06.01.2012

...Və üç nöqtə


Ləman Məmmədova. Hekayə

Sübhun soyuq yatağı onu dostuna aid  göl qırağındakı evin qarşısında qoyulmuş skamyada qucağına almışdı. Oyandığında qarnındakı kəskin sancını hiss edib evə keçdi. Həkimin xüsusi olaraq yazdığı ağrıkəsicini qəbul edib otaqdakı divanda uzandı. Bu evdə ikinci ayı idi. Şəhərin onun üçün yaratdığı problemlərdən vicdanını da götürüb qaçmasına rəğmən qarnındakı körpəni özüylə bərabər hiss etmək ona mənəviyyatının korlanmaqdan qoruna bilmədiyini xatırladırdı.  Elə bil ki, içinə hamiləlik toxumu deyil, vicdanını sızladacaq, içində ola biləcək bütün gözəl şeyləri məhv etmək üçün bir mikrob düşmüşdü. Lakin, bu ev ona güc toplamaq üçün ümid olmalı idi.

Ürəyinin və beyninin çəkdiyi bütün əzablara baxmayaraq, qarnında  bəslədiyi bu körpə elə bil ki, oradaca özünü sevdirəcək üçüncü bir əsas orqan yaratmışdı.Hamiləlik xəbərini alanda bu uşaqdan canını qurtarmaq istəmişdi. Səhvləri  şüurlu şəkildə edildiyindən ona rahatlıq vermir, abortun isə bütün səhvlərə arxa fon olacaq ən böyük səhv olacağını düşündüyünə görə qarnındakı bu toxuma “cücərmək” şansı vermişdi. O, can verirdi, bu uşaqdan qurtulmaq isə onun ölümünə səbəb olacaqdı. Zəifliyi ölümdən imtina edib can verməyə üstünlük vermişdi.Bütün ruhunun  özünə hesabat vaxtı idi, ancaq o körpə bütün sorğulardan azad edilmişdi.  Bugünə kimi bilərək atdığı səhv addımlarını bir-bir lənətləsə də, qarnındakı varlığa çatanda susurdu. Susurdu, ancaq o da, nəfəs almağa kömək etmirdi. Ürəyi ruhunu beynini tətikləyərək bütün həyatını gözləri onunə sərməsinə təşviq edirdi və hər şey xatırlanaraq iztirabı artırırdı.
Səhər yeməyi hazırlamaq üçün yerindən qalxıb mətbəxə keçdi. Siniyə yeyəcəklərini yığıb çölə çıxdı və gölün qırağındakı skamyaya oturdu.Sinini dizi üstünə qoyub səhər yeməyinə başlamışdı ki, fikirlər onu keçmişə apardı: bədbinliyi imic etdiyi yeniyetməliyinə, içkiyə və əyləncəyə düşkün olduğu gəncliyinə, dəyərləndirmədiyi təkliflərə, bütün tələblərinə cavab verdiyini hesab etdiyi oğlanı qazanmadan itirdiyi günə, onu unutmaq üçün özünü girdabına atdığı yeni sevgiyə, macəralarına, xudbin istəklərinə səyahət etdi.
Macəra sevgisi bədbinlikdən içki vasitəsilə qurtulduğu müddətli nikbinlik dönəmində başlamışdı. O zamandan da şüuraltısının “səhv edirsən!” deyərək bağırmasına məhəl qoymayaraq səhvlər etməyə və onlara öyrəşməyə başlamışdı. Anı yaşayan biri olduğuna özünü inandırıb “səhv” etdiyini anlamaq istəmirdi. Müəyyən prinsiplər daxilində fırtına kimi yaşamağa üstünlük verdiyini zənn edirdi. Halbuki, dama-dama göl olan səhvləri onun prinsiplərdən qurulmuş bütün hasarlarını yıxmışdı. Həyatının bütün mərhələlərini tez-tez ötürərək, diqqətini son bir ildə yaşananlarda cəmləşdirdi. Çünki, bu bir il səhvlərinin və hesabatının kuliminasiyasını yaşatmışdı ona.
Nilay beynindəki lenti təqribən bir il bundan əvvəl iş yoldaşlarıyla birlikdə dəvət aldığı ziyafətlərdən birində görünüşüylə və ünsiyyət zamanı cazibədar olan nitqiylə onun diqqətini çəkən Ramillə tanışdığı günə çəkmişdi. Bu tanışlığı əlçatmaz sevgisini unutmaq üçün fürsət hesab edərək oyununa başlamışdı. Tanışlıq dövründə  etibardan sui-istifadə, eləcə də, riyakarlıq etdiyini düşünsə də, bu tanışlığın dərinləşməsinə mane olmurdu. “Anı yaşayıram” deyə özünə müdafiə qovluğu yaratmışdı. Bir müddət sonra Ramilin ona qarşı hisslərinin olduğundan şübhələnən  Nilay oyununun maraqlı və həyəcanlı mərhələsinə keçmişdi. Özünü qarşı tərəfin hisslərinə laqeyd aparır, heç nədən xəbəri yoxmuş kimi dost münasibətini davam etdirirdi. Eyni zamanda isə, Ramilin etirafina nail olmağa çalışırdı. İndi gölün qırağında bunları düşünərkən özünə qarşı ikrah hissi onu boğurdu, əsəbdən əlindəki sinini gölə atmaq istəyirdi. Ancaq onu durduran hövsələsiz, səbrsiz və əsəbi bir keçmişi var idi. Bu üç mənfi özəllikləriylə vaxtında aparmadığı mübarizəni də hesabatına qatdığı üçün sakitləşib düşüncələrinə geri dönmüşdü.
Ramilin  ona olan sevgisini içində saxlayaraq əzab çəkməsindən Nilay həzz aldığına görə  etiraf etməsi üçün zamanı da uzadırdı. Bir gün kinodan qayıdarkən Ramil Nilayı binanın blokuna kimi ötürdü. Sonra onunla birlikdə içəri girib Nilayın buna münasibətini gözləmədən soruşdu:
Nilay, sən heç nəyin fərqində deyilsən?
Nə olub, Ramil? Nəyin fərqində olmalıyam?
Sən... Mən artıq bir neçə aydır ki, səndən başqa heç nə və heç kim haqqında düşünə
bilmirəm. Bunları sənə deməməli idim, çünki ortaq dünyanın ziyafətində tanışmış olsaq da, fərqli mənəvi dünyaların insanlarıyıq. Buna görə səndən uzaq durmaq qərarı verdiyim anın sonrasında bütün günlərimi fərqində olmadan sənə həsr etmişəm, ağlımla ürəyimin mübarizəsini boş verib yalnız səninlə olmaq istəmişəm. Sən mənim zəifliyimsən və mən özümlə bacarmıram.
Nilay o gecə Ramilin zəifliyini anın hökmü kimi dəyərləndirib onu da öz günahlarının ortaq etdi. O gecə bətninə düşən toxum Nilaya bütün səhvlərini damarlarındakı qanın hüceyrələrinə qədər sızıldadaraq xatırladacaq və onu səhvlərinin şirin yuxusundan oyadacaqdı. Amma o gecə bu yuxudan ayıldıqdan sonra necə baş ağrısına düçar olacağından  xəbəri yox idi. Ramil isə bütün mənəvi prinsiplərinin üstündən xətt çəkib, ağlının səsini kəsib, əxlaqının qadağalarına məhəl qoymayıb, “nəfs” sözünün yerinə “sevgi”ni gətirib günahının əllərindən tutmuşdu.
Səhər gözlərini açanda gördüyü ilk şey Ramilin ona baxan, anlamını tuta bilmədiyi baxışları idi. Heç biri danışmırdı. Ürpərtici sakitliyi pozan Ramil olmuşdu:
Mən qorxurdum. –deyib dayandı. Nilay qarşılıq vermədən davamını gözləyirmiş kimi susub onun nitqinin davamını gözlədi. Ramil dərin nəfəs alıb fikrini davam etdirdi:
Mən sevgimə sahib çıxmaqdan qorxurdum. Bu gecə unutdum, indi isə yenə
qorxuram. Səni sevirəm, Nilay. Amma mən hələ özümü tapmamışam. Sənə bağlı qalacağımı düşünməkdən çox qorxuram. Düşünəndə ki, özümü axtarışım bitmədən həyatımı səninlə məhdudlaşan çərçivəyə salacam, çox narahat oluram.
Nilay heç bir reaksiya vermirdi. Üzündə Ramili qıcıqlandıracaq bir təbəssüm var idi.
Niyə gülürsən? Niyə mənə qarşı olan bütün təhqirləri saymaq üçün məni susdurmursan?
Ramil, eşitdiklərim mənim üçün yenilik deyil axı. Onları mənə deyən sən deyilsən,
onları mən özüməm deyən. Sən sadəcə, bir güzgüsən ki, həqiqəti başqa sözlərlə mənim üzümə vurursan.  Əlində olsa, məni hər şeydə günahlandırardın. Haqlı  da olardın. Çünki, bu mənzərəni ərsəyə gətirən fırça həmişə mənim əlimdə olub. Sənin hisslərindən həmişə xəbərdar idim. Dəqiq izah edə bilməyəcəm, niyə hər şeyin bu səviyyəyə gəlib çıxmasına izn verdim. İndiysə, sən danışanda sənli anlarımı niyə uzatdığımı hiss etdim. Sən ... – Nilayın gözləri dolmuşdu, lakin buna biruzə vermədən  davam etmişdi.
Sən məni bütün çirkinliklərimdən uzaqlaşdırmışdın. Sən danışmağa başladığın ana kimi bunun fərqində deyildim. Niyə hər şeyi bu yerə gətirib çıxardığımı sənə anladacam:
Mən özümü axtarıram desəm də, içkidən əyləncədən başqa həyatıma heç nə
qatmamışdım.  Özümü tapacam desəm də, olan-qalan mənliyimi də  parça-parça etmişdim. Sən qarşıma çıxmasaydın, mən o parçaları itirməyə başlayacaqdım. Səninlə tanışlığım isə mənim məhvimi dayandırdı. Səninlə tanışlıqdan sonra içkinin həyatıma heç nə qatmadığını, əyləncəylə birlikdə həyatımdan daha çox qopardığını anladım. Bu tanışlığı  tamaşa kimi, anın tamaşası kimi seyr etsəm də, parçalarımı tək-tək öyrənməyə başlamışdım əslində. İndi bütün parçalar öyrənilmiş olmasa da, sənin getməli olduğunu hiss edirəm. Sən yanımda olduğun müddətcə, mənə bütün səhvlərimi xatırlatmış olacaqsan. Nəinki bugünün günahını, o cümlədən, uşaqlığımın, tələbəliyimin, sənə qədər olan bütün həyatımın səhvlərini xatırlatmış olacaqsan mənə. Çünki, sən də bir gecədə mənim bütün pisliyimə bulaşıb məndə bir parça yaratdın və səndə də mənim pisliyimdən bir parça var artıq.  Sən də təmizlənməlisən , mən də. Bir yerdə olmağımız isə bu çirkabı təmizləyə bilməyəcək. Bu gecənin günahını bir-birimizə unutdurmaq üçün münasibətlərimizi davamlı etmək, rəsmiləşdirmək istəsək belə, yalnız bu gecənin çirkabını palaz altına süpürmüş olacağıq. Bununla da, heç vaxt rahatlıq tapa bilməyəcəyik.
Nilay... Sən... Sən hər şeyi bilirdin? Bu dediklərini əvvəlcədənmi hazırlamışdın?
Bilirdim, amma mən yox, şüuraltım. Elə bil ki, bu dediklərimin doğacağından qorxub
onları susdurmuşdum. Anlarımı pozmaq istəmirdim. Bu gün isə şüuraltım mənim xudbinliyimi susdurub.
Nilay, mən bilmirəm nə deyim. Yox, ən yaxşısı, mən getməyim. Səninlə qalacağam.
Xeyr! Sus! Sən getməlisən və gedəcəksən! Xahiş edirəm artıq bir kəlimə söyləmədən
qalx və get. Get!- deyib dolmuş gözləriylə ona son dəfə baxdı. Ramil demək istədiklərində tərəddüd edərək Nilayın alnından öpüb getdi.
Olub keçənlər indi göl qırağında oturan Nilayın xatirələrində o qədər dəqiq canlanırdı ki, Nilay bir anlıq bütün iztirablarının bəlkə də möhkəm yaddaşından qaynaqlandığını düşündü. Sonra beyninə ifadə edilməyəcək bir siqnal, yaddaşı günahlandırmaqda yanlış etdiyini ona xatırlatdı. Ramillə arasında keçən dialoqdan və onun getməsinin üstündən üç ay keçmişdi. Nilay hamiləliyinin üçüncü ayında idi. Ramil getdiyi gün Nilay onunla danışarkən sındırmadığı qürurunu susdurmuş və əsəb böhranına girmişdi. Onu lənətləmirdi, ancaq özünün ən xırda hissəciyindən belə nifrət edirdi, özündən iyrənirdi. Bir həftə evdən çıxmamış, telefon zənglərinə cavab verməmişdi. Onun bu yoxluqundan narahat olan Tural adlı bir dostu onu evində ziyarət etməyə gəlmişdi.  Yaşadıqlarını Turalla paylaşmasa da, Nilayın vəziyyətindən gözü su içməyən Tural ondan əsəblərini sakitləşdirmək üçün bağ evlərinə gəlməsini xahiş etmişdi. Bir müddət orada tək yaşayıb özünü toparlamağa ehtiyacı olduğunu qeyd edərək onu razı salmağa çalışmışdı. Nilay onun bu təklifini yalnız hamiləlik xəbərini aldıqdan sonra dəyərləndirmiş və razılıq vermişdi.
Şəhər kənarındakı gözəl mənzərəyə sahib bu bağ evinə gəldikdən sonra Nilay  ağır cavabları olan sualları artırmış, özüylə söhbəti zamanı daha dərinlərə enmiş, Allahdan onu bağışlamasını diləsin-diləməsin deyə qərar verməyə çalışmışdı. İçindəki həmsöhbətinin Allah olduğunu düşünmək istəsə də, tərəddüd arxasında gizlədirdi özünü. Özü-özünü bağışlaya bilmədiyi üçün, Onun da bağışlamayacağını düşünürdü. Həyatı davam etdiyi müddətcə Nilay bağışlanıb-bağışlanmayacağına qərar verə bilməyəcəyini bilirdi, amma bununla yanaşı özünü  bağışlamayacağına da özünü əmin etmişdi.
Bu gün fikirlərdən ayılanda günün qürub edən vaxtı idi. Səhərdən dizi üstündə olduğunu hiss etmədiyi sinini skamya üzərinə  qoyub ayağa qalxaraq gölün kənarına doğru addımladı. Biraz  gölün ətrafında gəzdikdən sonra üzünü günəşə tərəf tutub dizləri üstündə yerə oturdu və günəşi izləməyə daldı. Günəşlə öz arasındakı fərqi təyin etməyə çalışdı. Günəş hər gün çıxır, yer kürəsinə öz işığını saçır, istisiylə kimini narahat edir, kimini isə soyuqdan qurtarır və insanlar tərəfindən müxtəlif cür qiymətləndirilən günəş hər günün sonunda yerini qaranlığa verir. Hər dəfə insanların görmədiyi dünyaya çəkilən günəş bəlkə də günlük  hesabatını verməyə tələsir. Bu hesabatdan təmiz çıxdığına görə də yenidən insanların gözünə görünmək imkanı qazanır. Nilay günəşlə aralarındakı fərqin verdikləri hesabatda olduğunu düşündü. Günəş hər günün sonunda hesabat verməyə çəkilirdisə, Nilay  heç bir anının hesabatını aparmırdı. Ürəyində “İndi mənim birdəfəlik səhnədən uzaqlaşmaq vaxtımdır” deyib ağlamağa başladı. Dizləri üstdə oturmuş vəziyyətdə önünə əyilib başını yerə qoydu. Səcdə edən insan kimi  oturmuşdu, ancaq dili susur, göz yaşları danışırdı.  Aldığı nəfəsin onu sinəsindən qarnına doğru  soyuq bir ox kimi dəlməsiylə Nilay huşunu itirdi.
Hər gün ondan hal-əhval tutmaq, ehtiyaclarının olub-olmadığını öyrənmək üçün zəng edən Tural bu gün zənglərinə cavab verən olmayınca Nilaya baş çəkməyə gəldi. O gəldikdən yarım saat sonra təcili yardım gəlib Nilayın qanaxmadan həyata gözlərini yumması xəbərini verdi.  Göz yaşlarını tuta bilməyən  Tural Nilayın cansız əllərindən tutub hönkür-hönkür ağlayırdı. Həkimlərdən biri müayinə zamanı Nilayın köynəyinin cibindən düşən balaca kağız parçasını Turala uzatdı. Bu dünyada Nilaydan qalan tək parça içində “Bağışla!” yazılmış bu kağız idi.  Kağız parçasını dolduran bu bir kəlimə bəlkə də Nilayın maddi dünyasıyla mənəvi dünyası arasında yeganə körpü idi ki, onu rahatlıq tapacağı yerə apardı.

Комментариев нет:

Отправить комментарий