24.01.2012

CAMIŞ- ADAM


camışAliq Nağıoğlu

(Esse)

 ...Mənim camışa bir heyvan kimi nədən nifrət et­di­yi­mi heç kəs bilə bilməz. Sirqayın adam olmasam da, özümə aid üç-beş iç məsələmi kimsəyə açmadığımdan əminliklə deyirəm. Hər bir şeyin yeganə səbəbi yoxdur, çoxlu səbəbi var.
Sonralar əhatəsində olduğum insanların bu varlıqla bağlı taleyüklü büdrəmələri olduqda ilk öncə yaddaşımda onların bədheybət, laqeyd görünüşləri dalğalandı...

 ...Mən dördüncü sinifdə oxuyanda ailəmiz camış sax­lamağa cəhd edib. Hadisələri qabaqlayıb deyim ki, bu cəhd uğursuz olub. Ətraf aran kəndlərində su, qamışlıq ol­madığından əslində zərif, qara, bədheybət heyvanı sax­la­maq perspektivi yaranmayıb. Atamın böyük bacısı də­niz qırağı kənddə yaşadığından təbii ki, çoxları kimi camış saxlayırdı və bir gün əzizlərini bəlləməyə gəlmiş atamı necə dilə tuturlar, həm də inandıra biliblər ki, hər yemi “sonalamayan” malı alıb saxlasın. Bu hardasa payız fəslinə təsadüf edir, o vaxtı yük maşını, traktor az-az olan vaxtlar biz onu, yəni camışı atamla on iki kilometrlik bibimgilin kəndindən piyada gətirməli olduq. Əlqərəz, yolda leysan yağışa tuş gəldik ki, hər ikimiz alt pal­tar­la­rı­mı­za qədər islandıq və ondan sonra mən on gün soyuq­la­madan azarlayıb yatdım. Atam: “camışın siftə gəlişi yava başladı, Allah axırını xeyir eləsin”, - dedi anama. Üç il saxlaya bildiyimiz ana camış iki dəfə bala verdi; birincisi ölü doğulduğundan, ikincisi isə bir yaşına çataçatda tələf olduğundan, atam adaptasiyası uğursuz keçən zərif hey­va­nı təzədən bacısına qaytardı. “Camış bizə düşmədi”, - atamın karıxmış bacısına dodaqaltı mızıldadıqları indi də qulaqlarımın sırğasıdır.
 Böyüyüb ağlım kəsdikcə anladım ki, qapıya, həyət- bacaya ev quşu, heyvan; it, pişik; eləcə də bitkilərdən ba­dım­can, sarımsaq əkmək düşməzmiş və ürsümü düş­mə­yən şeylərə cəhd etmək əbəsmiş. Hətta ərə gedən qızlar da, evlənib başqa yerdə ev-eşik salan oğlanlar da bunu nəzərə almalı imişlər. Belə hallarda böyüklərin uzun illər inancına saymazlıq göstərənlər hər cür məhrumiyyətlərlə üzləşməli olurmuşlar, hətta ölüm də gerçəkləşirmiş. Bax belə...
 Lap sonralar yaşadığım kəndin südçülük-tərə­vəz­çi­lik sovxozunda həmkarlar ittifaqının sədri işləyəndə hə­min qara, bədheybət, palçıq-qarama canlı, amma həqi­qə­tən zərif, soyuğa davamsız camışlarla ilk rastlaşanda dalağım istər-istəməz sancdı.
 Hərkə-hərkəlik dövrü idi: “uşaq-muşaq” direktor­lu­ğa həvəs göstərirdi, belədə məmnuniyyətlə irəli çəkib ”buyur” - deyirdilər. Bu “uşaq-muşaq” da səriştəsiz­lik­dən, təcrübəsizlikdən batırırdı təsərrüfatı, bütün sahələrdə yarımçıq və yarıtmaz işlər görürdü. Yadımdadır, o ili ot da yığılmadı, arpa, buğda küləşini də camaat dağıtdı, na­ves­lər, taya yerləri, senaj quyuları da boş qaldı. Nə yeyəcəkdi, bu soyuğa davamsız yazıq camışlar?! Sonra təşvişə düşüb, avqustun sonu çayır tədarükünə girişdilər; hətta acınacaqlı olsa da deyim ki, dənizin qamışını da biç­dilər, amma artıq gecdi, qatar getmişdi. Barı qış sərt keçməyəydi, di gəl belə vəziyyətdə dərd dərd üstündən gəlir. Havalar erkən soyudu, noyabrın əvvəli məntəqəyə ilk qar düşdü. Xəsil yerləri də az əkilmişdi, digər əkinlər də gecikirdi. “Direktor” deyilən bəndə ümidsiz, plansız hal­da hər gün səpinə çıxardığı arpadan, buğdadan satdırıb araq, siqaret pulu düzəldirdi ki, baş aqronomla gecəni səhərə kimi vursunlar. Vursunlar ki, üzləşəcəkləri bəlanın miqyasını keyimiş başları ilə dərk edə bilməsinlər. Amma dekabrın ilk günləri ac camışların vayı gəldi.
 Üstündən iyirmi il keçsə də, kim necə düşünür-düşünsün, yenə qənaətimin üstündəyəm: o, bu təsərrü­fatın üz qarası idi.
 Neyləyəsən, kimsə yaxşı deyib ki: “həyat öz həyat­lı­ğın­da qalır, gah heç nə olur, gah da hər şey…”
 Əslində camış balaları acından yox, qamışı yedikdən sonra yaranan fəsadlardan tələf olurdu. Ay başına dönüm, camış hara, qamış hara?! Xırda başlar ölürdü, ətə dol­mayan, arıq balaları ətliyə də qəbul etmirdilər. Ölmüşləri gözdən iraq yerə - dəniz qırağına daşıyıb tökürdülər. Tap­şı­rıqsa ölüləri basdırmaq idi, diqqət çəkməsin, “səsi” çıxmasın; əvvəl-əvvəl bu iş rəvan gedirdi, ancaq ölü sayı artdıqca beyinlər keyləşir, cəsədləri torpaqlamaq unu­du­lur­du. Rayonun o vaxtkı rəhbər əvəzi belə vaxtı tapıldı, həyə­can təbili çaldı, səriştəsiz “alkaşı” işdən kənar­laş­dır­dı. Onda çolaq “panaman”ı arvadının kəndindən olan rəhbərin önünə atdı, əyildi, imdad istədi, ölmüş po­tux­la­rın yerini bərpa üçün on gün möhlət aldı. Gecə-gündüz axtarış bəhrə verirdi, çatmayan otuz iki başın yerinə uy­ğun gələni-gəlməyəni alınır, dərhal da sırğalanırdı. Am­ma ümumi vəziyyət çox pisdi, yem çatışmırdı, qalanları xilas etmək üçün ürəkli, nüfuzlu, sözü keçən adam gəl­mə­li idi.
 Onda Sən yada düşdün: işbacaran, ürəyiyanan, xe­yir-şər adamı, bir az da dəliqanlı... Adamın vəzifəyə gəl­mə­yi ilk gündən hiss olundu: harda, kimdə bir araba artıq ot, bir bağlama küləş vardısa daşındı, ya pulla, ya da əvəzi vaxtında (yeni biçində) ikiqat, üçqat ödənilməklə... Jmıx, şeluxa, çiyid sorağı ilə Şirvana, Salyana, Nəvaiyə... qədər gedirdin.
 Taleyin ironiyasına bax ki, təsərrüfatdan tamamilə silinmə təhlükəsi ilə üz-üzə qalan camışı və camışçılığı sax­laya bildin, ancaq sonrakı illəri dilsiz-ağızsız hey­van­lar aqrar islahatla əlaqədar ləğv olunaraq satışa çı­xa­rıl­dıqda azadlığını əlindən aldı. Bu barədə mən az sonra danışacağam...
 Amma çox çəkmədi səhvə sürükləndin, çünki pa­na­ma­nı atan yenə peyda oldu, əvvəl üzüsulu yönəltdi, gördü yoox, xeyri yoxdu; zora, pisliyə əl atdı, gördü yoox, onda əyildi, sındı, ağladı... Baax, o zaman döz­mə­din, yarıtmaz, alkaş, günə üç qutu siqaret çəkəni baş mühasib gətirdin... Sanki öhdəsinə götürmüşdü ki, hərkə-hərkə vaxtı bütün üzdəki vəzifələri dişinə vuracaq. Adam oldumu, axı zatı-pakı düz deyildi, əyri idi, əyrini düzəldə bilməzsən... Qəbir düzəldər!
 “Müvəffəqiyyətsizlik hər zaman arzularımızın güclü ol­duğunu göstərir”, - indi də baş mühasib işləyən bu adam yarı ayıq, yarı kefli başla dayısından iqtibas gə­ti­rir­di.
 Bəla da ondan gəldi. Sən düz yoldaykən əydi səni, sapındırdı. Özü isə yenə, necə deyərlər, “öz yolu”nu- ba­da­lağı tutdu. Apardı düz uçurumun qırağına... Burda da sən yenə sinəni qabağa verdin, hər sorğuya, hər əyər-əs­ki­yə, yeyintiyə “mən etmişəm” dedin, elə bilirdin bu amöb kimilər böyüyüb kişi olacaqlar, içərilərindəki paslar tə­miz­lə­nəcək, pis günündə səni yada salacaqlar. Bu həna o hə­na­dan deyildi, burda can məsələsi vardı, hər şey də xırdalana-xırdalana, itə-unudula gedirdi. “Panama” üçün fərqi yoxdu kimin qarşısında sınacaq, əyiləcək, ağ­la­ya­caq...
 “Çomağın iki başı var: yuxarı və aşağı. Çomağı çevir və aşağı başı yuxarıya, yuxarı başı aşağıya düşəcək. Çomaq özü isə heç dəyişməyəcək, necə var qalacaq”- Məhəmməd Əsəd bəyin sözləridir.
 “Panama” çomaq timsallı idi. Sındı, əyildi, ağladı... Eləsinə də, beləsinə də... “Alkaşı” qoduqluqdan qurtardı, baş­sız kəndin bu kəndə dəxli olmayan yalaqları onu bir müddət sonra “qəhrəman” kimi təqdim edəcəkdi. Yaman unutqan adamlarımız vardı, pisliyi yığışıb elliklə unu­dur­du­lar, bəlkə düz demədim-unutdururdular. Ayıqları isə daş-qalaq edirdilər. Məqsəd uzağa hesablanan strateji plan­ları həyata keçirmək idi. “Panama” bu təsərrüfatın yeməli yerlərini arifanə bilirdi.
 Bu yerdə “Panama”dan bir haşiyə çıxmaya bilmi­rəm. Atam bir vaxt (mən onda dördünücü sinifdə oxu­yur­dum), ilnən desəm 1969-cu ildə, indi yaşadığım kəndin iki yeməkxanasından birinə düzəldi. Müştəriləri dağılan, gözdən iraq yerin əyər-əskiyini düzəltdi, həvəslə işə baş­la­dı. İlk günlər çətin olsa da, bacarığı və ləziz yeməklərin ustası kimi tədricən müştərilər qazanırdı, amma “pa­na­ma” elə ilk gündən sülək it təki kandarı kəsdirmişdi. An­caq insanda, hərdən də olsa, xeyirxahlıq qığılcımı olur, gərək, ona toxunmayasan, qoyasan qala. Yaşamaq çə­tin­lə­şəndə, o, köməyə gəlir. Atam da bu prinsipdən çıxış etdi. Çünki “panama”:
 “Nə versən, qəbulumdur” - deyirdi, “ evə gedə bilmirəm, uşağım çoxdur, dolanmaq zülümdür, özüm də zəhmət əlili,” - deyirdi. Yaxşı cildə girmişdi, “panama”, birinci həmlədən atamın ürəyinə yol tapmışdı, günortanı salırdı ora. “Çaxır satanda sənə də gətirərəm, mənə şam da nəzərdə tut” - deyirdi, “nə versən ona qailəm”- ağ­lam­sı­nırdı. Əyillmək, sınmaq, zığzamaq... rollarını məharətlə ifa edirdi “panama”. Əvvəl-əvvəl artıq-urtuğa qaildi, get-gedə “sveji” yeməklər buyururdu. Bir dəfə atam ona ye­mək verməkdən imtina edir, “sən bilirsən mən kiməm?” - deyib hay-küy salır. “Sən tüfeylisən, sənin kimilər burda çoxdur, hansınızı doyurum” - deyib atam onu qovur. Am­ma “panama” sıravi sırtıq deyildi, səhəri gün yenə gə­lib yerində otururdu. Bir şey verilmədiyini görəndə deyin­mə­yə başlayır, donos yazacağı ilə atamı hədədləyirdi. Bu minvalla işləməyin mümkünsüzlüyünü görən atam bir ili tamam olmamış işdən çıxır.
 O, bütün ömrü boyu çalışmış, çoxlu uşaq əkmiş, onlara öz bildiyi kələkləri öyrətmiş, onları saxlamaq üçün oğurluq, bəlkə də, dilənçilik etmişdi, ancaq qayğılarına qalmışdı - bu qədər yoxsul və kasıb olmasına rəğmən, əsl ata ola bilməmişdi. “Panama” belə keçmişi olan bir məx­luq­du; o, özü və özününkülər üçün çalışırdı, ömrü uzunu müvəqqəti maraqlarla yaşayırdı.
 Əslində, həyat, kiminsə hesabına yaşamaq demək­dir. Belədə biz hamımız bir-birimizdən yeyirik. Amma məkrə, hiyləyə, qurğuya hesablanan oyunbaz olmayasan. Allah betərindən saxlasın!..
 Qayıdaq dayandığımız yerə... Uzun məhbəslik döv­rü dişinə vurdun şirin dil tökənləri, müstəntiqin qar­şı­sın­da ağlayanları... İzahatı yaza bilməyib zülüm- zülüm hönkürən dağlı ferma müdiri sonralar kəndin bələdiyyə üzvü olacaqdı. Hə, “alkaş”la otur-dur edirdi, onun sadiq nökəri idi, amma vəzifəni sən vermişdin, “hesabata” gələ-gələ “kuruxa” olmuşdular onunla... Bircə “dahi” aqro­no­mu işə düzəldə bilmədi, çünki vaxtında çıxıb Rusiyaya getmişdi. “Alkaş” qalan özünə sadiq, özü kimi tulaları yer­bəyer etmişdi. Adı sənin, dadı onundu... Çünki ar­xa­sın­da hər cür rəzillklərə, məhrumiyyətlərə tablaşan oyun­baz, “artist”, sınan, ağlayan, “zəhmət əlili panama” dur­muş­du. Səninkilər o yolu getmədilər!
 Kişiyə yaşamaq üçün çox şey lazım olmur. Belə qarmaqarışıq zəmanədə çox şeyə öyrəşmək pis əlamətdir. Ya atıb gedirsən, ya da özünlə aparmalı olursan. Getmək isə hər gün gözlənilirdi. Təkliyə qapılmağının da səbəbi bu idi. Yola çıxanda, gərək, səni burada saxlayan heç nə olmasın, ürəyinin yarısı qalmasın. Əyləncədən o yana keçmək yaramaz…
 Uzun məhbusluq həyatından sonra baş götürüb ge­də­cəkdin buralardan...
 Rayonun keçmiş fərsiz islahat rəhbəri, deyirlər, xa­ric­də restoranların birində “podavaçı” işləyir, ailəsi ilə də çoxdan ayrılıbdı. Bir zamanlar onunla öyünən doğma kəndinə on ildə bir dəfə gələ bilmir. Ölməyə gələcək, ölüsü gələcək, Allahın işidir. Ölüm haqdır, amma adam Allah rizası iş tutsa, əlbəttə, başına daş düşməz?! Əlində olanlar, illərlə çırpışdırdıqları, hörməti-izzəti ilə birgə gömülər. Ağıl adama nə üçün verilir?! Nə qədər gənc təsərrüfat rəhbərini şirin dillə uçurumun ağzından dərəyə buraxdı?!
 Böyük dərdlər və hadisələr isə unudulmur. Çoxu­şaq­lı ailələrdə soğan çörəklə böyüyənlər, illər uzunu yağlı ye­məkləri ayran, şor olan kənd uşaqları, cızığından çıx­ma­ğın, cızz edib yanmaq qədər məsafəsi yaxın olur. Yax­şılıq çox vaxt izsiz ötüşür, yamanlığın isə həmişə kömür qaraçılığı var. İllər tezmi keçir? Hə, kim ki, əldən- qıçdan düşüb, onun üçün tez keçir. Zaman çox şeyləri yoluna qo­yur, tüpürmək və asqırmaqla, yemək və yatmaqla bir çox yaraları sağaldır.
 Vasitəni məqsədə çevirib onunla fəxr etmək id­di­a­sın­da olanlar həmişə tarixin axuruna atılırlar! Tezi, geci var.
 ...Qəribədir, bu qadınlar hər şeyə ağlayırlar. Özü­nü­zü tox tutun! Halıyananlıq ölüm məsələsində onsuz da artıqdır. Kədər öz kədərliyində qalır, ancaq həqiqətdən qaç­mamaqda düz edirsiniz.. Həqiqətlərlə barışa-barışa yas saxladınız. Bu səbəbdən sən dünyanı dəyişəndə, qey­rət­li bacıların yas məclisinə “alkaş”ı yaxın qoymadılar. Amma ona qədər atan, əmilərin artıq həyatda yoxdu, işə bax ki, qərarı qadınlar verirdi. Kənd məclislərinin sütunu, yaraşığı olan ağır kişilər təmizlənmişdi. “Panama” da vaxt tapıb bir az əvvəl köçünü çəkmişdi o dünyaya, gəl ki, fərqli yerlərdə uyuyurdunuz.
 Təsəllimi xatirinə yazdım, yoxsa qeyrət tərəfi çəkdi qələmin, hər halda taleyin ironiyası baş tutmuşdu. Hə­mi­şə sığortalanmaq yaxşı şeydir, müdrik bir kəlamda de­yil­di­yi kimi:” dəvəni Allahın himayəsinə həvalə etməmiş­dən qabaq heyvanı möhkəmcə darvazaya bağla”.
 Adam bədbəxtlərin bədbəxti olanda da həmin bəd­bəxt­liyə yaraşmayan işlər görə bilər. Görürsənmi, indi bədbəxtliyin ölçüsü nə olub?!
 Tör-töküntülər artıb çoxalacaqdı, içində ali təhsil­li­lər də olacaqdı, amma tayfanın hikkəliyi, cılızlığı onları uzağa getməyə qoymayacaqdı. Yazıma nöqtə qoyum­mu?! Mən kiməm ki!.. Həyat da davam eləmir! Sürü­nən­lər sürünür, ağlayanlar ağlayır, içənlər içir, hətta xaricdə də uğur qazana bilməyənlər çönüb öyünə bilmədiyimiz torpağa dönür... Bircə panama atanımız çatmır... Pismi, yax­şımı, bu tərəfdən, hər halda meydan boşdur. Boş mey­da­nın nə vaxtsa dolma ehtimalı ola bilər! Hərəkətdə olan adamlar, sükunətdə olanlardan güclü olur. İndi hər şeyə çarə tapılır: ölənləri basdır, özün də başla həyatı diğər tərəfdən söküb yeməyə.
 ...Eheyyy, çirkli əllərini məndən çək, səni lap çoxdandır öldürdüyün camış balalarının ahı tuta bilər!!! “Ləyaqət nəinki vacib deyil, hətta zəruridir: rifah qədər, mərhəmət qədər!” - (Knut Hamsun).

aliqnagioglu@mail.ru
camış

Комментариев нет:

Отправить комментарий