11.07.2015

Şəhidliyə gedən yol: Bədəvi çadırında doğulan inqilab lideri – Qəddafinin siyasi portreti

Onun haqqında nələr danışmırdılar: dahidir, dəlidir, İblisdir...
Hətta arada şayiələr gəzirdi ki, müntəzəm şəkildə Misirdə, Yuqoslaviyada, İsveçrədə psixiatrların müalicəsindən keçir.
Müəmmar ibn Muhəmməd əbu Mənyar Əbdül Salam ibn Həmid əl-Qəddafinin doğum tarixi dəqiq bilinmir. Bioqraflarının əksəriyyəti 1940-cı ili nişan verir. Özü isə həmişə yazardı ki, 1942-ci ilin yazında Sirt şəhərinin 30 kilometrliyində bədəvi çadırında dünyaya gəlib.
69 ildən sonra onu elə bu şəhərdə də öldürəcəklər...
Atası əl-Qəddaf tayfasından idi və köçəri həyat sürərək dəvə, keçi otarmaqla ailəsini dolandırırdı.
(Qəddafi hakimiyyətə gələndən sonra deyəcək ki, İraqdan gəlmiş kübar bədəvi ailəsindəndir. Hələ hakimiyyət havası onu tam tutanda özünü “ərəb dünyasının Məsihası”, Muhəmməd (s.v.s), İsa və Musa  peyğəmbərlərin davamçısı adlandıracaq).
Sonradan uşaqlığını belə xatırlayacaq: “Mən indiki həyatın infeksiyalarla zəhərləmədiyi təmiz mühitdə böyümüşəm. Xalqımın yaşadığı şəraiti dərk edir, onun çəkdiyi əzabları yaşayrdım. Biz xeyirlə şərin nə olduğunu bilirdik”. 
Doqquz yaşı tamam olanda valideynləri onu ibtidai məktəbə qoydular. Məktəb illərində həyatını azadliq naminə qurban vermiş qəhrəmanlar haqda kitabları çox sevərdi. Elə bu kitabların təsiri altında hələ orta məktəbdə oxuyarkən gizli gənclər təşkilatı yaratmışdı.
Qeyd edilməlidir ki, gələcək polkovnikin təhsili Liviyada müxalif hərəkatın doğuluşu ilə eyni vaxta düşdü. Cəmiyyətin müxtəlif təbəqələrində kral rejimindən narazılıq yetişirdi. Böyük şəhərlərdə və əyalət mərkəzlərində müxalif qruplar yaranmağa başlamışdı. Belə qruplardan birinə gənc Qəddafi rəhbərlik edirdi. O, 1961-ci ilin əvvəlində Səbha şəhərində kollec tələbəsiykən Əlcəzair inqilabına dəstək kimi, gənclərin nümayişi başlandı və dərhal da antimonarxiya məcrasına yönəldi. Nümayişin təşkilatçısı və rəhbəri 19 yaşlı Qəddafi idi. Onu həbsə alıb şəhərdən sürgün etdilər və təhsilini Misurat şəhərində davam etdirməli oldu.
1963-cü ildə Qəddafinin təşəbbüsü ilə Tripol, Səbha və Misurat tələbələrinin bir qismi hərbi və mülki qanaddan ibarət gizli təşkilat yaratdılar. Hərbi qanadın rəhbəri 21 yaşl Qəddafi oldu.
1964-cü ildə Bənqazidən xeyli aralı Təlməyt kəndində təşkilatın ilk qurultayı keçirildi. Qəddafinin təklifi ilə 1952-ci il Misir inqilabının “Azadlıq, sosializm, birlik” şüarı qurultayın devizi seçildi. Gizli qrupun adı “Azad gənc sosalist zabitlərin təşkilatı” (AGSZT) qoyuldu və davranış kodeksi müəyyən edildi: kart oynamaq, şərab içmək, əyləncə müəssisələrinə baş çəkmək qadağan edildi, dini ayinlərin hamısı icra olunmalı idi. Yeni yaradılmış Mərkəzi Komitəyə silahlı üsyana hazırlıq  tapşırıldı.
19-21 yaşlı “azad zabitlər”in siyasi təcrübəsi, sosial dəyişikliklər proqramı, qəti ideoloji prinsipləri yox idi, lakin  qarşılarına konkret məqsəd qoymuşdular: monarxiyanın devrilməsi, cəhalətin kökünün kəsilməsi, imperializmdən azad olub əsil milli azadlıq əldə etmək, xalqın sosial ədalət gözləntilərini təmin etmək, ərəblərin birliyini yaratmaq və Fələstin ərəblərinin qanuni haqqının təminatı.
AGSZT üzvləri hərbi kolleci bitirəndən sonra hərəsini bir hərbi hissəyə göndədilər və əlaqələr zəiflədi. Gizli fəaliyyət göstərənlərin rəhbəri və koordinatoru Qəddafi oldu. “Gizli” zabitlərin nüfuzu bütün orduya yayılmağa başladı və 1966-clı ildən hərbi çevriliş hazırlığı başlandı. 1967-ci ildə biabırçı məğlubiyyətlə başa çatan altıgünlük İsrail-ərəb müharibəsi Liviyada da geniş əks-səda doğurdu. Orduda narazılıq gücləndi. Liviya ordusunun İsrail təcavüzünə qarşı çıxmaması zabitləri hiddətləndirmişdi. Lakin orduda cəmiyyətin müxtəlif zümrələrinin dəstəklədiyi digər qanad da var idi. Ona kralın müşavirinin qardaşı polkovnik Əbdüləziz Şəlhi başçılıq edirdi. O, 1969-cu ildə baş qərargah rəisinin müavini və kral ordusunun yenidən təşkil olunması üzrə komitənin sədri təyin edildi. Sonradan aydınlaşdı ki, sonuncu vəzifə hərbi çevriliş hazırlığını ört-basdır etmək üçün imiş.
“Azad zabitlər” təşəbbüsü ələ almağı qət etdilər. 1969-cu ilin sentyabrına planlanan çevriliş bir neçə dəfə təxirə salındı: tələsik hərəkət gözlənilməz nəticələr verə bilərdi.
Avqustun ikinci yarısında məlum oldu ki, kral İdris xaricə müalicəyə gedir. Şayiələr yayıldı ki, polkovnik Şəlhi bir qrup zabiti xaricə təcrübə toplamağa göndərir. Onların arasında gizli təşkilatın xeyli üzvü, o cümlədən Qəddafi də var idi.
Deməli, polkovnik Şəlhi sentaybrın 15-də hakimiyyəti ələ keçirtmək niyyətindədir. Azad zabitlər bu qənaətə gəldikdən sonra çevrilişin vaxtını dəyişdilər: 1 sentyabr!
Azad zabitlərin yaratdığı və Qəddafinin başçılıq etdiyi 12 zabitdən ibarət İnqilabi Komandanlıq Şurası (İKŞ) 1969-cu il sentyabrın 1-də səhər erkən eyni zamanda Bənqazi, Tripoli və ölkənin başqa şəhərlərində hərəkətə keçdi. Əsas dövlət və hərbi obyektlər dərhal nəzarətə götürüldü, Amerika bazalarına gedən yollar əvvəlcədən bağlandı.
Qəddafi həmin gün radio ilə çıxış edib monarxiyanın devrilməsi haqda məlumat verdi: “İnqilab azadlıq, birlik, sosial ədalət və bütün vətəndaşların bərabərhüquqlu olmasını rəhbər tutacaq”.
Tərkibi elan edilməmiş İKŞ müvəqqəti olaraq hakimiyyəti idarə etməyə başladı. Yalnız iki həftədən sonra bildirildi ki, inqilabın rəhbəri və İKŞ-nın sədri 27 yaşlı polkovnik Müammər Qəddafidir (o, çevriliş günlərində rabitə qoşununun kapitanı idi).
Rəhbər ömrünün sonuna kimi elə polkovnik rütbəsində də qaldı...
Yeni rejim möhkəmləndikcə və onun rəhbərlərinin adları elan edilməyincə, Liviyadakı diplomatlar, jurnalistlər, xarici hərbçilər və iş adamları “inqlabın hamiləri” haqda bir-birindən fantastik versiyalar irəli sürürdülər: ruslar, MKİ, nasirçilər...
ABŞ və İngiltərə hesab edirdi ki, “azad zabitlər” əyalət adamlarıdır,  təfəkkürləri bəsitdir və onlarla “ümumi dil” tapmaq asan olacaq.
“Ümumi dil” tapıldı da: artıq 1969-cu il oktyabrın 7-də Liviyanın BMT-dəki daimi təmsilçisi Liviyadakı xarici bazaları ləğv etmək niyyətini bəyan etdi. Ardınca Liviya rəhbərliyi ABŞ və İngiltərə səfirliklərinə uyğun müqavilələrin pozulduğu haqda məlumat verdi.
Eyni zamanda ölkədəki xarici yatırıma qarşı hücum başlandı.
İslam dini ölkənin rəsmi dini elan edildikdən sonra inqilabın əsas məqsədləri açıqlandı: din, mənəviyyat və vətənpərvərliyə əsaslanan sosializm qurmaq.
Qəddafi sosial ədaləti təmin etmək, yüksək istehsal, istismarın bütün formalarının ləğvi və milli sərvətlərin ədalətli bölgüsü ilə buna nail olmaq istəyirdi.
(Digər liviyalıları deyə bilmərik, amma öldürüləndən sonra inqilab rəbərinin xarici banklarda 70 milyard dolllara yaxın sərvəti üzə çıxdı...)
İKŞ nazirlər kabinetini təyin etmək, müharibə elan etmək, müqavilələr bağlamaq, dövlətin daxili və xarici siyasətinin əsas aspektlərini müəyyən edən qanun səviyyəsində dekretlər çıxartmaq səlahiyyətinə malik idi.
Qəddafi Liviyasının ideoloji və siyasi quruluşunu onun “Yaşıl kitab”ında (1976) irəli sürülmüş özəl konsepsiya müəyyən edirdi. Kitab dövlətin “başlıca ideoloji sənədi” sayılırdı.
Polkovnik hesab edirdi ki, bu kitab bəşəriyyətin problemlərini qəti şəkildə həll edəcək: “İstərdim ki, bu kitab çağdaş insanlığın “İncil”i olsun”.
Qəddafi düşünürdü ki, Cəmahiriyyə, yəni xalq hakimiyyəti üç prinsipə - xalq kütlələrinin xalq məclisi vasitəsilə hakimiyyəti gerçəkləşdirməsi, xalqın ictimai sərvətə sahib olması, ordunun silah monopoliyasına son qoymaq üçün silahın xalqa verilməsi – söykənməlidir.
“Hakimiyyət, sərvət və silah xalqın əlindədir!” şüarı da buradan  qaynaqlanırdı.
(Qəddafinin son aqibətinə həyatına sırf batini baxımdan yanaşarkən. çox sadə bir həqiqət üzə çıxır. Batini təsəvvürə görə, dəfələrlə təkrar edilən tezis mütləq gerçəkləşir. Yəni Qəddafinin “silah xalqa verilsin” ideyası “ərəb qasırğası”nın Liviya kəsimində tam şəkildə reallaşdı və məhz xalqa verilməli olan həmin “silahlar” Qəddafinin qəniminə çevrildi...)
1975-ci il seçkiərindən sonra Ümumxalq Konqresi (ÜXK) yaradıldı. ÜXK-nin 1977-ci ildə Səbhada keçirilən sessiyasında ölkənin yeni adı – Liviya Sosialist Xalq Cəmahiriyyəsi qəbul edildi və bildirildi ki, ölkə qanunvericiliyi Qurani-Kərimə əsaslanır.
Qəddafi hələ 1974-cü ildən “siyasi, inzibati və protkol öhdəlikləri”ndən azad edilsə də, 1977-ci ilədək dövlətin və ordunun başçısı kimi qalırdı. Cəmahiriyyə elan edildiyinə görə heç bir dövlət vəzifəsini yerinə yetirə bilmirdi, çünki cəmahiriyyə sistemi siyasi təşkilat kimi dövləti inkar edirdi. O, sadəcə, inqilab rəhəbəri adlanırdı. Bununla belə, Qəddafi və İKŞ-nın keçmiş üzvlərinin yeni hakimiyyət sisteminə təsiri getdikcə artırdı.
Qəddafi 1970-1980-ci illərdə fərqli bir dövlət sistemi qurmaq üçün xeyli eksperimentlər apardı, lakin son nəticədə gəncliyində devirdiyi kral İdrisin idarəçilik sistemindən çox az fərqlənən struktur formalaşdı və onun həyat tərzi də monarxlarınkından seçilmirdi.
Bəlli həqiqətdir ki, siyasi sitemin dəyişimi iqtisadi dəyişimlərə söykənməlidir. İnqilab rəhbəri isə bu yöndə ciddi səhvlərə yol verir, sürəkli axtarışlarla məşğul olurdu. Belə ki 1977-ci ildə “iqtisadiyyatda xalq özünü idarə etməsi” prinsipini irəli sürdü. Yəni müəssisə orada işləyənlərin kollektiv mülkiyyətinə çevrilirdi. “Muzdlu fəhlələr yox, tərəfdaşlar” şüarı iri sahibkarlığın ləğvinə apardı, yəni zavod-fabrik fəhlələri kollektiv sahibkarlara çevrildilər. Keçmiş sahibkarlara isə müavinətlər ödənildi və onlar müəssisənin idarə etmək imkanı qazandılar.
Siyasi idarəçilik iri sahibkarların təxribatı və gerçəkləşdiriləsi tədbirlərin sistemsizliyi, idarəçiliyin zəifliyi üzündən çətinləşirdi. Nəticədə əhalinin və ruhanilərin bir qismi Qəddafini “Quranın müddəalarından uzaqlaşmaq”da ittiham etdi.
Qəddafinin cavabı amansız oldu: “İslam təəssübkeşləri”ni televiziyaya çıxardıb şəxsən özü onları imtahandan keçirtdi. Ruhanilər onun İslam haqda suallarına cavab verə bilməyib nüfuzdan düşdülər.
Bütün bunlara baxmayaraq, Qəddafinin özü də etiraf edirdi ki, xalqın siyasi idarəçilikdə iştirakını tam şəkildə təmin edə bilmir. Buna görə də ÜXK-nin 1992-ci il sessiyasında yeni siyasi srtukturun yaradılması haqda qərar qəbul edildi: xalq hakimiyyətinin ən yüksək forması – nümunəvi Cəmahiriyyə yaradılmalı idi. Nəzərdə tutulurdu ki, ilkin xalq məclisləri əvəzinə 1500 kommunanı birləşdirən və özünü idarə edən, öz çevrəsində bütün səlahiyyətlərə malik, o cümlədən büdcəsi olan mini-dövlət yaradılsın.
Liviyada iğtişaşlar başlayana qədər bu sistem davam etdi...
Polkovnik hakimiyyətə gələrkən sadə “Volksvagen”də mühafizəsiz gəzir, xanımı ilə birlikdə bazarlıq edirdi. Lakin ona qarşı bir neçə dəfə sui-qəsd cəhdindən sonra həyat tərzi kəskin şəkildə dəyişildi. Xalqla az-az görüşür və həmişə Əziziyə hərbi bazasında bədəvisayaq çadırda yaşayırdı. O, bazadan Tripoliyə gedəndə iki-üç maşın dəstəsi eyni vaxtda yola çıxır və rəhbərin hansı dəstədə olduğunu heç kim bilmirdi. Xarici səfərlərdə bu qaydada təşkil ounurdu: iki təyyarə eyni zamanda havaya qalxırdı...
“Xalq atası”nın ilk nigahı uğursuz olub. Kral ordusunun baş qərargah rəisi general Xalidin qızı Fatimə ilə qurduğu ailəni çevrilişdən dərhal sonra dağıtdı və iki aydan sonra hərbi hospitalın tibb bacısı Səfiyə ilə ailə qurdu. Qəddafinin altı oğlu (biri ilk nigahdandır) və bir qızı var idi.
Qərb mətbutaı onu qadın düşgünü kimi təqdm edir, lakin özü dəfələrlə bildirib ki, “kişi ancaq bir qadınla kifayətlənməlidir”.
Rəhbər öz övladlarına qarşı çox sərt olub. İçən, çəkən deyildi, kofe, çay da içməzdi, amma dəbdəbəli geyinməyi xoşlayırdı. Xüsusən də dəniz zabitinin mundirini...
Dindar idi və bütün dini ayinləri ciddi-cəhdlə yerinə yetirir, uşaqlıqdan əzbər bildiyi Quranın tələblərinə sadiq olmağa çalışırdı. Həcc ziyarətinə getmiş və Həcərul-Əsvədi öpmüşdü. Bununla belə, İslamı özünməxsus şəkildə şərh edirdi.
Fenomenal yaddaşı vardı: bir dəfə gördüyü insanın adını və sifətini heç vaxt unutmaz, yan-yörəsindəki insanlar, onların ailələri haqda hər şeyi cikindən bikinə qədər bilirdi. Saatlarla televiziyadan siyasi vəzlər  etməyi çox xoşlayırdı, amma hamı əvvəldən bilirdi ki, o nədən və necə danışacaq. Çıxışında ABŞ və İsraili həmişə lənətləyərdi.
Qərb və rus mətbuatının şəhadətinə görə, Liviya terrorçuların hazırlandığı əsas beynəlxalq mərkəzlərdən biri idi. Bu da rəhbərin Qərbə nifrəti ilə izah olunurdu. Xalq atasının rəğbətini qazanmq istəyən kəs bir neçə dəfə onun yanında Qərbi yamanlasaydı, yaxşı perspektivlər əldə edə bilərdi...
Rəhbər, həqiqətən də, neft dollarının xeyli hissəsini xalqın ehtiyacına sərf etdi. Əhalinin adambaşına düşən ortaillik gəlirinə görə Liviya hətta Böyük Britaniyanı da geridə qoymuşdu. Belə ki, ölkədə sadə fəhlənin minimal əməkhaqqı altı min funtsterlinq, müəssisə rəhbərlərinin gəliri isə 30 min funtsterlinqə çatmışdı. Ölkədə işsizlik yox idi, vətəndaşların əksəri mənzil, televizor, videomaqnitofon sahibi idi. Ölkədə dünya standartlarına uyğun xəstəxana və univesitetlər tikilmişdi.
Qəddafi neft gəlirini xalqla dövlət arasında böldü və nəticədə 600 ailə 7-10 min dollar pul əldə etdi.
Qərb-Liviya münasibətləri 1986-cı ildə tamamilə korlandı: aprelin 5-də Qərbi Berlində partlayış baş verdi. Bomba Amerika hərbçilərinin tez-tez baş çəkdiyi “La Belle” diskotekasına qoyulmuşdu. Reyqan teraktda Liviya xüsusi xidmətlərinin əli olduğunu biləndə Liviyanı bombalamağı əmr etdi. Bu bombardmanda rəhbərin dörd yaşlı qızlığı da həlak oldu. Cavabında Liviya 1988-ci ildə Nyu-Yorkdan Londona uçan təyyarəyə bomba qoydu: 243 sərnişin və 16 heyət üzvü həlak oldu. BMT TŞ 1992-1993-cü illərdə Liviyanın neft sektoruna qarşı sanksiyalar tətbiq etdi.
Liviya 2003-cü ildə terakta görə günahını etriaf edib kütləvi qırğın silahlarından imtina etdiyini açıqlayanda sanksiyalar götürüldü və Qərblə münasibətlər istiləşdi. Xarici şirkətlər Liviyaya axışdı. Qəddafi Qərb paytaxtlarının ekzotik qonağına çevrildi.
İtaliyanın baş naziri Silvio Berluskoni isə sanki Qəddafiyə səcdə edirdi. Qərb KİV Berluskoninn Qəddafini əlini böyük ehtiramla öpdüyü videokadrı yayımlayanda İtaliyada əsil qalmaqal qopdu.
Qəddafinin qətlindən sonra məlum oldu ki, o, Fransa prezidenti Sarkozinin seçkiqabağı kampaniyasını da maliyyələşdirib. Qəddafi ümidvar idi ki, Sarkozi prezident olandan sonra köhnə dostunu unutmayacaq. Ancaq Liviyada vətəndaş müharibəsi qopanda hökumət güclərini bombardmana başlayan ilk dövlətlərdən biri... Fransa oldu.
Liviyada vətəndaş müharibəsinin başlanması heç kimə təəccüblü deyildi: Qərbin xüsusi xidmətləri Qəddafini devirmək üçün sistemli iş aparırdı. 2011-ci il fevralın 15-də hüquq müdafiəçisinin (yenə də hüquq müdafiəçisi!) həbsinə görə Benqazidə 500-600 etirazçı ilə polis arasında başlanan toqquşma bugünkü faciəli nəticələri ilə artıq hamıya məlum olan vətəndaş müharibəsini alovlandırdı. Gündən-günə qızışan aksiyalar ölümlər gətirdi və parlament işini dayandırdı, Qəddafinin istefası tələbləri səslənməyə başlandı. Fevralın axırında Əl-Bayda şəhərində kütləni dağıtmağa çalışan polislərdən bir neçəsi qəzəblənmiş etirazçılar tərəfindən asıldı və şəhər qiyamçıların əlinə keçdi.
Bundan sonra hadisələr sürətlə inikişaf etməyə başladı. Etirazları boğmaq üçün Benqaziyə qoşun yeridildi, lakin ordunun bir hissəsi əks tərəfə keçdi. Bu, artıq sonun başlanğıcı idi.
Fevraln 27-də Qəddafinin əleyhdarları Milli Keçid Şurası yaratdılar və Qərb dövlətləri bu qurumu dərhal tanıyaraq onu Liviyanın rəsmi təmsilçisi elan etdi.
Fevralın 28-də ABŞ-ın Liviya sərhədi yaxınlığında yerləşən hərbi hissələri dislokasiyaya başladı.
BMT TŞ-nın 17 mart 2011-ci il tarixli qətnaməsinə əsasən, Liviyada dinc insanların qırılmasının qarşısını almaq üçün havadan zərbə endirməklə beynəlxalq hərbi müdaxiləyə icazə verildi.
Məlumatlara görə, oktyabrın 19-a qədər davam edən vətəndaş müharibəsində 50 mindən çox liviyalı həlak olub.
Milli keçid Hökumətinin qoşunları 17-19 оktaybarda qəddafiçilərin sonuncu müqavimət ocağını - Sirt şəhərini ələ keçirtdilər və oktyabrın 23-də Liviyanın Qəddafi rejimindən azad olunduğu açıqlandı...
Qəddafi yaxınları ilə bu şəhərə - anadan olduğu Sirtə sığınmışdı. Şəhər ələ keçəndən sonra şəhərdən çıxmağa cəhd edərkən qiyamçıların əlinə keçdi.
NATO-nun yaydığı məlumata görə, koalisya aviasiyası Sirtdən çıxmağa çalışan və “xeyli silah” aparan maşın dəstəsini bombardman edib və guya Qəddafinin bu dəstədə olduğunu bilmirmişlər.
Qəddafinin əsir düşmüş Daxili təhlükəsizlik xidmətinin rəisi general Mənsur Dao xatırlayır: “Biz qonşu Carif bölgəsinə keçmək istəyirdik. Maşınlarımız məhv ediləndən sonra dəstələrə bölündük. Mən, Qəddafi və müdafiə naziri piyada Carifə sarı yollandıq. Yanımızada kiçik mühafizə dəstəsi vardı. Sonra yaralandım və huşumu itirdim, daha sonra nə baş verdiyindən xəbərim yoxdur”.
Qəddafinin şəxsi sürücüsü Huneyş Nəsr deyir: “İnqilabçılar bizi təqib edirdilər. Qəddafi qorxmurdu, lakin deyəsən, nə edəcəyini bilmirdi. Birinci və axırıncı dəfə idi ki, onu belə vəziyyətdə görürdüm”.
Dəstədəki Əbdül Məcidin sözlərinə görə, Qəddafi ayaqlarından yaralanmışdı. Onu yolun altındakı drenaj borusuna sürüyüblər və qiyamçılar onu elə burada da tapıblar.
Bundan sonra baş veən hadisələr Liviyada bu gün baş verməkdə olan faciələrin müqəddiməsidir...
Qiyamçılar ayaqlarndan və başından yaralanmış Qəddafini dövrəyə alıb təhqir etməyə başladılar. Qiyamçılar “Allahu Əkbər!” qışqırıb havaya atəş açır, avtomatla yaralı və əsir polkovniki dümsükləyirdilər. Yaralı onları ağıllarını başlarına yığmağa səsləyirdi: “Həram Ələykum... Həram Ələykum... Ayıb olsun sizə! Günah bilmirsiniz, nədir?”. Sonra sifəti qana bulaşmış Qəddafini avtomibilin yanına aparıb kapotun üzərinə oturtdular. Əsil dəhşət burada başlandı: yaralının qarnına, sarğılarına avtomat süngüsü soxur, təpikləyir, yaralarına qum səpirdilər...
Kütlənin həqarəti saat 09-dan 12-yədək çəkdi. Sonra yaralının ayaqlarından yapışıb küçələrdə sürüməyə başladılar... Liviya inqlabının rəhbərini avtomobilə qoyub hospitala göndərmək istərkən, o, artıq keçinmişdi...
Oğlu Mutəzzimi də yaxalamışdılar. Mutəzzim sonradan müəmmalı şəraitdə qətlə yetirildi. 1969-cu il çevrilişinin iştirakçısı, Müdafiə naziri və baş komandan general Əbu Bəkr Yunis Cabir də həmin gün elə orada qətlə yetirildi.
Qəddafinin, oğlunun və Cabirin cəsədləri Misuratda sənaye mərkəzində tərəvəz soyuducusunda sərgiyə qoyuldu.
Oktaybrın 25-də hər üçünü gizlicə Liviya çöllərində dəfn etdilər.
Lakin kütlənin kini soyumadı: Qəddafinin ata-anasının, əmisinin və daha iki qohumunun məzarları murdarlandı, qəbirləri dağıdıldı və sümükləri yandırıldı...
Dünya mətbuatı Qəddafinin vəhşicəsinə qətlə yetirilməsini videokadrlarla işıqlandırarkən ABŞ-ın keçmiş dövlət katibi və bugünki prezidentliyə namizəd (!) Hillari Klinton fərəhini gizlədə bilmədi: “Bu, yaxşı xəbərdir!”
“Ata”nın qətlindən sonra “övladlar”ın qara günləri başlandı... NATO-nun və Qərbin Liviya xalqına gətirdiyi "azadlıq" sayəsində bu gün, faktiki olaraq, Liviya adlı dövlət yoxdur və ölkə vuruşan tərəflərin özəl ərazilərinə bölünüb.
Qərb mətbuatı təntənə etdi ki, Qəddafidən sonra hakimiyyətə liberallar gəlib. Ruisiyalı ekspert Satanovski isə düşünür ki: “Qəddafinin dövründə ədliyyə naziri və onu sağ əli olmuş Əbdül Cəlil 2011-in martında qiyamçıların tərəfinə keçib Müvəqqəti Keçid Hökumətinə başçılıq etdi. Lakin onun vicdanında çox cinayətlər var. Qəddafi rejiminə sərf etməyən adamları aradan götürür, işgəncələr təşkil edir, saxta məhkəmə prosesləri quraşdırırdı. Bolqar tibb bacılarına qarşı quraşdırılmış saxta cinayət işi tam şəkildə onun boynundadır. Guya bolqar qızlar 400-dən çox liviyalı uşağı qəsdən QİÇS-ə yoluxdurmuşdu. Ondan liberal olar?”
Qəddafi vətənadş müharibəsinin qızğın çağında deyirdi: “Ölkəmizi Aralıq dənizinin Somalisinə çevirmək istəyirlər”.
Rus jurnalisti Kseniya Melnikovanın yazdığı kimi, “Hazırda Qərb Liviyada vuruşan tərəfləri barışdırmaq istəmir”.
“The Independent”-in müxbiri Partik Kokbern isə yazır ki, “Hər şeydən çox adamı o sarsıdır ki, 2011-ci ildə böyük həvəslə müharibəyə başlayan Qərb dövlətləri bu gün Liviyada baş verənlərə heç bir maraq göstərmir”.
Hörmətli həmkarımız Kokbern yanılır: Liviyanın daşı daş üstündə qalmayandan sonra Qərb quzğunları leş sökməyə cumacaq...

Qəddafinin aforizmləri:
*Ucadan qışqırıb sükut tələb edirlər.
*İnsanlar danışır - zaman gedir, zaman danışır - insanlar gedir.
*Gerçəkliyi etiraf edib ona haqq qazandırmağa çalışma.
*Gözəllik xeyirxahdırsa, dünyanı xilas edəcək. Lakin o, xeyirxahdırmı? Dünyanı gözəllik deyil, işıqlı düşüncələr xilas edəcək. Axı təşəxüsslü və rəmhsiz gözəlliyin nə faydası?
*Zəif həmişə güclüyə yol verir və yalnız ən güclü hamıya yol verir.
*Azad olmaq istərkən bu arzudan azad olmaq lazımdırmı?
*Fində bu karel kədəri haradandır?
*Öz ərinə işdan almaq hər bir qadının müqəddəs haqqıdır.
*Bəhanə axtarma, onsuz da səbəblər kifayət qədərdir...

strateq.az

Комментариев нет:

Отправить комментарий