16.12.2011

“Erotik formalı əsərlərdə milli və qlobal problemləri qoymağa çalışıram”


Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, www.kitabxana.net – Milli Virtual Kitabxananın rəhbəri, tanınmış yazıçı-kulturoloq, bir neçə kitabın müəllifi, Xəzər Universitetinin mühazirəçi-müəllimi, çoxsaylı milli, eləcə də xarici mükafatlar laureatı, Prezident təqaüdçüsü Aydın Xan (Əbilov) ilə söhbətimiz gözlənildiyi kimi maraqlı, qeyri-adi, intellektual, özünün də xoşladığı ifadəylə bildirsək, kulturoloji alındı…
- Aydın müəllim, söhbətimizi əvvəlcə ondan başlayaq ki, niyə məhz XAN təxəllüsünü götürdünüz?
- Bunun bir neçə izahını versəm də, düzü, heç özüm də bilmirəm. Birincisi, hansı sahəyə ki, baş qoşuram, o işin xanı – yəni səviyyəli peşəkarı olmaq istəyirəm: istər ədəbiyyatda, istər elmi-intellektual sahələrdə, istərsə də pedoqoji-ictimai, yaxud da İnternet-blogerlik olsun, fərq etməz. Xan təxəllüsü həm də mənsub olduğum nəsillərin genetik şifrəsində var.

Ana tərəfdən ulu babam məşhur sufi ocağının son nümayəndəsi idi, ata tərəfimin şəcərəsi isə Şah İsmayıl Xətainin ətrafındakı şeyxlərə – xan və bəylərə gedib çıxır. Hətta sabiq sovetlər zamanı da babam kənd sovetliyinin sədri, direktor və müharibə qəhrəmanı olub, general, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovla qohumluğumuz çatır. Nəsə, çox uzağa baş vurmayaq, mən heç vaxt bunlarla qürrələnməmişəm, əksinə, onlardan da qabağa getməyi qarşıma məqsəd qoymuşam. Ədəbiyyata təzə gələndə qarşıma məqsəd qoymuşdum ki, mütləq Nobel mükafatı almalıyam: xarici oxucular imzamı yadda saxlamaları üçün dünya dillərinə rahat səslənən ad və soyad götürməliyəm. Addan bəxtim gətirmişdi, soyad kimi də təxəllüsüm Xan oldu: necə deyərlər, niyyətin hara, mənzilin də ora… Ölkə daxilində, eləcə də 50 milyonluq Azərbaycandilli soydaşlarımın arasında bu ad və təxəllüsü art-brendə çevirəndən sonra isə ondan imtina çətin oldu…
- Yazmaq da insanı sakitləşdirir, hansısa iztirablardan xilas edir. Siz necə, yazıb iztirablardan xilas ola bilirsizmi?
- Maksimalistəm, kifayət qədər analitik düşüncəyə sahibəm və kreativ olaraq yaradıcılığımda tənqidi-intellektual realizmi əsas götürən şəxs kimi zarımağı, mərsiyəbazlığı xoşlamıram. Yazmaq həqiqətən də mənim üçün sivilizasiya tarixində hər zaman var olmaq deməkdir. Oxuyuramsa, düşünürəmsə, yazıramsa, keçmişdə də, indinin özündə də, gələcəkdə də varam, deməli. Yazanda ruhum rahat, intellektim və idrakım isə əsl düşüncə-ideya mühərrikinə çevrilir. Yazmaq mənim üçün dünyanın, həyatın, zamanın və ən əsas da insan ömrünün və yaddaşın yeni, həm də çalışıram ki, fərqli modelini əks etdirmək deməkdir. Yazar yaradıcı qüvvələrlə – bu, Tanrı da ola bilər, təbiət də, bizim ağlımıza gəlməyən fövqəl güclər də – rəqabətə girən şəxs olaraq qələmə aldığını, kəşf etdiyini, yaratdığının sevincini təkrarən yaşamaq üçün yeni-yeni əsərlər ortaya qoyursa, bunun nəyi iztirabdır? Əksinə, yaradıcı prosesin özü çətindir, qəlb qıran, ruh öldürəndir. Hərdən mənə elə gəlir ki, hər yeni əsərim – fərq etməz, sosial şəbəkədəki status və şərhlərimdən tutmuş, teleçıxışlarım, nəsr və fəlsəfi yazılarım, müsahibələrimə qədər – bütün düşüncə məhsulum ilə ruhum gedir bədənimdə. Sonra könlümdə yeni ruh yaranır, beləcə yaradıcılığım yenidən dirçəlir…
- Siz yaradıcılıqla deyil, başqa sahə ilə ilgilənsəydiniz, özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz?
- Vaxtilə kinoaktyorluğa və rejissorluğa meylim olub, kosmonavtlıq arzusuyla alışıb-yanan yeniyetməliyim vardı, amma indi kulturologiya ilə fəlsəfəyə, onları birləşdirən yeni bir sahəyə diqqətimi ayırmışam. Dünya milyonlarla şeiri itirsə, həyat dəyişməz, amma Aristotelin qiymətli fikirləri, yaxud da Borxesin esseləri yazılmasaydı, inandırım sizi, bəşəriyyət sivilizasiyanın bu intellektual-kreativ səviyyəsinə yüksəlməzdi. Daha real desəm, öz telekanalımı açmaq arzusundayam, amma o, ənənəvi TV olmayacaq, nəsə multimedik internet-elektron KİV kimi beynimdə doğmaqdadır…
- Sosial şəbəkələr yaradıcılığınıza necə təsir edir?
- Əla təsir edir, indi yaradıcılığımın ən məhsuldar dövrünü yaşayram. Əvvəllər cəmiyyətimiz və paxıllıq, həsəd hamı kimi məni də bir yaradıcı insan kimi basqılayırdı, məsələn, kitabının çıxmasını, dərgilərdə çap olunmasını illərcə gözləməli idin. Bu da yazarın əl-qolunu sanki bağlayır, onu tənbəlləşdirir, ədəbi prosesdən uzaqlaşdırıdı. Ancaq indi o çətinlikləri məhz internet və sosial şəbəkə aradan qaldırıb. 3-4 kitabımın hər biri 500-1000 tirajla çıxıb, amma yeni şəbəkə texnologiyası sənin dilində anlayan dünya insanı qarşısında çıxışına imkan yaradıb. Vaxtilə yaşlı yazarlar il ərzində 30-50 məktub alırdılarsa, indi mən hər status yazıma, paylaşdığım başqa materiallara 150-200 şərh, replika, münasibət, elektron məktub alıram. “Facebook”-dakı 5000 e-dostumun əksər hissəsi isə fəal oxucularım sayılır, kitabxana.net portalımın isə 1 milyon 100 mindən çox istifadəçisi var. Bunun nəyi pisdir?
- Bugünkü ədəbiyyatda yaşlılar və gənclər, AYB və AYO parçalanması varmı?
- Bilirsiz, ədəbi prosesi diqqətlə izləyən və istiqamətləndirənlərdən biri olaraq tam məsuliyyətimlə deyə bilərəm ki, bu parçalanma, əslində, üzdə görsənən bir PR texnologiyasıdır, sadəcə. Bizim Şimali Azərbaycan çox məhdud ədəbi-estetik mühitə malikdir və burada istənilən parçalanma böyük ədəbiyyata deyil, hansısa qrup maraqlara xidmət edir. Sadaladığın qurumları müqayisə aparmaq bir qədər düzgün deyil, AYB real peşəkar yaradıcı təşkilat sayılır, AYO isə özünü yeni düşüncə sahibi sayan bir qrup əksmövqelilərin yaratdığı virtual qurum. Buna baxmayaraq, hər iki tərəf çağdaş Azərbaycan humanitar-estetik düşüncəsini zənginləşdirməklə məşğuldur…
- Aydın müəllim, ənənəvi sualdan kənara çıxmaq istəyirəm: siz ürəklərə dağ çəkməyi xoşlayırsınız, yaxud gözləri oxşayan dağ çəkməyi?
- Əhvali-ruhiyyəmdən asılıdır: ictimai-milli məsələlərdə ürəklərə dağ çəkməyi, ədəbiyyatda isə gözləri – ruhu oxşamağı xoşlayıram. İçimdəki ruhlara da hər zaman hakim olmağa gücüm çatmır. Bir də görürsən, ruhun biri İblisə çevrilir, o biri ruhlar – mələklər birləşib ona qalib gələ bilməyəndə Fərhad kimi dağyarana da çevrilirəm…
- Necə düşünürsünüz, ədəbiyyat adamlarımız Nobeli nə vaxt ala bilər? Siz özünüzü o sırada görürsünüzmü?
- Azərbaycan ədəbiyyatında Nobelə layiq, bəlkə də ondan da üstün yazarlarımız var. Muğanna – İsa Hüseynov, Anar, Elçin, Çingiz Hüseynov kimi yazıçıların yaradıcılığı heç də xarici ədiblərin yazdıqlarından geri qalmır, amma bunun üçün dövlət və cəmiyyət müəyyən işlər görməlidir. Dünya ölkələri Nobel üçün milyonlar xərcləyir, tanınmış yazıçıların əsərlərini İsveç Ədəbiyyat Akademiyasının qəbul etdiyi rəsmi dillərdə – ingilis, fransız, isveç və almancaya çevirir, Avropa ölkələrində nəşr edirlər. Mən hələ art-PR, reklam və təbliğata yönələn milyonları demirəm. Təkcə Yaponiya hər il bununla əlaqədar 50-60 milyon dollar vəsait xərcləyir… Bizdə isə bunlar hələ də xülya, arzu səviyyəsindədir. Şüurlu surətdə peşəkar ədəbiyyata baş qoşandan ən böyük iddiam elə Nobel mükafatı idi. Düzü, indi yalnız ürəyim diqtə edən işlərdən yapışmışam və əgər sənət bəxtimdə varsa, haçansa Nobelçilər sırasına düşmək şansını əldən buraxmaq fikrində deyiləm…
- Yaradıcılığınızla bağlı nə deyə bilərsiniz? “18+” brendli ədəbi nümunələrinizi yekunlaşdırdızmı?
- Azərbaycan kimi zəif estetik-sənət və kulturoloji düşüncə mühitinə malik, üstəlik də milli mentalitet deyilən tabularla yaşadığını nümayiş etdirən, fəqət reallıqda ən çox onları dağıdan, çöldə namuslu, evdə – daxildə isə çərçivə tanımayan cəmiyyətlərdə ciddi-intellektual ədəbiyyatla məşğul olmağın, istədiyini yazmağın özü belə igidlik sayılır. Mən o yazarlardanam ki, qələmə aldıqlarımdan, yaratdıqlarımdan qorxmuram, zövqsüz, səviyyəsiz, dardüşüncəli oxuculardan çəkinmirəm, əksinə, dünya ədəbi düşüncəsi səviyyəsində əsərlərə üstünlük verirəm. Bəzən çılğın, bəzən açıq-saçıq, çox zaman estetik-fəlsəfi yazılarımdan özüm zövqverici, intellektual nəsə hiss edən kimi onu oxucularımla da paylaşıram. Əslində hər kəs öz səviyyəsinə və içindəki duyğulara görə sənət-ədəbiyyat əsərinə qiymət verməyə çalışır. Bir şey də var ki, bəzən qalmaqal yaradaraq, erotik formalı əsərlərdə elə milli və qlobal problemləri qoymağa çalışıram ki, əsl acı dərman effekti ilə cəmiyyətin hansısa bəlasını sağaltmağa yardımçı ola bilim. Təəssüflər olsun ki, Azərbaycan oxucusundakı Yanıq Kərəmizm sindoromu onun gözünü və beynini elə dumandırıb ki, o liberal əsərlərdə yalnız sevişi görə bilir. Bu isə müəllif olaraq mənim günahım sayıla bilməz…
- Sonda əgər demək istədiyiniz varsa, suallarımla toxuna bilmədiksə, buyurun, oxuculara ismarıclarınızı ünvanlaya bilərsiz…
- Həyatın gözəlliyi onu yaşayanlardan asılı olduğu kimi, ədəbiyyatın, ciddi sənətin də böyüklüyünü intellektual, estetik səviyyəsi yüksək olan şəxslər tərəfindən anlaşılar. Oxucularımız çalışmalıdırlar ki, durmadan öz intellektual-kulturoloji potensialını yüksəltsinlər ki, yazarlarımız da, düşüncə adamlarımız da onların səviyyəsinə uyğun dəyərli sənət əsəri ortaya qoymağa can atsınlar. Axı yüksək sənət əsərləri ciddi ədəbi-mədəni-elmi mühitdə yaranır, əgər ictimai-intellektual tələbat varsa…
Tural Türk              merkez.az

Комментариев нет:

Отправить комментарий