◘Gecə qaçmışların qalxanıdır. Qələm ikinci dildir. Ədəb öyrənməyən kəsə soy-kökü fayda verməz. Bir saat elm öyrənmək çətinliyinə dözməyən şəxs bir ömür nadanlıq çətinliyinə dözməli olar. Dua rəhmət kilididir.
◘Dünya şirinliyi axirət acılığı, dünya acılığı isə axirət şirinliyidir. Şairlərdən qaç, çünki yalandan ötrü muzd tələb edər. Dünya izzətində sultanlara şərik olanlar axirət zillətində da onlarla şərikdir. Doğruçuluq sərmayəsiz faydadır.
◘Elə paltar geyin ki, abrın getməsin. Ən gözəl pərəstiş odur ki, sahibinin halına uyğun olsun. Əgər ət bahadırsa, səbr ucuzdur. Müsibətə səbr etmək bu müsibətə şad olanlardan ötrü müsibətdir. Xoş xasiyyəti olanın həm özü rahatdır, həm də yaxınları.
◘Dünyada böyük insan səxavətlilər, axirətdə isə pərhizkarlar hesab olunur. Kərim insan azdan ötrü də minnətdar olar, ləyaqətsiz insan isə çoxa da təşəkkür etməz. Zarafat insanın heybətini aparar. Qəzəbə itaət edən ədəbdən üz döndərib. Qəzəbin əvvəli dəlilik, axırı isə peşmançılıqdır. Ən çətin cihad qəzəblə mübarizədir. İnsanların ən zülmkarı odur ki, birinə başqasının mənfəətinə görə əzab-əziyyət versin. Xəyanətkarın dəyəri yoxdur.
◘Dostlarla əlaqəni möhkəmləndir, çünki onlar asayiş və rahatlıq zinəti, çətinlik ehtiyatıdırlar. (Çətinlikdə köməyə gələrlər.) Dostları başa çıxmaq, xəstələrin şəfasıdır. Plutondan soruşdular: “Düşməndən hansı vasitə ilə intiqam almaq olar?” Dedi: “Fəzl və kərəmlə.”
◘Bir filosofdan soruşdular: “O nədir ki, bütünlüklə sənin xeyrinədir?” Dedi: “Şər insanlardan uzaq gəzmək.” Başqa birindən soruşdular: “Dördayaqlını nə kökəldər? “Dedi: “Sahibinin gözü.” Bir filosof deyib: “İnsanlıq dövlətli olan zaman təvazö etmək, qüdrət zamanı əfv etmək, əli aşağı olan zaman səxavətli olmaq və minnətsiz əta etməkdən ibarətdir. Alimlər və elm əhli ilə oturub-duran barlı-bəhrəli, ağılsızlarla oturub-duran isə dəyərsiz olar.
◘Əqli az olanın zarafatı çox olar. Ədəb dövlətdir, onu işlətmək kamal. Nadanlıq ziyanla dolu olan dostdur. Dünyasını abad edən dövlətini bada verib, axirətini abad edən isə öz arzusuna çatıb. Öz hesabını çəkən şəxs salamat qalar, dinini qoruyan şəxs isə qənimət əldə edər.
***
Hikmət sahibləri deyiblər:
◘Fəqirlik utancdır. Dövləti az olanın yaxını da az olar. Batil yay buluduna oxşayır, axırı yoxdur. Hər kəs öz görüşü qədər görər.
◘Əqli sağlam olan həqiqəti görər. Heyvani nəfsə malik olanlar isə hər şeyi özünə sərf edən tərzdə görər.
◘Bir şair deyib: “Ulduz kiçik bir gözə bənzəyir. Lakin bu gözün günahıdır ki, ulduzu kiçik görür, nəinki ulduzun günahı.
***
Yenə də hikmət sahibləri deyiblər:
◘Dostu çox olanın düşmənləri boynuna minər. Yağışlı bulud ildırım çaxan zaman yağar, düzdanışan kişi isə və`də zamanı. Alicənab insanlar üçün və`də borc kimidir.
◘Kərim gec də olsa bağışlayar. Dünya izzəti səxavət və kərəmlə, axirət səadəti isə səcdə ilə əldə olur.
◘Calyənus ölən zaman cibindən bir kağız tapdılar. Həmin kağızda yazılmışdı: “Qazanıb yediyin bədənə, sədəqə verdiyin ruha, qoyub getdiyin isə başqalarına aid olar. Yaxşı insan bir evdən başqa evə getsə də (dünyasını dəyişsə də) diridir. Bədrəftar insan isə dünyada olsa da ölüdür. Qənaət (qane olmaq) fəqirlik yolunun üzərində olan səddir. Tədbir azı çox edər. Adəm övladının Allaha təvəkkül etməkdən faydalı bir şeyi yoxdur.
Ayətullah Meşkini, “Nəsihətlər” kitabı.
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar
Комментариев нет:
Отправить комментарий