31.01.2012

Bitməyən nağılım


Əli İbrahimov

SƏNSİZ...

Sənsiz açılacaq yenə səhərlər,
Günəş sənsiz doğub, sənsiz batacaq.
Gəzib dolaşdığım gözəl şəhərlər,
Mənə təkcə səni xatırladacaq.

Baxdığım bütün eşq filmlərində,
Səni görəcəyəm qəhrəman kimi.
Ələ qələm alıb günün birində,
Yazacağam səni bir roman kimi.

Bizim bu dağlara düşəndə ilk qar,
Ürəyim sənsiz lap bərk üşüyəcək.
Ayıracaq bizi ikicə divar,
Bir də aradakı o bumbuz külək...

Bildiyim yüzlərlə adlar içində,
Könlümdə ən doğma ad olacaqsan.
Tanışlar, özgələr, yadlar işində,
Sən mənə ən uzaq, yad olacaqsan.

Bütün şeirlərdə hey dönə-dönə,
Bil ki təkcə səni səsləyəcəyəm.
Gəlməyəcəyini bilsəm də, yenə
Həsrətlə yolunu gözləyəcəyəm.

Sənsiz açılacaq yenə səhərlər,
Günəş sənsiz doğub, sənsiz batacaq.
Gəzib dolaşdığım bütün şəhərlər,
Mənə təkcə səni xatırladacaq...
            
SƏNIN ÜÇÜN

Eşq gölündə üzə-üzə boğuldum,
Gör eşqi mən necə dayaz bilmişəm.
Bu dünyada sənin üçün doğuldum,
Bu həyata sənə görə gəlmişəm.
Qızlar gördüm qəlbi geniş, qəlbi dar,
Yad baxışlar məni tora salmadı.
Yaşadığım yalan, yaman sevdalar,
Gəldi-keçdi, heç yadımda qalmadı
Heyran oldum səndə olan atəşə-
İstisiylə ürəyimi kül edən.
Hey bənzətdim səni yanan günəşə,
Uzaq olub, amma yeri isidən.
Qar-boranda titrəmədi dizlərim,
Soyuqluğun üşütsə də, bezmədim.
Küçənizdə qaldı ayaq izlərim,
Sevər deyub, ümidimi üzmədim.
Aylar, illər gəlib keçdi beləcə,
Dəyişmədi bir eşqimiz, bir də biz.
Etibarın azalmadı zərrəcə,
Sən beləsən, ləkəsiz və tərtəmiz…
Əsrlərdən, min illərdən gələn eşq,
Anladım ki, mənə indi tanışdır.
Çox sualın cavabını verən eşq,
İçimdədir, yeri də hər qarışdır.
Eşq gölündı üzə - üzə boğuldum,
Gör eşqi mən necə dayaz bilmişəm.
Bu həyatda sənin üçün doğuldum,
Bu dünyaya sənə görə gəlmişəm.

Nağıl 

Bilmədim necə,
Gəldin ömrümə.
Bir zülmət gecə,
Gəldin ömrümə.
Qəfil, gizlicə,
Gəldin ömrümə.
Mənim bitməyən,
Bir nağılımsan.
                        
Könlümə işıq,
Saçdın ay kimi.
Gəldin bir anlıq,
Şirin pay kimi.
Sən qızıl balıq,
Mən də çay kimi.
Mənim bitməyən,
Bir nağılımsan.

Əllərim üstə,
Tuta bilmədim.
Getdin ahəstə,
Çata bilmədim.
Qulağım səsdə,
Yata bilmədim,
Mənim bitməyən,
Bir nağılımsan.

Gözlərəm hər an,
Gecə, həm səhər.
Dönsən bir zaman,
Bitəcək kədər.
Gəl, eşq bağımdan,
Üç almanı dər,
Mənim bitməyən,
Bir nağılımsan...

İbrahimov Əli Rafiq oğlu 10 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ərköyün uşaqlıq dövrü keçirən Əli 1990-cı ildə 252 saylı orta məktəbin birinci sinfinə keçir. Məktəbdə oxuduğu müddətdə humanitar fənlərə daha çox maraq göstərir və 2000-ci ildə məktəbi ə'la qiymətlər və fəxri fərmanla bitirir. Elə həmin il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur. Təhsil aldığı illərdə dinə və idmana maraq göstərir, heç vaxt ayrılmayacağı dostlar qazanır. 2004-cü ildə universiteti bitirir və 2005-ci ilə qədər Gəncə şəhərində hərbi xidmətdə olur. Arzusu hərbi xidməti davam etdirib leytenent rütbəsi almaq olsa da, orduda olarkən bir çoxları kimi bu fikirdən vaz keçir. Əsgəri xidmətdən sonra bir çox özəl işlərdə çalışır. Lakin heç birində uzun müddət qalmaq istəmir...Əmək haqqının azlığı, tabeçilik sevməməsi və başqa prinsiplər onun dövlət işinə olan marağını da öldürür...2009-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistratura pilləsinə daxil olur. Hal-hazırda Bakıxanov qəsəbəsi "Tədris Mərkəzi" adlı özəl kursda tarix fənni və kompüter proqramlarından dərs deyir. Evdə də abituriyentlərlə tarix fənni üzrə fərdi məşğul olur. Nişanlıdır, yaxın zamanda evlənəcək İnşaallah...Bakıxanov qəsəbəsində valideynləri ilə birgə yaşayır... Elektron ünvanı: hercai2000@box.az

Комментариев нет:

Отправить комментарий