KQB-nin keçmiş sədri onun münaqişəni necə başlatdığı haqda maraqlı detallar danışıb
Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun Azərbaycana, Azərbaycan xalqına düşmən münasibəti, Qarabağda erməni separatizmini necə himayə etdiyi haqda indiyədək çox danışılıb, yazılıb. Bu dəfə isə onun Qarabağı ermənilərə necə satdığı haqda sovet KQB-sinin keçmiş sədri Viktor Çebrikova istinadən ukraynalı politoloq, vaxtilə Qorbaçov Fondunun rəhbərliyində işləyən, onunla yaxın təmasda olan İlya Osadçuk danışıb.
Ukraynanın “Xvilya” saytına müsahibəsində Qorbaçovun SSRİ-ni necə dağıtdığı barədə maraqlı məqamları açıqlayıb. Bunlardan biri də Qorbaçovun KQB-nin əliylə Qarabağda erməni separatizmini qızışdırması, Amerikadakı erməni diasporu ilə anlaşması və ermənilərin onun arvadı Raisaya verdikləri hədiyyə barədədir.İ.Osadçuk bildirir ki, Qorbaçovu o vaxt Amerika kəşfiyyatı SSRİ-nin BMT-dəki missiyasının rəhbərinin müavini olan erməni diplomat Viktor İsraelyan vasitəsilə ələ almaq istəyib. Onun ehtimalına görə, İsraelyan özü Amerika kəşfiyyatı tərəfindən ələ alınıbmış. 80-ci illərin ortalarında, Qorbaçov SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsində kənd təsərrüfatı üzrə katib vəzifəsini tutanda Vaşinqtonda xarici diplomatlar üçün təşkil olunmuş qəbullardan biri zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin o vaxtkı direktoru Corc Buş İsraelyana yaxınlaşıb. MKİ direktoru erməni diplomatdan xahiş edib ki, onun Qorbaçovla görüşünü təşkil etsin. Lakin o vaxt İsraelyan bu xahişə əhəmiyyət verməyib. Daha sonra Cenevrədə keçirilən qəbulda Buş yenidən İsraelyana yaxınlaşıb və Qorbaçovla görüş barədə xahişi təkrarlayıb. İsraelyan Moskvaya gəlib, xarici işlər naziri Andrey Qromıko ilə görüşüb. Söhbət əsnasında erməni diplomat ona MKİ direktorunun xahişini çatdırıb. Qromıko onu dinləyib, heç nə demədən 15 dəqiqə pəncərəyə baxıb və “Başqa sualın yoxdur ki” deyə erməni diplomata bildirib. V.İsraelyan XİN-in binasından çıxanda mühafizə onu saxlayıb və diplomat vəsiqəsini alıb. Onu dərhal işdən azad ediblər, İsraelyan SSRİ-nin son illərində ABŞ-a köçüb və 2005-ci ildə ölüb. BMT-də SSRİ-ni təmsil edən erməni diplomatın Amerika kəşfiyyatı ilə təmasları isə MKİ-nin SSRİ-ni dağıtmaq üçün həm də Qarabağda erməni separatizmini qızışdırmaq planlarının olduğundan xəbər verir.
Qeyd edək ki, Qarabağda erməni separatizminin qızışdırılmasında o vaxt Amerikadakı erməni diasporunun da əhəmiyyətli rolu olub. Qarabağda yaradılan gizli erməni təşkilatlarını Amerikadakı erməni diasporu maliyyələşdirib, onların fəaliyyətini istiqamətləndirib.
İ.Osadçuk daha bir maraqlı detal haqda danışaraq deyir ki, 1987-ci ildə Qorbaçov Mərkəzi Komitənin birinci katibi kimi ABŞ-a səfərə yola düşəndə özü ilə KQB sədrinin müavini Kryuçkovu götürüb. O vaxt KQB-nin sədri olan Viktor Çebrikov Kryuçkovun birinci katibi ABŞ-a səfərdə müşayiət etməsinə qarşı çıxıb. Çünki Kryuçkov KQB-nin 1-ci Baş İdarəsinin rəhbəri olarkən həyata keçirdiyi bütün əməliyyatları iflasa uğradıbmış. Osadçukun danışdığına görə, Kryuçkov kəşfiyyatçı və rəhbər işçi kimi qabiliyyətli olmasa da, yaxşı intriqabaz idi. KQB sədrinin etirazına baxmayaraq Qorbaçov Kryuçkovu özü ilə ABŞ-a aparır. ABŞ-da Kryuçkov erməni diasporu ilə Qorbaçovun görüşünü təşkil edir. Həmin görüşdə ermənilər Qorbaçovun arvadına brilyant daşlarla bəzədilmiş boyunbağı və rəsm əsəri hədiyyə edirlər. Ardınca Qorbaçovu əhatəyə alıb ona “Qarabağın tarixi problemləri”, onun Ermənistana birləşdirilməsinin vacibliyi haqda danışırlar. Qorbaçovun ermənilərlə söhbətində Kryuçkov da iştirak edir. Birinci katib ABŞ-dan səfərdən dönəndən az sonra Çebrikovu KQB sədri vəzifəsindən azad edərək onun yerinə Kryuçkovu təyin edir. Çebrikov isə Mərkəzi Komitə katibliyinə təyin olunur. Və tezliklə Qarabağda müharibə başlayır.
Osadçukun danışdığına görə, sonradan Çebrikov ona evində keçirdiyi ad gününün videokadrlarını göstərib. Həmin mərasimdə KQB sədri kimi Kryuçkov da iştirak edirmiş. Çebrikov ad günündə Kryuçkovdan soruşur: “KQB sədri olmaq üçün Qorbaçova neçə milyon verdin”. Ehtimal ki, ermənilərin adamı olan Kryuçkov KQB sədri olmaq üçün Qorbaçova rüşvət kimi verdiyi milyonlarla dolları da Amerikadakı varlı ermənilərdən alıbmış.
İ.Osadçukun bildirdiyinə görə, Çebrikov KQB sədri vəzifəsinə özünün birinci müavini Filip Bobkovun namizədliyini irəli sürmüşdü. O, peşəkar kəşfiyyatçı, ordu generalı idi və Qarabağda münaqişənin qəti əleyhinə çıxırdı. Daha sonra münaqişə qızışanda Qorbaçov Arkadi Volskini Qarabağda yaradılan xüsusi idarəetmə komitəsinə rəhbər təyin edib. Osadçuka görə, Volski Qarabağda münaqişənin qızışmasının qarşısını ala, hətta barışığa nail ola bilərdi. “Lakin Qorbaçov bunda maraqlı deyildi, çünki nəyə görə isə Azərbaycana və Heydər Əliyevə nifrət edirdi”, deyə Osadçuk bildirir. Xatırladaq ki, Qarabağda erməni separatizminin əsas ideoloqlarından biri də məhz Qorbaçov birinci katib olarkən onun iqtisadi məsələlər üzrə əsas müşavirlərindən olan akademik Abel Aqanbekyan olub. 1987-ci ilin noyabrında Aqanbekyan Qorbaçovun müşaviri kimi Parisdə səfərdə olarkən erməni diasporunun nümayəndələri ilə görüşüb və onların qarşısında Qarabağın iqtisadi baxımdan Ermənistana birləşdirilməsinin vacibliyinə dair tezislərlə çıxış edib. Ermənilər Aqanbekyanın bədnam çıxışını sürətlə Ermənistanda, Qarabağda yayıblar və çox keçmədən Xankəndində bölgənin İrəvana birləşdirilməsi tələbi ilə mitinqlər başlayıb.
Ermənilərin Qarabağı Azərbaycandan qoparmaq planlarının əsas himayəçilərindən olan, Bakıdakı 20 yanvar qırğınına görə şəxsən məsuliyyət daşıyan Qorbaçov hazırda gününü ABŞ-da və digər Qərb ölkələrində keçirir. Bir qayda olaraq o, Qarabağ münaqişəsinin səbəbləri haqda ya danışmır, ya da günahını başa düşürmüş kimi ümumi frazalardan o yana keçmir. Məsələn, ötən il “Kommersant” qəzetinə on-line müsahibə zamanı biri azərbaycanlı, digəri isə erməni olmaqla iki jurnalist Qorbaçova Qarabağla bağlı suallar ünvanlayıb. Qorbaçov isə onları belə cavablandırıb: “Mən bilmirəm orda nə etmək lazımdır. İnqilab dövründə və ondan sonra xarici və daxili sərhədlər müəyyən olundu, torpaqlar bölündü. Amma torpaqlar elə bölündü ki, qonşuları bir-birindən asılı etmək, münaqişə toxumu əkmək, Moskvanı arbitr təyin etmək və bu torpaq bölgüsü ilə güc mərkəzini qanuniləşdirmək mümkün olsun. Problemlər isə həmişə yaranıb, istər müharibədən əvvəl, istərsə də sonra. Qarabağ məsələsi çox köhnə və çətin problemdir. Azərbaycan və Ermənistan məni həmişə ittiham edib, guya mən tərəflərdən birini dəstəkləyirəm. Lakin belə deyildi. Həmişə demişəm ki, milli zəmində yaranan bu kimi münaqişələr kiminsə qalibiyyəti və ya kiminsə məğlubiyyəti ilə öz həllini tapa bilməz. Hər iki tərəf konsensus tapmalıdır. Bəlkə nə vaxtsa Avropanın birləşəcəyi zaman bu düyünü açmaq asan olsun”.
F.MƏMMƏDOV musavat.com
Комментариев нет:
Отправить комментарий