan asılı olaraq dəyişir. Bir reklam lentinin bir dəfə səsləndirmə qiyməti 1 manat, istirahət və bayram günləri, pik saatlarında isə 2-10 manat arasında dəyişir.
“Azadlıq”a daxil olan məlumatlara görə, ay ərzində reklamlardan və monitorlarını yerləşdirən şirkətlərin verdiyi icarə haqqından ayda 110 min manat Tağı Əhmədova qazanc gəlir. Bu isə ildə 1 milyon 320 min manat edir.
Tağı Əhmədovun “etirafı”
Tağı Əhmədov bir müddət öncə mətbuata açıqlama verərək metropolitenin balansında 2 minə qədər ticarət obyektinin olduğunu demişdi. O, eyni zamanda metro ticarətindən əldə olunan aylıq gəlirin 70 min manat olduğunu və həmin məbləğin yalnız metroya sərf olunduğunu iddia edib: “Bəziləri düşünür ki, guya metroda qaz vurub-qazan doldururlar. Xeyir, qazanc qəpiklə olan şeydir və onları bağlamaq bizə daha sərfəlidir. 70 min metropolitenə heç nə etmir. Bu, ildə cəmi 840 min manat pul edir. Azərbaycanın bu pulu verməyə imkanı var. Amma söhbət iki min adamın işsiz qalmasından gedir”.
Yuxarıda qeyd etdik ki, metropoliten 49 milyonla yaşamaq iqtidarındadı. Onun 33 milyonunu sərnişinlər ödəyir (bundan sonra 44 milyon olacaq - R.D.). 16 milyonu dotasiya ilə. Gələn ildən 44 milyonunu sərnişinlər verəcək, yəqin ki, hökumət dotasiyanı 5 milyona endirəcək. Ancaq...
Ancaq obyektlərdən və reklamlardan gələn 12 milyon 728 min 404 manat (11 milyon 408 min 404 manat, üstəgəl 1 milyon 320 min) illik gəlirin hara getməsi barədə heç kim danışmayacaq.
***
Azərbaycanda mental dəyərlərə görə kiminsə pulunu saymaq tərbiyəsizlikdir. Bu “tərbiyəsizliy”i öz üzərimizə götürüb işə başladıq. Sadəcə bir sorumuz var - bu qədər pul hara gedir, Tağı müəllim? Cavabınızı səbirsizliklə gözləyirik...
Ramin DEKO                       azadliq.info
     

Комментариев нет:

Отправить комментарий