23.01.2012

“YAŞASIN ƏJDAHA QARDAŞ VƏ YA 18 +”


Elşən İmaməliyev

Bir gün “Dürlü Göl” futbol komandası təlim məşq toplantısı keçirtmək məqsədilə səfərə çıxmışdı. 
Eyni Dürlü Göl adlı dənizin sularını komandanı daşıyan gəminin burnu  bıçaq kimi kəsirdi. Əntiqə hava vardı. Göyərtədə bir-birlərinin dilini anlamayan əcnəbi futbolçulardan savayı  futbola heç bir aidiyyatı olmayan qara-qura adamlar da vardı. Özlərini  mətbuat nümayəndəsi kimi qələmə verən bu bir-iki nəfər cızma-qaraçı komanda rəhbərliyinin ayaqqabılarını daha yaxşı təmizləyib parıldatması və onlar ayaqyolunda olarkən ilin fəsillərinə müvafiq su çatdırması ilə digərlərindən fərqlənir  və yaxşı ənam alırdı.


Təbii ki, getdikləri ünvanda da rəhbərliyə parıltılı, təmiz ayaqqabılar  geyinmək və ilin bu çağında soyuqdan qorunmaq  lazım idi. Üstəlik bu yazarlar guya ki komanda səfərdə olan zaman keçirilən  oyunlar və məşqlər barəsində azərkeşlərə  hər cür münasib və operativ məlumat göndərəcəkdilər.  
Gəmi sular boyu yırğalandıqca futbolçular bir-biri ilə tərcüməçi vasitəsilə zarafatlaşır, mehriban gülüb danışırdılar. Aftafa görməyib birbaşa lüleng görən yazarlar isə o ki var şellənirdilər. Futbolçulardan kimsə onların yanından keçə bilmirdi. O dəqiqə boyunlarını çiyinlərinə qoyur, yalvarıb şəkil çəkdirirdirdilər. Elə bu zaman birdən havanın üzü dondü və güclü külək əsməyə başladı. Daha sonra sudan böyük bir şey qalxıb, gəminin başının üstünü aldı. Komanda rəhbərliyi canını qurtarsa da  göyərtəyə digər toplaşanlar kayutlara keçməyə macal tapmadılar. Suyun ortasından qalxan varlıq əcaib və ağ-yaşıl rəngli bir böyük əjdaha idi. Hamı qorxuya düşmüşdü, nə edəcəyini bilmirdi. Əjdaha ağzını açanda od püskürürdü. İndicə futbolçulardan kimisə tutub mədəsinin uzaq küncünə göndərəcəkdi.  Bu zaman futbolçular və məşqçilər komanda rəhbərliyinə  xilas edilmələri üçün yalvarmağa  başladılar. Həm yerli əjdahanın dilini bilmirdilər, həm də hər cür işlərdən ötrü komandanın öz səlahiyyətli yetgilisi  vardı. Bütün kritik məqamlarda bu adam başını qaşıyır və bir yol tapırdı. Qaşımaqdan başında tük qalmamışdı. İndi futbolçuları yalnız o xilas edə bilərdi. Bu adam repreduktoru işə salıb əjdahaya yalvarmağa başladı: “Dədən yaxşı, nənən yaxşı, bunları  yemə, bir ətək pul verib almışıq. İki yüz on min nəfərlik azarkeş ordusu  bunları gözləyir. Qarşıda “Mazutçu” komandası ilə gərgin oyunlarımız var... alınacaq qisasımız var. Axı bizim komanda sənin yaşadığın gölün adını təmsil edir. Bizi yeməyə sənin ürəyin nəcə gələr?”. Bu qılıqlı sözlərdən sonra əjdahanın üzündə təbəssüm dolaşdı. Bu zaman onun ağ-yaşıl rəngi hamının diqqətini cəlb etdi.  “O dənizə mazut  buraxıb ekologiyanı korlayanların komandasından mənim də intiqamımı alasınız deyə  futbolçuları yeyə bilmərəm.Həm də axı mən də sizin azərkeşinizəm- ağ-yaşıllı!  Amma azərkeşlik öz yerində, siz  pul qazanmaq istəyirsiz deyə mən ac qalmalıyam?! Heç olmasa bir-iki nəfər verin ki aclığımı öldürüm.” Komandanın yetgilisi baxdı ki, əjdaha doğru deyir, o da yaşamalıdır. Odur ki, əl atdı başını qaşımağa və bir fənd axtarmağa.   Bu zaman isə əjdaha oyunçuları bir barmağı ilə kənara çəkir, ətinin bərkliyini yoxlayır, ağzının suyunu axıdırdı. Birdən əjdaha futbolçuların arxasında gizlənmiş, tir-tir əsən və əllərində foto aparat olan üç   yazarı gördü. Arasında bir lüməçə  də vardı, əjdahanın üzünə gülümsəyirdi. İndicə əjdaha ilə  də şəkil çəkdirəcəkdi.  “Bəs bunlar kimdir?” deyə əjdaha komanda yetgilisinə sarı baxıb soruşdu.  Komandanın yetgilisi üçün bu lap göydəndüşmə oldu. O, ayaqqabılarının üzünü arxadan balaqlarına sürtətək  əvvəlcə bu insanları əsla tanımadığını və bura necə gəlib düşdüklərindən xəbərsiz olduğunu demək istədi, amma son anda fikrini dəyişdi və “Sizin üçün yemlikdir gətirmişik!” dedi.  Onları almağa qəpik-quruş xərcləmişdi deyə vecinə  gəlmədi. Əjdaha isə bu yazarları başdan-ayağa süzdü, əlləşdirdi, sonra ağzını büzərək başını yırğaladı.  “Bunları heç it yeməz! Onlar yalnız başqa məqsədlər üçün istifadə etməyə yarayar. Mənə onları  bura yemlik gətirəni verin ki, yeyim qarnım doysun”.  Komandanın yetgilisi çox çətin duruma düşmüşdü. Baxışları hərlənib  baş məşqçini tapdı. Nə etmək olardı? Əjdahanı ac saxlayası deyildilər ki. Oyunçular  tez kənara çəkildilər, baş məşqçinin önün açdılar  və bununla da hamılıqla yetgilinin köməyinə yetdilər. Həm də can şirin şeydir axı!  Bu zaman baş məşqçi qabaqdangəlmişlik edib tez özünü iki addım qabağa verdi və yazarları bura məhz özünün gətirdiyini təntənə ilə etiraf etdi. Düşünürdü ki, belə cəsarət göstərməsi əjdahanın xoşuna gələcək və onu yeməkdən imtina edəcək.  Əjdaha onun adını soruşduqda məşqçi “ Əsil adım Kinderdir, amma fanatlar mənə Hero deyirlər” deyə  şəst ilə bildirdi. Bu zaman komandanın yetgilisi “Əjdaha qardaş, qurbandı!” deyə repreduktorlardan  gurladı.  Əjdaha “Qurbanın qoyun olsun!”  cavabını verdi, sonra bu yazarları müəyyən tələbatını ödəmək, Heronu isə yemək məqsədilə ağuşuna alıb sulara qərq oldu.   
Komandanın rəhbərliyi və futbolçular onun arxasınca “Yaşasın əjdaha qardaş!” deyə qışqırışır və şövqlə  əl çalırdılar.
Bir aydan sonra Dürlü gol dənizinin sahilindən bir əjdaha ölüsü tapdılar. Yəqin ki, ya zəhərlənib, ya da pis xəstəlik tutub ölmüşdü.



http://www.sportline.az/

Комментариев нет:

Отправить комментарий