14.01.2012

Gülərkən parçaladım aynaları


Canlı şəkillər - 10Ləman Məmmədova

Milli Parkda məzəli aynaların olduğundan xəbərim olsa da, onlarda özümü görmək imkanım olmamışdı. Dostlarımdan kimə zəng etdimsə, məşğul olduqlarına görə oraya getmək təklifimi qəbul edə bilmədilər. Musiqi dinləməkdən doymayan şəxsiyyətim qulaqcıqları taxdıqdan sonra əllərini paltosunun cibinə salıb milli parka tərəf yol aldı.
Aynalar doğrudan da, insanın əksini gülməli hala salırdılar. Aynanın birində yekəbaş, incə bədənli biri kimi əks olunsam da, digərində balaca başlı, iri cüssəli biri kimi görünürdüm.

Cizgi filmlərindən tanış olduğum bu kadrlar reallıqda baş verərkən fərqli hisslər yaşadırdı.  Mən addımlayaraq aynaları bir-bir dəyişsəm də, əksim aynadan-aynaya axır və gözlərimi alışdıraraq dəyişikliyə uğrayırdı.
Başım gicəlləndi, birtəhər özümü zalın axırındakı divana atdım. Başımı aşağı salıb oturdum.Bir az özümə gəldikdən sonra başımı qaldırıb qarşımdakı güzgülərə baxanda onlara tamamilə başqa anlam yüklədim və əksim tamamilə başqa mənzərəyə axdı. Hər halda məhz bu səbəbdən dolayı, nəzarətçinin vaxtımın bitməsi barədə etdiyi xəbərdarlığa gec qarşılıq verdim. Olduğum yerdən ruhən çox uzaqlaşmışdım.
Buraya gələnə qədər həyatımda yaranmış hisslər üçbucağından çıxmağa çalışırdım. İndi bu güzgüdə gördüklərim məzəli hala düşmüş əksim yox, mənim yaranmış üçbucaqda dövriyyəmi çətinləşdirən iki insanın dünyasının əksi idi. Hərəsi bir güzgünü zəbt edib canlanmışdı qarşımda. Birinə sevinc, digərinə kədər adı verdim. Mənə kədərin dünyasını göstərən güzgüyə baxanda orada öz əksimi  görsəm də, o dünyanın sahibi mənə sevincin güzgüsünü göstərirdi. Üzümü sevincin güzgüsünə tuturdum, amma o güzgüdə görünənlər o qədər çox hissəcikdən ibarət idi ki, mən özümə orada yer tapa bilmirdim. Kədər bilirdi ki, mənim həmişə can atdığım dünya sevincin dünyası idi, amma bilmirdi ki, o dünyadan çıxan üçün oraya yenidən qayıtmaq əlçatmaz bir arzudur.  Sevincin güzgüsü görmədiyim bu həqiqəti mənə bütün  çılpaqlığıyla göstərməyə çalışırdı. Daimi sakinləri olmayan bu dünyaya turist kimi gəlib-gedən insanları  hərdən öz siluetimlə  səhv salırdım. Əslində, mən orada yox idim. Sevinc dünyasının yağışında heç kəs islanmırdı, heç kəs üzülmürdü, çünki, hələ o dünyada idilər. Mən isə o dünyanı tərk etdiyimə görə, indi heç bir şəkildə öz əksimi güzgüdə yansıda bilmirdim. Üzümü məni öz dünyasında susduran kədərin güzgüsünə tutdum. Onun güzgüsündə görə biləcəyim çox şey olsa da, üzərindən nazik bir qara pərdə çəkilmişdi. Öz yerimi orada tam olaraq ayırd edə bilmədim. Reallıqda o dünyanın sakini olmağa mənə izn verməyəcək bir halı var idi kədərin. Mənim azadlığa və özümə düşkün mənəviyyatımdan xəbərdar bir halı var idi kədərin. Öz dünyasında məni işıq kimi görsə də, onun gözləmədiyi bir anda sönəcəyimi düşünən bir halı var idi. Güzgüyə yansıtdığı dünyasını sevməsə də, onu yaşamağa məhkum bir halı var idi.  Məni o dünyaya cəlb edən “kədər” adı yox,  onun dünyasına sevincdən şüalar sızdıra bilib-bilməyəcəyim sualını doğuran hisslər idi. Kədər ürəyində mən varkən, ağlının sözünü dinləyib məni dünyasından uzaqlaşdırırdı.
Sevinc mənsiz özünə xırda parçalardan ibarət böyük bir dünya qurmuşdu. O dünyanı tanıyırdım ancaq gözdən qaçırdığım bir parçaya görə sevincin dünyasında da gizlilik sezirdim. Kədər  öz dünyasını nə qədər gizlətməyə çalışsa da, o pərdənin arxasında sığındığı məfhuma məni də inandırmışdı. İnandığım bu məfhumu sevsəm də, dənizində üzməyə qorxur, inamın sahilində var-gəl edirdim. Bu qorxu kədərə bağlanmağa məni qoymurdu və mən yenidən sevincin güzgüsünə üzümü çevirirdim.  Sevincin güzgüsündə görmədiyim əksim üçün darıxanda isə, yenidən kədərin güzgüsünə üzümü çevirməyə məcbur olurdum. Məcburiyyətdə istəyim də yoğrulmuşdu. Kədərin sevinc güzgüsünə doğru uzanan əlini görmək məni özümdən çıxarırdı, bununla barışa bilmirdim. Mənimlə belə davrandığına görə kədəri özümlə cəzalandırmaq, dünyasına icazəsiz girib orada qaranlığa bürünən hər şeyi silkələmək, dəyişmək, sevincdən oğurladığım  işıqla onun dünyasını işıqlandırmaq istəyirdim. Bir tərəfdən də sevinc güzgüsü məni cəzalandırırdı. Orada əks olunanlar , oyuncaq dünyasına düşmüş heyran uşaq kimi məni heyran edirdi. O dünyanın bir parçası olmaq istəyindən heç cür əl çəkə bilmirdim. Kədəri isə qaranlığından çıxarıb dəyişmək istəyirdim. Xudbinliyimə yenə azadlıq vermişdim. Yenə də ancaq öz istəklərimin rahatlıq tapmasına, qane olmasına çalışırdım. Müsbət nəticələrə ümid edib, mənfi nəticələr barədə düşünməyi özümə sığışdırmırdım.  Düşünmürdüm ki, parçaları birləşdirməyə çalışarkən, bütövü məhv etmiş olaram. Düşünmürdüm ki, mənim dəyər verdiyim anlar başqalarının dünyasından silinməzsə, onları alt-üst edə bilər.
Nəzarətçinin xəbərdarlığından sonra ayıldım və bir anlıq düşündüyüm hər şeyi unutdum. Bunun ardınca anladım ki, hiss etdiklərim düşüncələrimə musiqiyə görə çox təsir edir. Ardınca da, ani bir işıltıyla bütün düşündüklərimi xatırladım. Hər şey ən xırda detalına kimi geri qayıtdı və məni üçbucaq içində daha böyük labirintə saldı. Musiqini söndürüb qulaqcıqları çıxardım və milli parkdan  İçərişəhərə doğru addımladım. İçərişəhərdə yerləşən Cümə məscidinin yanından keçərkən tələbə yoldaşımla rastlaşdım. Hal-əhval tutub bir az ordan-burdan söhbət etdikdən sonra onun namaz qılmaq üçün məscidə gəldiyini öyrəndim. Vaxtını almayıb sağollaşmaq istəyəndə, əgər işim yoxdursa, onu gözləməyimi və namazdan sonra bir yerdə oturub yemək yeməyi təklif etdi. Üç ildən sonra ilk dəfə rastladığım tələbə yoldaşımın bu təklifinə etiraz etməyi ağlımın ucundan belə keçirmədən razılaşdım. O məscidə girdi, mən isə qədimliklə müasirliyi ağuşuna sığışdırmaq istəyən yaşlı küçədəki iri daşların birinin üstündə oturdum.
Yoxluğa çəkilən hiss və düşüncələrimə yenidən can vermək istəyirdim ki, o səs gəldi. Sevinc güzgüsünü də, kədər güzgüsünü də gözümün önündə parça-parça edən o səs. Öncə mənim əksimi kədərin güzgüsündən silib oranı aydınlatdı, sonra sevinc güzgüsündəki hər şeyi mozaiklikdən çıxardıb anlayacağım şəklə saldı. O an sevinc dünyasında gözdən qaçırdığım parçanı gördüm: mən tanıdığım dünyanı qarışıq olduğuna görə aydın dərk etməmişdim.
Canlı şəkillər - 10
Bunu hiss edər-etməz o səs hər iki güzgünü parça-parça etdi. Bir tək mən qalmışdım. Azad. Sakit. Üzümdə donmuş təbəssüm. Ürəyimlə beynim ilk dəfə idi ki, mübahisə etmir, ruhum ilk dəfə idi ki, bütün dünyaya gözlərini yumurdu. Heç bir maddiyyat, eləcə də onun parçaları olan güzgüdəki iki insan  ruhuma təsir etmirdi. O səsin qarşısında bütün təsirlər aciz qalmışdı, bircə mən o səsin içində idim. O səs- hay-küylü təbiətimin dinləməyə heç vaxt cəsarət etmədiyi  azan səsi idi.  Onun məni içinə aldığı bu müdafiə divarının məni nə qədər qoruyacağından agah deyildim, ancaq o an o divarın əhatələdiyi dünyanın içində özümlə və o səslə baş-başa qalmaq məni xoşbəxt edirdi. Öncə buna xoşbəxtlik yox, sakitlik deyirdim. Çünki “sakitlik” sözüylə təbiətimi heç vaxt tanışdırmamışdım. İndi isə bu tanışlıqdan böyük məmnuniyyət duyan təbiətim özünü güvəndə hiss etdiyindən “xoşbəxtəm” deyə məni dindirirdi.  Bu xoşbəxtliyin son nəfəsimə kimi davam etməsi də mənim əlimdə idi, azan səsinin bitdiyi ana kimi təsirli olması da.  Mən üzməyə cəsarət edə bilmədiyim dənizi xatırladım. Anladım ki, bu səs o dənizin səsi idi. İndi məni xoşbəxt etdiyi qədər də, utandırmışdı. İlk dəfə idi ki, tələskən xasiyyətimlə qərar verməyə yubanırdım. Bu yubanma məni daha çox utandırırdı. Özümü kassada qanqaraçılıq salan, arxasında isə uzun bir növbənin gözlədiyi insan kimi hiss etdim. Elə bil ki, növbədə dayanan insanlar məni boş yerə vaxt apardığıma görə qınayırdılar.  Azan bitdi. Məsciddə insanlar ibadətlərinə davam edirdilər. Mən isə artıq orada yox idim. Mən – o an üzündə donmuş bir ifadə olan, üz tutduğu istiqamətə niyə getdiyini bilməyən, düşüncələri və hissləri arasındakı atəşkəsi yenidən pozan, fərqli olmağa çalışdığı dünyada artıq çoxlarından fərqlənmədiyinə inanıb adiləşən, möcüzə axtardığı dünyada möcüzədən qaçaraq uzaqlaşan, qorxaq olduğunu bilən və bundan daha çox qorxan biri olaraq metro sərnişinlərinin arasına qatılmış biri idim. 

Комментариев нет:

Отправить комментарий