05.01.2012

FUTBOLUN FƏLSƏFƏSİNİ DOĞRU BİLİRİKMİ?

altElşən İmaməliyev


Əgər  “Xəzər Lən­kəran” “Çelsi” kimi hər il Çempionlar Liqasının final mərhələsində oynaya bilmirsə  də ən azından “Çelsi” kimi hər il bir baş məşqçi  dəyişə bilir və bəlkə də bu məsələdə “Çelsi”ni belə geridə qoyur.  Bəzi oxucular məni qərarsızlıqda qınaya bilər. Çünki sabiq baş məşqçi Mirça Redniki istefaya səsləyənlərin ön cərgəsində olanlardan biri də mən idim.  Əslində hər zaman tez-tez məşqçi dəyişdirilməsinin əleyhinə olmuşam.

Sadəcə olaraq Rednikin uğursuz­luqları  ardıcıl və sistemli xarakter almışdı və komanda artıq bir kollektiv olaraq dağılmışdı. Ziyanın yarısından qayıtmaq da xeyirdir axı. Zaman bizim haqlı olduğumuzu göstərdi. Bir çoxları bununla barışmasa da, zaman və hazırkı baş məşqçi Cüneyt Biçərin qazanacağı uğurlar   onları buna məcbur edəcək. Cüneyt Biçərin “Bakı” ilə son oyununda etdiyi taktiki dəyişikliklər belə düşünməyə tam əsas verir. Oyunda məşqçi işi açıq aydın görünürdü. Stadion  AFFA tərəfindən çox gülünc bir qərarla cərimələndiyi üçün azarkeşlər bu oyunu izləyə bilmirdilər. “PRESSA” lojasında oturmuş bir ağsaqqal jurnalist isə ona zəng vuranlara  “Bax buna deyərəm Avropa futbolu!” deyib, vəziyyəti öyrənmək istəyənlərə ilk məlumatı verirdi. Oyundan sonra  bəzi bədxahlar  özlərindən hoqqa çıxarıb insanlar arasında çox gülünc fikirlər yayırdılar. Guya ki, Biçər Rednikin hazır və artıq qurulmuş maşınına oturub və sələfinin qazana biləcəyi uğurları mənimsəyir. Belə gülünc məntiqlə biz gərək Qvardiolanın zəhmətini də heçə çıxardaq və iddia edək ki, “Barselona” da Raykardın qurduğu komandadır. Onu da unutmaq lazım deyil ki, özgənin maşınını yalnız mahir sürücü yaxşı idarə edə bilər. Mahir olmayan sürücü isə özgənin ən rahat maşına mindikdə də naşılıq edəcək. “Xəzər Lənkəran”ı “Çelsi”dən fərqləndirən bir cəhət də elə budu; “Çelsi”nin azarkeşlərinin ən kiçik faizi də uğur qazanan məşqçi barədə bu qədər miskin düşünə bilməz. Üstəlik, bizdə hansı əcnəbi məşqçi çalışırsa, hansı legioner futbolçu top qovursa, cəmi bir mövsüm özünü doğruldur, sonra tamam böyük iddialar və şərtlər qoyur, son nəticədə isə zayı çıxır. “Çelsi”də belə hallar baş verirmi? Əslində heç istəməzdim ki, “Xəzər Lənkəran” “Çelsi” ilə müqayisə olunsun, ona oxşasın. “Xəzər Lənkəran”ın “Mançester Yunayted”ə və “Arsenal”ı xatırlatması həm klub,  həm də azərkeşlər üçün daha faydalı olardı. Bu gün bu iki komanda dünyada ən yaxşı, ən uzun­müd­dətli, necə deyərlər, “oturuşmuş” məşqçilərinə sahibdir. Və buna nail olmaq üçün uzun bir yol qət olunub. Formulası isə çox sadə imiş.
Futbolun Vətəninə aid bu klubların baş məşqçiləri ilə bir daha tanış olaq:
“Mançester Yunayted” klubunun baş məşqçisi Ser Aleks Ver­gyun­son. Bu mütəxəssis 1941-ci il dekabrın 31-də  Şotlandiyanın Qlazqo şəhərində anadan olub. Futbolçu karyerası ərzində yalnız Şotlandiya çempionatında çıxış edib. Məşqçiliyə 33 yaşında başlayıb və “Mançester Yunayted”ə qədər yalnız Şotlandiya komandalarını çalışdırıb. Amma 1986-cı ildən İngiltərənin “Mançester Yunayted” klubuna dəvət olundu və burada böyük diqqət və rəğbətlə qarşılandı. İndi kimsə deyə bilməz ki, o ingilis mütəxəssis deyil. Komanda onu məharətlə “milliləşdirdi”. Ser Aleks artıq 26 ildir ki, baş məşqçi  olaraq “Qırmızı şeytanları” çalışdırır.“Mançester” kimi nəhəng bir komandaya məşqçilik etməsi onun  xariçdə ilk debütü idi. Bu klubun böyük qələbələrinin böyük bir qismi onun adı ilə bağlıdır. O bunu təkcə öz məşqçilik məharəti iləmi qazandı? Etiraf olunmalıdır ki, onu formalaşdıran əsas nuans ona olan ağıllı azarkeş və klub münasibəti idi.
“Arsenal” klubunun baş məşqçisi Arsen Venger. O, 1949-ci il oktyabrın 22-də Fransanın Strazburq şəhərində anadan olub. Futbolçu karyerası ərzində yalnız Fransa çempionatında çıxış edib.  Məşqçiliyə 38 yaşında başlayan Venger “Arsenal”a qədər  yalnız bir dəfə Fransanın hü­dud­larından kənarda çalışıb ki, bu da çəmi bir il çəkib. Arsen Venger 1996-cı ildən (16 ilə yaxındır) “Arsenal”ın sükanı arxasındadır.  Qəribə bir təsadüf isə Arsenin öz komandasının adı ilə oxşarlığıdır. Hətda klubun tarixini bilməyənlər komandanın adının onun şərəfinə qoyul­duğunu belə düşünə bilərlər. Bu klub ən böyük qələbələrinə görə ona minnətdardır. Vengeri də daha çox ağıllı azarkeş ordusu formalaşdırdı. İndi əksəriyyət onun Fransız futbolunun yetirməsi olduğunu bilmir və bu kimsənin heç xəyalına da gəlmir. Çünki ingilis azarkeşlər Arseni çoxdan “milliləşdiriblər”. Bəs bu milliləşmə nədən ibarətdir? Təkcə pasportunu dəyişməkləmi?
Onu da qeyd edim ki, eyni münasibət  Droqba,.................................kimi digər legioner futbolçulara da aiddir. Biz də isə bir mövsümdən sonra Mario Souza klub qarşısında ilginc şərtlər qoydu, sonra tamam zayı çıxdı. Mirça Rednikə münasibət isə... Bizimkilər onu hər uğurunda “rumın çalışdırıcı” deyə təqdim etməklə, məddahcasına tərənnüm eləməklə, kubok qazanarkən əlinə Azərbaycan deyil, Rumınya bayrağını verməklə həmişə özümüzdən üstün və yuxarıda tutdular, özünküləşdirə, Azərbaycan futbolunun ruhuna uyğunlaşdıra bilmədilər. Nəticəsi nə oldu? İndi artıq “Xəzər Lənkəran”ın baş məşqçisi Rednik yox, Cüneyt Biçərdir.
“Xəzər Lənkəran”ın baş məşqçisi  Cüneyt Biçəri ingilis çalışdırıcılardan şəxsən və kəskin fərqləndirən bir şey tapa bilmərik. Fərq yalnız azarkeş münasibətindədir. Biçərin də Arsen Venger kimi çalışdığı klubun adı ilə oxşar soyadı var: “Xəzər”-“Biçər”. Yaxşı qafiyələnir.  “Xəzər”də Biçər, rəqibləri biçər!” Daha yaxından tanımaq istəyək; kimdir bu Cüneyt Biçər?
Cüneyt Biçər 1975-ci il noyabrın 27-də Türkiyənin İzmir şəhərində anadan olub. Futbolçu karyerası ərzində Türkiyə çempionatının aşağı lıqalarında top qovub. Məşqçilik karyerasına 31 yaşında başlamış Cüneyt bəy qısa müddət əzində də çox iş görməyi bacardı.  Belə ki karyerası ərzində Türkiyənin  "Pazarspor", "Muğlaspor" və "Bucaspor” klublarını çalışdırmış mütəxəssis bir müddət “Bakı” klubunun sükanı arxasına da keçib və qısa müddət ərzində Azərbaycan kubokunun qalibi olub.  Bir çoxları bu qalibiyyətə görə onu qınayırlar. Bəlkə də  haqsız deyillər. Çünki, “Bakı” klubu bu qalibiyyəti “Fair Play” qaydalarına əməl etməyərək, bir növ haqsızlıqla əldə etmişdi. Yəni rəqibə qaytarılmalı olan top rəqibin (“Xəzər Lənkəran”ın) qapısından keçmişdi. Baxmayaraq ki, həmin oyunda “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev daha böyük günah sahibi olaraq göstərilməli idi. Amma “Bakı” klubu da futbolun “centelmen” qaydalarına əməl etməyə borclu idi. Məşqçini isə çox da günahlandırmağ olmaz! Cünki, bura Azərbaycandır. Burada ağa desə sür dərəyə, məşqçi olaraq sən də sürməlisən. Məlumata görə o zaman “Bakı” klubunun rəhbərliyi o məqamda Biçərə susmaq işarəsi veribmiş. Artıq üstündən çox vaxt keçib. Əgər bu prinsipial məsələ olsaydı, sonrakı illərin birində Cüneyt bəyi “Xəzər Lənkəran”a dəvət etməzdilər. Biçərin “Xəzər Lənkəran”a gəlişi 2011-ci ildə baş  tutdu. 2011/2012-cü illər mövsümünün başlanğıcında “Xəzər Lənkəran”da aşağı yaş qruplarının kor­di­na­toru kimi fəaliiyətə başlayan Biçər baş verən son məşqçi istefasından sonra “Xəzər Lənkəran”ın əsas sükanının arxasına keçdi. Bu zaman komanda mənəvi cəhətdən sarsılmış vəziyyətdə idi. O isə komandanı toparlaya və psixoloji böhrandan çıxarda bildi.  Onun 3 oyunda qazandığı 7 xal da belə düşünməyə əsas verir. Əgər bu mövsümdə “Xəzər Lənkəran” çempion olarsa, ölkə kubokunu qazanarsa, Cüneyt Biçər adlarını qeyd etdiyimiz və bütün dünyanın “bəh-bəh”lə qarşıladığı  Aleks Verginsonu və Arsen Vengerdən daha üstün görünməzmi? O halda əmin olaq ki, Biçəri tərifləyən, ona qahmar çıxan, şərafətini qaldıran çox olacaq. Bunun ona və ya bizə nə faydası olacaq?  Pis olan o olacaq ki, bu uğurlardan Biçər də lov­ğa­la­nacaq və vaxtında ona ağız büzənlərə onda da o ağız büzəcək və böyük iddialar, böyük şərtlər irəli sürəcək. Bu olmasın deyə Biçəri zamanında öz ciddi dəstəyimizlə özünküləşdirsək, “milliləşdirsək” yaxşıdır. Həm bizim, həm də elə Cüneyt Biçərin özü üçün.
Bu cür münasibət legioner və hətta milli futbolçulara da aiddir. Amma biz nə edirik?  Deyəsən biz futbolun fəlsəfəsini yaxşı bilmirik axı. Azərbaycan futboluna yenidən baxaq.  

Комментариев нет:

Отправить комментарий