14.07.2015

Peyğəmbərdən (s) hədislər


Peyğəmbərdən (s) nəql olunan şiə hədisləri

◘Hər gün günəş doğan zaman iki mələk onun kənarında fəryad edib deyir: “Camaat! Allaha tərəf tələsin! Az, lakin kifayət edəcək qədər olan mal-dövlət çox və qəflətə səbəb olacaq çoxlu mal-dövlətdən yaxşıdır.


◘İki iş var ki, onları yerinə yetirərkən kimsənin mənə kömək etməsindən xoşlanmıram − biri dəstəmaz, digəri isə öz əlimlə dilənçiyə verdiyim sədəqə. Çünki sədəqə Allahın əlinə çatır.

◘İki söz var ki, həmişə eşidilməz (yə`ni, gözlənilməzdir). Bu iki sözə gərək riayət edilsin. Bunların biri ağılsızın dediyi gözəl sözdür. Bunu qəbul edin. Digəri isə, ağıllı insandan eşitdiyiniz ağılsız sözdür. Bu sözə isə e`tina etməyin.

◘Mənim ümmətimdən iki zümrə var ki, əgər onlar ləyaqətli olsalar hamı ləyaqətli olar. Yox əgər ləyaqətsiz olsalar hamı ləyaqətsiz olar.
Soruşdular: “Ey Allahın rəsulu, onlar kimlərdir?”
Buyurdu: “Rəhbərlər və fəqihlər.”

◘Behiştin xoş ətri beş yüz illik məsafədən hiss olunur. Lakin bu iy bir valideynlərinə əziyyət verib onları incidənlərə, bir də dəyyuslara qismət olmaz.
Soruşdular: “Dəyyus kimlərdir?”
Buyurdu: “Dəyyus, qadınlarının başqa kişilərlə əlaqə saxladığını bilib, buna qarşı heç bir çarə fikirləşməyən biqeyrət kişilərdir.”

◘İkiüzlü insanlar qiyamət səhnəsinə başı üstə, ikidillilər isə üzləri üstə süründürülərək gətirilərlər. Atəş onların bədənindən elə püskürər ki, bədən üzvləri əriyib tökülər. Onları belə tanıtdırarlar: “Bunlar dünyada ikiüzlü və ikidilli olanlardır!”

◘Dünyada ikiüzlü olanların Qiyamət günü atəşdən iki dili olar.
İnsanlar ölən zaman iki dəstə olurlar. Bir dəstə rahat olur, digəri isə başqalarını rahat edir. Birinci dəstə mö`minlərdir ki, dünya çətinliklərindən azad olurlar. İkinci dəstə kafirlərdir ki, ölməkləri ilə bitkilər, heyvanlar və insanlardan bir çoxu onların şərindən rahat olurlar.

◘Həqiqi mö`min o kəsdir ki, öz varını kasıblarla bölüşdürsün və insanlar barəsində insaflı olsun.

◘Mö`min o kəsdir ki, yaxşı işindən xoşhal, pis işindən narahat olsunlar.

◘Həzrət Əlidən (ə) rəvayətdir ki, Peyğəmbər (s) söhbət əsnasında buyurdu: “Alimlər iki zümrədirlər. Onlardan birincisi elminə əməl edən şəxslərdir; bunlar nicat tapanlardır. Digəri isə bildiklərinə əməl etməyənlərdir; Bunlar nicat tapmazlar. Cəhənnəm əhli onların pis iyindən əziyyət çəkər. Ən böyük peşmançılıq və həsrət o alimə məxsusdur ki, camaatı haqqa tərəf də`vət edir və camaat da onun sözünə baxıb Allaha itət etməklə behiştə varid olur, lakin həmin alim öz elm və biliyinin əksinə əməl etmək və nəfsani istəklərinə uymaq vasitəsi ilə cəhənnəmə gedir.”

◘Həzrət Əli (ə) bu barədə belə buyurub: “Sizin üçün iki şeydən çox qorxuram. Onlardan biri nəfsani istəklərə uymaq, ikincisi isə uzun-uzadı arzu və xəyallardır. Nəfsani istəklərə uyub onun ardınca getmək haqq yolunun üzərində olan bir səddir. Uzun-uzadı arzu və xəyallar isə axirəti insanın yadından çıxarar. Dünya getməkdə, axirət isə gəlməkdədir. Bunların hər birinin özünün övladları var. Hər birinin övladları da onun arxasınca gedir. Əgər bacarsanız dünyanın yox, axirətin övladı olun. Siz bu gün hesabsız əməl evindəsiniz. Sabah isə əməlsiz hesab evinə gedəcəksiniz.”

◘Üzürsüz olaraq ayaq üstə bövl etmək və sağ əllə özünü yumaq cəfakarlıq (və İslam əxlaqına qarşı nəzakətsizlikdir).

◘Yenə də o Həzrətdən (ə) nəql edirlər ki, buyurub: “Həya iki qisimdir. Birincisi insanın zəifliyindən, ikincisi isə imanın qüvvətindən irəli gəlir. Birincisi lazım olan məsələləri öyrənməkdən irəli gələn, ikincisi isə günah zamanı Allah qarşısında edilən həyadır.”

◘Yenə də buyurub: “İki nəfər mənim şəfaətimdən faydalanmaz. Biri zülümkar padşahın qapısını qoruyan şəxs, ikincisi isə dində ifrata varmaqla həddini aşan təəssübkeş dindar.”

◘Yenə də buyurub: “Adəm övladı qocalsa da iki xislət onda cavan qalar; hərislik və uzun-uzadı xam-xəyal və arzular.”

◘İmam hüseyn (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Dünyaya məhəbbət bəsləmək qəm-qüssəni artırar, zahidlik və pərhizkarlıq isə qəlb və bədənə aramlıq bəxş edər.”

◘Yenə də buyurub: “İnsanın iki şeydən xoşu gəlmir. Biri ölümdür. Baxmayaraq ki, ölüm mö`minin çətinliklərdən qurtarıb səadətə qovuşmasına səbəb olur. Digəri isə var-dövlətin azlığı.”

◘İki xislət heç vaxt müsəlmanın qəlbinə daxil olmaz. Biri xəsislik, digəri isə bədəxasiyyətlik. Xəsisliklə iman heç vaxt bir qəlbə yerləşməz.

◘Yenə də buyurub: “İki şey var ki, onlardan başqa heç nəyə paxıllıq etmək olmaz. Biri budur ki, Allah bir kəsə bol var-dövlət verib, o da həmin var-dövləti Onun yolunda paylayır. Digəri isə budur ki, bir kəsə Qur`anla ünsiyyət yaradıb, ona yaxşı bələd olmaq kimi böyük bir ne`mət qismət olub və həmin kəs də gecə-gündüz onu oxuyur.”

◘Həzrət Fatimeyi-Zəhra (ə) öz atasına ərz etdi: “Həsən (ə) və Hüseyn (ə) sənin övladlarındır. Onlara bir şey əta et.” Peyğəmbər (s) buyurdu: “Həsənə (ə) öz heybət, zəhm və alicənblığımı, Hüseynə (ə) isə kərəm və şücaətimi əta etdim. (Yə`ni, Allahdan istədim ki, onları bu xüsusiyyətlərlə zinətləndirsin.”

◘Səfvan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Həsənə (ə) heybət və gözəl davranışımı, Hüseynə (ə) isə səxavət və mehribanlığımı (əta etdim).”

◘Peyğəmbər (s) buyurub: “İşa namazından sonra yalnız iki nəfər oyaq qala bilər; namaz qılan və müsafir.”

◘Mənim ümmətimin cəhənnəmə getməsinə səbəb olacaq əsas şey ağız və cinsiyyət üzvü arasındakı nahiyədir. Onları cənnətə aparacaq ümdə şey isə xoş xasiyyət və günahlardan çəkinməkdir.

◘Allah-təala buyurub: “And olsun Öz izzət və cəlalıma! Bəndəmin qəlbində nə iki qorxu, nə də iki arxayınlıq hissi yerləşdirmərəm! Dünyada Məndən qorxan şəxsə axirətdə qorxu yoxdur və onun qəlbini aramlıqla dolduraram. Dünyada məndən qorxmayıb özünü qəzəbimdən amanda hiss edən şəxsin qəlbini isə axirətdə qorxu ilə dolduraram və onun üçün heç bir aramlıq yoxdur.”

◘Mənim ümmətimin islah olması üçün əvvəlinci iki əsas şey günahlardan çəkinmək və yəqindir. 
Onların həlak olması üçün isə ən axırıncı iki şey isə paxıllıq və tamahkarlıqdır.

***
Peyğəmbəri-Əkrəmdən (s) olan əhli-sünnət hədisləri

◘Hər kim ki, özünü iki şeydən qorusa Allah da bunun müqabilində onu iki şeydən qoruyub hifz edər: Dilini camaatın abır və heysiyyətini aradan aparmaqdan qoruyan şəxsi Allah da düz yoldan azmaqdan qoruyar. Qəzəbinin qarşısını alan kəsdən isə Allah Öz qəzəbini götürər. Dünya məhəbbəti ilə Allahı sevmək heç vaxt bir qəlbdə yerləşməz.

◘Qəlbləri nurlandıran şey Allahı yad etmək və Qur`an oxumaqdır.

◘Rəvayət olunur ki, Peyğəmbərin (s) süfrəsində çörəklə yeməkdən ötrü iki növ xörək olardısa, Peyğəmbər (s) onların birindən qənaətlə istifadə edər, digərini isə ehtiyacı olana verərdi.

◘Kifayət edəcək qədər olan az var-dövlət insanı qəflətə salacaq çox var-dövlətdən yaxşıdır. İki dirhəm sahibindən çəkiləcək haqq-hesab bir dirhəm sahibindən çəkiləcək haqq-hesabdan uzundur.

◘Orta həddə yaşayan şəxs heç vaxt möhtac olmaz. Qənaət bitib-tükənməyən dövlətdir.

◘Tamahı az olan kəsin bədəni sağlam, qəlbi isə səfalı olar. Tamahkar insanın isə bədəni xəstə, qəlbi isə narahat olar.

◘Dünyadan ötrü elə çalış ki, sanki əbədi olaraq dünyada qalacaqsan, axirət üçün isə elə çalış ki, sanki ömrünün axırıncı günüdür. (Yə`ni, dünya işlərini tə`cilə, axirət işlərini isə tə`xirə salma. Çünki, əgər sabaha saxlasan, mümkündür, əcəl imkan verməsin.)

◘Peyğəmbər (s) öz səhabələrinə buyurub: “İstəyirsinizmi ki, sizə ən böyük günahın nə olduğunu deyim?” Dedilər: “Bəli, ey, Rəsuləllah!” Buyurdu: “Allaha şərik qoşmaq, valideynlərə zülm və əziyyət vermək.” 
Sonra oturub dedi: “Diqqət edin! Bir də ki, yalan danışmaq və yalandan şahidlik etmək.” Peyğəmbər (s) bu sözləri o qədər təkrar etdi ki, dedilər: “Kaş bu qədəri kifayət edəydi.”

◘Ümmətimin iki təbəqəsi mənim şəfaətimdən məhrumdurlar; zülmkar hökmdar və aşkar günahkar.

◘Əli və Fatimə iki dərin elm dəryasıdır. Onlar arasında sədd var ki, qarışmazlar, o, mənəm. Onlardan ləl`-cəvahir və mərcan çıxar ki, onlar da Həsən (ə) və Hüseyndir.

◘İman və həya bir kökdəndir. Əgər biri aradan getsə digəri də gedər.

◘Hər kəs elm öyrənməkdən ötrü iki addım atsa, iki saat alimin hüzurunda otursa və ondan iki kəlmə eşitsə Allah ona hər biri dünyanın iki bərabərində olan iki behişt əta edər.

◘Öz dinlərinə əhəmiyyət verən kəslər iki dəstədir: Alim və tələbə. Digər insanlar ağcaqanada bənzəyirlər ki, onların vücudunda heç bir xeyir yoxdur. (Yə`ni o kəslər ki, öz dinlərinə arxa çeviriblər.)

◘Hər kim elm dalınca olsa behişt də onun dalınca olar. Hər kim də ki, dünya malı əldə etmək dalınca olsa, atəş də onun dalınca olar. (Dünya malı əldə etmək dalınca gedənlər o kəslərdir ki, bütün fikri-zikri, sə`yləri dünya malı əldə etməkdir və halal-haram bilmirlər.)

◘İki ibdət var ki, onların savabı digər ibadətlərin savabından daha tez gəlib çatar: 1. Qohumlara yaxşılıq etmək. 2. Məzlum (zülm görmüş) insanın köməyinə yetişmək.
İki günahın da cəzası bütün günahların cəzasından daha tez yetişər: 1. Qohumlardan əlaqəni tamamilə kəsmək. 2. İnsanlara zülm etmək.

◘Ən aşağı dərəcə də olsa təqvaya riayət et, Allahla da aranda pərdə saxla, hətta nazik də olsa. (Yə`ni pərdəni tamamilə aradan götürmə.)

◘Ləzzəti gedib günahı qalan iş ilə əziyyəti aradan gedib savabı qorunub saxlanan iş arasında fərq çoxdur! (Birinci işlər haram, ikinci işlər isə saleh əməllərdir.)

◘Məzlumun harayına yetişmək, qüssəli adamın qəmini aradan aparmaq günahların kəffarəsindən də böyükdür.

◘Xeyir işlər yerinə yetirən xeyirin özündən daha yaxşıdır. Şər işlər görən isə şərin özündən də pisdir.

◘Axmaq adamla dostluq etməkdən çəkin. Çünki o, sənə xeyir yetirmək istədiyi halda ziyan verər. Yalançı insanla da dostluq etmə. O, ilğım kimi sənə uzağı yaxın, yaxını isə uzaq göstərər.

◘Hər kəs təvazö etsə Allah onu göyün yeddinci qatına qədər ucaldar. Hər kəs də ki, təkəbbür etsə Allah onu yerin yeddinci qatına qədər alçaldar.

◘Təvazökarlar qarşısında təvazö, təkəbbürlülər qarşısında isə təkkəbbür edin. Bu cür təkəbbürün özü ibadətdir.

◘Ən böyük təvazökarlıq budur ki, hər bir müsəlmana salam verib məclisin aşağı tərəfində oturasan.

◘Camaat təvazö sahiblərindən başqa hər bir ne`mət sahibinə həsəd aparar. Özünü aşağı tutmaq peyğəmbərlərin xüsusiyyətlərindəndir. Təkəbbür isə kafirlər və fir`on xasiyyətli adamların xüsusiyyətlərindəndir.

◘Heç vaxt imkanlı, var-dövlətli adamlar qarşısında (onların var-dövlətinə görə) əyilmə. Hər kəs belə etsə behişt əlindən çıxar.

◘Camaatın onun qarşısında itaətkarcasına dayanmasından xoşlanan kəs cəhənnəm atəşində öz yerini hazırlayıb.

◘Qiyamət günü əməl tərəzisinə xoş xasiyyətdən də üstün bir əməl qoyulmaz. Məni behiştə tərəf çəkən ən üstün əməl pəhrizkarlıq və xoş xasiyyətdir.

◘Xoş xasiyyət və yaxşı qonşuluq etmək evləri abad, ömürləri uzun edər.

◘Mən ağzı və övrəti ixtiyarında olan şəxsin behiştə getməsindən ötrü zaminəm.

◘Adəm övladının yalnız “əmr be mə`ruf və nəhy əz münkərdən” və Allahı zikr etməkdən başqa danışdıqlarının hamısı onun zərərinədir.

◘Allahın asqıraqdan xoşu gəlir, lakin əsnəməkdən yox.

◘İnsanların çoxu iki ne`mət üçün qəmgindirlər; sağlamlıq və asudə vaxt. (Yə`ni onlardan istifadə etməsə də əldən verəcək.)

◘İki göz cəhənnəm odundan amandadır; biri gecə yarısı Allah qorxusundan ağlayan göz, digəri isə Allah yolunda gecə keşik çəkərək yumulmayan göz.

◘Əbu Səid Xidri deyir: “Peyğəmbər (s) xütbələrinin birində buyurdu: “Camaat! Mən sizin aranızda iki dəyərli əmanət qoyuram. Əgər onlardan yapışsanız heç vaxt yolunuzdan azmazsınız. Onlardan biri Allahın kitabıdır ki, asimanlardan yerə tərəf çəkilmiş ipə bənzəyir. Digəri isə itrətim yə`ni, ailəmdir. Bu iki əmanət Kövsər hovuzunun kənarında mənə qovuşanadək əsla bir-birindən ayrı düşməz.”

◘İki xislət var ki, hər kəsdə olsa Allah insanları mühakimə edərkən onlar səbir və şükür edənlərdən hesab olunar; din işlərində ali himmətli olub yüksək əməllər arxasınca getmək və dünya işlərini əhəmiyyətsiz bilib əldə olan ne`mətlərin şükrünü yerinə yetirmək. Dünya işlərini mühüm hesab edib, din işlərinə əhəmiyyət verməyənləri isə Allah səbir və şükür edənlərdən hesab etməz.

◘Adəm övladı qocalsa iki xislət onda cavan qalar; mal-dövlət eşqi və əbədiliyə olan hərislik. İnsanın fitrətində var ki, ona yaxşılıq edənləri sevir, ona pislik edənlərdən isə acığı gəlir.

◘Dünya və axirət qərb və şərq kimidir. Hansına tərəf getsən o birisindən uzaqlaşacaqsan.

◘Çalışqan hərislə qənaətli (qane) pəhrizkar öz ruzilərini artırıb-əskilmədən yeyərlər. Bəs elə isə pərvanə kimi özünü atəşə atmaq nəyə lazım?

◘Nəql edirlər ki, bir gün Peyğəmbər (s) Bəqi qəbristanlığından keçirdi. Bir qəbrin baş tərəfində dayandı və buyurdu: “Elə indicə bunu oturdub ondan bə`zi suallar soruşdular. And olsun məni haqq olaraq peyğəmbərliyə seçən Allaha, yuxarıdan ona atəşdən olan bir gürzlə elə vurdular ki, odun şö`lələri qəlbindən zəbanə çəkdi.”
Sonra başqa bir qəbrin baş tərəfində dayandı və həmin dediklərini bir də təkrarladı və buyurdu: “Əgər ürəkləriniz partlamasaydı, Allahdan istəyərdim ki, bu əzabların səsini mənim eşitdiyim kimi sizin də qulaqlarınıza çatdırsın.”
Soruşdular: “Ey Allahın rəsulu, bunlar nə günahın sahibi idilər?” Buyurdu: “Biri sözgəzdirən idi, digəri isə sidikdən sonra istibra etmirdi. (Yə`ni, natəmiz idi.)

◘Ruzi ələ gətirməkdə orta həddə riayət edin. Sizin qismətiniz sizdən də sür`ətlə arxanızca gəlir. Sizin qismətiniz olmayacaq bir şey üçün nə qədər çalışsanız da onu əldə edə bilməyəcəksiniz.

◘Dünyada mənim Əhli-beytimə (ə) bir karat kömək göstərənlərə axirətdə bunun əvəzində bir qəntar (bir inək dərisi dolu qızıl) kömək edəcəyəm.

◘İki qardaş iki əl kimidir. Biri o birisini yuyar.

◘Allah bir kəsə xeyir vermək istəsə ona ləyaqətli bir dost yetirər, həmin dost da ona Allahı unudarsa Allahı xatırladar, yad edən zaman isə daha da kömək edər.

◘Əməl tərəzisinə qoyulacaq ilk şey xoş xasiyyət və səxavətdir. Allah imanı yaradan zaman o, Allahdan onu qüvvətləndirməsini istədi. Allah da xoş xasiyyət və səxavət vasitəsilə onu daha da gücləndirdi. Allah küfrü yaradan zaman o da Allahdan onu qüvvətləndirməsini istədi. Allah da onu pis xasiyyət və simicliklə qüvvətləndirdi. (İman və küfrün istəməsi bir növ misaldır. Yə`ni, yuxarıda qeyd olunan xüsusiyyətlər iman və küfrün zərurətlərindəndir.)

◘Günəş buzu suya döndərdiyi kimi, xoş xasiyyət də günahı əridər.

◘Xoş xasiyyət dəvənin burnuna taxılan dəmir halqa kimi sahibinin burnuna taxılıb. Bir mələk də həmin halqadan tutub onu səadət yolu ilə aparır. Səadət yolu da behiştə tərəf gedir. Pis xasiyyət də həmin halqa kimidir. Lakin bu halqa şeytanın əlindədir və şeytan da onu bədbəxtlik yolu ilə aparır. Həmin bədbəxtlik yolu isə cəhənnəm oduna tərəf gedir.

◘Sübh çağı hər kimin ata-anası ondan razıdırsa cənnətin iki qapısı onun üzünə açıq olar. Bu, axşam çağı da belədir. Əgər valideynlərdən təkcə biri ondan razı olsa cənnətin də bir qapısı onun üzünə açıq olar. Lakin, hər kimin ata-anası sübh çağı ondan narazı olsa cəhənnəmin də iki qapısı onun üzünə açıq olar. Əgər onlardan biri ondan narazı olsa cəhənnəmin də bir qapısı onun üzünə açıq olar.

◘Behiştin xoş ətri beş yüz illik yoldan hiss olunur. Lakin bu iy ata-anaya əziyyət edənlərin və qohum-əqrəbalardan əlaqəni tamamilə kəsənlərin burnuna dəyməz.

◘Hər kim bilmək istəyirsə Allah yanında olan məqamı nə dərəcədədir, qoy baxıb görsün Allahın məqamı onun yanında nə dərəcədədir. Dünya və axirət işinin hər ikisi birdən qarşıya çıxa, axirət işini seçərsə bilsin ki, Allahını sevir. Yox əgər, dünya işini seçərsə bilsin ki, Allaha qarşı e`tinasızlıq etmişdir.

◘Ləzzətləri məhv edib aradan aparanı (yə`ni ölümü) çox yad edin. Əgər həyatın sıxıntı anlarını yaşayırsınızsa sizi rahatladıb qəlbinizə aramlıq verər. Əgər sərvətli və rifah halında olsanız var-dövlətə qarşı nifrət hissi oyadaraq sizi infaq (sədəqə) verməyə məcbur edib savaba çatdırar. Çünki ölüm arzuların kökünü qırıb atar, ömrün gecələri isə əcəli yaxınlaşdırar.

◘İnsan iki günün arasındadır; əvvəldəki günün əməlləri yazılıb və möhürlənib, qarşıdakı günə də ki, bəlkə çatmadı.

◘İnsan canını əldən verib torpaq altına qoyulan zaman başa düşür ki, özündən qabaq göndərdiyi işlərin əvəzi hazırdır və qoyub gəldiklərinin isə heç bir faydası yoxdur. Xüsusi ilə də ki, qeyri-şər`i yolla ələ gətirdiklərinin və haqlarını ödəmədiklərinin.

***
Peyğəmbərdən (s) olan digər şiə hədisləri

◘Əgər bir alim və yaxud bir tələbə hər hansı bir müsəlmanlar yaşayan kənddən, yaxud da şəhərdən keçərsə və hətta dayanmadan bir tərəfindən daxil olub digər tərəfindən xaric olarsa və yaxud da orada dayanaraq heç bir su və azuqədən istifadə etməzsə də Allah qırx gün onlardan qəbir əzabını götürər.

◘Bu ümmətin alimləri iki təbəqədən ibarətdir: Biri Allahın onlara verdiyi elmi heç bir tamahları olmadan yeyir, öz biliklərini çörəyə və suya satmırlar. Dəryadakı balıqlar, qurudakı heyvanlar havadakı quşlar bu cür alimlərdən  ötrü istiğfar edirlər. Onlar Allah dərgahına böyük hörmət və şərafətlə gedər, peğəmbərlərlə bir yerdə oturub durarlar. Digəri isə elmlə möhtəkircəsinə davranar (yə`ni, onu cəm edib saxlayar, münasib fürsət ələ keçdikdə onu baha qiymətə satır). Onu (elmi) pula, dövlətə dəyişər. Qiyamət günü bu cür alimlərin ağızlarına atəşdən yüyən vurular. Bir nəfər fəryad edib car çəkər: “Bunlar Allahın onlara elm əta etdiyi kəslərdir. Onlar isə həmin elmi yaymaqda simiclik edir və onu dünya malına satırdılar!” Bu səda insanlardan hesab çəkilib qurtarana qədər davam edir. (Bu alimlərdən məqsəd qəzavət işlərinə rüşvətxor alimlərdir ki, qəzavət etməkdən ötrü müəyyən məbləğ pul tələb edirlər. Yaxud da məqsəd dinin zəruri məsələlərini pulsuz öyrətməyənlərdir. Lakin moizə edib rövzə oxumaqdan ötrü muzd almağın eybi yoxdur, xüsusilə də, həmin şəxsin ehtiyacı varsa.)

◘Elm iki növdür: Biri odur ki, qəlbdə özünə yer alıb. Bu elm fayda verən elmdir. Digəri isə təkcə dildədir. Bu elm də sahibi üçün höccətin tamam olması deməkdir.

◘Mən öz ümmətimdən ötrü mö`minin və müşrikin şərindən qorxmuram. Ona görə ki, mö`minin imanı onun fəsadının qarşısını alır. Müşriki də öz şirki məhv edəcək. Təkcə qorxduğum şey münafiq alimlərdir ki, danışıqları gözəl, rəftarları isə pisdir.

◘Şər insanların ən şəri şər alim, xeyir insanların ən xeyirlisi gözəl alimdir.

◘Özü əməl edib, başqalarına da öyrətmək üçün iki hədis öyrənən şəxs bu işə başlayan kimi onun üçün yazılan savab altmış illik ibadətdən üstündür.

◘Allahın məni məhz onun üçün göndərdiyi elm və hidayət müxtəlif yerlərə yağan yağışa bənzəyir. Bu yerlərin də bə`ziləri münbitdir. Suyu özünə çəkir, gözəl yaşıllıqlar yetirir. Eyni zamanda sudan müəyyən miqdarını özünə çəkib müəyyən qablarda onu su anbarı şəklində qoruyub saxlayır. Beləliklə də Allah insanlara mənfəət yetirir;  həmin su anbarlarından içməli su kimi və əkin biçin işlərində istifadə edirlər. Bu yerlərin bə`ziləri isə yararsız torpaqlara bənzəyir. Nə bəhrəsi var, nə də suyu özündə qoruyub saxlayır. İnsanların da bə`zisi din elmlərini öyrənib ona əməl edir və eyni zamanda onu həm də yayırlar. Bə`ziləri də nə əməl edirlər, nə də tədris.

◘İki kəsdən başqa heç kəsə qibtə etmək olmaz: Biri yaxşı insandır ki, Allah ona var-dövlət verib, o da onu Allah yolunda sərf edir. Digəri də odur ki, Allah ona hikmət əta edib, o da həm onu insanlara öyrədir, həm də onun vasitəsi ilə düzgün qəzavət edir.

◘Hər kim ki, insanları haqqa də`vət edir, haqqa gələnlərin əməlləri miqdarında onun üçün savab yazılar və eyni zamanda haqqa gələnlərin də savabları öz yerində qalar. Hər kim də ki, insanları haqq yoldan azdırır, azğınlığa gedənlərin günahları qədər də həmin şəxs üçün günah yazılar və eyni zamanda onların öz günahları da yerində qalar.

◘Elm öyrənən və elmi öyrədənin hər ikisinin Allah yanında əcri var. Digər insanlarda isə xeyir yoxdur.

◘Elm öyrənib zöhdə riayət etməyən kəs Allahdan uzaq düşməkdən başqa bir şey əldə etməyib. (Zöhd odur ki, əlinə gələn şey üçün sevinməyib əldən verdiyin şey üçün heyfislənib təəssüflənməyəsən.)

◘Səhl ibn Sə`d deyir: “Bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: “Mənə elə bir əməl öyrət ki, həm Allah yanında, həm də camaat nəzərində sevimli olsun. Buyurdu: “Dünyaya könül bağlama, Allah yanında əziz olarsan. Camaatın da malına göz dikmə, camaat səni sevsin.”

◘Qiyamət günü Allah mənim ümmətimin hər birinə qanadlar verər ki, qəbirlərdən behiştə doğru pərvaz etsinlər, orada istədikləri şəkildə dövrə vursunlar və müxtəlif ne`mətlərdən bəhrələnsinlər. Məlaikələr onlardan soruşar: “Siz kimin ümmətindənsiniz?” Cavab verərlər: “Məhəmməd (s) ümmətindən.” Soruşarlar: “Siz Allah, sizin  dünyadakı əməliniz nə idi?” Cavab verərlər: “İki xüsusiyyət səbəb oldu ki, Allah Öz fəzl və rəhməti ilə bizə bu məqamı əta etdi; xəlvətdə də olsaq Allah qarşısında günah etməkdən çəkinərdik və aza da qane olardıq.” Məlaikələr deyər: “Bəli, siz bu məqama layiqsiniz.”

◘Sizin aranızda sizə nəsihət edəcək iki şey qoyuram; biri danışan, biri sakit. Danışan Qur`andır, sakit isə ölüm.

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Комментариев нет:

Отправить комментарий