21.01.2012

Döyəcləyir məni acı küləklər

Şirinxanım Kərimbəyli Şadiman

SƏLAM OLSUN

Bu dünyanın hər üzünü
Görənlərə səlam olsun.
Qatlayanda şər dizini
Ərənlərə səlam olsun.

Ala zaman çələyini,
Döyə şərin diləyini,
Hər namərdin biləyini,
Gərənlərə səlam olsun.

Heç dönməyə haqq yolundan,
Buxov düşə mərd qolundan,
Həqiqəti öz kolundan
Dərənlərə səlam olsun.

Dərya qopmaz mayağından,
Qəlb dönməsin dayağından
Şəri dartıb ayağından
Sərənlərə səlam olsun.

Haqq çıxarda səs-səmrini,
Tütyə edən Rəbb əmrini,
Halallıqla öz ömrünü
Sürənlərə səlam olsun.

TİTRƏYƏN ŞAM

Başımın üstündə dağ təki ağır dam,
Masamın üstündə tənha qızılgül və titrək şam,
Qapqara çadraya bürünmüş məsum axşam.
Könlüm yaz buludutək dopdolu,
Enişli-yoxuşlu bu həyat yolu.
Titrəyir içimdə niskilllərim,
Açılmayan müşküllərim.

Könlüm sevda zindanında məhbustək,
Acılar üstümə qəm tökür ətək-ətək.
Sıxılıram gecənin tənhalığından,
Bir ilə dönür an,
Qəlbim atəşlərdən büryan,
Nə əhvalımı soran var,
Nə könlümü aran var,
Nə də halıma qalan.
Ürək büsbütün talan,
İşığı keçmiş şam da ömrü başa yetirmiş,
Qəmli həyat dastanını bitirmiş,
Mənsə həyatla çarpışmada,
İlhamla pıçıldaşmada.
Bu da könlümə tanrıdan paydır,
Tufanı bitməz bəxtimə vaydır!
Hey döyəcləyir məni acı küləklərlə,
Yağmuru usanmaz fələklərlə.
Allahımdan aman diləməz,
Sabahıma duman diləməz,
Titrəyən göz yaşlarımla qol-boyun,
Bitib-tükənməz bu oyun.

Mürəkkəbi qurumuş qələmimi,
isladiram göz yaşımla,
Təlaşdayam ağrılı başımla,
Rüzgarı susmuş könlüm gərgin,
Qəmlərdən usanmış həyatım didərgin.
Sabahımın ümidləri yollarda veyil,
Ömrüm ki, bu qovğalardan qurtaran deyil.
Kəsib qapımın ağzını axşam,
Masamın üstündə işığı keçmiş şam...

YANIQ KƏRƏM*

Yanıq Kərəm –
“Əsli-Kərəm”  dastanın qəm havası,
İki qəlbin İlahiyə eşq duası,
İki canın ovsunlanmış dərd yuvası,
Dövranına, zamanına can davası...!

Yanıq Kərəm –
Sevdalanmış könüllərin müsibəti,
Yandı ürək həm aşkarda, həm xəlvəti,
Göz yaşıyla axıb dolan qan şərbəti,
İki gəncin bəxti qara məhəbbəti.

Yanıq Kərəm –
Məhəbbətin Pəbb sevdası, cana qida,
Səadəti qara gəlmiş iki qəlbdən qopan nida.
Barmaqları sarı simə haray salan dəli sevda,
İki gəncin alışdığı eşqə vida...

Yanıq Kərəm –
“Əsli-Kərəm” dastanının can fəryadı,
Bir millətin iki dində nalə dadı,
O xaçpərəst Albanyanın İslam adı,
İsa(s) ilə Mühəmmədin(s) Pəbb imdadı!...

Yanıq Kərəm –
Əsrlərin o tayında din savaşı,
Bir tayfanın gözlərindən axan yaşı,
İslamını tutan Kərəm dərdə naşı,
O xaçpərəst Əsli ilə can sirdaşı.

Yanıq Kərəm –
İki gəncin bir məhəbbət sinfonyası,
Bir tayfanın iki dində hicran yası,
Kərəm deyib yanan qızın qız həyası,
Külə dönən iki gəncə dövran ası.

Yanıq Kərəm –
Əsrlərin o tayının vicdan ahı,
Dinə müti o keşişin din günahı,
Lal eyləyib bu müsibət al sabahı,
Fəryad edir yerin, göyün tək Allahı...

Yanıq Kərəm –
Sarı simə toxunaraq dinsin sazlar,
Oynamaqçın, ay adamlar, çox avazlar,
Bu havanın sədasıyla qaynamazlar,
Bu faciə havasında oynamazlar!..
Bu faciə havasında oynamazlar!..

 ( * Şeirdə “Əsli və Kərəm” dastanından götürülmüş
“Yanıq Kərəmi” adlı saz havasından söhbət gedir.)               

İLHAM PƏRİSİ

Ah, ilham pərisi, bu zülmət gecə,
Könlümün evinə gəlmisən necə?
Hissim, həyəcanım yenə əlində,
İncəlik, lətiflik tuti dilində,
Dadlı duyğuların qəlbimi bəzər,
Ruhumun bağında mələyə bənzər,
Büküb ürəyimi o atəşinə,
Dömüsən bəxtimi sən günəşinə.

Ah, ilham pərisi, bu gecə yarı,
Gətirdin könlümə əhdi-ilqarı,
Bağında açılan çiçəklərinlə,
Bağrımı odlayan diləklərinlə,
Sarmısan canımı sevgili yartək,
Qoynu ətir qoxan nurlu bahartək,
Ürək süfrəsinə sevda süzürsən,
Könül qədəhinə duyğu süzürsən.

Ah, ilham pərisi, təndə can varkən,
Bu vəfalı dünyam könlümə yarkən,
Gəl oynat qəlbimin duyğularını,
Unudaq cahanın qayğılarını.
Coşqun buludlartək dolub-boşalaq,
Bu qara zülməti edək daş-qalaq.
Uçaq asimana mələklər sayaq,
Yuxlasın kainat biz isə oyaq!...

Ah, ilham pərisi, hardan qaçmısan?
Könlümün qapısın necə açmısan?
Mən ki, qol-boyundum yuxularımla,
Qəlbi əsir edən qorxularımla.
İzin ver, bağrıma basım qoy səni,
Yenə təlatümə gətirdin məni.
Çıxaq duyğuların seyrəngahına,
Dönək hər sətirin yanan ahına!

Ah, ilham pərisi, bu könül odam,
Sənsiz mən də orda qəribəm, yadam.
Sənin atəşinə yanır ocağım,
Duyğuyla,sevgiylə dolu qucağım.
Səni uca Tanrım göndərib mənə,
Könlümün qapısın göstərib sənə.
Eşqin ürəyimin içində bitər,
Səninçin ölürəm mən səndən betər.

Ah, ilham pərisi, bu gecə vaxtı,
Qurmusan evimin ağzında taxtı,
Qapımı ahəstə elə açırsan,
Qaranlıq içində işıq saçırsan,
Doğub göylərində həyat günəşi,
Düşüb ayağına zülmətin nəşi,
Bütün vücudumu almısan ələ,
Tutmuşam səninlə yenə əl-ələ.

Ah, ilham pərisi, könlümü qopar,
Məni də özünlə dünyadan apar,
Birgə qanad açıb, uçum səninlə,
Ey incə mələyim, gəl məni dinlə,
Ağrıyan könlümə bir yuva ara,
Qoyum ürəyimi əbədi ora!...
Rahatlıq tapmadım mən ki, bir dəm də,
Gəzdirə bilmirəm onu sinəmdə.

Ah, ilham pərisi, baxışın incə,
Ötməsin axşamın anları becə.
Dönək gecəmizin təranəsinə,
Bir şirinlik qataq incə səsinə.
Darayaq zülmətin qara telini,
Qucaq nurlu ayın incə belini.
Ürəyi oynasın ötən anın da,
Qoy həyat qaynasın coşan qanında!

Ah, ilham pərisi, gəlişin təzə,
Bəzə ürəyimi əl-əlvan bəzə.
Gedək mehman olaq vüsal bağına,
Qalxaq duyğuların ucalığına.
Silək gözlərimdən niskili, qəmi,
Şadlığa bələnsin könül aləmi.
Yetir Şadimanın qəlbini dada,
Bundan da gözəl şey nədir dünyada?!...

YA İLAHİ, ÜRƏYİM QÜSSƏDƏN AL QAN OLDU

Ya İlahi, ürəyim qüssədən al qan oldu,
Eşq odunda əriyib dərdə düşən can oldu.

Ya İlahi, bu fələk qoymadı bir kama yetəm,
Ciyərim yandı tamam atəşə büryan oldu.

Ya İlahi, yetişən olmadı bir imdadıma,
O səbəbdən də peşəm naləvü-əfqan oldu.

Ya İlahi, sel olub göz yaşım axdı çəmənə,
Gülləri rəngi o üzdən belə əlvan oldu.

Ya İlahi, üzü gülmür daha bu Şadimanın,
Etməyib tab fərağa gözü giryan oldu.

YANDIRAR SƏNSİZ, EY AFƏT,
MƏNİ HİCRAN GECƏLƏR

Yandırar sənsiz, ey afət, məni hicran gecələr,
Ağlasam yaş yerinə gözdən axar qan gecələr.

Qoymaram yastığa baş, ərşə çəkib qəm yuxumu,
Olur ildən də uzun çün mənə hər an gecələr.

Bülbül eşqində gülün sübh açılan vaxt oxuyar,
Edirəm sübhə kimi naləvü-əfqan gecələr.

Yetsə kim vəslinə yarın çıxar azədəliyə,
Mənə zindan görünür hər tərəf, hər yan gecələr.

Qorxuram əqlimi başdan ala bu tənhalıq,
Gəl həyan ol mənə, ey sevgili canan, gecələr.

Bəxtəvər başına, pərvanə yanıb qurtardı,
Şadiman, şəm-kimi sübhə qədər yan gecələr.

Комментариев нет:

Отправить комментарий