Gi Debor mükafatı almış əsərlər
Möhtəmən Həkim
Onlar səkkiz nəfər idi. Mərhəmət, Əliməmməd, Əliabbas, Qaraxan, Tarqulu, Ağasəf, Adbala və Əhliman bir sinifdə oxumuş, kənd orta məktəbini yenicə başa vurmuşdular. Bu gənclər həm də ayrılmaz dost idilər. Bakı şəhərinə yaxşı bələd olan Nəhməd kişi uşaqların istəyinə əməl edərək onları paytaxta gətirdi. Dostları rayon uşaqlarının sığınacaq yeri olan məşhur “Papanin,72”-də yerləşrdirdi. Mərhəmət, Əliməmməd, Əliabbas bir otaqda, Qaraxanla Tarqulu digərində, Ağasəf, Adbala və Əhliman isə başqa bir guşədə müvəqqəti olaraq məskunlaşdılar.
Səkkiz dost ali məktəblərə qəbul olunmaq üçün burada imtahanlara hazırlaşmalı idi. Onlar həm həyacan keçirir, həm də sevinirdilər. Həyəcanlı idilər ona görə ki, Bakıya ilk dəfə idi ayaq basırdılar. Bu hay-küylü, ucubucağı görünməyən şəhərdə gəzib-dolanmaq onları bir az vahimələndirirdi. Sevinclərinin səbəbi isə özlərinə olan inam idi. Axı, bir neçə gündən sonra onlar sınaqdan çıxacaq, imtahan verməli olacaqdılar.
Nəhməd kişi uşaqları yerbəyer edəndən, arxayın düşəndən sonra geri qayıtdı. Nəhməd kişinin gedişi uşaqları xeyli pəjmürdə etdi, onlar xeyli qəribsəyən kimi oldular. Ancaq çox keçmədi ki, dostların nigarançılığına son qoyuldu.
Bu ünvanda, balaca bir həyətdə üç qonşu yaşayırdı. Hər üç qonşu çox mehriban dolanır, can deyib, can eşidirdilər. Buraya gecələməyə gələnlərin arasında müxtəlif adamlar olardı. Sürücülər, bir tikə çörək pulu qazanmaq üçün buranı pənah yeri sayan alverçilər, mehmanxanada qalmağa imkanı olmayan aşağı təbəqədən olanlar “Papanin,72”-yə açıq ürəklə ayaq basırdılar.
Həmin il yay çox isti keçirdi. Qızmar günəş adamları qorğa kimi qovururdu. Belə bir dəhşətli havalar kənd uşaqlarını bir elə də qorxutmurdu. Dostların güzəranı da pis keçmirdi. Ara-bir bazara üz tutur, gəzintiyə çıxırdılar. Müəyyən saatlarda, xüsusi ilə gecələr hərə bir tərəfə çəkilib kitab oxuyur, imtahanlara ciddi hazırlaşırdılar. Vaxt əl verəndə isə sual-cavab da edirdilər.
Ağasəflə Adbala ev sahibinin etibarını qazanmışdı. Hətta onlar kirayəşinləri qəbul edir, onlara yer verir, yatacaqla təmin edirdi. Onlar özlərini əsil ev sahibi kimi aparırdı. Bəzən bu həyətə o qədər kirayənişin gəlirdi ki, hayküydən qulaq tutulurdu. Belə məqmada dostlar nə dərs oxuya bilirdi, nə də rahatlıq tapırdı.
Qaraxan və Tarqulu çox zarafatcıl, həm də üzlü uşaqlar idi. Bu həyətə qonşuluqda bir qız tez-tez gəlirdi. Ona təqribən 25 yaş vrmək olardı. Ev sahibinin dediyinə görə bu qız ərə getmiş , çox keçməmiş hansı səbəbdənsə ayrılmalı olmuşdu. Bu qız özü-özünü hey tərifləyir, yaxşı bir müğənni olduğunu söyləyirdi.
O bir dəfə qramafon valı gətirib həyətdə onu səsləndirdi. Bu hal uşaqların sevincinə səbəb oldu. Tarqulu ilə Qaraxan ərindən boşanmış bu qızla uzun-uzadı söhbət edir, vaxtlarınlı keçirirdilər. Həyət bir qədər çökək olduğu üçün bura hər vaxt güclü axınla şirin, sərin Şollar suyu gəlir. Özünü müğənni kimi qələmə verən bu qız da günortalar həyətə gəlir, utanıb-çəkinmədən ayaqlarını soyuq suyun altında oynada-oynada məzələnirdi.
Bu həyətdə köhnə, iri bir miz vardı. Müğənni qız qalxıb mizin üstündə oturur, yupkasını bir az da yuxarı çəkəndən sonra Qaraxandan xahiş edirdi ki, rezin şlanqla ayaqlarını yusun. Belə bir cəlbedici mənzərə hər gün davam edirdi. Qaraxan da özünün bu xidmətindən xüsusi həzz alırdı.
Bir dəfə darvazanın qapısı açıldı və Əliməmmədin atası Nəhməd kişi içəri girdi. Gördüyü mənzərə onu heyrətləndirdi. Qaraxan macal tapıb özünü yığışdırdı. Başını aşağı salıb bir tərəfdə donub qaldı. Müğənni qız isə bir göz qırpımında aradan çıxdı. Nəhməd kişi üzünü bozardıb dilləndi:
-Bəh-bəh, kefə baxırıq ki. Balam, atan səni instituta girməyə göndərib, yoxsa qızn ayaqlarını sulamağa?
Ədə, Qaraxan, bu nə oyundu çıxardırsan? Bərəkənna!
Uşaqlar şaqqanaq çəkib gülsə də, Qaraxan xeyli bikef oldu. Axı o, belə bir işin baş verə biləcəyini heç təsəvvürünə gətirmirdi. Ürəyində götür-qoy edirdi ki, Nəhməd əmi bu hoqqanı atama desə, batdım. Kişi elə bil yerdən çıxdı.
Nəhməd kişi uşaqları xeyli məzmmət etdi. Axırda gənclərə öyüd-nəsihət verib oradan uzaqlaşdı...
...Əliabbas həmkəndlilərindən fərqlənirdi. O, başqalarına nisbətən bilikli, dünyagörüşlü idi. Gecəni gündüzə qatıb oxuyur, imtahanlara ciddi hazırlaşırdı. Əliabbasın Qaraxan kimi həlləm-qəlləm işlərlə arası yox idi.
Günlərin bir günündə bir nəfər həyətə satmaq üçün çoxlu toyuq-cücə gətirmişdi. Kişi toyuq-cücələri böyük bir kisəyə yığmışdı. Ağzını da tor şəklində iplə hörmüşdü. Toyuq-cücələrin arasında iri bir xoruz da vardı. Xoruz ilk axşamdan sübhün gözü açılana kimi banlayırdı. Bu xoruz uşaqları nə dərs oxumağa, nə də yatmağa qoyurdu. Sahibi toyuq-cücəni bazar günü xırıd edəcəkdi. Şənbə axşamı xoruz o ki var banladı, öz kefindən qalmadı. O elə güclü, zil səslə banlayırdı ki, adamın əsəbləri yerindən oynayırdı. Əliabbasın səbri tükəndi. Yerindən qalxıb həyətə endi. Kisənin içində olan xoruzu boğmaladı, başına da bir-iki qapaz ilişdirib yatağına qayıtdı. Elə zənn etdi ki, artıq xoruz o dünyalıq olub. Ancaq beş-on dəqiqə keçməmiş xoruz yenə də banlamağa başladı.
Bu xoruz Əliabbası cin atına mindirmişdi. Hər banlayanda Əliabbasın gözləri hədəqəsindən çıxırdı, özünə yer tapa bilmirdi. Xoruz bir də banlayanda Əliabbas yerindən sıçradı və deyinməyə başladı:
-Şoqəribə qalasan, belə xoruz.
Sənin dərinə saman təpməsəm, heç atamın oğlu deyiləm. Sən xoruz ol, mən də Əliabbas, gör başuva nə oyun açacağam.
Əliabbas bir göz qırpımında həyətə düşdü. Hirs onu boğurdu. Xoruzun boğazından yapışıb o ki var sıxdı. Xoruzun heydən düşdüyünü görüb ondan əl çəkdi...
Səhər həyətdə bir mərəkə qopdu ki, gəl görəsən. Dostlar hay-küyə oyandılar. Nə baş verdiyini başa düşmədilər. Əliabbas isə heç bir şey olmamış kimi özünü sakit aparırdı. Toyuq-cücənin sahibi dil boğaza qoymurdu:
-Mən bilirəm bu daş kim tərəfindən bostanıma atılıb. Tapacağam, milisə sürüdəcəm. Xoruzumu öldürənə od vuracam.
Kirayənişinlərdən biri xoruz sahibinin havasını almaq üçün dilləndi:
-A kişi, hövsələni bas görək. Görmürsən hər tərəf od tutub yanır? Xoruz istiyə, bürküyə tab gətirməyib, havasızlıqdan ölüb. Adam da toyuq-cücəni bu qızmarda kisədə saxlayar? Allahuva şükür elə ki, o birilər salamatdır.
Başqa birisi xoruz sahibinə qahmar çıxaraq bildirdi ki, heç elə şey yoxdu. Necə ola bilər ki, təkcə bu sağlam xoruz ölsün? Xoruz bu vələdüznaların bəlasına gəlib. Bir baxın, hamısının gözündən cin yağır.
Uşaqlar da and-aman edirdilər ki, bizim bu işdə xəbərimiz yoxdur. Bizə nə düşüb ki, dilsiz-ağızsız xoruzu öldürək?
Bu söhbət iki gün ara vermədi. İndi uşaqlar rahatcasına dərslərini hazırlayır, gənclər isə şirin yuxu bişirirdilər. Xoruzun sahibi gedəndən sonra Əliabbas Tarqulunu yanlayıb işin nə yerdə olduğunu bildirdi. Tarqulu bu sirri dostlarına çatdırdı. Hamı Əliabbasın tutduğu işdən peşmançılıq hissi keçirdi. Əliabbas isə:
-Gedin, canıma dua edin. İndi rahat dərslərə hazırlaşırsınız, həm də şirin-şirin yatırsınız.
Amma bu sirri dostlardan başqa heç kim bilmədi...
Mərhəmətin geydiyi ayaqqabı çox köhnə idi. O, yaxınlıqda olan ayaqqqabı təmiri ustasını yanlayıb dedi:
-Usta, bu ayaqqabını elə hala sal ki, həm təzə görünsün, həm də par-par parlasın.
Usta başa düşdü ki, bu kənd uşağı dilbilməzdi. Şəhərə təzə ayaq açıb. Yesnən neti bilmir. Ondan yaxşı pul qoparmaq olar. O, Mərhəmətin ayaqqabısına sarı lak çəkdi. Onu par-par parıldatdı. Qurumaq üçün ağacın budağından asdadı.
Ayaqqabı gəlib-gedənlərin diqqətini cəlb edirdi. Çoxu maraqlanıb ustadan soruşurdu ki, bu par-par parıldayan ayaqqabı hansı artistindi. Mərhəmət isə kənara çəkilib bu mənzərəni seyr edir, utancaqlıq hissi keçirirdi. Ayaqqabının lakı quruyandan sonra onu ayağına aldı. Ustaya öz təşəkkürünü bildirib pulunu ödədi.
Mərhəmətin yanından ötənlər ayaqqabıya diddətlə nəzər salırdı. Mərhəmət özünün sarı ayaqqabısı ilə instituta imtahan verənlərin də diqqətini cəlb etmişdi. Artıq Mərhəmət “sarı duflili” oğlan kimi tanınırdı. O, təkcə par-par parıldayan, laklı ayaqqabısı ilə seçilmirdi. Öz biliyi ilə də uşaqlar arasında sayılıb seçilirdi.
Əliməmməd hər dəfə Mərhəmətin sarı ayaqqabısını görəndə xəyala qapılırdı. O da “məşhurlaşmaq” istəyirdi. Ancaq Əliməmmədin ayaqqabısı təzə idi. Onu ustanın əlinə vermək olmazdı. Amma şalvarı əldən düşmüşdü. Birdən nəsə tapmış kimi gülümsündü. “Hə, tapdım” deyib əynindəki şalvarına nəzər saldı...
Bir gün Əliməmməd yaxınlıqda olan dərzinin yanına getdi, təcili bir şalvar tikdirmək istədiyini bildirdi.
Usta Əliməmmədi başdan-ayağa kimi süzdü. Şəhərli olmadığını bildi. Ondan pul qoparmaq niyyəti ilə xoş təbəssümlə dilləndi:
-Şalvar tikdirmək istəyirsən? Lap yaxşı. Sənə modda olan xoş rəngli, həm də ucuz hazır bir şalvar var, onu verəcəyəm. Lap ürəyincə olacaq. O şalvarı görənlər ağzının suyunu axıdacaq.
Əliməmməd sevincindən heç bilmirdi nə eləsin. Gülə-gülə ustaya bildirdi ki, razıyam. Gətir bir şalvara baxım.
Dərzi on manata “platnoy” parçadan tikilmiş yam-yaşıl şalvarı Əliməmmədə geyindirdi. O ki var təriflədi. Əliməmmədin sağına-soluna keçib tumar vurdu:
-Kəndli balası, Bakını gəzəsən, belə yaraşıqlı, gözəl rəngdə şalvar tapa bilməzsən. Bakının qırrı-fırrı qızları səndən sarı “sino” gedəcəklər.
Əliməmməd sevinə-sevinə, üst-başına baxa-baxa dostlarının yanına qayıtdı. Amma nədənsə uşaqlar onu təsəvvür etdiyi kimi qarşılamadı. Şalvarın parçası və rəngi gülüşə səbəb oldu, lağa qoyuldu.
Nə etmək olardı, Əliməmməd yavaş-yavaş vəziyyətə öyrənişdi. Şalvar o qədər nazik idi ki, əsim-əsim əsirdi, bədəninin əzaları açıq-aydın sezilirdi.
Əliməmməd də bir çox yerdə “yaşıl şalvarlı” oğlan kimi tanındı.
Səkkiz dostdan təkcə Əliabbas əla qiymətlərlə Bakı Dövlət Universitetinə qəbul olundu. Dostlardan bəzisi imtahandan kəsildi, o biriləri isə müsabiqədən keçə bilmədi.
Əliməmməd yaşıl şalvarda, Mərhəmət isə sarı laklı duflidə kəndə qayıtdı. Mərhəmət briqadir köməkçisi işləməli oldu. O, rayon qəzetinə yazılar göndərir və çap olunurdu. Əliməmməd də kənddə özünə iş tapmışdı. Katib işləyirdi.
Kolxoza Ali Sovetin deputatı, tanınmış təsərrüfatçı Oruc kişi rəhbərlik edirdi. Bir dəfə rayon qəzetinin redaktoru kəndə gəldi və kolxozun sədri Oruc kişi ilə sahələrə baş çəkdi, təsərrüfat işlərinin gedişi ilə maraqlandı.
Redakor qəzetdə ara-sıra məqalələri dərc olunan Mərhəmətlə tanış olmaq istədiyini bildirdi. O, Mərhəmətlə görüşüb xeyli söhbət etdi, bəzi məsləhətlər verdi. Sədr də Mərhəmətə öz məsləhətini əsirgəmədi. Dedi ki, cavan oğlan, bu laklı duflini sahəyə geyib korlama. Şəhərə gedəndə, kinoya baxanda, teatra tamaşa edəndə geyərsən. Mərhəmət başqa cavab tapa bilməyib başını aşağı dikdi və mızıldana-mızıldana dedi:
-Yoldaş sədr, bu ayaqqabı çox da bahalı deyil, su qiymətinədi.
Onda sədr birdə dilləndi: - “Ucuz olsa da, “gözəl” duflidir. Mərhəmət bu atmacalı sözdən sonra laklı dufli ilə bir dəfəlik vidalaşdı.
Mərhəmət laklı dufli ilə bir də görünməyəndə Əliməmmədi fikir götürdü. “Yox, burda nəsə var. Görünür, sədrimizin qulağına pıçıldayan olub. Yoxsa Mərhəmət par-par parıldayan laklı ayaqqabısından bezməzdi. Axı, Oruc kişi mənə də haçansa eyhamla baxmışdı. Gəlsənəm, mən də yaşıl şalvarı qatdalayıb bir tərəfə atım?” – deyə Əliməmməd qət etdi.
Günlər bir-birini əvəz edirdi. Dostlar ara-bir görüşür, xatirələri yada salırdılar. Zil səslə banlayan xoruz da, par-par parlayan laklı dufli də, yam-yaşıl şalvar da tez-tez xatırlanırdı və dostlar o ki var gülürdülər. Buna baxmayaraq, onlar instituta qəbul olunmaq üçün səylə çalışırdılar.
Bir il sonra dostlar qəbul imtahanı vermək üçün Bakıya yollandılar. Yataqxanada yer alıb məskunlaşdılar. Kənd cavanları birlikdə futbola, teatra, konsertə, kinoya gedir, mənalı istirahətdən xüsusi zövq alırdılar. Arada vaxt tapıb görüşə də can atırdılar.
Nəhayət, dostlar öz arzularına çatdı. Hərəsi bir instituta girib tələbə adını şərəflə daşımağa başladılar.
Daha şəhərin “özündən deyənləri” kənd cavanlarını aldada bilməzdi.
Комментариев нет:
Отправить комментарий