16.12.2011

Ərdoğanı tanıram, qoşa xal var üzündə…


Arzu Abdulla

Bu dağın o üzündə ceyran otlar düzündə (Xalq mahnısından)

Bu xalq mahnısıdır. Çox sevirəm. Nigaran bir aşiqin gileylərinə, ağrılı xəbərlərinə bənzəyir. Eyni zamanda ümidsiz sevgilinin nə vaxtsa itirəcəyi, amma çox sevdiyi yarı (yarısı) haqqında sızıltılı deyimdir.
Bilmirəm nədənsə Türkiyənin baş naziri Ərdoğanı görəndə mahnının “Qoşa xal var üzündə” hissəsi səslənir beynimdə. Amma Ərdoğanın üzündəki o qara, Şərq klassikləri demiş hindu xalları daha çox iri-iri, qara ləkələrə bənzəyir. Səbrinizi basın, bir azdan nədənini, yəni niyəsini söyləyəcəm.

Amma o zamana kimi deyim eşidin. Son zamanlar siyasi məsələlərə yazılarımda toxunmağımı görən dostlar məni qınayaraq “siyasətə baş qoşma, sənlik deyil, çox dərindir” deyirlər. Əslində o qədər də dayaz adam olmadığımdan dostların bu məsləhətini qulaqardına vururam. Çünki “Sən siyasətə qoşulmasan da, siyasət sənə qoşulacaq” aforiziminin dəqiqliyini dəfələrlə sınamışam. “Siyasətə qoşulmuram” deyib açıqlama verməkdən imtian edən “ziyallılarımızın” dəfələrlə siyasət qurbanı olduğunu gördük.
Bizim yaşadığımız məmləkət insanı elə problemlərin, özü də elə dərin problemlərin içərisinə soxur ki, orda artıq dayazlıqdan əsər-əlamət qalmır. Əgər dayazsansa artıq yoxsan. Odur ki, nə qədər varsız siyasi gündəmə nəzər yetirin, baş verənləri içinizdə götür-qoy edin və yolunuzu baş verən siyasi gedişin axarına uyğunlaşdırın. Əgər yolunuz və səmtinizi tez-tez dəyişməyi bacarmırsızsa o zaman heç olmaya ətrafda baş verənlərə biganə qalmayın. Məsələn, ötən gün gözəllik salonunda bir qadının “Allaha şükür İranı da bombalayacaqlar. Yaxşı oldu, mollaların dalına… Yenə Şah dövrü gələcək” deyirdi. Tatuyaj qaşlarını oynada-oynada danışan bu qadın İrandan mal daşıdığını, alverçi olduğunu, yəni İrandan daşıdığı malın hesabına ailəsini saxladığını da arsızcasına etiraf edirdi. Yediyi qabın içinə tüpürənləri başa düşmək çox da çətin deyil. Çünki bu gün belələrinə hər dəqiqə rast gəlirik. Sadəcə bu tatuyaj qaşlarını fırladana İrandakı islam saflığı, ləyaqəti sərf etmir. Necə deyərlər, tatuyajlı xanım İranda bütün  “qabliyyətini” işə sala bilmir. Bu qadına və belə düşünənlərə deyəcəklərimi isə gələn yazıma saxlamışam. Çünki belələrini tək-tək anlatmağa çalışsam xeyli zamanım gedəcək, bir yerə yığıb deyəcəyim sözlərim isə çoxdur. Ən azından belə düşünən bəzi insanlara demək istəyirəm ki, hər il Azərbaycandan minlərlə insan İrana şəfa tapmağa gedir. Tutaq ki, İran da Liviyanın gününə qaldı, ay bədbəxtlər. Bəs o zaman zavallı xalqım şəfa tapmağa hara gedəcək? Bəlkə ABŞ-a? Bəlkə  “demokratiyanın vətənində” səhiyyə xidmətləri belə ucuzdur?
Amma sözümü burda yekunlaşdırıb Ərdoğanın xallarından danışmaq istəyirəm. Ərdoğanın üzündəki qara-qara xallar əslində xal deyil. Bu müsəlman dünyası ilə məzələndiyi üçün Ərdoğanın üzünə basılmış qara ləkədir. Ərdoğan əslində İslam dünyasının Adnan Oktarıdır (təxəllüsü Harun Yahya). Ərdoğan türk dünyasının Fətullah Gülənidir.
Vallah, beynim dağılır bu səsdən. Düz qulaqlarımın dibində oxuyur:

“Bu dağın o üzündə
Ceyran otlar düzündə
Mən yarımı tanıram
Qoşa xal var üzündə”…

Niyə dağın o üzündə? Axı ceyranla qoşa xalların nə əlaqəsi var? Və ya  sevgilimin yanağındakı qoşa xalların dağın o üzündəki düzdə otlayan ceyranla nə əlaqəsi ola bilər? Unutmayaq, ən yaxınımızın da, hətta qəlbimizin içindəkinin də, YARIMIZIN da o üzdə, dağın o üzündə, bizim tanımadığımız yerdə yarısı var. Bir gün biz istəməsək də, bu “yarı” iblis kimi, şeytan kimi ortaya çıxır və sən ÖZ YARInı tanıya bilmirsən. Noldu əcabə, bu odurmu? Bəlkə də bu intim məsələlərin Ərdoğana və dünya siyasətinə dəxli yoxdur deyəcəksiz. Amma dəqiq bilirəm ki, dünya zərrəciklərdən yaranıb. Biz də o zərrrəciklərin tərkib hissəsiyik. Bax gördünüzmü, bizim dünyaya, dünyanın bizə necə dəxli var? Odur ki, eşitdiklərnizin, gördüklərnizin yanından “mənə dəxli yoxdur” deyib ötməyin.
Qoşa xallı Ərdoğanın Liviyaya, Suriyaya münasibəti də dağın o üzündəkinin gəlişi idi əslində. Bəlkə bir az geri qayıdaq? Liviyaya dönək? Yox, lütfən sizə Liviya liderinin ölüm səhnəsini xatırlatmayacam. Çünki bu insanlıq adına qara ləkə idi. Axı cəsədi təhqir etmək, tək, əlyalın qalmış insanı vəhişcəsinə parçalamaq nə vaxtdan qəhrəmanlıq olub?
Liviyaya və onun vəhşicəsinə öldürülmüş liderinə dönüb bəzi tarixçələri xatırlamaq istəyirəm. Buyurun dinləyin!
Əgər Kıprıs olaylarını xatırlayırsınızsa, o zaman Qəddafiyə bir rəhmət oxumamız gərək olacaq? Kıprıs barış hərakatı zamanı Liviya lideri  Müəmmar Qəddafi ABŞ-ın iri yumruğundan qorxmadı və Türkiyəyə yardım etdi.
1970-ci illərdə neft böhranı ilə üzləşən Türkiyəyə yardım edərək ucuz qiymətə neft verən yeganə dövlət başçısı da məhz Qəddafi oldu. Liviya lideri Müəmmar Qəddafi Amerikanın qadağasına məhəl qoymadan Türkiyənin silahlı qüvvələrinə 25 tonluq raket və 4 təyyarə dolusu hərbi sursat yardımı etdi. Hətta Qəddafi Türkiyəyə göndərdiyi silah-sursat yardımını təyyarəyə öz çiyinlərində daşıyaraq, Türkiyənin tək olmadığını və bu qədər ürəklə bağlılığını sübut etdi. Bəs Türkiyə dar məqamda qalan Qəddafiyə necə əl uzatdı? Bax bu zor məsələdir.
Türkiyədə yaşayan dostum isə deyir ki, Ərdoğan başa keçən kimi ölkədəki ali məktəblərin rektorlarından tutmuş ta haralara qədər başçıları dəyişib özünə sərf edənlərini yerləşdirdi. Əslində, bu idarəçilik sistemində tam normal haldır. Başa gələn, başkan olan hər kəs öz adamını yerləşdirməlidir ki, iç siyasətini yeridə bilsin. Amma bu gün bir adi qadının Türkiyənin göbəyində həkimi, xəstəxananı PKK ilə qorxutmaq faciəsi baş verirsə, o zaman bir anlığa gözümüzü yumub geriyə, yaddaşımızın bizi apardığı Ərdoğanın yerdəyişmə olaylarına dönməliyik.
Əslində, Ərdoğan ABŞ-ın Orta Doğuya təyin etdiyi bir başkandır. Bu başkan Türkiyədə oturub islam dünyasına liderlik etmək iddiasına düşmüşdü bir ara. Baxana elə gəlir ki, Ərdoğan artıq özünü islam dünyasının, eləcə də türk dünyasının lideri sayır.
“CHPhaber” bu günlərdə Türkiyənin Cühmuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun Ərdoğan hakmiyyəti ilə bağlı maraqlı açıqlamasını dərc edib. Açıqlamada Türkiyə-Suriya münasibətlərini şərh edən Kılıçdaroğlu baş nazir Rəcəb Tayyib Ərdoğanı və AKP hakimiyyətini kəskin tənqid atəşinə tutub. O, bu regiondakı narahatlıq və qarışıqlığın Türkiyəyə əks oluna biləcəyini dilə gətirib: “Suriya ilə uzun illərdir ki, sərhəd qonşuluğumuz var. Belə getsə, Qərbli suveren güclər sabah mənfəətləri üçün Suriyaya qaça-qaça gedəcək, amma Suriya xalqı bizə şübhəylə baxacaq. Biz qonşuluq əlaqələrini gücləndirməliyik”.
Kılıcdaroğlu baş nazir Ərdoğanın, “səbrimizin sonuna gəldik, Suriya bizim daxili məsələmizdir” sözlərinə çox ciddi münasibət bildirib: “Hər gün yağış kimi şəhidlər gəlir. Baş nazir isə üç meymun siyasəti (eşitmirəm, görmürəm, lalam) işlədir. İraqda, Liviyada yaşanan faciələri bilirik. Qeyd edim ki, Liviyanın bölünməsində bizim də rolumuz var. Çünki xarici işlər nazirimiz Liviyada müxaliflərin mitinqinə qatıldı. Sabah Şərqi Anadoludakı bir mitinqə başqa bir ölkənin xarici işlər naziri gəlib qatılsa, görəsən hörmətli baş nazir nə deyəcək? Cavab verə biləcəkmi?”
Liviyada, Aralıq dənizi sahillərində minlərlə müsəlman ölərkən heç kimin kömək etmədiyini deyən Kılıçdaroğlu, bunun məsuliyyətini kimlərin daşıdığını sual edib: “NATO-ya Liviyaya müdaxilə icazəsini  Rəcəb Tayyib Ərdoğan verib. İraqda minlərlə müsəlman öldürüldü, heç çıxıb dedilərmi ki, İraq bizim daxili işimizdir? Niyə? Düşünün. Amerikaya hər cür məlumat verilir, Türkiyədə kimə məlumat verilir? Öz xalqına deyil, suveren güclərə hər cür məlumatı verəcək, onların təlimatıyla hərəkət edəcəksən, sonra da ölkənin müstəqil olduğunu söyləyəcəksən?! Bilin ki, Suriyadakı iğtişaşlar Türkiyəyə sıçrasa, bunun məsulu AKP iqtidarı olacaq”.
Maraqlıdır. Ərdoğan niyə “lazım gələndə” susur? Sualının çox gözəl cavabı var: Çünki onu bu vəzifəyə təyin ediblər. O, bu missiyanı həyata keçirmək üçün təyin edilmiş şəxsdir.
İran və Suriya Türkiyəyə qonşu və mehriban ölkələrdir. Lakin ABŞ-ın istəyinə uyğun olaraq Türkiyə hər iki qonşusuna qəfil düşmən kəsildi. Amerika, Fransa və İngiltərə kimi dünyaya hegomonluq etmək istəyən ölkələr neft üçün müsəlman ölkələrini işğal etməyə başladıqca “müsəlman dünyasının xilaskarı” Ərdoğan da onların barmaq işarəsiylə oturub-durur və “baş üstə” deyərək hara barmaq tuşlasalar oranı “bombalayır”.
Deyilənlərə görə, ABŞ Ərdoğanın bu sözəbaxanlığını layiqincə qiymətləndirməyi də unutmayıb. Adətən saraya işləyənlərin xidmətini var-dövlət və vəzifə ilə qiymətləndirərlər. Bu qədimdə belə olub, bu gün də belədir. Bu gün hər ölkənin deyil, dünyanın bir sarayı var, buna türklər Ağ Saray deyirlər, biz isə Ağ Ev. Ağ Saraya xidmət edən Ərdoğanın zəhmət haqqı, deyilənlərə görə, ABŞ-ın PKK-nın əl-qolunu bir yerə yğıması ilə veriləcək. Artıq Türkiyədəki PKK problemi sona varacaq. Bəli, Ərdoğan bundan sonra özünü türk xalqına xilaskar kimi sırıya biləcək. Deyilənlərə görə, bu işdə vasitəçiliyi də İraqdakı kürd icmasının başçısı Bərzani öz boynuna götürüb. Belə yerdə deyirlər ki, “arzuladığın yar idi, yetirdi Pərvərdigar”. Əgər belədirsə, Ərdoğan ciddi siyasi səhvə yol verir. Belə ki, PKK Türkiyənin başı üzərində ABŞ və İsrail tərəfindən asılmış “Domokl qılıncıdır”. Nə qədər ki, Türkiyə “Qərb-Şərq” oyunu oynayacaq, bu “domokl qılıncı” onun başı üzərindən əksik olmayacaq. Ayıl Türkiyə xalqı, ayıl!

Комментариев нет:

Отправить комментарий