14.01.2012

“DTK-da məni Ataya qarşı qoymaq istədilər”


Mütləqə İnam dünyabaxışının yaradıcısı İnam Atanın (Asif Atanın) əqidəsi yolunda başına çox oyunlar gətirilib. Bu haqda Atanın ilk silahdaşı və Ocağın Ruhani Başçısı Safruhun “Başlanğıc” və “Ata Səcdəsində” kitablarında geniş yazılıb.
Asif Atanın keçmiş həyat yoldaşı Raya Əfəndiyeva isə indiyəcən Atayla bağlı hamıya gizli qalan məqamları, xatirələri ilk dəfə olaraq Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı ilə söhbətində açıqlayıb. Beləliklə, onunla müsahibəni sizə təqdim edirik.

- Raya xanım, Asif Atayla ailə quranda onun kimliyini bilirdinizmi, başınıza nələr gələcəyini düşünürdünüzmü?
- Mən Asif Atanın kimliyini bilirdim: çox bənzərsiz, təkrarolunmaz, həssas qəlbli, sözünü kəskin deyən, heç kimdən çəkinməyən insan idi. Onda mən bilirdim ki, Sovet hökuməti gec-tec ailəmizi dağıdacaq, biz ayrılacağıq, nəsə olmalıdır. Oldu da. Mən isə Atadan yalnız oğluma görə ayrıldım.

Bizim bircə evladımız var idi. Atasına görə oğlum “sarı vərəqə” alanların siyahısına düşmüşdü. Ora düşən isə ali məktəbə girə, cəmiyyətdə irəliləyə bilməzdi, işindən qovulurdu. Belə adamlar yalnız fəhlə işləyə bilərdilər. Mən də oğlumun gələcəyini düşündüm.
- Gəlin, bir az öncəyə qayıdaq. Atayla ilk tanışlığınız haçan olub? 
- 1959-cu ildə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub, 1964-cü ildə oranı bitirdim. Ata da həmin ali məktəbdə xarici ölkələr ədəbiyyatından dərs deyirdi. Mühazirələri elə orijinal, bənzərsiz idi ki, onu dinləmək üçün başqa institutlardan da tələbələr gəlirdilər. Qruplar birləşəndə 80 nəfər tələbə olurdu, bir də görürdün ki, 20-30 nəfər də tələbə qıraq yerlərdən gəlib – oturmağa yer qalmırdı.
Mühazirədə səs salan yox idi, Аtа gözünü yumurdu və danışırdı. Onu yalnız ermənilər sevmirdilər. Tələbələr Atanın vurğunu idilər. Zemfira adlı bir tələbə rəfiqəm ona eşq elan etmişdi. Konservatoriyada oxuyan Nailə adlı ailəli xanım Ataya dəlicəsinə vurulmuşdu, onun haqqında kitab da yazmışdı. Atanın alnını Sokratın alnı ilə müqayisə etmişdi. Ata isə məni seçdi. Mən də olduqca utancaq, çəkingən qız idim – söz deyəndə qızarırdım. Mən onda ikinci kursda oxuyurdum. Atam bunu biləndə qəti şəkildə evlənməyimizə razılıq vermədi, ona görə bir neçə il gözləməli olduq.
Bir qardaşım vardı, bizim institutda oxuyurdu. Ata ona da, başqa bir bacıma da dərs demişdi. Qardaşım da, bacım da Atanı tanıdıqları üçün bizim evlənməyimizə razı idilər. Atamdan başqa evdəkilərin hamısı ailə qurmağımızı istəyirdilər. Atam isə məni dostunun oğluna vermək istəyirdi, mənim də ona istəyim yox idi.
Asif Ata üstünə-başına elə də baxmırdı, zahiri gözəlliyi də yox idi. Buna baxmayaraq, çox qızlar ona vurulmuşdu. Qızların çoxu paxıllıqdan mənə “ona getmə” deyirdilər. Mən də buna fikir vermirdim.
Mən onun sevgisinə cavab verəndə hamı mat qalmışdı. Tələbə yoldaşlarım, tanıyanlar məni zahirən ona yaraşdırmırdılar. Ata isə gözəlliyi son dərəcədə sevirdi. Ata ikinci dəfə ailə qururdu. Birinci evliliyinin ömrü bir neçə ay çəkibmiş. (Qeyd: birinci qadını çox varidat hərisi imiş, Atanı anlamayıb, ona görə də ayrılıblar).
1964-cü ildə Atayla ailə qurduq. Toydan sonra biz kirayədə qaldıq. Çətin idi, birtəhər çatdırırdıq. Ata da hələ müdafiə etməmişdi. Yataqxanada da qalmışıq. Sonra bir müddət Atanın Pedaqoji Universitetdə fəlsəfədən dərs deyən əmisi Həmid Əfəndiyevin oğlu Namiqin Razindəki evində qaldıq. Namiq neftçi idi, Orta Asiyada işləyirdi.
Mən də onda Rus dili və Ədəbiyyatı İnstitutunun Psixologiya kafedrasında laborant işləyirdim. Onda Ata siqaret çəkirdi, ev yiyələri də buna görə çox deyinirdilər.
Bacım Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində oxuyurdu, Ata da orada Etika və estetika kafedrasında işləyirdi. Bir dəfə bacım dedi ki, xəbərin var, sənin ərin universitetə bu gün hansı paltarda gəlmişdi? Sən demə, işə pijamada gedibmiş. Bunun da günahı məndə deyildi. Ata üst-başına qəti baxmırdı, kimsəni də vecinə almırdı. Bununla bağlı kimsə ona irad tuta, nəsə deyə bilməzdi. Çünki hamı ondan çəkinirdi, çox sərt idi.
Onu sevməyənlər də çox idi. Bir İsmayıl Şıxlı ilə ailəvi gediş-gəlişimiz var idi. Hər il Ata da, mən də məzuniyyətə çıxıb Kislovodskiyə dincəlməyə gedirdik. Çox maraqlı xatirələrim var.

- Evi haçan aldınız?
- Onun heç vaxt ev qayğısı olmayıb. Kirayədə, ya öz evində – onun üçün heç bir fərqi yoxuydu. 1966-cı ildə bizə ev verdilər. Onun üçün demək olar, yeni paltarı da mən alırdım. Zövqü yüksək olsa da, geyimə qarşı çox diqqətsiz idi. Ona görə hər şeyi mən seçirdim.
- Atanın ideyaları ilə bağlı söhbətləriniz olurdumu?
- Mənim də öz aləmim vardı. Ancaq Atanın aləmindən çox uzaq idim – yalan deyə bilmərəm. Ayrılandan sonra mən tək-tənha qaldım. Ata həmişə kitabxanaya gedirdi, səhər çıxıb axşam gəlirdi. Hərdən mən də onunla birgə gedirdim. Ata da, mən də evladımızı çox istəyirdik. Ata isə öz aləmindəydi və mənə də bir şey demədən yavaş-yavaş qarşıdakı çətinliklərə hazırlayırdı.
- Atanın Universitetdəki toplantılarına gedirdinizmi? 
- Yox. Bu haqda mənə demirdi. Ancaq bilirdim ki, toplantılar olur. Onun başı öz işinə qarışmışdı. Ev-eşik, dükan-bazar işində mənə yardım eləmirdi.
- Dolanışığınız necə idi? 
- 220 manat mən alırdım, 300 neçə manat isə o alırdı. Kitabları çıxırdı, televiziyada çıxışları olurdu, oradan da qonarar alırdı. Dolanışıq barədə çətinlik yox idi.
- Onun partiyadan çıxarılmasını necə xatırlayırsınız? 
- Günlərin birində işdə idim, dedilər ki, Asifi partiyadan çıxarıblar. Ona qədər sakit yaşayırdım. Anladım ki, bu, nə deməkdir. Qurtardı! Bu – türməlikdir! Başımı qoyub ağladım. Bizim kafedranın müdiri, Atanın yerlisi Rəşid Rəsulov dedi ki, sən dərsə girmə, evə get. Mən də tez qaçdım Atanın əmisi oğlu Vasifin yanına. O, mənə ürək-dirək verdi. Ata öz qohumlarından bir onu, mənim qohumlarımdan da qardaşımı qəbul edirdi. Başqa qohum gələndə Ata evdən çıxıb gedirdi. Mən də, başqaları da onun xasiyyətini bildiyimiz üçün incimirdik. Hər adam bizim evə gələ bilmirdi. Şairlərdən Hüseyn Arif, Xəlil Rza bizə tez-tez gələrdilər.
Atanı partiyadan çıxaranda çox qorxmuşdum. Asifi artıq tuturdular. Özü mənə demişdi. Partiyadan çıxarılan gün zəng etdim ona, sonra “26-lar bağı”nda (indiki “Sahil” bağı) görüşdük. Bilirdim ki, onu yolundan döndərə bilməyəcəm, yenə də ağlaya-ağlaya oğlumuzun xatirinə yumşalmasını xahiş etdim. Bundan sonra Atanın ardıcıl təqibləri başladı. Məni də DTK-ya çağırıb, danışdırdılar. Ayrıldıqdan sonra da ara-sıra görüşürdük. Ata işdən çıxarılmışdı, heç yerdə işləmirdi. Onun dolanışığını Ocaqçılar təmin edirdilər.
Boşanmaq ərizəsini mən verdim. DTK-dan məcbur etdilər. Dedilər: “Biz bilirik sən onunla görüşürsən. Oğlu da onun davamçısıdır.” Söylədim ki, oğlu atasının davamçısı deyil. Dedilər, oğlu atasıyla görüşürmü? Dedim ki, yox.
- Atayla evliliyiniz neçə il çəkdi?
- 18 il.
- Sonradan Atanın yazdıqlarından, nə iş gördüyündən xəbəriniz oldumu? 
- Hə, bir kitab vermişdi, yazmışdı: “Dostum Rayaya – oğlumun anasına!” Demişdi ki, sənin fikrini bilmək istəyirəm. Sonra getdim ona kitabı haqqında fikrimi söylədim. Dedi ki, Bəxtiyar da (Vahabzadə) mənə öz fikrini deyib, amma sənin fikirlərin daha maraqlıdır. Atanın kim olduğunu çox sonralar dərk etdim.
- Ata partiyadan çıxarılan gün evə gəldimi? 
- Yox, evə gəlmədi, bilmirəm harada qaldı. Heç qardaşı Rasimgilə də getməmişdi. Onda Rasim komsomol katibi işləyirdi. Sonradan öyrəndim ki, Ata Əhmədlidə kirayə tutub. Evinə gəlmək, bizimlə görüşmək qadağan olunmuşdu. Atayla “26-lar bağı”nda görüşməyimi DTK-dan bilmişdilər və iş yerimə – rektora zəng edib demişdilər ki, onların idarəsinə gedim. DTK-da məni Ataya qarşı qoymaq istədilər. Təklif etdilər ki, onu izləyim. Dedim ki, bunu edə bilmərəm, o, övladımın atasıdır. Söz verdim ki, oğlum atasının yolu ilə getməyəcək.
Bundan sonra Atayla bir dəfə görüşdüm və aramızda danışıq olmadı. Fikirlərimizi kağızda bir-birimizə yazıb verdik və oxuyub cırdıq.
Heç yadımdan çıxmaz. Bir dəfə Ata mənə zəng etdi. Dedi ki, Raya, mən Fuaddan imtina etmək istəyirəm. Bunu telefonla ucadan deməkdə məqsədi o idi ki, oğluna dəyməsinlər. Səsini dinləyirdilər axı.
Sonra Atayla ilişkilərim kəsildi. DTK buna əmin oldu.
- Atanı tanıyanların onun aqibətinə münasibəti necə oldu? 
- Bütün qohum-qardaş, tanış-biliş, qələm dostları – hamı Asifdən üz döndərdi. 37-ci ilə bənzəyirdi. Bilmirdik Atanın başına nə gəlir, qarın-yağışın altındamı qalır? Kimsəsiz qalmışdı. Akademik Aslan Aslanov məni lap çox yandırdı. O da Atanın əleyhinə çıxmışdı. Telefonunu tapmadım ki, ona iki kəlmə deyim. Atanın ona çox yaxşılıqları keçmişdi. Sonralar bir dəfə zəng etdi, telefonu yerinə qoydum. Onsuz da olan olmuşdu. DTK Atanın iş yoldaşlarını dindirmişdi, hamısı əleyhinə danışmışdı.
- Atadan ayrılmanız necə baş verdi?
- Onu heç xatırlamaq istəmirəm. Ata dedi: “Raya, sən də məni atdın?” Dedim, Asif, məni məcbur etdilər – oğlumun xatirinə getdim bu işə. Neyləyim, mənim də taleyim belə gətirdi.
- İndi Atanın qaladığı Mütləqə İnam Ocağı 33 yaşındadır. Ata ideyaları yurdumuzda yayılmaqda, sevilməkdədir...
- Mən sizə minnətdarlığımı bildirirəm ki, Asif Atanı, onun Ocağını, ideyalarını, əqidəsini yaşadırsınız. Nəvəmin Ata yoluna çox həvəsi var. Deyir ki, nənə, mənə babamdan danış.
Atanın yolu Həqiqət yoludur. İnsanın daxili bu yola hazır olmalıdır. Bu işdə sizə uğurlar diləyirəm.

Комментариев нет:

Отправить комментарий