09.01.2012

“HÖRMƏT”SİZLİYİN CƏZASI


Canlı şəkillərAliq Nağıoğlu

Satış şöbəsinin rəisi Sədi müəllim iki gündü qara “dördgözü” möhkəm əzmişdi. Allah tərəfi, ta­be­li­yində olan işçilər hərə imkanı daxilində pul qoyub bir növ borclarından çıxmışdılar. Amma toplanan məbləğ maşının tə­mirinə kifayət etmirdi, hələ baş idarədən iki qonağı da vardı, odur ki, işdə qaşqabağı yer süpürür, şi­ka­yə­tə gələnləri də kobud qarşılayır, sancırdı. Belə baxan­da, qohum-qarada da kəra­mət qalmamışdı. Rəisə ən çox yer eləyəni isə bir varlı qo­hu­munun ondan yan gəzməyi idi.

O, anasının yaxını oldu­ğundan kə­si­lə-kəsilə qalmışdı. Əslində, maşını əz­mə­yini ana­sın­dan gizli saxlayırdı, çünki “dördgöz”ü kreditə gö­tü­rəndə ən çox anası narahat  olmuşdu:
- Ay bala, neynirdin maşını, dövlət səninçün xü­su­si maşın ayırıbdı, bu yandan da camaatın ağ­zın­dan düşmürsən, qır-qır pis şeydir...
Sədi müəllim varlı qohumunun oğurluq xət­dən istifadə etdiyini bilirdi, hələ bir neçə dəfə ona görüm-baxım da eləmişdi. Amma indi, nə etmək olardı...
Odur ki, Sədi müəllim şəhər üzrə aparıcı mü­həndisi yanına çağırıb onunla məsləhətləşdi, tədbir istədi. O da cavabında dedi:
- Mən dörd nəfərdən ibarət komissiya götürüb bir şey fikirləşərəm.
Aparıcı mühəndis işçilərlə birlikdə rayon mər­kə­zində yaraşıqlı evin xəttinə baxış keçirib, akt bağ­la­maq ərə­fəsində Sədi müəllimin qohumu töv­şü­yə-tövşüyə özünü çatdırdı. Dili topuq çala- çala xahiş etdi ki, akt yazmasınlar, nə lazımdısa edər. Amma aparıcı mü­hən­dis də, işçiləri də cidd- cəhdlə aktı tərtib etməklə məş­ğul­dular. Əlacsız qa­lan­da şirin dilini işə saldı:
- Sizə qurban, mən elə bir adamın qohumuyam ki, onun adını desəm, özünüz geri çəkiləcəksiniz...
Bir an yazıdan ayrılan aparıcı mühəndis irişdi:
- Kimdir, ə- ə-ə, o adam, şəxsən mənə ma­raq­lıdır.
- Mən Sədi müəllimin yaxın qohumuyam,- de­yə şəstlə dilləndi.
Canlı şəkillər
Aparıcı mühəndisin sifəti bir az da əyildi:
- Sədi kimdir?.. Onun ... Enerji mənimdi, mən heç kəsi tanımıram, tanımaq da istəmirəm,- deyə bağırdı.
Sədi müəllimin qohumu yazıq görkəm aldı. Elə bil, eşitdiklərindən gözlərinə qaranlıq çökdü. Dün­ya başı­na fırlandı. Ona elə gəldi ki, bu şəxs hər kim­sə, vəzifəcə Sə­didən çox böyük adamdı ki, hətta işçilərinin içində ona sayqısızlıq göstərir. Ona görə beynində başqa vari­ant fikirləşə-fikirləşə apa­rı­cı mühəndisə yan aldı:
- Sənə qurban, elə olanda mən səninlə də ra­zı­lı­ğa gələ bilərəm, day bir qələtdir eləmişəm.
- Biz aktı mütləq yazacağıq, siz də mütləq cə­ri­məni ödəyəcəksiniz, oğurluq xətt də mütləq lik­vi­di­rovat ola­caq­. Görürəm, başa düşən adamsınız, ona görə işi bö­yü­düb inzibati orqanlara ötür­mə­yə­cə­yik. Nə qədər demək olar, əl çəkin oğurluqdan, səksəkə ilə yaşamayın, di gəl, yenə öz bildiyinizi eləyirsiz...
Mühəndis Sədi müəllimin qohumunu ayaq­dan-başa süzə-süzə danışırdı:
- Sədi müəllimi də çağırmışam, narahat ol­ma­yın, bir neçə dəqiqəyə gələsidir. Amma...
Sözünün gerisini gətirmədi. Çünki Sədi mü­əl­­li­min maşını artıq əlli metr aralıda dayanmışdı. O, ma­şın­dan düşüb yeyin addımlarla yaxınlaşdı. Ədəb-ər­kan­la salam verib, qohumu ilə məxsusi gö­rüşdü, hal-əh­val tutdu, nə baş verdiyini soruşdu.
Sədi müəllimin qohumu danışa bilmirdi, dili to­puq vururdu, gözləri imdad istəyən adamın gözləri kimi pərişan idi. O, nə baş verdiyini aparıcı mü­hən­disin dilin­dən eşitmək istəyirmiş kimi soruşdu:
- Hələ sən məni başa sal görüm nə baş verib?
Aparıcı mühəndis farağat dayanıb başladı:
- Cənab rəis, sizə məlumat vermək istəyirəm ki, mən və qrupumuz abonent Əzimovun evinə baxış ke­çirər­kən, sayğacdan kənar oğurluq xətt olduğunu aş­kar etdik. Oğurluq xəttin üstündə olan obyektin yü­künü çıxaranda məlum oldu ki, o, təkcə bir il ər­zin­də səksən səkkiz min doqquz yüz yetmiş üç tam onda yeddi kilovatsaat elektrik enerjisi israf edib ki, bu­nun da dəyəri beş min üç yüz otuz səkkiz manat qırx iki qəpik edir. Nəzərə alsaq ki, il ərzində abo­nent cəmi iki yüz yetmiş manat ödəmə edib, deməli, sayğac göstəricisinə görə onun dörd min beş yüz kilovat enerji istehlak etdiyini göstərir. Bu barədə tərə­fi­miz­dən nomirovannıy müvafiq akt tərtib olun­maq­da­dır...
Sədi müəllim əzabkeş görkəm alıb aparıcı mü­həndisin sözünü kəsdi:
- Sən bu heyvərəyə demədin ki, Sədi mü­əl­li­min qohumusan?
- Dedim,- qohum yazıq- yazıq cavab verdi.
- Aktı soxarsan gözünə,- aparıcı mühəndisə sərt tə­pindi,- özü də hamınız rədd olun burdan!- deyə ba­ğır­dı.
İşçilər tələm-tələsik köhnə maşına doluşub göz­dən itdilər.
Sədi müəllim varlı qohumunun qoluna girib təs­kinlik verməyə başladı:
- Bizim işdə, qohum, belə hallar çox olur, ke­fi­ni pozma. Aranızda pul söhbəti olubmu?- deyə sağ əli ilə ürək nahiyəsini ovuşdura-ovuşdura soruşdu.
- Vallah, sözün düzü, aktda yazılanları eşi­dən­dən sonra hələ də özümə gələ bilməmişəm...
- Bilirsən, nə üçün soruşuram: o, mühəndis çox oğ­raş adamdır, üstəlik də yuxarıdakı böyüyünə ar­xa­yın­dı. Elə əclafdır ki, yuxarıların əlil ilə də olsa, səni hər zaman ziyana sala bilər. Bir sözlə, çox xa­talı adamdır, yaxşı ki, mən vaxtında gəlib çıx­mı­şam, uzaqda olma­mı­şam, yoxsa iş- işdən ke­çə­cək­di...
- Başına dönüm, hər halda, Sədi müəllim, işin düzəlmə ehtimalı var də, elə deyilmi?- sevinsək vəbər aldı.
- Ə-ə-ə, Allah məni vaxtında yetirdi, yoxsa iş- işdən keçəndən sonra neyləyəcəkdik ki?.. Böyük xa­ta­dan qurtarmısan, amma bir məsələ var: gərək yu­maq o əclafın ağzını, yoxsa mənim özümə də ilişər...
- Mümkündür, qohum, düzü iki minə gücüm çatar...- yenə yazıq- yazıq əllərini ovuşdurdu.
- Yoox, canınçün, heç razı olaram o qədər zi­ya­na düşəsən, ölməmişəm ki, min beş bəs edər,- eşit­diklərinə inanmırmış kimi ucadan dedi.
- Pul üstümdədir, indi verim, o aktı cırdır, xətti onsuz da kəsdilər, mən də rahatlanım.
- Sən nə cür məsləhət bilirsən, qohum, mən onun­la razıyam,- deyə Sədi müəllim əlini onun kü­rəyinə vurdu, pulu cibinə soxub, cəld kənarda da­yan­mış maşına tərəf irəlilədi.

* * *
Canlı şəkillərSürətlə şütüyən maşın lalların çayçısının qa­ba­ğın­da dayandı. Sürücü maşından düşüb gülə-gülə yolun əks üzünə keçməyə tələsdi. Aparıcı mühəndis irişə-irişə onun­la görüşüb  rəisinin yanında oturdu.
Sədi müəllim aparıcı mühəndis maşına otu­ra­na kimi pulların içərisindən iki şax yüzlük ayırıb ha­zır dayan­mış­dı, odur ki, birbaşa:
- Cəmi iki yüzlük ala bildim, onsuz da həmişə ka­rımıza gəlib: yarısı mənim, yarısı da sizin beşinizin, - Sədi müəllim hələ də döyükə-döyükə baxan aparıcı mü­hən­­disi tə­lə­s­dirdi.- Tut görüm, qoyun kimi nə göz­ünü döyürsən, onsuz da hələ işimiz-gücümüz çox­dur.
Bunu deməyi ilə maşının yerindən tərpənməyi bir oldu. Aparıcı mühəndis isə əlində yüzlük maşının arxasınca baxa- baxa qalmışdı...

Комментариев нет:

Отправить комментарий