21.01.2012

Göy-qara səmalı xəyallar

Sərdar Tağıyev


Səni duyanadək uzaqlaşan qatar səsindən xoşum gəlirdi,
“sonra” sözündən gedən zəhləm qədər.
İndi isə müəmmaları sevirəm.

Sev məni indi!
Mən səni ölənədək sevəcəm demirəm,
bəlkə, sabah ölürəm!
onda sevgim bir günlük olar ki!
Sev məni indi!
Mən səni həmişə sevəcəm söz verirəm.
Oxşa qara saçlarımı!
Mən saçlarını ağaranda da oxşayacam.
Özümə oxşayacam...


Mənimçün piano çalarsan!
Bu zaman ürəyim pianonun dilləri üstündə olur, bilirsən?
Ancaq, payıza köklənən pianonda mənə yaz notları çalmağa çalışma!
Payızda yarpaq olmur, xəzəl olur - bunu mənə anlatmağa çalışma,
bilirəm.
Mən elə payızı sevirəm.

Niyə qəmginsən?
Qəm yemə!
Arzularımı danışıram sənə, üzülmə!
Hər şey yaxşı olacaq!
Bir fermamız olacaq
yanı yarpız olacaq
Mal – qaramız olacaq,
ağ atımız olacaq,
övladlarımız olacaq
biri oglan biri qız olacaq.
Onlara Latın dilini öyrədərik.
Fermamızın dalında qarğıdalı əkərik.
Yekəbaş sərçələr bizə öyrəşib yeyərlər qarğıdalılardan
Utanmazlar yavaş – yavaş yekələn qarınlarından
Həyatları mənasızlaşar rahatlıqdan...
Elə bu zaman oglumuz böyüyər
sərçələrə daş atar
həyata məna qatar.
Bax!
Ürəyindən incəmi?
Söylə tellər incəmi, yoxsa sənin ürəyin
İncəlmisən, zərifsən
Üzülmək nə gərəyin?

Pıçıldayım, mənə daha yaxın olasan deyə?
Gələsən lap yanıma “NƏ?” deyə - deyə.
Deyirəm ki, mənimlə futbola da baxarsanmı?
qarğıdalı yeyə - yeyə.

Hərdən qucaqlayaram belini, baxarıq üfüqə, uzaqlara...
Ancaq, bu an narıncı paltar geyinərsən.
Səmamız da əsrarəngiz olacaq: göy – qara!
 



Şeir Konul Ceferlinin xahişi ilə verilib

Комментариев нет:

Отправить комментарий