Zamanına və məkanına sığmayacaq istedadı və davranışı ilə cəhənnəmdə bitən çiçəyi xatırladacaq qədər çətin taleyi olan qadın barəsindədir bu roman. O, fitri istedada malikdir, atası ona Quran dərslərindən sonra rəqsi, ədəbiyyatı, musiqi alətlərində ifa etməyi, şahmatı, hətta muğamın sirlərini öyrədən müəllimlər tutur və o, bütün iç dünyası ilə tam bir əks olaraq dayanmalı olur içində doğlulub yaşadığı Şərq dünyasına...
Məhsətinin qeyri-adi dünyagörüşü və sufi baxışları olan atasından əxz etdiyi zəngin daxili aləminə anasından aldığı zahiri gözəllik də əlavə olunur və artıq yeniyetmə bir qızkən həm savadı, həm nitq qabiliyyəti, həm də gözəlliyi ilə ətrafındakı insanların diqqətini özünə çəkməyə başlayır. Ondan artıq bilənlər və onun qədər olanlar ona heyranlıqla baxır, ondan az olanlarsa hədyan və həsəd içində çabalayırlar.
Məhsətinin qeyri-adi dünyagörüşü və sufi baxışları olan atasından əxz etdiyi zəngin daxili aləminə anasından aldığı zahiri gözəllik də əlavə olunur və artıq yeniyetmə bir qızkən həm savadı, həm nitq qabiliyyəti, həm də gözəlliyi ilə ətrafındakı insanların diqqətini özünə çəkməyə başlayır. Ondan artıq bilənlər və onun qədər olanlar ona heyranlıqla baxır, ondan az olanlarsa hədyan və həsəd içində çabalayırlar.
Zira Qoca Şərq onsuz da öz şairlərinə qarşı amansız ikən, bu şair hələ bir qadın olarsa, başının nələr çəkə biləcəyini azacıq da olsa, təsəvvür edirdi...
Məhsətinin rübailərində axtarış var, sevgiyə açıq yollar var və onun sevgisi də var – pur-xətib Əmir Əhməd.
Qadın, onun ədəbiyyatı və onun yaşadığı zaman kəsiyinin tarixi...
Asan olmayıb.
Mənə də asan olmayacaq.
Amma yazacam bu romanı.
Hər birimizə uğurlar!!!
CAVİDAN Cəhənnəmdə bitən çiçək (Romandan parça)
1. İşa
- Qızdır! – ortayaşlı, dolubədənli mamaça iki otağı bir-birindən ayıran qapının pərdəsinin arxasından boylanaraq dedi.
- Şükür Allaha! – Zeyd Ağa bardaş qurub gözlərini yumaraq etdiyi zikrdən diksinib dilləndi, təsbehini öpüb alnına toxundurdu və qarşısındakı Quranın açıq səhifəsinin üzərinə qoyaraq ayağa qalxdı.
- Elə çətin oldu ki, Ağa! – mamaça başını buladı, - arada elə bildik, xanım daha oyanmayacaq, elə bil nəfəsi dayanmışdı, Allah özü qorudu, şükürlər olsun!
- Necədi indi? – Zeyd Ağa cavabı gözləməyərək, Zərrin Xatunun olduğu otağa yollandı.
- Şükür... – mamaça verdiyi cavabın bu an heç bir önəm daşımadığını duyaraq, onun ardınca kölgə kimi sakitcə süründü.
Zərrin Xatun ipək üzlüklü yumşaq döşəklər və qu tüklü yastıqlarla düzənmiş böyük taxtın üstündə halzısca uzanmışdı. Üstünə çəkdiyi abı rəngli qumaş örtüyün bir ucunun altından da bapbalaca bir üz görünürdü. Göyümtül-qarayanız olan bu üzün qapqara gözləri tavana, daha doğrusu, tavandakı hansısa bircə nöqtəyə zillənmişdi, dolu və gözəl dodaqları gah büzülür, gah aralanıb sağa-sola əyilirdi, başına bağlanan ağappaq yaylığın üstündə almaz qaşlı qızıl üzük sancaqlanmışdı, iki qaşının arasından alnı boyunca barmaqla çəkilmiş kimi qan-qırmızı xətt vardı.
- Salamunaleykum, - Zeyd Ağa içəri girdi, ardınca sürünərək gələn mamaçanın işarəsi ilə otaqdakı daha üç xidmətçi qadın yaylıqlarının ucunu üzlərinə tutaraq, astaca salam verdilər və çölə çıxdılar, - necəsən, Xatun?
- Şükür Allaha, - Zərrin Xatun elə halzısca da gülümsədi, - yaxşıyam.
- Allah saxlasın! – Zeyd Ağa nəzərləri ilə körpəni göstərdi.
- Allah saxlasın, - Zərrin Xatun ərinin nəzərləri boyunca baxdı,- adını nə qoyacaqsan?
- Adı...
Zeyd Ağa bələyi qucağına alıb üzünə yaxınlaşdırdı, körpənin apaçıq, qapqara giləli gözlərinə baxıb gülümsədi, doyunca, kipriklərini qırpmadan baxdı, baxdı bu hələ həyatının ilk dəqiqələrindən dünyaya heyrətlə baxan gözlərə, bu balaca, dolu, sanki indicə nəsə deyəcəkmiş kimi açılıb-qapanan dodaqlara, atasının saqqalını, əbasının yaxalığını ovuclayıb dartışdıran xırdaca barmaqlı əllərə, iki qaşının arasından alnı boyunca barmaqla çəkilmiş kimi qan-qırmızı xəttə, gözlərini yumdu, ağzını körpənin qulağına tutaraq dayandı, pıçıltıları divarın içində alovlanan odunların çırtıltısına qarışdı, tavandan asılmış qəndillərdə şamların odu titrədi, uzandı, otaq işıqla dolmağa başladı...
- Mənicə! – dedi və körpənin alnından öpərək, anasının yanına qaytardı, - Mənicə olsun adı.
- Gözəl addı, - Zərrin Xatun ehtiyatla dirsəklənib qızının üzünə baxdı, bir anlıq ona elə gəldi ki, uşaq gülümsəyir, diksindi və sonra həmən özü də gülümsəyib ərinin indicə dediyi adı təkrarladı, - Mənicə...
***
Bəhaəddin Vələdin mədrəsəsinin qarşısı adamla dolu idi.
Sanki bütün Bəlx əhalisini məsciddəki cümə namazından sonra buraya çağırıb yığmışdılar. Şəhərin varlısı-kasıbı bir-birinə qarışmışdı, hər kəs qarşısındakı adamdan bir boy yuxarı boylanıb mədrəsənin qapısına baxır, Sultanul-üləmanın bayıra çıxıb onlara xütbə oxumasını gözləyirdi.
Artıq uzun illər idi ki, hər cümə günü, günorta namazından sonra əhali məsciddən çıxıb, Bəhaəddin Vələdin ardınca düşərək, onun mədrəsəsinə gəlir, burada onun xütbələrini, moizələrini, ya da sadəcə insanlarla səmimi söhbətlərini dinləmək üçün yığılırdı.
Bəlx əhalisi onu Sultanul- üləma çağırırdı.
Bu ləqəbin tarixçəsini də şəhərdə bilməyən yox idi.
Tarixçə - bir yuxudan ibarət idi.
Qanlı-acılı savaş meydanlarının birində bir çadır qurulubmuş və Məhəmməd Peyğəmbər özünün səhabələri ilə bu çadırın içində söhbət edirmiş. Bu söhbətin şirin vədəsində Bəhaəddin Vələd qəfildən çadıra daxil olmuş, Peyğəmbərə sayğısını bildirmiş, Əfəndimizdən eyni iltifatı görmüş, hətta Peyğəmbər ona özünün sağ tərəfində oturmaq üçün yer təklif etmişdir. Sonra üzünü səhabələrinə tutaraq: “Bəhaəddin Vələd bizim üçün çox dəyərlidir, bundan sonra onu “Sultanul-üləma” ismiylə tanıyın” demişdir.
Bu yuxunu gördüyü gecənin səhəri açılan kimi üç yüzə qədər Bəlx alimi mədrəsə qapısının önünə gəlmiş, bu gecə gördükləri yuxunu Bəhaəddin Vələdə anlatmaq istəmişdir. Amma Bəhaəddin Vələd onların hamısının ayrı-ayrılıqda gördüyü eyni bir yuxunu hələ kimsə sözə başlamamışdan qabaq özü danışınca, heyrətdən və heyranlıqdan mat qalmışlar, həmin gündən başlayaraq, Bəhaəddin Vələd həzrətlərini “Sultanul-üləma” deyə çağırmışlar.
***
- İnsan Allahın qəzəbindən başqa bu dünyada da, o dünyada da heç bir şeydən qorxmamalıdır, - dedi Sultanul-üləma, - yalnız Allahı qəzəbləndirmək məqamından çəkinməliyik biz. Haqsızlığı, ədalətsizliyi, zalımın zülmünü gördüyümüz zaman susmağımızdan, bu haqsızlığı edəndən, bu ədalətsizliyə yol verəndən və məzlumlara zülm edəndən qorxmaq məqamımızdan qorxmalıyıq, çünki, məhz bu məqamlarda biz Allahın qəzəbini üstümüzə çəkmiş oluruq, Onun qarşısında günaha batırıq, bu dünyada qarşımıza çıxıb, çözümü üçün ürəyimizin gücünü istəyən olaylara biganə qaldığımız zaman Allahın da bizlərə biganə qalacağını gözümüzün önünə gətirməliyik. Sən, səndən yardım istəyənə qüdrətin çatacağı təqdirdə belə yaxınlaşmırsansa, o zaman özünün bir müşkülün olanda da Allahı yardıma çağırmaqdan qorx, hətta utan, xəcalət çək! Çünki, sənin ürəyini səndən daha yaxşı tanıyıb biləndir Rəbbimiz, sənə əmanət etdiyi bacarıqla sənə etibar etdiyi məzlum acısına necə soyuq bir ürəklə laqeyd qaldığını görəndir, yalnız özünün çətin günündə Ona üz tutduğunu da səndən daha gözəl bilir. Və İlahimiz Ona başqalarının dərdinə yardım üçün dua edənləri daha tez eşidər, başqa birisinin dərdinin çözümünə ürək yandırdığın zamanlarda sənin özünün də qarşına çıxacaq müşküllərin ən asan həlli yollarını çıxardacaq yoluna.
- Qorxmaq, insanın təbii halıdır, Allah özü qəlbimizi belə yaradıb, can sevgisini salıb ruhumuza, ölüm qorxusunu, ac qalmaq dəhşətini, yersiz-yurdsuz olmaq acısını gözünə alanlar üçün çox çətindir dediklərinizə əməl etmək, ya Sultanul-üləma! – qələbəlikdən kimsə dilləndi.
- Doğrudur, - yer-yerdən səslər gəldi, bir uğultu aldı da mədrəsənin önünü, Sultanul-üləma sakitcə başını aşağı dikib onların susmasını gözlədi, sonra gülümsədi, toplananların ən yaxında duranlarına baxıb, ən uzaqda dayananlarına boylandı:
- Qorxmaq – Allahdan deyil də, bəndədən və yaxud hər hansı bir başqa canlıdan qorxmaq miskinlikdən, rəzillikdən, cahillikdən başqa bir şey deyildir. Haqlısınız, çox güclüdür bu hiss. Can, doğrudan da şirindir və gördüyün, qarşılaşdığın haqsızlıqların müqabilində öz canını cəhənnəmə desən belə, yaxınlarının, doğmalarının canı xətrinə sıxmağa məcbur olursan özünü, sözlərini əvvəlkindən daha artıq ölçüb-biçməyə başlayırsan, bu haqsızlıqları törədən və ya bu haqsızlıqlara imkan yaradan qüvvə səndən nə qədər güclü və böyükdürsə, sənin qorxu hissin də bir o qədər güclü, bir o qədər böyük olur.
- Uşaq atasından, arvad ərindən, rəiyyət hökmdarından qorxmasa, cəmiyyət məhv olmazmı, ya Sultanul-üləma? – yenə kimsə səsləndi mədrəsə qarşısından və yenə uğultu aldı başına ətrafı, yenə başını aşağı dikib susmasını gözlədi Sultanul-üləma hər kəsin və yenə xəfif bir təbəssümlə başladı sözə:
- Uşaq atasını, arvad ərini, rəiyyət isə hökmdarını sevməlidir öncə, sayğı duymalıdır, özünün və sayğı duyduğunun yerini, Allah və digər bəndələr qarşısındakı mövqeyini dəyərləndirərək davranmalıdır. Bir ata haqsızlıq edirsə, bir ər ədalətsizliyə yol verirsə, bir hökmdar zalımsa, hansı sayğıdan, hansı sevgidən danışmaq olar ki? Eşqin olmadığı yerdə hörmət də olmaz, hörmətin olmadığı yerdə isə bəndəni incitdin və yaxud bu bəndəni yaradanı, heç fərq etməz. Və bir incidiləni xilas etmək üçün sən heç bir şey etmədinsə, yalnız öz canının qorxusu üçün sənə möhtac olandan yardımını əsirgədinsə, o zaman Allaha bunu izah etmək üçün cavablarını hazır tut, çünki, bu dünyada da, o dünyada da hesabı sorulacaq dinməyin gərək olan yerdə susmağının. Bir bəd əməli özün törətdin, yoxsa yanında bunun törənməsinə əngəl olmadın, heç fərqi yoxdur.
- Yaşa! – yer-yerdən səslər eşidildi, növbəti uğultu da ötüb keçdi və növbəti təbəssüm bu dəfə toplananların hər birisinin üzünə qondu, - yaşa, ya Sultanul-üləma! Sən nəinki Bəlxin, hətta bütün dünyanın alimlərinin baş tacısan!
- Alimlər daha çox qorxmalıdırlar qorxu hissinin ürəklərinə hakim olmasından, - o, davam etdi, - alimlər cəmiyyətin görən gözü, döyünən ürəyi, düşünə bilən başıdırlar çünki, onlar yeri gələndə, xətalarını hökmdarların belə üzünə açıq-aşkar söyləməlidirlər. Can qorxusundan haqsızlıqlar önündə susan, düşüncələrini mədhiyyələr altında gizlədən, dünya malından ötəri xaqanlara, sultanlara ikiüzlülük edən alimlərə ar olsun!
- Ar olsun! – hamı səsləndi.
- Müsəlman dünyasının ən güclü,ən qüdrətli xaqanının belə heç bir ixtiyarı yoxdur Məhəmməd dininə uyğun olmayan bir yolla öz əhalisini aparmağa!
- Yaşa! – yer-yerdən səslər ucaldı.
- Hətta Xarəzmşahın da!
- Hətta Xarəzmşahın da!
***
-Yaşa, ya Sultanul-üləma! – Zeyd Ağa içəri girdi və Bəhaəddin Vələd ona qarşı gələrək gülümsədi.
- Xoş gördük, Zeyd! – deyərək, onu qucaqladı, - gəl, oturaq bir az, ikilikdə şam edək, söhbətləşək, Qurani-Kərim oxuyaq.
- Var ol, Bəhaəddin can! Çox istərdim, amma zamanım yoxdur, gərək bağışlayasan.
- Allah bağışlasın, Zeyd, hərçənd, mən çox sevinmişdim ki, sən yenə də axşamı mənimevimdə keçirmək üçün gəlmisən, həm bu axşam mənim də çox qonağım yox idi, bircə Raziyuddini Nişapuri olacaq, Quran oxuyacağıq, dedim, sən də yanımızda olardın, Allahdan, Onun kəlamından söhbətlər açardıq.
- Mən amma səni öz evimə dəvət etmək üçün gəlmişdim, Bəhaəddin, ötən gecə bir övladım dünyaya gəlmiş, qızdır, adını Mənicə qoydum, gəldim, səni dəvət edim, evimə gələsən, övladıma xeyir-dua verəsən, bu dünyaya gəldiyini xoş edəsən.
Nə gözəl! Nə gözəl xəbərdi bu, Zeyd! O zaman mən Raziyuddin ilə birlikdə gələcəyəm, olurmu?
- Lap gözəl olur, çox şad etdin məni, inan! Həm sənin üçün maraqlı olacaq iki qonağım da var, onlarla da danışardıq bir az.
- Qəribdirlərmi?
- Qəribdirlər, Bəhaəddin can, iki il bundan qabaq mən onların ölkəsində qonaq olmuşdum, məclislərində oturmuşdum, yadına gəlirmi, qayıdandan sonra sənə danışdım orada görüb-eşitdiklərimi?
- Gərək ki, mağaralardan ibarət bir kənddə olmuşdun.
- Hə, karvandan ayrılıb azmışdım, ilan çalmışdı ayağımı, bu iki dərviş hücrələrinə aparmış, sağaltmışdılar, sonra oraların böyük alimləri olduğunu anlamışdım.
- Xatirimdədi, Zeyd, lap yaxşı oldu, demək, bu axşam bu dünyanın ən maraqlı məclislərindən biri açılacaq sənin evində!
- Yalnız ən əziz müsafirlərimin sayəsində! – Zeyd Ağa bir daha Bəhaəddin Vələdlə qucaqlaşıb qapıdan çıxdı.
Комментариев нет:
Отправить комментарий