17.01.2012

KEÇMİŞİN LAZIMSIZ XATİRƏLƏRİ

Aqşin Evrən

(şifrələr)

 Ömrümdən illər aram-aram qopub buxarlanır;
 siqarımın közündən ayrılan boz tüstü kimi,
 Mənə qalan təkcə zərif kül,
 Onu itaətlə qoruyuram
 əxlaqsız Buddanın saxta büstü kimi...

 "Qolunu itirməmək üçün
 əlini qurban ver" fəlsəfəsi...

 Bir vaxt partalara, dəftərlərimə
 həyəcanla
 "A+A=S" yazırdım,
 İndi gələcək qayğılar əmr edir.

"x+y=z" yazıram
 - arzular və məqsədlər
 sevgimi qətlə yetirdi...
 Maddiyyat adlanan boya
 partada yaratdığım məhəbbət abidəmi
 silib itirdi...

 Gözümdən axan damlalar
 dodağımdakı gülüşü aşağı əyib kədər etdi,
 Sağ və ya sol yanağıma düşən kirpiyi səhv seçməyim
 arzularımı hədər etdi...
 Bioloji simvolika;
 qulaq  bətndəki rüşeymdir sanki;
 yəqin karlaşmışam...

 Hə, bir də ənənəvi
 "İtdən qorxursan, yoxsa pişikdən???" sualına cavabım həmişə
 "İnsandan" olub,
 Qəribədir; elə indiyə qədər də bütün bəlalarım
 nə divdən, nə şeytandan
 elə insandan olub…

 Cəhəti itirmişəm,
 kompasımın əqrəbi xərçəngə çevrilib;
 buna görə də gün keçdikcə geriyə gedirəm,
 azmışam yolumu...
 Günah sönmüş mayakda deyil,
 mən öz lövbərimlə
 cızmışam həyat yolumu...

 Ağ göyərçinlərə atdığım dən
 qayıdıb anamın saçına düşüb;
 indi onun başındakı ağ tükə
 "anacan, ağ sapdır düşüb" deməyə lüzum yox!
 Anam mənə həqiqəti  göstərib həmişə
 ona yalan deməyə üzüm yox!

 Biz heç qəm yemədik;
 anamızın ömrün yeyib bitirdik istəmədən,
 Doğrudan da, ana şirin şeydir...

 İndi qramafonumda son rekviem səslənir;
 "Sən ey uşaqlıq,
 Sən bizdən uzaq düşdün artıq
 De səni yellər apardı,
 Ya soyuq əllər apardı?"
 …Yox cənab!
 Oyuncağa həris o şıltaq uşaqlığı
 canımıza susamış qəddar illər apardı...
 Nə ruhumuz duydu,
 nə duyğularımız...

 Elə bu gün usanıb,
 toz-dumandan görünməyən gələcəyə baxdım,
 baxdım, baxdım...
 Öyrəşmişəm dost;
 gələcəyə baxmaq gözümün əzbəridir,
 Və baxıb anladım ki, ən lazımlı varlığım
 elə "keçmişin lazımsız xatirələridir"...

Комментариев нет:

Отправить комментарий