27.01.2012

Hamilə qadınları və doğulacaq uşaqları hansı təhlükə gözləyir?

İkisindən birini seç: kosmetika yoxsa övlad?..


Bütün qadınlar ana olmaq istəyir, ana olmağın yolu da hamiləlikdən keçir. Hamiləlik zamanı normal qidalanma, normal geyim, normal istirahət, normal psixoloji durum gələcək körpənin sağlamlığı üçün əsas şərtlərdəndir. Uşağın sağlam doğulması üçün daha vacib bir şərt də var - ananın kosmetik vasitələrin hamısından imtina etməsi.

Hamilə qadınların saç boyaması nə ilə nəticələnə bilər?

Hamiləlik dövründə bir çox qadın körpənin sağlamlığına təhlükəli olduğunu düşündüyü üçün bir çox vərdişindən əl çəkir. Siqaret çəkən, içki içən qadınlar pis vərdişlərindən çətin də olsa uzaqlaşa bilirlər. Amma çox qadının ağlına belə gəlmir ki, hər gün üzlərinə çəkdikləri krem, istifadə etdikləri ətir, dodaqlarına, dırnaqlarına və saçlarını çəkdikləri boya da körpənin inkişafına ən az siqaret və içki qədər zərərlidir.

Kosmetik məhsulları arasında ən çox istifadə edilən məhsullardan biri də saç boyalarıdır. Çox sıx-sıx istifadə edilməsi, uzun müddət qalıcılığını saxlayan boyaların tərkibində olan maddələrin mənfi təsirləri daha çoxdur. Saç boyalarının tərkibində saysız-hesabsız kimyəvi maddələr olduğundan həkimlər və gözəllik ekspertləri hamilə qadınlara qəti surətdə saç boyamamağı məsləhət görürlər. Bu bətndəki körpənin zəhərlənərək ölməsinə səbəb ola bilər. Mümkün qədər uşaq dünyaya gələnə kimi saçlarınızı boyatdırmayın.

Saçlarında fərqlilik axtaranlar, ağ saçlarından şikayətçi olanlar hamiləliyin ilk üç ayının tamamlanmasını gözləməli və daha sonra yalnız bitki mənşəli olan saç boyalarını istifadə etməlidir. Ancaq kimyəvi tərkibi olmayan təbii boyalarla saçlar boyana bilər. Xına ən yaxşı variantdır. Əgər xınanın rəng tonunu dəyişmək istəsəniz, ona qara çayın dəmləməsini və yaxud da yetişməmiş qoz qabıqlarının dəmləməsini əlavə edə bilərsiniz. Xınanın canlılığını və parlaqlığını artırmaq üçün “xınagülü” adında təbii maddə də var.

Qıvrım saçlarından məmnun olmayan və saçlarını düzləşdimək istəyən hamilə qadınlar da bu fikirdən uzaq olmalıdır. Çünki saçların düzləşməsi üçün tətbiq edilən maddə də kimyəvi tərkiblidir. Bu cür maddələrin tərkibindəki kimyəvi birləşmələrin saç dərisindən qana keçməsi qaçılmazdır ki, bu da körpədə əqli şikəstlik yarada bilər.

Həkim: “Bu maddə dölə ötürülsə, təhlükə yarana bilər”

Həkim Arif Nuri bildirir ki, hamiləlik fizioloji bir proses olsa da, qadın həyatının ən məsuliyyətli dövrlərindən biridir. Ona görə də, bu dövrdə gələcək ana öz sağlamlıq durumuna qarşı çox diqqətli olmalıdır: “Hamiləlik dövründə aşağıda qeyd edəcəyimiz şərtləri gözləməklə kosmetik vasitələrdən istifadə etmək olar. Hamiləlik dövründə kosmetik vasitələrdən cüzi miqdarda, mümkün qədər gec-gec istifadə etmək lazımdır. Eyni vaxtda müxtəlif kosmetik vasitələrdən və çoxlu miqdarda istifadə etmək hamiləlik dövründə qadının və ana bətnindəki dölün sağlamlığına mənfi təsir göstərə bilər. Saçlar üçün dayanıqlı rənglərdən, ağardıcı boyaqlardan, dırnaqlar üçün olan laklardan, hətta bəzi krem və şampunlardan istifadə etmək olmaz!

Kosmetikasız hamiləlik keçirən bəzi qadınlar şampun və kremlərdən imtina edə bilmir. Bu halda onları tanınmış və etibarlılığına güvəndiyiniz firma mağazalarından alın. Küçələrdən, keçidlərdə, bazardan satılan kosmetikaların saxlanılma şərtləri pozulduğu üçün bu kosmetikalarda olduqca zərərli, mənfi təsirə malik maddələr yarana və dölə arzuolunmaz, çox ciddi zərərlər verə bilər”.

Həkim bildirir ki, hamiləlik dövründə müxtəlif kremlərə, şampunlara qarşı yaranan allergiyalar, dölə ötürülə, gələcəkdə uşaqda müxtəlif allergik xəstəliklərə də səbəb ola bilər: “Məsləhətimiz odur ki, hamilə qadınlar yaxşı olardı ki, hipoallergik kosmetikalardan, tərkibi bəsit şampunlardan istifadə etsinlər.

Əksər kosmetik vasitələrin - kremlərin, şampunların, losyonların tərkibində metilizotiozalin adlı kimyəvi maddə var. Bu maddə dəridən qadının qanına sorularaq, dölün beyninə, sinir sisteminin inkişafına çox ciddi təsir edir. Hamiləlik dövründə müxtəlif bioloji ekstrakt tərkibli kosmetikalardan da yersiz, çox istifadə etmək məsləhət deyil”.

Ətir hamilə qadınlar üçün real təhlükədir

Ətirlərin tərkibində həddindən çox kimyəvi maddələr olduğundan, allergik dəri reaksiyalarına səbəb olan kosmetikalar arasında birinci sırada yer alır. Əgər ətirlərə qarşı allergiyanız varsa, bu məhsulları istifadə edəndə dərinizdə şiddətli allergik dəri reaksiyaları başlaya bilər.

Nəzərə alsaq ki, hamiləlik zamanı qadınlar daha həssas olurlar, o zaman hamilə qadınlara ətirlərin istifadəsi birdəfəlik qadağan olunsa daha yaxşıdır. Bu özəlliklə dermotoloji problemləri olan qadınlara şamil edilir.

Bütün növ ətirlərin tərkibində “paraben” adlı təhlükəli maddə var. Kosmetik vasitələr arasında ən çox ətirlərin istehsalında istifadə edilən bu maddə kansorogendir. Hamilə qadınların ətirlərdən istifadə etməsi öz övladına ən böyük təhlükə yaratması deməkdir. Çünki bütün inkişaf etmiş ölkələrdə tərkibində “paraben” olan kosmetik vasitələr, əsasən də ətirlərin satışına qadağa qoyulub. Qeyd edək ki, körpəniz üçün istifadə etdiyiniz bəzi dəri kirşanlarında və kremlərində də yüksək dozada paraben var.

Əlamətləri necə anlayaq?

Hamiləlik müddətində bədəndə immunitet, hormon və qan-damar sisteminizə təsir edən əhəmiyyətli problemlər meydana gəlir. Bu dəyişikliklər, dərinizdə patoloji və fizioloji proseslərin başlanğıcı da ola bilər.

Dəri Xəstəlikləri mütəxəssisi Nailə Fərzəliyeva Milli.Az-a açıqlamasında bildirdi ki, dəridə tündləşmə, saç tökümü ilkin əlamətlərdir: “Bədəninizdə, xüsusilə qarın və bud nahiyələrində çatlar meydana gəlirsə, qıçlarınızda şiş və əllərinizdə xırda qırmızı ləkələr yaranırsa, bu, sizin kosmetik vasitələrdən zərər gördüyünüz anlamına gəlir”.

Amerikada "Food and drug administration” adlı komitə, bütün kosmetik maddələri teratojen (körpədə anomaliya yaradan), kanserojen (xərçəngə səbəb olan) və toksikoloji (orqanizm üçün zərərli) sahədə araşdırır. Həmin qurumun bəyanatına görə, içində bu adda maddələr olmayan kosmetik vasitələrin satışına icazə verilə bilər. Amma nəzərə alsaq ki, bu ölkənin gizli laboratoriyalarında dəhşətli viruslar hazırlanaraq məxfi şəkildə dünya ölkələrində yayılır, o zaman onların təminat verdiyi kosmetik vasitələrin tərkibində də insan üçün zərərli maddələrin olması fikri qaçılmazdır.

Hamiləlik zamanı kiçik plastik əməliyyatlar

Hamiləlikdə botoks: bu barədə həkimlər qəti bir fikrə gələ bilmirlər. Bir çox həkim botoksun dölə zərər vermədiyini düşünsə də, bəzi həkimlər bunun doğru olmadığını deyirlər. Botoks tətbiqinin hamiləlik və əmizdirmə üçün təhlükə hesab edən tibb işçiləri mümkün qədər uzaq olmağı məsləhət görürlər. Həkimlər bildirir ki, hamiləlikdən sonra gərəkli idmanı və dəriyə təbii qulluğu gerçəkləşdirsə, hər qadın təbii botoksa sahib olar.

Hamiləlikdə silikon: bəzi qadınlar daha gözəl görünmək üçün, qırışları aradan qaldırmaq və bəzi bölgələri dolğunlaşdırmaq üçün silikondan istifadə edilər. Müxtəlif kimyəvi birləşmələrdən istifadə edilən bu əməliyyatlarda, istifadə edilən vəsaitə görə təhlükəsizlik sertifikatları var. Amma bu, təhlükəsizliyə təminat verə bilməz. Tərkibində süni kimyəvi birləşmə olan bütün növ mayelər döl üçün təhlükəlidir. Hamiləlik zamanı sizin qırışıqlara görə silikon və ya botoks etditməyə ehtiyacınız yoxdur, çünki hamiləlik irəlilədikcə dəri təbii olaraq dartılır və sizi narahat edən qırışlar öz-özünə yox olur.

Hamiləlik zamanı tatuaj: bəzi qadınlar qaşlarını, bəziləri bədəninin müxtəlif yerlərini tatuaj etdirirlər. Bunun zərəri barədə dəfələrlə yazılsa da, buna məhəl qoymurlar. Qeyd edək ki, tatuaj müvəqqəti də ola bilər, ömürlük də. Bu çox ağrılı bir prosesdir, rənglər iynə ilə dərinin altına yerilir ki, bunun fəsadı olduqca qorxulu ola bilər. Dəri xərçənginə birbaşa yol olan tatuajın hamilə qadınlara tətbiqi heç bir halda doğru deyil. İynə vasitəsi ilə QİÇS-ə yoluxan yüzlərlə tatuaj qurbanı olduğunu unutmamalıyıq...

Hamilə qadının gözəlləşməyə ehtiyacı varmı?

Bir çox qadın müəyyən yaş dövründən sonra üz üçün maskalardan istifadə edir. Çünki hamiləlikdə dərinin rəngi dəyişə, xırda çil və ləkələr əmələ gələ bilər. Hətta el arasında qız uşağına hamilə olan qadınları üzündəki ləkələrdən tanıyırlar. Yaşlı qadınlar qadının hamiləlikdə gözəlləşdiyini görəndə “oğlun olacaq”, üzünün ləkələndiyini görəndə isə “qızın olacaq” deyirlər.

Hamilə qadınlar dərilərində yaranmış ləkələrdən çox narahat olurlar. Maskalar bu vəziyyətdə ən yaxşı köməkçi hesab oluna bilər. Çünki onlar hamilə qadına və dölə zərərli deyil. Amma söhbət, təbii maskalardan gedir. Bu maskaları, tanıdığınız kosmetoloqdan sifariş edə bilərsiniz və yaxud evdə özünüz hazırlaya bilərsiniz. İndi internetdə, gözəllik üçün dərc olunmuş kitab-jurnalda kifayət qədər təbii üz maskalarının reseptini görə bilərsiniz.
Qadınların bir çoxu masaj aludəsidir. Qeyd edək ki, masaj hamiləlik dövründə də edilə bilər, hətta qan dövranınızın normal işləməsi, ayaqlarınızın şişməməsi, damarlarda kirəcləşmə yaranmaması üçün bu xeyirlidir. Hamilə qadınlar üçün təyin edilmiş bir çox masaj növü var, amma hamilə qadın masajını hər kəsə etibar etmək olmaz. Masaj edənin professional olması mütləqdir. Bu cür masajlar yalnız bu sahədə tibbi biliyi və praktiki təcrübəsi olan peşəkar həkimlərə etibar edilməlidir.

Hamilə qadın gözəldir…

Hamiləlik bütün problemlərinə baxmayaraq, qadınların həyatları boyunca yaşaya biləcəkləri ən önəmli bir dövrdür. Hamilə qadının özü bir gözəllikdir. Adi bir misal: qarşıdan sizə tərəf gələn iki qadın görürsünüz, biri hamilə, digəri normal görünüşdə. Sözsüz, hamilə qadın diqqətinizi çəkəcək, dodaqlarınıza təbəssüm qonacaq. Üzündəki xəfif ləkələri, özündən qabaqda gedən qarnı, azacıq kökəlməsi belə, ona yaraşıq verir. Hamilə qadının üzündə heç bir kosmetikanın, heç bir professional makiyaj ustasının yarada bilməyəcəyi bir gözəllik var, gəlin, o gözəlliyi kosmetik vasitələrlə pərdələməyək...

Lalə Mehralı                     milli.az


Комментариев нет:

Отправить комментарий