05.07.2015

Türkiyə sürünən xaosu seçdi?!

Bir kimsə öz ayranına turş deməz. Türkiyədə parlament seçkilərinin nəticələri açıqlanan kimi AKP-li millət vəkillərindən biri tvitterində yazdı: “Bu xalqa bizim partiyamız qədər heç bir partiya xidmət etmədi. Ancaq xalq yanlış yolu seçdi. Xalq xaosa səs verdi”.
Yanılmır: Türkiyə üçün xaos ehtimalı yüksəkdir və onun prelüdiyası bir kabus kimi ictimai rəyin üzərinə çökməkdədir. Yaxın Şərqdə gedən hadisələr fonunda isə bu ehtimal anbaan daha da artır.
Buna daxili səbəblər də az deyil: birpartiyalı idarəçiliyin yaratdığı sabitlik bitir, yerinə koalision hökumət gəlir, türkiyəlilərin koalisiya ilə bağlı xatirələri isə heç də xoş deyil.
Digər variant isə partiyaların aralarında razılaşmayacaqları ehtimalıdır ki, bu da xaosa yol açacaq ssenariləri işə salır. 1970-ci ildə parlamentdə partiyalar hökumət qurmaq üçün bir il ərzində razılaşa bilmədilər və məsələ 1971-ci ilin hərbi çevrilişi ilə bitdi.
AKP-nin son 4 ildə 8 faiz səs itirməsinin daxili səbəblərini sadalamağı xoşlayırlar, ancaq bu geriləmədə nədənsə Suriya hadisələrinin rolunu qabartmaqda tənbəllik edirlər.
Bəllidir ki, Ərdoğanın mürtəce və mənfur siyasəti olmasaydı, Suriya xalqı indiki sonsuz dəhşətlərlə üz-üzə qalmazdı. Əsədə qarşı savaşan terrorçu qruplaşmaların hansını yerindən qaldırsanız, altından Ərdoğanın adı çıxar: “Azad Suriya Ordusu” Türkiyə ərazisində hazırlanır, “Nüsrə Cəbhəsi” silahı da, canlı qüvvəni də, ərzağı da, tibbi yardımı da, logistik dəstəyi də Türkiyədən alır, İdlib vilayətinin işğalı Ankaranın sayəsində baş tutub, Ərdoğanın İŞİD-lə əməkdaşlığı da sirr deyil - ucuz neftdən başlamış dağıdılan mədəniyyət abidələrinin və qənimət götürülən artefaktların satışına qədər...
Suriyada döyüşən əcnəbilər məhz Türkiyə sərhəddindən bu ölkəyə daşınırlar, onlara sərhədçilər göz yumur, MİT isə kömək göstərir.
Qonşuluğundakı dövləti ABŞ, Qətər və Səudiyyə Ərəbistanı ilə birlikdə dağıdan, yeni barbarlara dəstək olan Ərdoğan reytinqini itirəcəyinin də, bir gün əkdiyini biçərək ölkəsini real təhlükəyə salacağının da fərqində olmalı idi. Olmadı. Təsir isə əks-təsirə bərabərdir.
Və nə heyf ki, Ərdoğanın fəaliyyət məhsulu olan “Avgi tövlələri”ni təmizləməyə qadir Herakl Türkiyə siyasətində yoxdur. Bu, qarşıdurma və xaos ehtimalını bir qədər də yüksəldir.
Beləliklə, qarşıda iki ssenaridən biridir: ya koalisiya, ya da heç nəyi həll etməyəcək yeni növbədənkənar seçki. Elə bir vəziyyət yaranıb ki, onu xilas etmək üçün atılacaq hər bir addım ümumi vəziyyəti daha da ağırlaşdıracaq. Şahmat termini ilə desək, zuqzvanq.
Koalisiya məsələsində AKP ilə kim işbirliyinə gedə bilər? CHP-ni bəri başdan istisna edək - ideoloji fərqləri (biri İslam dövləti, digəri isə sekulyar cəmiyyət qurmaq istəyir) qoyaq qırağa, ortada liderlərin şəxsi düşmənçiliyi faktoru da var, üstəlik partiya üzvləri də onların AKP ilə birliyini anlamaz.
Bundan əlavə, bu iki partiyanın hipotetik əməkdaşlığı o halda baş tuta bilər ki, Ərdoğanın partiyası CHP-yə ən mühüm nazir postlarını təklif etsin. Alınmayacaq.
HDP-nin də AKP ilə koalisiyası mümkün deyil. Yalnız ideoloji səbəblərə görə yox, üstəlik burada da HDP elektoratı bu faktı qəbul etməz. Və ən mühümü - yeni siyasi gücə çevrilmiş HDP-də anlayılar ki, bu koalisiya partiyanın sifətini itirməsi ilə nəticələnəcək. Sifətini qoruyub saxlamaq isə HDP-yə (bu sifəti çoxdan itirmiş CHP və MHP-dən fərqli olaraq) çox gərəklidir.
Və son olaraq prokürd partiyada fərqindədirlər: bu koalisiya yalnız “kim kimi yeyəcək” prinsipi üzərində qurula bilər, burada isə HDP-nin yeyilmək ehtimalı 100 faizlidir. Partiyada fərqindədirlər ki, taktiki müttəfiq strateji düşməndən daha təhlükəlidir. Bunu kürdlərə son yüzillik tarixləri yaxşıca öyrədib.
Qalır MHP. Və Dövlət Baxçalının bütün ritorikasına baxmayaraq, o qənaətdəyəm ki, AKP ilə koalisiyaya razılaşa bilən yeganə partiya məhz MHP-dir.
Əvvəla, Baxçalıda belə bir niyyət olsa, o, partiyasının üzvlərini asanlıqla inandıra biləcək ki, bu əməkdaşlıq “millət və dövlət naminə”dir. Konkret lider ətrafında qurulmuş, şüarçılığa aludə millətçilər də başçının dediklərini həvəslə həzm edəcəklər.
İkincisi, millətçilər digər partiyalardan daha çox AKP-yə yaxındırlar - hər ikisində sağçı mövqe, islami dəyərlər, millətçi ritorika dominantdır.
Habelə bu əməkdaşlıq dünyada indi vüsət alan trendə də uyğun gəlir - yəni mötədil islamçılarla mötədil faşistlərin (nasistlərin yox, məhz faşistlərin) birliyi. Ancaq bu birliyin ölkədəki digər ideologiyalarla fikir ziddiyyətlərini ifrat kəskinləşdirəcəyi, qarşıdurmanın küçələrə yönələcəyi ehtimalını yüksəldəcəyini də nəzərdən qaçırmayaq.
Yəni AKP ilə koalisiyaya getməyi real görünən yeganə partiya olaraq MHP-ni görürəm (əlbəttə, əgər ticarət alınarsa).
O ki qaldı digər üç partiyanın AKP-siz koalisiyasına, bu da nonsens görünür. Onlar çətin ki,ümumi dil tapıb hər hansı bir məsələdə ortaq nöqtəyə gələ bilsinlər. Xüsusən də bu, millətçilərlə kürdlərə aiddir.
Beləliklə, ən ehtimali variant kimi AKP-MHP koalisiyası qalır. Onun həyata qabilliyinə isə zəmanət yoxdur. Və əgər bu “qüsurlu dövrə”dən çıxış yolu tapılmazsa, kənar ssenaristlər üçün Türkiyəni avropasayağı Qərb və kürdlərin olduğu Şərqə - yəni faktik iki dövlətə bölmək planını işə salmaq asanlaşacaq. Bu isə bütün bölgə üçün böyük təhlükədir. Biz də daxil olmaqla...

Məmməd Süleymanov     virtualaz.org

Комментариев нет:

Отправить комментарий