13.12.2011

Rafiq Tağının qızı Qəmər yazır


Ey qatil, öz atana bıçaq vura bilərdinmi? 

Ata, səninlə fəxr edirəm! Sən fəxr ediləsi adamsan... Mən bunu həmişə demişəm və yenə də deyəcəm.

Atam həyatı mənalı yaşamağı həmişə üstün tutub. Həmişə bizə də deyirdi:

- Vaxtınızı boş keçirməyin! Hər saniyəniz qızıldır.

Rafiq Tağı həyatda “yaxşılıq çələngi” qoyub getdi. Məni o qədər çox istəyirdi ki... Mən həmişə qorxardım. Uzun çəkməz deyərdim.

Öz-özümə deyirdim: “Ay Allah, görəsən atam məni niyə bu qədər çox istəyir?” Düzdür, bəlkə də ürəyinizdə deyirsiniz ki, bu qız niyə belə deyir? Atadır da, hər ata kimi o da qızını çox istəyir. Yox... Atam məni hər atanın öz qızını istədiyi kimi istəmirdi. Çoooox, lap çox istəyirdi!!!

Qatil!!! Sənin də atan-anan var. Get onlara bax... Fikirləş! Mənim atama vurduğun bıçağı xəyalında öz atana vur!!! Vura bilərsən? Yox” Bəs niyə? Niyə mənim atama vurdun? Atamı məndən ayırdın...

***

Rafiq Tağı – adın belə fəxrdir bizə. Həyatımız necə mənalı, günlərimiz necə şən keçirdi. Həmişə maraqlı əhvalatlar danışardın bizə. Ürəyitəmiz atam mənim.

Məktəbə gedəndə avtobusa mindirərdin. Təsadüfə bax... Deyirdim görəsən atam 11-ci sinifdə də məni belə ötürəcək?

Həmin gün səhər – məktəbə getməmişdən qabaq – dedim, ata, daha özüm gedə bilərəm, sənin məni mindirməyinə ehtiyac yoxdur. Sənsə mənə belə cavab vermişdin:

- Yox qızım-quzum (həmişə belə deyərdi), həmişə səni mən mindirəcəm, mən yola salacam, yeri gəlsə, instituta da aparıb gətirəcəm.

Atam məni həmişə “həkim ol” deyirdi. “Özümüz səni saxlayarıq, xəstələnmərik, sən instituta qəbul olarsan, sonra nə qədər istəsən xəstələnərsən, sən də bizi sağaldarsan”, – deyə bizi güldürməyə çalışardı.

Mənsə deyirdim ki, ata, belə danışma, sən hələ 100 il, özü də sağlam həyat yaşayacaqsan. Amma bəzən deyirlər ki, nə pis şey olur olsun, düşmənə də arzulama.

Amma mən atamın qatilinə pis şeylər arzulamaqdan özümü saxlaya bilmirəm...

***

Eh... Bilinmir, dünya yalandır, yoxsa doğru, vəfasızdır, yoxsa vəfalı... Vəfasızdır! Ona görə ki, atam bir də geri qayıtmayacaq! Arada təsəlli tapıram, ordan-burdan mənə təsəlli verməyə çalışanların dilindən eşidirəm, fikirləşirəm... Ya bəlkə səhv edirəm... Vəfasız deyilmiş bəlkə?!... Atam qayıda bilməyəcək, düzdür. Amma heç kəs bu dünyanı tutub da getməyəcək... Eybi yox, heç olmasa, bu mənə təsəllidir.

***

Ürək sıxılır... Küçələr sanki daralır... İnsanlar qəribləşir... Ağlayan kim, sızlayan kim. Kimi oturub dərdini dostuna açır... Kimi dərdini açmağa dost tapa bilmir... Kimi dost axtarışında, tanışını, itmiş vəsiqəsini axtarır, kimisi heç onu da edə bilmir... Çünki axtarmağa dostu yoxdur. Kimi öz rəftarı, davranışı ilə ətrafında mənfi aura yaradır, kimisi isə üzündəki çizgilərdən belə bilinir.

Həyat qəribədir. Hamı öz yerini layiqincə tapa bilmir. Bəzən insan həyatına rəng qata bilmir. Ömür boyu tənha qalan, gözü yaşlı insanlar var...

Heç kəs mənim qabaqda nə edəcəyimi, kim olacağımı deyə bilməz. Həyatda hər şey ola bilər. Mən bunu atamda gördüm. “Həyatda taleyinlə barış, vaxt gələr, hər şey düzələr” kimi şablon sözlərdən adam artıq bezir...

Axı sən hardan bilərsən ki, mən nə istəyirəm, nə vaxt istəyirəm, nəyi, necə, nə üçün istəyirəm? Tutaq ki, hə... İstədiyim bir şey var, qaytararsan mənə? Atamdır... Onu sən mənə artıq qaytara bilməcəyəksən...


kulis.az

Комментариев нет:

Отправить комментарий