12.12.2011

Nardaranda Aşura REPORTAJ

Mirmehdi Ağaoğlu

O gecənin vəfasızlığı unudularmı heç?

Əvvəl tarixə ekskursiya

Şiəlikdə tasua gecəsi də aşura günü kimi müqəddəs sayılır.
Rəvayətə görə İmam Hüseyn öz tərəfdarları ilə Kərbəla çölündə sabah onu gözləyən faciədən xəbərdar idi. Günahsız insanların qırılmasını istəməyən imam xeyməsinin qarşısına çıxıb tərəfdarlarını sabahkı dəhşətli faciədən xəbərdar edir, getmək istəyənlərin sərbəst olduqlarını söyləyir.

Getmək istəyənlər olsa da, tərəddüt edir, şübhə ilə bir-birinin gözünə baxırdılar. Heç kəs birinci olmaq istəmirdi.


Onda imam əmr edir ki, getmək istəyənlərin xəcalət çəkməmələri üçün xeymələrdə məşəlləri söndürsünlər. Kərbəla zülmətə bürünür.
Dan yeri ağaranda Kərbala çölündə yalnız İmam Hüseynin ailəsi və bir də ən yaxın tərəfdarları qalmışdı.

Həmən gecəyə “Şami-qəriban” deyirlər.

O gündən bu günə 1400 ildir ki, hər il Məhərrəm ayının 9-cu günü Hüseyn əzadarları mərsiyələr oxuya-oxuya, təkbir edə-edə piyada məcsidlərə, ziyarətgahlara yürüş edirlər.

1400 ildir ki, əzadarlar həmən gecənin vəfasızlığını bu cür ödəməyə çalışırlar və bir ağızdan bağırırlar:

”Kaş bu gün, bu dəmdə
Olaydım Kərbəladə”

Bizsə Nardarandayıq

Saat 22.00. Maşına minib Nardarana üz tuturuq. Nardaran son on ildə baş verən bir sıra məlum hadisələr nəticəsində xüsusi imic qazanmış qəsəbədir. Artıq Nardaran da İvanovka, Qırmızıkənd kimi spesifik xüsusiyyətlərə malik bir qəsəbəyə çevrilib.

Bəzilər buranı “balaca İran” adlandırır.

Bir çox sekulyar düşüncəli insanlar bacardıqca Nardarana getməməyə üstünlük verirlər. Nardaran hər il Aşurada əzadarların ən çox toplandığı məkanlardan biridir. Əhalinin bura axın etməsinin digər səbəbi isə 7-ci imam Museyi Kazımın qızı Rəhimə xanımın məzarının Nardaranda yerləşməsidir.

Qadınlar da piyada, uşaqlar da

Sabunçu yolu boyu beş-beş, on-on hərəkət edən qruplar görünür. Çoxu yeniyetmədir. Zabrata çatdıqca dəstələrin sayı artır. Bəzi dəstələrdə qabaqda gedənlər əllərində üzərinə ərəbəcə “Ya Hüseyn” yazılmış qara bayraqlar tutublar. Şiələr üçün bayraqdar olmaq imam Hüseynin qardaşı “qələm qollu Abbas” olmaq anlamına gəlir. Buna görə də hamı bayraq daşımağa can atır.

Sabunçu-Maştağa yolu sıralanan dəmir sexlərində gecənin bu vaxtı işıqlar yanır. Stollar düzülmüş, samovarlar qaynayır. Sex sahibləri ehsan verir, yoldan ötənləri, əzadar dəstələri çay içməyə dəvət edirlər.

Ara-sıra ehsan çadırları da göz dəyir. Çadırların qabağı qələbəlikdi. Kafelərin həyətinə uzun masalar düzülüb çay paylanılır. Yorulan dəstərlər dayanıb çay içir, sonra yenə yola davam edirlər.

Mənzilə yaxınlaşdıqca izdihamlı dəstələr artır. Aralarında qadınlar, qızlar, uşaqlar da var. Yolsa çox uzundur.

Qabağımızca gedən “BMW 745” markalı maşın hər dəstənin tarazında yavaşıyıb açıq pəncərəsindən su butulkaları uzadır. Bəziləri tərəddüt edir, butulkaları almaq istəmirlər.
Görünür bu gecədə suyun ən dəyərli hədiyyə olduğundan xəbərsizdirlər.

Sakinlər yolları tənzimləyirlər

Nardarana çatırıq. Mərsiyyə sədaları ətrafa səpələnir. Küçələr işıqlıdır. İmam Hüseyn meydanından pirin yoluna burulanda maşınlar sürətlərini azaltmağa məcburdurlar. Xeyli maşın var.
Burda da mağazaların, evlərin qabağında çadırlar qurulub, samovarlar qaynayır. Camaat arasında inanılmaz qaynaşma, hərəkət var. Məlumatsız adam elə zənn edər ki, el şənliyi, ya da karnavaldır.

Pirə gedən yola maşınla getmək demək olar ki mümkün deyil. Bir neçə adam yolayrıcında dayanıb hərəkəti nizamlayır, dayanmaq üçün boş yerlər təklif edirlər.

Qayıdanda eyni adamlar yenə də yolu nizamlayırdılar. Orta yaşlı kənd sakinindən bunu kimin təşkil etdiyini söruşuram: “Heç kəs tapşırmayıb, özümüz tənzimləyirik”.

Pir yolunda xeyli adam var. İzdihamın bir hissəsi gedir, digəri gəlir. Qapılarda qoyulmuş səsgücləndiricilərdən mərsiyə səsləri ucalır.
Küçələrə bayraqlar asılıb. Divarlara ərəbcə “Allahu-əkbər”, şüarlar, kəlamlar yazılıb.

Şüarlardan biri belədir: “Qırmızı ölüm, qara həyatdan daha yaxşıdır”
Nardaranda reklam sloqanlarını dini-əxlaqi şüarlar əvəz edir.

Onu Hüseyn davamçısı sanırlar

Milli qəhrəman Mübariz İbrahimovun şəkli olan plakat da vurulub divara. Mübarizin çiynində silah tutduğu rəsminin yanında belə yazılıb: “Şəhid Seyyid Mübariz İbrahimov”. Plakatda Mübarizin tək başına 140 ermənini öldürməsi də vurğulanır.

Onun seyyid nəslindən olması şücaətinin qiymətini daha da artırıb. Nardaranlılar onun şəhidliyi ilə İmam Hüseyn müsibəti arasında xüsusi bir bağ qurmağı bacarıblar.

Divarlarda vətənpərvərlik şüarları da var.

Qadınlar aşağı, kişilər yuxarı

İlk gözə dəyən dilənçilərdi. Dilənçi uşaqlar ziyarətçilərin qabaqlarına qaçır, nəzir istəyirlər. Şikəst dilənçilər bədənlərini nümayiş etdirə-etdirə izdihamın üstünə şığıyırlar.

Ziyarətçilərin içində xeyli qadın var. Kişiləri məzarın yerləşdiyi aşağı mərtəbəyə buraxmırlar. Bura yalnız qadınlar daxil ola bilərlər.
Ziyarətçi qadınların bəzilərinin geyimləri isə ortama uyğun deyil. Başqalarında şalları olmasa ziyarətə gəldikləri hiss olunmaz. Təziyədən sonra bunu müzakirə edənlər də tapılacaq.

Əfqan fəğanı

Məsciddə başqa dildə “mərsiyyə” deyirlər. Əvvəl elə bilirk farscadır. Bu bizə toxunur.

Ayaqqabılarımızı soyunub məcsidə daxil oluruq. Xeyli adam var. Təkcə mənim və yol yoldaşımın geyimi parlaq rənglidir, əksəriyyət yekrəngdi; ya qara, ya da boz geyinib.

Məscidin divarlarında azərbaycan dilində dini kəlamlar həkk olunub. Bardaş qurub otururuq. İsti və boğucu hava var.

Mərkəzdə bir dəstə adam dövrələmə oturub, mərsiyəxan oxuduqca xüsusi ahənglə bəzən asta, bəzən qalxaraq tez-tez və bərkdən zəncir vururlar. Bu mənzərə adama xüsusi həyəcan verir.
Zəncirvuranların çoxu sifətdən başqa millətin nümayəndələrinə oxşasalar da əvvəl heç nə anlamırıq. Onlar təxminən yarımsaat zəncir vurandan sonra hamısı qalxıb məsciddən çıxırlar. Bizə bunların əfqan olduqlarını deyirlər. Hər il Nardarana gəlib öz dillərində mərsiyə oxuyub zəncir vururlar.

Amerikanı lənətləməklə başladı

Əfqanlar gedəndən sonra rövzəxan əvvəlcə Amerikanı, İsraili, islam dünyasının düşmənlərini lənətlədi. Hamı bir ağızdan təkbir söyləyib, əllərini yuxarı qaldırıb “Allahu-Əkbər” qışqırdı.

Bundan sonra məscidin mərkəzinə sinəzənlər toplaşdılar. Bir nəfər dövrə vurub xüsusi avazla əvvəlcə Kərbəlada şəhid olanların adlarını çəkdi. Sonra Yəzidin, Şümrün adlarını çəkib onları lənətlədi. O dedikcə camaat bir ağızdan təkrarlayırdı.

Zəncir taxta sapa bənd edilmiş salxımvari metal halqalardan ibarətdi. Təxmini çəkisi iki kiloqram olar. Sinəzənlər zənciri xüsusi şəkildə fırlayaraq kürəklərinə çırpırlar.

Adətən sinəzənlərin kürəklərinin zəncir dəyən yerlərini açıq saxlayan köynəkləri olur. Zəncir vurmaq dayandırıdıqda isə onu biləyin üstündən sallayıb saxlayırlar.

Rövzəxan mərsiyə oxuduqca sinəzənlərin rəhbəri olan adam lazımı yerlərdə xüsusi işarələrlə göstərişlər verir. Onlar gah dayanır, gah astadan zəncir vurur, gah sürətlənir, gah da zənciri saxlayıb sinələrinə döyürlər. Zəncir cingiltisi rövzəxanın avazına xüsusi çalar verir.

Mərsiyənin bəzi yerlərində zəncirvuranlar bir əllə sifətlərini qapayıb ağlayan adam pozası alırlar. Onların bu hərəkətləri tamaşaya bənzəyir.

Yanımda oturandan soruşuram. Zəncirvuranların əksəriyyəti hər il burda iştirak edənlərdi. Ona görə mərsiyyənin harasında hansı hərəkəti etməyin lazım olduğunu bilirlər.

Birinci rövzəxan oxuyub qurtardı. Başında araqçın olan yaşlı bir adam mikrofonu götürdü. O da mərsiyəni Amerikanı, İsraili lənətləməklə başladı.

Ayaq altında məzarlar

Məsciddən çıxırıq. Yol yoldaşım ayaqqabısının itəcəyindən narahat olsa da onları dərnədə necə qoymuşduqsa eləcə də tapırıq. O mənimkiləri öz ayaqqabısının üstünə qoymuşdu.

Artıq saat on iki olsa da izdiham azalmaq bilmir.

Kimi başına, boynuna kufiyyə yaylıq dolayıb, kimi isə üstü ərəbcə yazılı qara, yaşıl sarıq taxıb.

Meydançada bəzi daş döşəmələrin üstündə adam adları doğum, vəfat illəri qazılıb. Bunlar qəbirlərdir. Bəzilərinə baxıram. Çoxu elə də köhnə qəbirlər deyil, 1995-də, 1999-da ölən də var.

Meydança salınanda bu qəbirlər köçürülməyib, yerləşdiyi yerlərə bu cür işarələr qoyublar. Gecə vaxtı üstləri yazılı piltələri adi piltələrdən ayırmaq olmur.

Polislər qeyb olublar

Qayıdanda açıq qapılardan birində ehsana dəvət edirlər. Həyətdə bir neçə samovar düzülüb. Stəkanlara çay süzüb ziyarətçilərə paylayırlar. Masaların üstünə, xurma, qənd, qoğal, konfet, halva düzülüb. Həyətdə dönər aparatı da quraşdırılıb. O da ehsandı.
Saat bir. İzdiham böyüyür. Bunlar adi günlərdə gördüyümüz avtobusda ayaq tapdalamaq üstündə bir-birini təpiyin altına salan, növbədə bir-birinə aman verməyən, itələyən adamlardı. Bu dəfə həmişəki gərginlik yoxdu.

Burada xüsusi bir ab-hava var. Elə bil hamı xeyirxahlıq eləmək istəyir.

Minlərlə insan bir-birini çox asanlıqla anlayır. Heç bir münaqişə, narazılıq baş vermir. Maraqlısı isə bura Bakının hər yerindən bu qədər insan toplaşmışkən bir nəfər post patrul əməkdaşının, polis işçisinin gözə dəyməməsidir. Açığı heç polisə ehtiyac da yoxdur.
Tıxacda dayanan maşınlar da şəhərdəki kimi amansızca bir-birini siqnallamır, bir-birlərinə yol verməyə çalışırlar.

Geri qayıdırıq. Yol boyu yenə ziyarətə gələn dəstələrlə qarşılaşırıq. Ucadan mərsiyə oxuyurlar.

Hava aydındır. Ay göydə parlayır. Deyəsən sabah hava mülayim keçəcək.


kulis.az

Комментариев нет:

Отправить комментарий