Mən babam haqqında hər halda durmadan günlərlə danışa bilərəm. Onun əsaləti, duruşu, baxışı, zəhmi, təmkinli danışığı və s. Mən özümü xoşbəxt hiss edirəm. Çünki onu yaxından tanımaq bütün nəvlərinə qismət olmadı. Mən birə-bir onu tanıdığım üçün xoşbəxtəm. Digər nəvələr kimi onu onun haqqında deyilənlərdən deyil, onunla olan ünsiyyətdən tanımışam. Onun sevgisini duymaq, güvən bəxş edən, güc verən varlığını hiss etmək mənə də nəsib olub.
Böyüklər ot biçininə gedərdilər, biz də onlara qoşulardıq. Qayıdana qədər özümüzə oynamağa bir sürü şey tapardıq. Çayda balıq tutardıq, arxda qurbağa yarışdırardıq, biçilmiş otların arasında çöl quşlarının yuvalarını axtarar tapardıq və ya otların arasında yabanı şəkildə bitən gülüldən(sütül, yaşıl noxud) tapıb yığardıq. Ən çox da qurbağa yarışdırmağı sevərdim. Babam bizə baxıb başını bulayar, sonra da gülümsəyib deyərdi : “ Bunlar elə bil heç şəhər uşağı deyillər”. Yorulub əldən düşəndə də bir tərəfə çəkilib böyüklərin işlərini bitirməklərini gözləyərdik. Rayon uşaqları demişdilər ki, qurbağa öldürəndə yağış yağır. Bu da mənim yaddaşımın bir tərəfinə həkk olmuşdu. Gözləməkdən yorulanda qurbağalara qənim kəsilirdik. Təəcüblüsü budur ki, həqiqətən də yarım saat içərisində elə yağış yağırdı ki, tut ucundan göyə çıx. Ot biçənlərin arasına o saat çaxnaşma düşürdü. Beş dəqiqə içərisində yığışıb evə qayıdardıq. Babam üzümə baxıb soruşardı : “Yoxsa yenə qurbağa öldürmüsən?” Boynuma almasam da bilirdim ki, o həqiqəti bilir.Həftənin altı və ya bazar günü babam və dayılarımdan biri Gümrüyə bazarlığa gedərdilər. Bu gün, biz nəvələrin səbirsizliklə gözlədiyi gün idi. Ona görə həmin günü öz armızda yarışırdıq ki, bu dəfə şəhərə kim gedəcək. Çox vaxt da mübahisə qızışardı və babam da əsəbləşib – “O ki, belə oldu heç birinizi də aparmıram” – deyib maşına oturub çıxıb gedərdi. Biz də başlayardıq günahkar axtarmağa. Başımız mübahisəyə o qədər qarışırdı ki, qardaşım Mahirin ortalardan yox olduğunu heç birimiz hiss etmirdik. Söhbət mərasimi bitdikdən sonra da düşünürdük ki, Mahir şəhərə getmədiyi üçün küsüb dərəyə çay kənarına gedib. O, babamgil şəhərdən qayıdana qədər ortalarda görünməzdi. Elə ki, maşın həyətə girirdi Mahir peydah olurdu. İllər sonra daha 2-3 il bundan əvvəl hamımız bir yerdə olanda bu barədə söhbət düşəndə Mahir gülə-gülə boynuna aldı ki, babam maşına oturanda ona işarə verirmiş. O da arxa qapıdan qaçıb yolda maşına otururmuş. Beləcə şəhərə bazarlığa getməyin çoxu onun payına düşüb.
İndi bəzən bu xatirələr vərəqlənəndə düşünürəm ki, mən o torpaqlara sadəcə yay tətilini keçirmək üçün gedərdim və uşaq idim, heç on yaşım da yox idi. Ancaq bu yaşıma gəldim oranın hər daşı, hər qarış torpağı, Arpa çayının gur sulu, şırıltılı səsi, mağaraların nağıl kimi sirli havası, dərənin Çermiyi, yarpızının qoxusu hələ də burnumdadır, hər biri üçün hələ də burnumun ucu göynəyir. Görəsən orada doğulub boya başa çatanlar, ömrünün çoxunu orada yaşayıb sonra da fələyin sərt oyununa rast gəlib köçkünlük adı ilə elindən, obasından, yerindən yurdundan, ulularının uyuduğu torpaqlardan pərən-pərən düşən insanlar bu dərdə, bu həsrətə necə dözürlər?
Heç unutmuram. Rayondan 1988- ci ildə ilk gələnlər Sevil xalam və Mustafa dayımın ailəsi idi. Babamgil hələ rayonda idilər. Babam infarkt keçirmişdi. Hardasa bu hadisələrin müvəqqəti olduğuna ümid bəsləyirdi. Dayım oğlu Şahinin təqribən 4-5 yaşı var idi. Aeroportdan bir başa bizə gəlmişdilər. Qış ayları idi. Şahinin üzərini çıxaranda cibindən bir cib bıçağı düşdü. Hər kəs təəcübləndi ki, bu bıçaq onun cibində nə gəzir? Özündən də soruşanda uşaq dili ilə – “Əgər ermənilər bizə bir şey eləmək istəsəydilər onları bu bıçaqla öldürərdim” – dedi. Hələ də onun simasındakı ciddiyyəti xatırlayıram.
Babamın ümidləri boşa çıxmışdı. Ermənilərin gözü əməllicə dönmüşdü. Yerindən yurdundan ayrılmaq istəməyən Azərbaycan kəndlərinə hücumlar edib, qan tökməyə başlamışdılar artıq. Ancaq onların törətdikləri bu vəhşiliyə bütün dünya biganə qalsa da, Yaradan Allah biganə qala bilməmişdi. Əgər Allahın onlara cəza olaraq göndərdiyi o böyük zəlzələ baş verməsəydi daşnak törəmələrinin başı öz dərdlərinə qarışmasaydı, kim bilir daha nə vəhşiliklərlə üzləşəcəkdik. Babam hələ öz dədə baba yurdundan ayrılmadan ayrılıq fikri onun qəlbinin incə tellərinin sızıltısı gəlmişdi. Anasının, bir çox əzizlərinin uyuduğu bu torpaqları tərk etmək fikri onun kövrək qəlbinə ağır gəlmişdi. Heç unutmuram o vaxtları. Bakıda millət fikrini dünyaya bəyan etmək üçün küçələrə tökülüb Azadlıq meydanında nümayişlər keçirirdi, Ermənistandan isə günü-gündən daha ağır xəbərlər gəlirdi. Əvvəl Amasiyadan babamın infarkt keçirdiyi xəbərini aldıq, sonra da Kalininodan ata babamın gözü dönmüş erməni dığaları tərəfindən öldürüldüyünü. İndi bəzən ölüm-itim xəbərlərini alanda özüm öz soyuqqnlılığımdan heyrətə düşürəm. Hər halda uşaqlıq illərim Azərbaycanın qan gölünə döndüyü illərə təsadüf etdiyi üçün məndə ölüm itim hadisələri adi bir hal alıbdır.
Əslində bizimkilər ermənilərin nə vaxtsa yenə də azğınlaşacaqlarını çox yaxşı bilirdilər. Bunu onların bizimkilərə qarşı münasibətindən də aydın görmək olardı. Onlar biz uşaqların bir araya gəlib bərabər oynamağımızı belə həzm edə bilmirdilər. Nə vaxt onlardan birini oyuna dəvət edib oynasaydıq mütləq sonda dava düşürdü. Onlardan xatirə olaraq başımda az çapıq yoxdur.
Anam danışır ki, bir gün babam rayon iclaslarının birindən fikirli qayıdır. Üzərini dəyişib, yeməyini yeyib rahatladıqdan sonra da qaş qabağının açılmadığını görəndə nə baş verdiyini soruşub. Babam da iclasda olan hadisəni başlayıb nağıllamağa: “ İclasda ermənilər bizimkilər tərəfindən aparılan inşaatlardan şikayətləndilər. İclasın sədri də bir müddət susduqdan sonra oturanlara üzünü tutub soruşdu ki, zalda azərbaycanlı var mı? Baxdım ki, əl qaldıran yoxdur mən də qaldırmadım. Kişi görəndə ki, əl qaldıran yoxdur erməni dilində dedi ki, “Azərbaycanlılara şərait yaradın, qoyun tiksinlər, yol çəksinlər. Onsuz da axırda onların tikdiklərinin hamısı bizə qalacaq”. Ay bala bunlar dinc oturana oxşamırlar. Deyəsən yenə aləmi qatacaqlar bir birinə”. Anamın danışdığı bu əhvalat 70-ci illərə təsadüf edir. İllər sonra öz dediklərinə əməl etdilər. Ona görə də bəzən ermənilərin televizordan cəsur bəyanatlarını xəbərlərdən eşidəndə deyir ki, “əgər erməni deyirsə deməli edəcək. Onlar boş boş danışmırlar. İllər sonra da olsa eliyəcəklər”. Amma mən anam qədər bədbin düşünmək istəmirəm. Onda biz rus siyasətinin təsiri altında dostumuzu düşmənimizi tanımırdıq. Ona görə də onların ayağı yer aldı. Ancaq indi kimin kim olduğunu çox yaxşı bilirik.
Babam onların Heydər Əliyevə olan münasibətləri haqqında danışanda həmişə deyirdi ki, onlar o kişidən qorxmasaydılar çox oyunlardan çıxardılar. Əgər onlarda Heydər Əliyev kimi bir şəxsiyyət olsaydı Azərbaycan xəritədən çoxdan silinmişdi. Onlar heç vaxt öz məkirli əməllərində əl çəkmirdilər. Azərbaycandan Erməsidtana gəlib oteldə və ya qonaq evlərində qalan olanda onların pasport məlumatlarını toplayıb, sonra həmin adamların adı ilə Moskvaya Heydər Əliyev əleyhinə şikayət məktubları yazırdılar. Çox təssüflər olsun ki, bizim qan yaddaşımız onlarınkı kimi yaddaşlarda saxlanılmamışdı. Yoxsa qoynumuzda ilan bəsləməzdik.
Babam tarixçi olduğu üçün siyasi hadisərəli çox gözəl analiz edirdi. Onlar Bakıya köçdükdən sonra tez-tez babamgilə gedərdik. O zaman respublikanın vəziyyəti ağır olduğu üçün söhbət dönüb dolaşıb baş verən hadisələrə gəlirdi. Biz onun yanında səsimizi də çıxartmazdıq. O, evdə olanda barmaqlarımızın ucunda gəzirdik. Bu bir qorxu deyildi, xeyir. Bu ona olan dərin hörmətdən irəli gəlirdi. Bu səbəbdən səsimi çıxatmadan, varlığımı hiss etdirmədən mən saatlarla onun hadisələr haqqında danışdıqlarını dinləyə bilərdim. Amma babam siyasət haqqında danışanda düşündüyü hər şeyi ifadə etməkdən çəkinərdi. Bu da onun uşaqlıq illərində yaşadığı hadisələrdən qaynaqlanırdı. Sovet ittifaqı qurulanda da, dağılanda da babama ağır mənəvi yaralar vurmuşdu. Qurulanda atasız qalmağına, dağılanda isə ata yurdundan didərgin düşməyinə səbəb olmuşdu.
Mən babamın anası haqqında danışılanları böyüklərdən eşitmişəm. Əsasən də anamdan. Onun haqqında eyni hekayələri hər dəfə danışsa da, dəfələrlə ilk kəs eşidirmiş kimi dinləyirəm. Eşitdiklərimin nəticəsində də o qadının iradəsinə, dözümünə, müdrikliyinə heyran qalmışam. İndi bəzən özüm dara düşəndə, özümü çarəsiz hiss edəndə o qadının çəkdiklərini xatırlayıb betərin-betəri var, allah betərindən qorusun deyib, özümdə həyatın çətinlikləri ilə mübarizə aparmaq üçün güc tapıram. O qadın öz mətanəti ilə mənim həyatdakı idealıma çevrildi. O, gənc yaşlarında tək övladı ilə Sovet hökumətinin vurduğu “kulak ailəsi” damğası altında yaşamağa məhkum olunmuşdu. Ətrafdakı qonşuları, qohum əqrəbaları belə ona əl tutmağa qorxub, çəkinirmişlər. Sovet hökumətinin nümayəndələri mülklərini müsadirə edərkən mətbəxdəki ərinmiş yağa qədər götürüb aparıblarmış. Qadın var-dövlətin, zənginliyin rahatlığından sonra kasıblığın və səfalətin çətinliyi ilə mübarizə apararaq tək övladını boya başa çatdırıb, rayonda sayılıb seçilən insanlar sırasına qata bilmişdi. Yarı ac, yarı tox övladını böyüdüb, təhsil almağı üçün şərait yaratmışdı.
Babamın atası sürgündən Türkiyəyə ailəsini də gətirdə biləcək ümidi ilə qaçmışdı. Bəlkə də fələyin onlara hazırladığı oyunu bilsəydi daha fərqli davranardı. İllər sonra sərhədlər açılanda babam Türkiyəyə gedəndə atasının uzun yaşamadığını 38-ci illərin sonunda həsrət acısı çəkərək vəfat etdiyini öyrənir. Türkiyədə öyrəndiyi gerçəklər babamın daşıya bilmədiyi bir yükə çevrildi. Ordan geri qayıtdıqdan sonra xəstəliyi daha da ağırlaşdı. Bu xəstəlikdən yaxa qurtara bilmədi. 1994-cü ilin may ayının 27-də rahatsız olsa da xəstəliyini ayaqda keçirdiyi üçün hamı üçün ani olan bir ölümlə həyatla vidalaşdl. Hər kəs üçün bu itkiylə barışmaq çox çətin idi. Uzun müddət heç kim onun yoxluğu ilə barışmaq istəmədi.
Həmin il mən orta məktəbdən məzun olmuşdum. Hardan bilə bilərdim ki, məktəb illərimin son zəngi çalındıqdan sonrakı iki gün babamın son günləri olacaq. Həmin il Türkiyənin İstanbuldakı Universitetlərinin birində təhsil almaq fürsətini əldə etmişdim. Türkiyəyə qəbul olunduğumu payız aylarının ortasında öyrənmişdim. Babamın ali təhsilə verdiyi önəmi bilirdim. Hələ ki, işin içində xaricdə təhsil almaq varsa. Bu şad xəbəri alanda içimdən keçən ilk duyğu keşkə babam heç olmasa bugünə qədər yaşayıb mənim bu uğurumu görüb, o da mənimlə mən onunla fəxr etdiyim kimi fəxr etdəydi. Bu duyğu bütün çətinliklərə baxmayaraq bu təhsili başa çattırmağıma kömək oldu.
Beləcə, ötən günlərin həsrətinin kölgəsində gələcəyə ümidlə baxaraq babam haqqındakı xatirələrimin bir qismini bu kitabda sonrakı nəsillərə çatdırmaq məqsədi ilə, babamın qarşısında nəvəlik borcumun cüzi bir qismini ödəmək üçün paylaşdım. Bizim böyüklərimiz bizə danışaraq köklərimizi xatirələrdə yaşatmağa çalışdılar. Mən də əziz xalam Sevilə bu xatirələri gələcək nəslə yazılı olarag ötürməyinə dəstək olaraq babamın xatirəsini ölümsüzləşdirmək istədim.
Комментариев нет:
Отправить комментарий