06.01.2012

Yığıb arzuları qucaq dolusu...


Firqan Sadıq

Mavi çadır-göy üzü...

Başımız üstə qurulan
mavi çadır-göy üzü...
Hamının ruhu qalxar,
hamıya çatar göy üzü...

Yay bitər və payız başlar,
qanadların açan quşlar,
qürbətə uçan quşlar
qatar-qatar, göy üzü...

Bizdən əsirgəmə, aman.
qarından, yağışından,
torpaq sənin göz yaşından
içər, yatar, göy üzü...

Getmək istəyirəm...

Getmək istəyirəm haralarasa,
getmək istəyirəm,
                        baş alıb getmək...
Bu əsən küləyə qoşulub getmək...
Yığıb arzuları daşınıb getmək...
Getmək istəyirəm haralarasa...

Bir aşıq səsinin cingiltisiylə
lap elə qol-qola, çiyin-çiyinə,
təzə ayaq açan körpə uşağın
yıxıla-yıxıla yüyürməyinə
qoşulub getməyim gəlir nədənsə...

Beynimə haradan düşdü bu fikir,
bəlkə də yuxuda dəli olmuşam,
bəlkə də lap çoxdan dəli olmuşam,
dəlilik etməyim gəlir nədənsə...

Bir gəmi fitinin sonsuzluğuyla,
bir qatar səsinin ayrılığıyla,
bu əsən küləklə,
                        bu axan çayla
getmək istəyirən,
                        baş alıb getmək...
Bir dəli ömrünü yaşayıb getmək...

Tökülər yollara arzularım da,
arzu ağacları bitər yerində.
Yağar ürəyimdən arzu yağışı,
görünər şeirimin sətirlərində.

Yığıb arzuları qucaq dolusu,
daşıyım özümlə kölələr kimi.
Dəlilik etməyim gəlir nədənsə,
olmaq istəyirəm dəlilər kimi.

Neyləyim, dayana bilmirəm daha,
getməyim,
getməyim gəlir nədənsə...
yollarda bitməyim gəlir nədənsə...

*          *          *

Ayağının altındakı torpaq
müqəddəsdi, qardaşım,
ana torpaqdı
ayağının altındakı torpaq...
Qarğıma, qardaşım,
söymə o torpağı,
yaralama,
hirsli-hirsli təpikləyib,
döymə o torpağı...
Yadına salma dərdini,
yoxsa,
arpa-buğda əvəzinə,
göy-göyərti əvəzinə
yekə dərdlər bitirəcək sənə...
Bax, onda
içində yanıb göynəyəcəksən...
Günlərin bir günü
düşəcəksən torpağa...
Görüm, onda
təmizə çıxmaq üçün
nə söyləyəcəksən...

*          *          *

Daha yavaş-yavaş səhər açılır,
qaranlıq astaca sürünüb gedir...
O əjdaha boyda, iriölçülü
sükut qaranlığa bürünüb gedir...

Şirin yuxusundan dünya oyanır,
sevinir bir günü aşırmağından...
İndi dan yerindən Günəş boylanır,
mənə də pay düşür saçaqlarından...

Dünya ağ-qaralı paltar geyinib,
bir az azadlıq var,bir az qəfəs var...
Mən də yaşayıram öz taleyimi,
hələ yaşamağa bir az həvəs var...

*          *          *
30_любовь (500x333, 93Kb) 
Bir qapını döyən yoxdu,
qalmışam ümid əlində...
Bir dərdimə həyan yoxdu,
oyuncağam dərd əlində...

Bulud göy üzünə yamaq,
olmur özünü yamamaq,
gtöz yaşı töküb ağlamaq
heç nədi bulud əlində...

Qaranlığa düşən kimi
bu bəndələr gileylənir,
yar sinəni, ürəyini
məşəl kimi tut əlində...

Gecə

“Hər səhər bir gecə ölür...” Elşad Ərşadoğlu

Yenə gecə düşür, dünya qaralır,
gözlərim işarır ulduzlar kimi...
Təbiət gizlənir qaranlığında,
ətrafım boş qalır yalqızlar kimi...

Bu gecə yamanca oynadır məni,
elə bil gecənin oyuncağıyam...
Ay da buludların o tərəfində...
İndi dəli olub oynayacağam...

Qoparıb atmaq da olmur sükutu,
gecənin üzündə xaldır, elə bil...
Dilənçi əlinə bənzəyir səma,
ulduzlar ovcunda puldur, elə bil...

Mənim bu gecədən heç xoşum gəlmir,
nədənsə gözümə birtəhər dəyir...
Namaza duranda gündoğmamışdan,
görəcəm gecəni bir səhər yeyir...

Yenə gecə düşür, dünya qaralır,
gözlərim işarır ulduzlar kimi...
Təbiət gizlənir qaranlığında,
ətrafım boş qalır yalqızlar kimi...

*          *          *

Üçümüzük
neçə gündü,
bekarçılıq,
mən,
bir də krassvord...
Neçə gündü
bekarçılığı öldürürəm
asta-asta,
bala-bala,
bekarçılığı öldürürəm
hərfləri
dörd divar arasına
sala-sala...
neçə gündü...

*          *          *

Yarpa-yarpaq solan ağac,
oxuma qəm havasını...
Saçlarını yolan ağac,
oxuma qəm havasını...

Bütün yarananlar ölür,
ölməmək olmur, olmur...
Yarpaq-yarpaq ölən ağac,
bu dünya heç kəsə qalmır...

Qəm eləmə, bu torpağın
əzizi sən, gülü sənsən...
Vaxt gələr öldüyün kimi
yarpaq-yarpaq dirilərsən...

Yarpaq-yarpaq ölən ağac,
oxuma qəm havasını...
0927af0b558679a72c31ceec4cbea5df (700x525, 111Kb)

Комментариев нет:

Отправить комментарий