14.01.2012

Ruhumun həsrətdən yoxmuş xəbəri


Afaq Şıxlı

HƏR ŞEY GÖZƏL BAŞLAMIŞDI...

Hər şey gözəl başlamışdı...
 Filmlərdə olan kimi,
 Çox romantik...
 Bir nağıldı həyat sanki!
 Möcüzəydi -
 ömür boyu aradığım məhəbbətdi!
 Belə sevmək
 necə çöyük cəsarətdi!
 Nələr vardı
 bu sevginin ümid dolu yollarında...
 Səadətin qollarında
 uyumuşduq...

Hər bir şeyə yad olmuşduq,
 soyumuşduq:
 Kainatda bir “biz” vardıq,
 bir eşqimiz...
 Xoşbəxtdik biz!
 Üfüqlərin işarması,
 ulduzların doğulması
 sevmək üçün bəhanəydi...
 İndiyədək olan bütün sevdalar da
 bu hisslərin qarşısında
 əfsanəydi.
 Bizə kimi bəlkə hələ
 bu dünyada belə sevən olmamışdı.
 Hər şey necə cazibədar,
 necə gözəl başlamışdı...

BIR BAHAR YETƏRDI BIZƏ...  

 Yadıma salmışam bu gün nələri...
Qayıdıb dönmüşəm o çağa yenə.
Səndən miras qalan xatirələri
Şer edib düzmüşəm varağa yenə.

Yenə mən olmuşam sevilən, sevən
O “Sənli” dünyamın ən bəxtəvəri.
Sanki xəyallara qarışıb gedən
Ruhumun həsrətdən yoxmuş xəbəri.

Elə bil, aradan keçməmiş illər,
Ömür də ötməmiş bir külək kimi.
Elə bil, o qatil, amansız əllər
Əzməyib sevgimi kəpənək kimi.

“Məni sevirsənmi, görəsən, hələ?”
Soruram özümə bu anlarımda.
Şəkildən canlanıb gələsən dilə,
O sənsiz, o səssiz zamanlarımda.

De nədən tuş gəldi talelərimiz?
De nədən görüşdük, nədən ayrıldıq? 
Dözüm imtahanı verəmmədik biz,
İnam da qırıldı, biz də qırıldıq.

Yalançı sözlərin iti xəncəri
Vurdu qəlbimizə həsrət naxışı.
Səndən ayrıldığım o gündən bəri
Bitib tükənmədi ömrümün qışı.

Deyəsən, səninlə gəldik üz-üzə -
Bu nakam sevgiyə yenilmək üçün.
Bir bahar yetərdi, əzizim, bizə -
Bir azca, bir azca sevilmək üçün.

ÜRƏYINDƏN INCIMIŞƏM!
Canlı şəkillər - 10 
İncimişəm
 ayrılarkən
 sakit-sakit vida deyən dodağından!
 İncimişəm
 göz yaşıyla islanmayan
 quru, soyuq yanağından!
 İncimişəm
 bir vaxt mənə
 hər bir kəsdən doğma olan camalından!
 İncimişəm
 yuxumda da
 məni rahat buraxmayan xəyalından!
 Əllərimdən sıyrılaraq
 uçub gedən əllərindən incimişəm!
 İndi başqa bir nəfəslə
 dalğalanan tellərindən incimişəm!
 Eh... hamısı bəhanədir,
 Əlacsızam...
 Sənə özgə nə deyim ki?!
 Xəyalının nə günahı,
 Ondan niyə inciyim ki?!
 Bilirsənmi mən nəyindən incimişəm?
 O sevməyi bacarmayan,
 daş parçası –
 ürəyindən
 incimişəm!

YANLIŞ QARŞILAŞMIŞIQ!

 Deyirsən ki, mən səni anlamıram hələ də.
 Deyirsən ki, sözlərim xoşa gəlmir, elə də,
 Deyirsən ki, könlüncə süfrə aça bilmirəm,
 Deyirsən ki, qəlbinə işıq saça bilmirəm.
 Deyirsən ki, susmağım əsəbinə toxunur,
 Deyirsən ki, gözümdə giley-güzar oxunur.
 Deyirsən ki, bəlkə heç olmamışam gərəyin?
 Deyirsən ki, mənimlə sevinməyir ürəyin.

 Çalışsam da nə qədər, gəlmək üçün xoşuna,
 Zamanla düşünürəm - üzülürəm boşuna.
 Gərəkdirmi dəyişəm? Gərəkdirmi əyiləm?
 Biz ki başqa-başqayıq, mən səninçün deyiləm!
 Nahaq yerə, səninlə bu qədər dalaşmışıq!
 Bu qəribə dünyada yanlış qarşılaşmışıq!
Canlı şəkillər - 10

Комментариев нет:

Отправить комментарий