İndi də gündəmə “mühacir biznesi” mövzusu salınıb- tozanaq ətrafı bürüyüb. Mövzunun məhz indi aktuallaşdırılması sifarişdən xəbər verir, çünki 15 ildir çiçəklənən bu dəllallıq çoxdan “Polişinel sirridir”.
Söylənənlərin dürüstlüyünə rəğmən, bu biznesin ifşasına qoşulanların qeyri-səmimiliyini sübut etmək üçün elə bu fakt yetərlidir.
Yəni 15 ildir bəllidir ki, bu biznes var. Sübut üçün illərdir saxta siyasi mühacirləri ifşa edən hüquq müdfiəçisi Eldar Zeynalovun faktları yetərlidir, ancaq o faktlara heç vaxt diqqət yetirilməyib.
Yaxud siyasi partiyalar var ki, onların “siyasi mühacir” üzvlərinin sayı Azərbaycandakı üzvlərinin sayından çoxdur- bu da ümumməlum faktdır.
Bundan əlavə, Müsavat Partiyasındakı bizneslə bağlı ittihamlarda Arif Hacılının mərkəzi fiqura çevrildilməsi də qeyri-səmimiyyətdən və xoş olmayan niyyətdən xəbər verir: bu biznes indiki başqanla başlamayıb ki?
Və əgər uzun illər boyu eks-başqan baş verənlərdən xəbərsiz olubsa, yəni kənar adamların onun partiyası barədə bildiklərini bilməyibsə, daha bu nə partiya quruculuğu, nə təşkilat, nə liderlik oldu ki? Onda elə çıxmırmı ki, bu illər ərzində Müsavatı başqan yox, sırf təsadüfi adamlar idarə edib?
Yaxud indi ifşa kampaniyasına qalxanların arasında da Müsavata məhz mühacirətləri ərəfəsində qəbul olanlar, bu qəbulu qəzetlərdə yazanlar, üzvlük sənədini əllərinə aldıqları anın fotolarını yayanlar var.
Adamdan soruşmazlarmı: necə oldu ki, partiyaya ölkədən qaçmaq ərəfəsində qəbul olundun? Cavab sadədir: partiya bileti və başqanla fotolar onlar üçün də qaçışı asanlaşdırmağın əlavə dəlili rolunu oynamalı idi və oynadı da. Heç olmasa belələri susmalı idi.
Və nəhayət: hamının bildiyi məsələni bu gün aktuallaşdırmaqla əslində nəyi sübut edirlər?
Onu sübut edirlər ki, onsuz da iqtidarın zəiflədib heçə çevirdiyi ənənəvi müxalifətin quru qalıqlarını həmin iqtidar indi də özlərini o müxalifətdən sayanların əli ilə yox edir.
Yəni vuran da, vurulan da ənənəvi müxalifətə məxsusdur.
İqtidarın sifarişi yerinə yetirənlər üçün təklif etdiyi bu alçaldıcı taktikaya “baş üstə” deyərək qollarını çırmayanlar xüsusilə ürəkbulanma effekti yaradırlar. Öz formal düşərgələrini zəiflətmək sifarişini yerinə yetirməklə onlar bir tərəfdən guya ki, “mühacir biznesi”ndən bu gün-dünən xəbər tutduğunu iddia edir, özlərini həqiqət carçısı göstərir, digər tərəfdən isə özlərini bundan sonra da müxalifətdən (yəni “təmiz müxalifətçi”) saydıqlarını sərgiləməklə ikiüzlülük göstərirlər (yəni “indiki başqan pisdir, əvvəlki yaxşıdır” deməklə həmin düşərgədə qalmaqda, bundan sonra da yeni sifarişləri yerinə yetirməkdə qərarlıdırlar).
Vaxtilə Borxesin başqa bir məsələ barəsində dediyi proses baş verir: iki keçəlin daraq üstündə davası gedir.
***
Deyəcəksiniz ki, bu kor dalana müxalifət özü-özünü itələyib salıb. Yanılmayacaqsınız. Sabah-biri gün də son 20 ilin səhvlərini təkrarlamayan, narazı kəsimin ümidləri ilə yenə alver etməyəcək müxalifətin formalaşması üçün indiki müxalifətin təkamülünü və iflasını ətraflı öyrənmək gərəkdir.
İnsanlar hakimiyyəti sadəcə tənqid edən yox, onun səhv siyasətini və onun özünü dəyişə bilən müxalifət arzusundadır. Beləsi isə yoxdur.
Hər kəs böyür-başında mini-sorğu keçirsin. Asanca bəlli olacaq ki, insanlar işlək müxalifət gözləntisindədir və onun ətrafında birləşməyə də hazırdır. Ancaq reallıqda onları boşluq gözləyir.
Vətəndaşların əksəriyyəti mövcud quruluşa və onun təmsilçilərinə inanmır və simpatiya bəsləmir. Alternativ kimi isə bu hakimiyyəti sadəcə kağızda və bəyanatlarla tənqid etməklə rolunu bitmiş sayan müxalifəti də görmək istəmirlər.
Yalnız tənqid etmək və heç bir iş görməmək 20 il ərzində öz cəlbediciliyini itirib. İnsanların xəyalındakı müxalifət mövcud formasiyanı dəyişmək qabiliyyətində olduğunu sübut edə biləcək müxalifətdir.
Mahiyyətcə müxalifət - əks-təsirdir, praktikadır, qüvvədir, qarşıdurmadır. Və heç bir halda dəyişməyi arzuladığı Sistemə uyğunlaşmaq, kooptasiya etmək və onunla müqavilə bağlamaq deyil.
İndiki hakimiyyəti bir siyasi subyekt kimi 3 parametrlə xarakterizə etmək olar.
Əvvəla, siyasi parametr: hakimiyyət avtoritardır, qanunlar işləmir, məhkəmələr asılıdır, insan haqları pozulur, idarəçilik volyuntarizmə və kobud gücə arxalanır.
İkincisi, sosial-iqtisadi parametr: bu hakimiyyətin sosial siyasəti bədnamdır, iqtisadi uğurları fantomdur, mədəniyyət şou ilə, elm və maarifçilik - obskurantizmlə əvəzlənib.
Üçüncüsü, xarici siyasət parametri: bu hakimiyyət ölkənin ərazi bütövlüyünü təmin edə bilmir.
Odur ki, obyektiv olaraq ölkə bu parametrləri dəyişə bilən müxalifətin həsrətindədir. Bu müxalifət bir tərəfdən güclü, hakimiyyətin kursuna təsir edə bilən və istənilən an onu əvəz etməyə qabil olmalıdır.
İkincisi, bu müxalifət obyektiv olaraq indiki hakimiyyətin mənfi cəhətlərini aradan götürə bilən proqram və strategiyaya malik olmalıdır. Yəni indiki hakimiyyətin hər 3 parametrdəki xüsusiyyətlərini dəyişə bilməlidir. Daha sadə ifadə etsək, bu müxalifət antiavtoritar, xalqçı, demokratik olmalıdır. İkincisi, sosial siyasəti düzgün formalaşdırmalıdır. Üçüncüsü, ölkənin ərazi bütövlüyünü bərpa edəcək gücdə olmaqla ölkə mənafeyinə uyğun xarici siyasət formalaşdırmalıdır.
Və təəssüflə qeyd edək ki, bu 3 parametrin heç biri indiki müxalifətdə söylənilənlərə uyğun deyil.
Onda nə alınır? O alınır ki, indiki hakimiyyət bir siyasi subyekt kimi hər 3 parametrə görə qüsurlu siyasət yürüdür, müxalifətin isə nəyisə dəyişmək üçün nə gücü, nə səyləri, nə iradəsi, nə də proqramı və kadrları var.
Elə ona görə də indiki müxalifət Azərbaycan xalqının istədiyi, gözlədiyi və müdafiəsinə qalxacağı müxalifət deyil. Və bu müxalifət aşağılarda sadəcə biganəlik hissi doğurur. Və xırda icazəli oyunun passiv subyekti təəssüratı yaradır.
Bir daha rezüme etsək, Azərbaycana obyektiv olaraq o müxalifət lazımdır ki: 1) hazırkı avtoritar idarəçiliyi demokratik idarəçiliklə əvəzləmək istəsin və bunun üçün gücü olsun, 2) sosial dövlət qursun, güclü sosial siyasət proqramı olsun, anti-bazar başlanğıcları gücləndirsin və iqtisadi siyasəti təkmilləşdirsin və 3) ölkənin ərazi bütövlüyünə nail olmaq üçün effektiv proqrama malik olsun.
Güclü və nüfuzlu müxalifət gözləyən azərilər də məhz bu cəhətləri arzulayır. Və məhz elə bunları da ənənəvi olaraq müxalifət adına iddia edənlər anlamır və bacarmırlar...
***
Mübarizə - bayağı kağız bəyanatları, növbəli “ölüm aclıqları”, elan olunan “mitinq”in 100-cü dəfə təxirə salınması, kabinetinə girib qəzet-sayt oxuyan “partiya liderləri”, iqtidardan qidalanan “müxalifətçilər”… deyil.
Siyasətin də, fəlsəfənin də, təbliğatın da, məhbəsin də, döyülmənin də, öldürülmənin də, ziyalılığın da, ideoloqluğun da yükünü 5-10 jurnalistin çəkdiyi bu məmləkətdə hansı mütəşəkkil qüvvə mübarizə apardı ki hələ perspektiv də gözləyirsiniz?! Bu ölkənin siyasətçisi də, ziyalısı da vur-tut bir ovuc jurnalistdir. Onların da sayı günbəgün azalır- məhbəs, şantaj, təqib, ostrakiya…
Bizim vəziyyətimiz unikal arxi-çətin və spesifikdir. Bu, tamamilə fərqli ideologiyaya ehtiyac deməkdir. Bu, nəzəri düşüncənin, siyasi analizin, təşkilatlanmanın, təbliğatın, yeni tip ideoloqun meydana çıxmasının zəruriliyi deməkdir. Varmı bunlar?
Quruluşun, dövrün analizi nəzəri cəhətdən verilməyib, bizi konkret haraya aparmaq istədiklərini açıqlaya bilmirlər (hakimiyyət indi olanlar üçün də, sabah gəlmək istəyənlər üçün də iqtisadi rıçaqlar və Qarabağ spekulyasiyasıdır). Anlamırlar ki, kütlə onun haraya və əsl avanqard tərəfindən çağırıldığını bilmədən heç nəyin ardınca getməyəcək. Narazıların sabaha inamı və oriyentirləri olmasa, bugünkü vəziyyətində qalmağa razılaşacaqlar.
Dövrün inamı ölüb. Və bu inamı iqtidar yox (o, cəmiyyəti ölmüş inam vəziyyətində alıb), özünü opponent sayanlar öldürüb. Öz savadsızlıqları, obıvatelliyi, qorxaqlığı, əqli tənbəlliyi, ideoloji kütlüyü, siyasi bilgisizliyi, nümunə göstərməkdən uzaqlığı ilə. Budur Azərbaycan adlı xəstənin düçar olduğu xəstəliyin etiologiya və simptomları.
Sadəcə, ölkədə elə bir patoloji situasiyadır ki, istənilən xırda yığnağı “partiya” və “hərəkat” adlandırmaq dəbdədir. Hərəkat kütləvi xarakter daşımalıdır, az ya çox dərəcədə strukturlara malik olmalıdır. Konkret məqsədi, yazılı yaxud şifahi də olsa proqramı olmalıdır. Varmı bizdə? Sual ritorikdir.
Əlbət, səbəbləri başqa tərəflərdə də axtarmaq olar. Dövrün unikallığı ondadır ki, tarixdə ilk dəfədir inkişaf etmiş ölkə (keçmiş Sovet respublikaları) “üçüncü dünya dövlətinə” çevrildilib. Sovet quruluşundan kapitalizmin periferiyasına keçidin praktikası öyrənilməyib. Bu, xam torpaqdır, nəzəriyyəçilər üçün meydandır. O öyrənilib analiz olunandan sonra bütün bu partiya və hərəkatlarla bağlı xaos da öz yerini sistemə verəcək. Analiz üçünsə ilk növbədə işləyən başlar, nəzəriyyəçi və ideoloqlar lazımdır.
Bütün inqilabi hərəkatlar eyni mərhələləri keçib: 1) dərnəyə qədər, 2) dərnək, 3) dərnəklərin birləşməsi və nəhayət, 4) təşkilat mərhələləri.
İndi bizdə dərnəyəqədərki mərhələdir Üç-üç, beş-beş haralardsa kimlərsə fikir mübadiləsi edirlər, vəssalam. Bu mərhələdə isə ilk analitiklər və nəzəriyyəçilər üzə çıxır, nəzəriyyənin özülünü qoyur, onu spesifik şəraitə uyğunlaşdırır, müasirləşdirir və yeni inqilabi nəzəriyyənin elementlərini formalaşdırır.
Bu, əslində bütün təşkilatların (sağ, sol ya millətçiliyindən asılı olmayaraq) keçməli olduğu birinci mərhələdir. Bizdə isə özünü 15-20 ilin partiyası elan edənlər belə bu nəzəri sütunları qurmayıb. Permanent məğlubiyyətin də kökü bundadır.
Sonra ilkin nəticələr dərnəklərdə istifadə olunur. Dərnəklər nəzəri təcrübənin mənimsənilməsi yolu ilə yaranır, gələcək inqilabi təşkilatın minimal bazasını formalaşdırır. Sonra qovuşma və təşkilat mərhələləri.
Dərnəyə qədərki fəaliyyət - qeyri-siyasi fəaliyyətdir. Dərnək fəaliyyəti isə artıq siyasidir, çünki bununla gələcək siyasi təşkilatın protostukturu yaranmış olur.
Azəri «partiyalar»ı dərnəyəqədərki mərhələdə olduğunu dərk etmədən özünü iri partiya və təşkilatlar kimi hiss edir. Bu, peşmançılıq gətirən illüziyadır. Onu müşayiət edən reallıq isə “narazılar boldur, hərəkat isə yoxdur” kimidir.
Bunun nəticəsidir ki, yoluna aşağıların dəstəyi ilə başlayan siyasi partiya sonunda xırda dükanla assosiasiya edir...
Məmməd Süleymanov virtualaz.org

Комментариев нет:
Отправить комментарий