05.07.2015

Palmira. Barbarlara uduzan mədəniyyət...

Barbarlıqla mədəniyyətin ölüm-dirim savaşının arenasına çevrilmiş Suriyadan son həftə ərzində faciəvi xəbərlər yayılır.
Təklənmiş, qanı süzülən, eyni vaxtda bir neçə mənfur rejimin və onların marionetlərinin işğalına qarşı dirəşən, 4 illik müharibədə gücü tükənən Suriya ordusu savaş başlayandan bəri ən ağır məğlubiyyətlərini yaşayır.
İdlib və Cisr əş-Şuqur şəhərlərinin ardınca “Nüsra Cəbhəsi” başkəsənləri indi də çox əhəmiyyətli əl-Məstum hərbi bazasını ələ keçirdi. Qədim Arixa şəhəri tam mühasirəyə düşüb və çoxsaylı qaçqınlarla birlikdə əhalisinin sayı 300 minə çatan şəhərdə qətliam qaçılmazdır.
Paralel olaraq İŞİD silahlıları Əs-Sux şəhərini ələ keçirdikdən sonra “Suriyanın mirvarisi” və “səhra gözəli” adlandırılan əfsanəvi Palmiraya doğru irəlilədi. Mayın 21-də Palmira süqut etdi və islamçıların tam nəzarətinə keçdi.

Bu şəhərdən rəsmlər köhnə nəsillərin nümayəndələrinə yaxşı tanışdır. Palmira abidələri bizim 5-ci sinif tarix kitabının üz qabığını bəzəyirdi. 4 min illik tarixi olan Palmira ilk növbədə məhz qədim mədəniyyət abidəsi kimi tanınıb. Səhranın ortasındakı oazisdə qurulmuş qədim şəhəri nələrin gözlədiyini təsəvvür etmək çətin deyil.
Barbarlıq mədəniyyət üzərində növbəti qələbəsini qazandı. Bu biabırçılıq üçün ABŞ, Türkiyə və Yaxın Şərq monarxiyaları İslam terroruna əllərindən gələn bütün yardımı göstərdilər.
Terrorçuların nəzərində Palmira ilk növbədə sivilizasiyanın beşiklərindən biri yox, Əsədə qarşı savaşda strateji əhəmiyyət daşıyan məntəqədir. Onun süqutu ilə faktik olaraq Suriya ordusunun şimal cəbhəsi süqut etdi.
Palmira bir tərəfdən Dəməşq və Homsa doğru yürüş üçün platstdarm, Latakiyanı və Tartusu bilavasitə təhlükə altına salan hücum nöqtəsidirsə, digər tərəfdən də şərqdə - Deyr-əz-Zorda hələlik Əsəd ordusunun əlində qalan məntəqələri işğal etmək üçün şansdır.
Və bu da hamısı deyil - Palmirada Suriya ordusunun ən zəngin silah bazalarından biri yerləşirdi. Üstəlik, şəhərin yaxınlığında iri qaz yataqları var, habelə Palmira mavi yanacağın emalı və paylaşdırılması nöqtəsidir. Onun işğalı ilə Dəməşqin və Latakiyanın yanacaqla təminatı təhlükə altına düşür.
İşğal isə yalnız hərbi yox, həm də mədəni sahədə ən ağır nəticələrə yol açır. Söhbət barbarların dünya mədəniyyəti tarixinin ən zəngin (üstəlik, qorunduğu üçün yaxşı vəziyyətdə olan) abidələrindən birini - açıq səma altındakı muzeyi məhv edəcəyindən gedir. YUNESKO-nun “dünya mədəniyyəti irsi” siyahısında olan Palmiraya qədər islamçılar artıq Suriyada 750-dən çox qədim abidəni məhv edib.
Palmira bu siyahıya əlavə olunacaq - artıq Bela məbədlər kompleksinin ərazisində İŞİD-in qara bayrağı yellənir.
Əfsanəyə görə, bu şəhəri Süleyman peyğəmbər qurub. Onun tarixinin ən çiçəklənən dövrü eramızın ilk əsrlərinə aiddir. Həmin vaxt Palmira çarlığı Roma imperiyasından ayrılaraq müstəqillik əldə edir, başında isə tarixin məşhur qadın hökmdarlarından biri sayılan Zenobiya (Zeynəb) dayanır.
Sonra imperator Avrelian Palmiranı fəth edir, Zenobiyanı əsir alır və qızıl qəfəsə salaraq Romaya gətirir. Zenobiya bu vəziyyətdə Roma əhlinə zəngin qənimət nümayişinin ön cərgəsində təqdim olunur. Avrelian Zenobiyanı öldürtmür, öz saraylarından birində ev dustağı edir.
“İpək yolu”nun üzərində mühüm tranzit nöqtəsi olan Palmira qədim Şərq və Qərb (Roma) mədəniyyətin qovuşduğu bir şəhərdir. Burada Tiberi və Avrelian dövrünün möhtəşəm tikililərinin qalıqları yerləşir. İndi isə 3-cü minilliyin vəhşiləri yaşı iki minə yaxınlaşan möhtəşəm abidələri yerlə yeksan etməyə hazırlaşır.
Bu cür təhlükə ehtimalını nəzərə alan Suriya hökuməti əvvəlcədən Palmiranın kiçik ölçülü yüzlərlə artefaktını Dəməşqə daşıyıb, ancaq monumental abidələri ki, daşımaq mümkün deyil. Nəticədə qədim tarixin qalıqları birdəfəlik Yer üzündən silinəcəyi günün astanasındadır.
İslamçılar daha əvvəl İraqda qədim Assuriya və Babil şəhərlərini dağıtdı. Zəngin Mosul muzeyinin eksponatları məhv edildi və bu vəhşilik videoya çəkilərək yayımlandı.
Əslində islamçılar heç də bütün eksponatları məhv etmirlər - onların bir çoxu sonra “qara bazar”da peyda olur, Türkiyə vasitəsilə varlı kolleksiyaçılara satılır. Ancaq yox edilən artefaktlar da az deyil.
Eyni vəhşət bu ilin əvvəlində Nineviya və Nimrud şəhərlərində təkrarlandı. Qədim şəhərlər buldozerlərin qabağına verildi. Oxşar tale bənzərsiz Palmiranı gözləyir.
Kimsə deyəcək ki, kamera qarşısında kütləvi qətllər törədən vəhşilərin məhv etdiyi insanlarla müqayisədə hansısa eksponatların dağıdılması heç də taleyüklü məsələ deyil.
Bu müddəa kökündən səhvdir. Əvvəla ona görə ki, kütləvi qətlamlar da, qədim abidələrin məhvi də eyni barbarlığın həlqələridir - ya hər ikisini etmirlər, ya da hər ikisini edirlər. İkincisi, bu yolla təkcə tarix və keçmiş silinmir, mədəniyyət tar-mar olmur, həm də vəhşilik banallaşır.
Şiller “Harada ki kitab yandırırlar, orada adamları da yandıracaqlar” yazırdı (İŞİD İraqda həm Mosul kitabxanasındakı 10 min kitabı, həm də iordaniyalı pilotu yandırdı).
Palmiranı silib atanlar insan talelərini də tikə-tikə etməyə qadirdir. Və ya tərsinə.
Barbarlığın motivləri həmişə ikili tərkib daşıyır. Burada ideoloji və instinktiv (daha ibtidai) qatlar var. İndiki halda üzzdə olan ideoloji qat radikal islam ənənələrinə arxalanır. Yəni təsvirlər olmaz, məzarlar isə itməlidir.
Ancaq daha az diqqət edilən instinktiv qatın təsir gücü heç də ideoloji qatdan az deyil. Müasir vəhşiləri əsrlər boyu müsəlman qaydaları ilə yşamış fərdlər saymaq olmaz. Əksinə, onlar istənilən ənənədən məhrumdur, işğal etdikləri ərazilərlə nə dövlətçilik, nə məskunlaşmaq, nə də təsərrüfat baxımından bağlıdırlar. Onlar vur-tut müharibənin köpəkləridir. Bu anlamda onlar klassik vəhşilərdir, sivil cəhətdən heç bir yerə bağlanmayıblar. Həmin ərazilərdəki qaydalara yaddırlar, odur ki, bu qaydaları məhv edirlər.
Eynilə bu məntiqlə eramızın əvvəlində qədim Romanı ələ keçirən barbarların bu şəhəri necə dağıtdıqlarını anlamaq mümkündür.
İnsan həyatı yalnız sekulyar cəmiyyətlər üçün dəyərlidir və öldürmək xatirinə qətllər, sonra da bu qətllərin videoya çəkilərək yayılması insani hissləri təhqir etməkdir. Abidələr, mədəniyyət, muzeylər, kitabxanalar da sekulyar cəmiyyətlər müqəddəsdir və onların da məhvi yüksək insani hissləri təhqir etməkdir. Bu abidələr ali dəyərlərdən xəbər verir və onların məhvi mədəniyyətin daşıyıcıları tərəfindən intuitiv olaraq təhqir kimi qəbul edilir. Bu həqiqəti İŞİD barbarları da bilirlər və bundan yararlanırlar. Onların zərbələrinin dəqiqliyi hansısa küçə əclafının təhqir üçün zəif nöqtəni tapmağındakı dəqiqliyi xatırladır.
Qəribədir - onlar modern cəmiyyətə qarşı çıxdıqlarını söyləsələr də, nə kompüterdən, nə də maşından imtina edirlər. Onlar pulları tonqala töküb yandırmırlar. Onlar Qərb sivilizasiyasına düşmən olduqlarını iddia etdikləri halda, bu sivilizasiyanın nemətlərindən və kəşflərindən yararlanmaqda davam edirlər. Üstəlik də Qərb sivilizasiyası üçün nələrin sakral olduğunun fərqindədirlər. Və müasir barbarlar bilirlər: kübar cəmiyyətləri təhqir etmək üçün onlar üçün sakral olan ali dəyərləri ələ salmalıdırlar. Salırlar da.
Bu anlamda Palmiranın taleyini həll olunmuş sayaq...

Məmməd Süleymanov      virtualaz.org

Комментариев нет:

Отправить комментарий