12.12.2011

Türk tarixi -5

V hissə: Qədim türk mədəniyyəti at və dəmirdən ibarət olmuşdur, monqol mədəniyyəti isə sümüklə bağlıdır…
                   
 XALACLAR. Xalaclar əski türk ellərindən olub, onlardan qədim zamanda ayrılıb qərbi və cənubi Əfqanıstana və İrana mühacirət etmişlər. Bir qismi də Əfqanıstanda qalıb puştular arasında əriyərək bugünkü kilcayiləri təşkil edirlər.
 Mahmud Kaşğari «Divani luğət ət-türk»də xalacları oğuz və qıpçaqlarla bir eldən sayıb, xalaclar haqqında aşağıdakı dastanı nəql etmişdir:
 İskəndər Səmərqənddən ötüb keçərək türklər ölkəsinə hücum etdiyi zaman türk xaqanı Şu ordusuyla geri çəkildi. Bu əsnada türklərdən 22 nəfər ailələrilə orada qalır, iki nəfər də onlara qoşulur.

Qalan 22 nəfər xaqanlarının dalısınca getmək istədikləri halda, bu iki nəfər onların sözünə baxmayıb, biz öz yurdumuzu tərk etmərik, İskəndər gəlib-gedər, biz də burada qalarıq demişlər. O zaman 22 nəfər acıqlanıb onlara «Qal aç» dedilər, bu iki nəfərin nəslindən olan tayfa da xalac adlandı.
 İskəndər gəlib bu iki nəfəri görəndə, uzun saçları və dillərinə baxaraq, onlara türkmənənəd (türkmən) demiş və onun üçün türkmən adlanmışlar.
 «Divani lüğət ət-türk» «Hüdud əl-aləm» tarixində xalaclar haqqında məlumatlar vardır. Avropa şərqşünaslarından Markvart, Minorski və Smirnova da xalaclar barəsində qiymətli tədqiqatlar aparmış, bu nəticəyə gəlmişlər ki, xalaclar IV əsrdə tarix səhnəsində peyda olmuşlar.
 Tarixi baxımdan xalaclar üç yerdə toplu halda yaşarmışlar: Balasağun ətrafı, Pənckənd (Beşbalık) və Ceyhun ilə Sind çayı arasında.
 Çin qaynaqları və əfsanələrinə görə Balasağun, ya Suyabda və Talasda eramızdan əvvəl də türklər yaşayıblar. Çin və ərəb tarixçilərinin yazdıqlarına görə, qərbi türklər 581-658-ci illərdə, türkişlər 658-766-cı illərdə, qarluklar 766-900-cu illərdə, qaraxanlılar isə 850-1250-ci illərdə bu məntəqədə hakim olmuşlar.
 982-ci ildə İbn Xordadbeh tərəfindən yazılan «Hüdud əd-aləm»ə görə xalaclar Ceyhundan Qəznə səhralarında (Zabilistan) yaşayırmışlar. Yenə eyni mənbəyə görə, xalaclar və oğuzlar VII əsrin ortalarından Sistan, Aldavar (Davar) və Kabulda sakin olub, xalaclar Kabul və Qəznədə padşahlıq etmişlər; Kabul şahı ilə Qəznə şahı Rutbil qardaş imişlər.
 Hindistanda VIII əsrdən bəri Hinduquşdan Sind çayına qədər məntəqədə Türk şahlığı qurulmuşdu və sikkələrinin üzərində əski türklərin adətinə görə, padşahın tacı üstə qurd başı nəqş edilmişdi. Hind türk şahının damğası isə oxla yay imiş.
 VIII əsrdə Kabul şahı və Rutbil arabalarla hərb etmişlər. 870-ci ildə xalaclar Qəznədə Yaqub Leşə məğlub olmuşlar. Səfərlərdən sonra Alp Tekin və Səbuq Tekin Qəznənin almışlar.
 Hindistanda IX əsrin sonunda türk şahını Brəhmən vəziri həbs edib, onun yerinə oturdu və Hind şahlığını qurdu. 1003-cü ildə isə sultan Mahmud Hind şahı dövlətini yıxdı və Hindistanı aldı. Qəznə ordusu ilə Hindistana gedən xalqlar orada iqta- torpaq mülkiyyəti əldə edib, mühüm kütlələr halında yerləşmişlər. Sonradan qurilər sülaləsinə mənsub olan sultanların xidmətinə girmişlər.
 Xalqlar qəznəvi sultan Məsud zamanında üsyan edib qəznəvi ordusunun səlcuqlara yenilməsinə səbəb oldular. Qurilər hökuməti Hindistanda sultan Mahmud Xarəzmşah tərəfindən süqut etdi və xalac türkləri xarəzmşahlara tabe olub, sultan Mahmudun monqollarla savaşında yardım etdilər.
 Cəlaləddin Xarəzmşah dövründə xalaclar Seyfəddin Oğraqın başçılığı ilə Qəznəyə gəldilər və Cəlaləddin ordusu ilə birlikdə monqollarla savaşıb, onları Pərvanda məğlub etdilər (1221). Bu savaşda sağ cinahın mühüm hissəsində qarluklar, sol cinahda isə xalaclar yerləşmişdilər.
 Sonradan savaş qənimətləri üzündən aralarında ixtilaf çıxdığından Seyfəddin Oğraq ordusu ilə Pişəvərə yollanmış və üç ay sonra da monqol hücumu qarşısında aradan getmişdir.
 Xalaclar X əsrdə müsəlman oldular və ondan sonra Hindistanda Xalac hökumətini qurdular.
 Xalacların bir qismi Səlcuq orduları ilə İrana və Anadoluya gəldilər. Hesab olunur ki, İran xalaclarının əksəriyyəti monqolların hücum etdikləri zaman Əfqanıstan və Xorasandan İranın orta nahiyələrinə mühacirət etmişlər.
 Şərafəddin Yəzdinin yazdığı «Zəfərnamə»yə görə, XIV əsrdə Əmir Teymur zamanında xalaclar Savə, Qum və Kaşan ətrafında yaşayırdılar.
 Savə ətrafı xalacların bir qismi sonradan Azərbaycanda Muğana köçmüşlər, bunların haqqında Mirzə Məhəmməd Sadiqin yazdığı «Tarixi kiti quşa»da (1715) bəhs edilmişdir, bu kitab 1934-ci ildə Tehranda Səid Nəfisi tərəfindən nəşr edilmişdir.
  Bu gün İranda xalaclar Qum şəhərinin cənubunda, yəni Xalacistanda və İraq, Savə ətrafında əhalinin əsas kütləsini təşkil edərək yaşayırlar.
 Frunkin Pənckənddə tapılan bir qism naxışları nəşr etdirmişdir. Bunlarda xalacların qiyafə, geyim və matəm mərasimləri təsvir edilir. Bu naxışların bir qismi Xalac padşahlarınn saray divarlarından ələ keçmişdir. Bunlar qrafik metod və realist üslubla çəkilmişdir.
 Pənckəndin iki nömrəli məbədindən əldə edilən naxışların birində oxşama (yas) mərasimi göstərilmişdir. Bu təsvir Siyavuşun ölümünə tutulan matəm mərasimnə aiddir ki, əvvəllər hər il Buxarada tutardılar. Həmin mərasim Mahmud Kaşğarinin divanında Əfrasiyaba tutulan matəm mərasimi haqqında yazılanlarla eynidir. Bu tabloda əski Timurq hökmdarlarının adəti kimi, ölünün cəsədi günbəzli bir arabanın üstünə qoyulmuş, ətrafındakılar yarı lüt olaraq oturmuş, saçların yolub, üz və qulaqlarını cırmaqlayırlar.
 Tabloda matəm tutan və məşəl yandıran, başında tac olan diz çökmüş məyus qadın isə Siyavuşun xanımı və Əfrasiyabın qızıdır.
 Bu tablodan iki qrup insan ağ və qırmızı dərili olaraq görünməkdədir. Belə fərz olunur ki, rəng ayrılığı tayfa və ya təbəqə ayrılığını ifadə edirmiş.
*****
 MƏDƏNİYYƏT. Türklər əski çağlarda Qərbi Asiya və Şərqi Avropa bozqırlarında yaşadıqları üçün ilk qurduqları kültür mədənyyəti də bozqır kültürü adlandırılmışdır.
 Əski kültür və mədəniyyətləri xalqın yaşadığı coğrafi məntəqələrə görə, orman, ya cəngəl, kəndli və bir də bozqır mədəniyyəti olaraq üç qrupa ayrılmışdır (əlbəttə, bozqır çöl deyildir, bozqırda yağış, su və otlaq vardır).
 Qədim türk kültürü və ya atlı köçəbə kültüründə at və dəmir əsasdır. Halbuki monqol kültürünə dəmir sonradan girmiş, hətta monqollar XIII əsrə qədər oxlarının ucunu dəmirdən yox, sümükdən düzəldirmişlər.
 V. Şmidt, O. Minkin, V. Koppers, F. Flor kimi məşhur kültür tarixçilərinin fikrinə görə, at ilk dəfə türklərin əcdadı tərəfindən əhilləşdirilmiş, minik və savaş üçün işlədilmişdir.
 Türklər atları ilxı halında bəsləyib, onun ətini yeyər və qurbanlıq edərmişlər.
 Dünya xalqları ata minmək və at üstündə savaşmağı hunlardan öyrənmişlər (300 e.ə.). Çin qaynaqlarında Göktürk zamanına aid 11 cins türk atından bəhs edilmişdr.
 Türk uşaqları kiçik yaşlarından qoyuna minib, oxla quşları ovlayarmışlar, həddi-buluğa çatmamış at minmək və ox atmaqda usta olarmışlar.
 Çin və Bizans müəlliflərinin yazdığına görə, hunlar at üstündə yaşarmışlar, sanki at üstündə anadan olmuşlar və atı müqəddəs sayarmışlar.
 Köçəri, savaşçı atlı çobanlar dünya sivilizasiyaları üçün bəla olmuşlar.
 Orta Asiyada qazılan əski türk məzarlarında (kurqan) tapılan dəmir əşyaların tarixi eramızdan əvvəl iki min ilin başlarına gedib çıxır.
*****
 Bilgi verən hər bir kitab bizimçün qiymətlidir.
 Türklərdə ictimai təməl və təşkilat ailədən (oğuş) başlayaraq, elə (millət, ya dövlət) qədər genişlənmişdir. Neçə oğuş bir uruğu və neçə uruğ bir boy (bod), ya qəbiləni təşkil edirdi. Siyasi təşkilatla bağlı olan boy oğ, ya ox adlanırdı. Bunların məcmuəsinə isə budun deyilirdi. Budun siyasi cəhətdən müstəqil və ya bir elə bağlı ola bilərdi.
 El, ya il boyların və ya budunların bir araya gəlib, siyasi cəhətdən müstəqil olan bir təşkilatı idi. Türklər ərəblərdən fərqli olaraq qəbilə şəklində yox, daha çox el şəklində yaşamışlar.
 Ailə qan əqrəbalığı əsasında qurulmuş və atanın başçılığı ilə idarə edilirdi (monqollarda türklərdən fərqli olaraq matriarxat mövcud idi).
 Oğlan evləndikdən sonra hissəsini alıb, ata evindən çıxar və yeni ev qurardı.
 Türklərdə bir arvad almaq adət idi. Lakin qardaş arvadı və ya atanın övladsız gənc qadını dul qalsaydı, onunla evlənmək bir vəzifə idi.
 Hər boyun özünəməxsus damğası var idi. Bu damğa köç əsnasında heyvanlara və əşyalara vurulurdu ki, başqa boylarınki ilə qarışmasın. Boyların məcmuəsindən budun təşkil tapırdı. Hər budunun başçısı cəmiyyyət və yaşadığı yerlərin genişliyindən asılı olaraq yabğu, şad və ya iltəbər adlanırdı. Budun müstəqil və yaxud bir elə bağlı olurdu.
 Türk mətnlərində keçən ağ və qara budun ifadələri daha çox xalqın varlı və kasıb hissələrini göstərmək üçün işlədilirdi.
 Əski türklər ölkəyə uluş, vətənə yurd, ölkənin sərhədlərinə yaka (yaxa) deyirmişlər. Dövlətə el deyilirdi. Ellərdə bəylərin və budun rəislərinin qanunverici və idaredici məsuliyyəti el xanı və ya xaqana verilirdi.
 Xalqa gun deyilirdi, gun artıq ellərimizdə el-gün mənasını bildirir. Ölkəyə də uluş deyilirdi.
 Dövlətdə toy adında bir dövlət məclisi var idl ki, qanun çıxarmaq, məmləkət idarəsi, kültür işləri və buna bənzər işlər orada danışılır və qərar verilirdi.
 Göktürk yazılı daşlarında xaqanlıq sözü ilə ifadə edilən müstəqil dövlət düşüncəsi fitrət dövründə (630-680-ci illər, bu illərdə Göktürk dövləti Çinə tabe olduğundan həmin dövr fitrət dövrü adlanmışdır) ələm və kədər içində olan xalq tərəfindən belə əks olunmuşdur: «Eli olan bir budun idim, şimdi elim harada, xaqanlıq budun idim, hanı xaqanım?»
 Bilge xaqan, «istiqlaldan məhrum qalandan sonra bəy olmağa layiq olan qul, xatun olmağa layiq qızın cariyə oldu» deyərək, gələcəyə və istiqlala inamını belə ifadə edir:
 «Ey türk milləti, üstdə göy yığılmaz, altda yer dəlinməzsə, elin törənini (qanununu) kim poza bilər?»
 «Dədə Qorqud»da bəy olmaq üçün qan tökmək, acları doyurmaq və paltarsızları geyindirmək lazım olduğu göstərilir.
 Tərxan, ya tarxanlıq ilk əvvəl imtiyazlı bir ünvan olmayıb, hökumət məqamlarından idi. Monqollar zamanında tərxanlara soyurqal adlanan yerlər verilirdi. Bu yerlərin vergləri tərxanlara verilərək cəza və cərimədən azad olunurdu, beləliklə, tərxanlar imtiyazlı bir təbəqəyə çevrilirdilər. Monqollar zamanında böyük məqam və mənsəb sahibləri rəsmi qonaqlıqlarda xüsusi yerlərdə oturur və hər biri qoyunun xüsusi qismətini yeyirdilər, buna uluş (pay) deyilirdi (Tarixi-Rəşid əd-Din).
 Əski türklər qanuna tura deyirdilər və el arasında xaqan da daxil hər kəs turaya itaət etməyə borclu idi, turaya qarşı çıxanlar və ya turaya xaric iş görənlər cəzalandırılırdı («Yasa» kəlməsi monqollardan dilimizə keçmişdir).
 Yüksək dövlət məhkəməsi (yarğu) xaqanın başçılığı ilə siyasi suçlara baxırdı. Digər məhkəmələr xaqanın adı ilə qazilər (yarğan) tərəfindən idarə edilirdi.
 Turanın sabit əsasları bunlar idi: ədalət (kunilik), yaxşılıq və faydalılıq (uzluq), müsavat (tüzlük), insanlıq (kişilik) və cahani olmaq.
 900 il əvvəl Yusif Xas Hacib tərəfindən şeir dili ilə yazılan «Qutadğu bilik» kitabında xalqın xaqandan istədikləri belə xülasə olunur: iqtisadi sabiltlik, adilanə qanun, asayiş. Sonra padşaha xitabən deyilir: «Ey hökmdar, sən qabaqca bunlara əncam ver, onda öz haqqını istəyə bilərsən. Bəy, yaxşı qanun çıxart, özün də ona riayət elə, xalq da sənə itaət etsin».
 Dövlət təşkilatı əskidən ikili, yəni şərqi-qərbi və ya sağ-sol idi. Göktanrı dinində günəş məşriqdən çıxdığı üçün şərq tərəf daha üstün və müqəddəs sayılırdı. Xaqanın çadırı (otağı) şərqə tərəf açıq olar, xaqan taxt üstündə şərqə sarı oturardı.
 Sağ və sol cinah olaraq ilk qurulan dövlət Asiya Hun dövlətidir. Bunların dünya hakimiyyəti qurmaq fikri, sonra rifah və barış təmin etmək məqsədi Hun imperatorları tərəfindən bəyan edilmişdir: «Barış istəyən insanları qurtarmaq üçün tanrı məni vəzifələndirdi. Biçarə insanları qorumaq üçün onun əmrinə uyaraq xaqan oldu» (Tanhu Mete xan və tanhu Helien Po-Po).
 Dünya hakimiyyəti ideyası əski türklərin dastan və əfsanələrinə də keçmişdir (Məsələn, «Oğuz dastanı»nda). Eyni fikir Orxon yazılı daşlarında və Çin tarixi mənbələrində də zikr edilmişdir. Oğuz xan xaqanlıq elan etdikdən sonra toy da eləmişdr. Günəş bayrağımız və göy (səma) çadırımızdır. Padşahlara göndərdiyi məktublarda belə demişdir: «Mən uyğur xanıyam (oğuz dastanı XIV əsrdə uyğur türkləri tərəfindən yazıya köçürülmüşdür- İ. S.). Dünyanın dörd guşəsinin xaqanı olmalıyam, sizdən itaət istəyirəm, yoxsa sizə qarşı qoşun çəkərəm».
 Mahmud Kaşğari 900 il qabaq yazdığı «Divani lüğət ət-türk»də Əfrasiyaba Ucun Begi, yəni «dünya hakimi» demişdir. Cahan hakuimiyyəti düşüncəsi, müsəlman olandan sonra isə islamı yaymaq şüarı türklərdə fütuhat ideyasının əsasını təşkil etmişdir.
 «Hər şeydən uca Allah dedi: «Mənim ordum var, mən ona türk adı verdim… Nə vaxt hər hansı bir xalqa qəzəblənirəm, onda o xalqı türklərin öhdəsinə verirəm»- göstərir ulu Mahmud Kaşğari…

Комментариев нет:

Отправить комментарий