30.01.2012

Nəsibə Zeynalova - gözəl aktrisamız



Teatr sənəti insanlarda müxtəlif hisslər doğurur. İnsanları sevindirmək, düşündürmək, ürəkdən güldürmək, onlarda xeyirhaqlığa və gözəlliyə məhəbbət oyatmaq – bundan böyük sevinc, bundan böyük səadət olarmı?! Lakin bu səadət asanlıqla başa gəlmir. Səhnə oraya hər qədəm basana sevinc paylamır. Aktyor populyarlığı, tamaşaçı məhəbbəti gərgin zəhmətə qatlaşmaqla, özünü unudub yalnız sənət üçün yaşamağı bacarmaqla qazanılır.

Qüdrətli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqımızın sevimli sənətkarı Nəsibə Zeynalovanın həyat və yaradıcılığı bu cəhətdən çox qiymətli və təqdirəlayiqdır.

Geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə, təbii yumor gücünə malik Nəsibə Zeynalovaya tale əsl səhnə ustası üçün lazım olan bütün keyfiyyətləri bəxş etmişdi. Onda tükənməz istedadla uyarlı ustalıq da, heç kəsə bənzəməyən bacarığı ilə bağlı əvəzsiz peşəkarlıq da var idi. Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində onun keçirdiyi 60 ildən çox yaradıcılıq ömrü – bütün həyatını, varlığını doğma mədəniyyətimizin inkişafına, tərəqqisinə verməyin, milli incəsənətə, xalqa sədaqətlə xidmət etməyin ən bariz nümunəsidir. Məhz buna görə də Nəsibə Zeynalovanın adı haqlı olaraq milli səhnəmizin görkəmli korifeyləri ilə bir sırada çəkilir.

Bu gözəl aktrisa və xanımın çox qəribə həyatı var idi. Demək olar ki, Nəsibə Zeynalova, anadan artist doğulmuşdu. Onun barəsində danışmaq, musiqili komediya teatrımızdan söhbət açmaq deməkdir.

Öz səhnə fəaliyyətinə Azərbaycan filarmoniyasında başlayan Nəsibə xanım sonradan estradaya maraq göstərdi. Çox keçmədən Musiqili Komediya Teatrının truppasına qəbul edildi. Uzun illər gənclik ilhamı ilə canlandırdığı bir-birinə bənzəməyən parlaq obrazlar səhnəmizin qiymətli inciləridir və hər dəfə efirdə maraqla böyük marağa səbəb olur.

Milli Teatrımızda göstərdiyi əvəzsiz xidmətlərlə bərabər, tamaşaçılar Nəsibə Zeynalovanı istedadlı kinoaktrisa kimi də tanıyırlar. Bədii filmlərdə yaratdığı bir sıra obraz “Azərbaycanfilm” kinostudiyasının qızıl fonduna daxil edilib.

Böyük sənətkarın, yaratdığı obrazlar hər dəfə ekranda canlanarkən bütün tamaşaçılar kimi aktyor dostları da dərin sevinc içərisində olurlar, çünki onunla nə vaxtsa bir səhnədə çıxış etdiklərini böyük bir səadət hesab edirlər.

Azərbaycanın xalq artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Nəsibə Zeynalova üçün ən böyük mükafat – tamaşaçı sevinci, tamaşaçı alqışı idi.

Комментариев нет:

Отправить комментарий