Mütəal Allahın moizələri
◘Allah-təala Musaya (ə) xitab edərək buyurdu: “Ey Musa! Mən səndən ötrü üç şey yerinə yetirirəm və sən də bunun müqabilində üç əməl yerinə yetir.” Dedi: “Onlar hansılardır?”
Buyurdu: “Mən sənin ixtiyarında minnətsiz olaraq çoxlu ne`mətlər qoymuşam. Sən də əgər bir kəsə nə isə verdin minnət qoyma. Mən sənin üzr və tövbəni qəbul edirəm, baxmayaraq ki, bir çox itaətsizliyi bilərəkdən yerinə yetirmişsən. Sən də cəfakarların üzrünü qəbul et. Mən səndən sabahın əməlini bu gün tələb etmirəm, sən də sabahın ruzisini Məndən bu gün istəmə.”
◘Başqa bir hədisi-qüdsidə deyilir: “Hər hansı bir bəndə haram tikəni tamam-kamal iştahası olduğu halda ağzından qaytarsa Mən ona üç mükafat dünyada, üç mükafat da axirətdə əta edərəm. Dünyada onun ömrünü bərəkətli, ruzisini bol, qəbrini nurani edərəm. Axirətdə isə çöhrəsini ağ edərəm, tələbkarları ondan uzaqlaşdıraram, Öz mübarək üzümü ona göstərərəm (yə`ni, ona çoxlu rəhmət əta edərəm.)”
◘Allah-təala Musaya (ə) buyurdu: “Heç bu vaxta qədər xalis bir əməl yerinə yetirmisən?” Dedi: “Bəli. Namaz qılmışam, oruc tutmuşam və zikr demişəm.” Buyurdu: “Namaz sənin siratdan keçməyin üçündür. Oruc cəhənnəm atəşi qarşısında qalxanındır. Zikr isə behiştdəki dərəcələri qaldırır. Bəs elə isə, bütün bunlar sənin özün üçün olub.” Musa (ə) ağladı və ərz etdi: “Pərvərdigara! Mənə elə bir iş öyrət ki, yalnız Səndən ötrü olsun.” Xitab olundu: “Zülm görmüşə kömək göstərmisən? Çılpağı geyindirmisən? Susuza su vermisən? Alimə ehtiram etmisən? Bunlar xalis əməllərdir.”
◘Başqa bir hədisdə deyilir: “Mən qiyamət günü üç qrup insanla düşmənçilik edərəm. Biri odur ki, Mənimlə əhd-peyman bağladıqdan sonra onu sındırır. İkincisi odur ki, azad bir insanı satır, pulunu da yeyir. Üçüncüsü də odur ki, fəhləni işlədir, lakin pulunu vermir.”
◘Allah-təala Üzeyir peyğəmbərə vəhy edib buyurdu: “Elə ki, kiçik bir günah etdin, o günahın kiçikliyinə baxma. Allahın böyüklüyünə bax ki, Onun fərmanını ayaq altına almısan. Elə ki, sənə kiçicik bir xeyir yetişdi, o xeyrin kiçikliyinə baxma, Onu sənə əta edən ne`mət sahibinin əzəmətinə bax. Elə ki, bəlaya düçar oldun Məndən camaata şikayət etmə. Çünki Mən sənin günahlarından məlaikələrə şikayət etmirəm (və sənin sirlərini onlar üçün açmıram).”
◘Allah-təala başqa bir peyğəmbərə vəhy edib buyurdu: “Mənim görüşümə eşq və məhəbbətlə gələni behiştə daxil edərəm, qorxu ilə gələni əzabdan xilas edərəm, xəcalətli və utanan halda gələnin isə günahlarını əməlləri yazan məlaikələrin zehnindən silərəm.”
***
Peyğəmbərdən (s) olan hədislər
◘Baxmayaraq ki, behiştin ətri beş yüz illik məsafədən hiss olunur, ancaq üç dəstə insan onu hiss etməz; minnət qoyan simic, şərab içən və aqq-valideyn (yə`ni, valideynlərin hüququnu tapdalayıb onlara zülm edən).
◘Yerlər və göylər, məlaikələr, gecə və gündüz üç dəstə insan üçün Allahdan bağışlanmaq istəyərlər; alimlər, tələbələr və səxavətli insanlar.
◘Üç nəfərin duası rədd olunmaz; səxavətli insanın, xəstənin və tövbəkarın.
◘Atəş üç nəfərin bədənini yandırmaz; ərinə itaət edən qadının, ərinin çətinlikdə və yoxsul olan vaxtında səbr edən qadının və valideynlərinə yaxşılıq edən kəsin.
◘Üç dəstə insan şeytanın şərindən amandadır; gecə-gündüz Allahı yad edənlər, gecə yarısı bağışlanma diləyənlər və Allah qorxusundan ağlayanlar.
◘Qiyamət günü üç dəstə insandan əzab götürülər; Allahın təqdirinə razı olanlardan, müsəlmanların xeyrini güdənlərdən və xeyir dəllallarından.
◘Qiyamət günü üç dəstə insan müşkdən də ətirli təpənin üstündə qərar tutaraq məhşərin vahiməsindən, haqq-hesabdan amanda olarlar; Allah xatirinə Qur`an oxuyanlar, namaz qılanların ondan razı olduğu imam-camaat və məsciddə Allah rizasından ötrü azan deyənlər.
◘Üç nəfər hesabsız behiştə daxil olar. Birincisi, (fəqirliyin şiddətindən) köynəyini yuyub, geyinməyə başqa bir paltar tapmayan şəxs, digəri odur ki, mətbəxində iki növ xörək bişirməsin. Üçüncüsü isə odur ki, bu gün yeməyə bir şeyi var, sabahın dərdini çəkmir.
◘Üç nəfər hesabsız cəhənnəmə gedər; başı ağarmış zinakar, aqq-valideyn və şərab içən.
◘Əgər Allah bir bəndəyə xeyir vermək istəsə onun dünyaya olan rəğbətini azaldar, ona din elmi verər və ona eyiblərini göstərər. Hər kəsə bu üç xüsusiyyət verilsə ona həm dünya, həm də axirət xeyri verilib.
◘Dünyaya könül bağlayan hər bir kəs üç şeyə düçar olar; sonsuz qəm-qüssəyə, (heç vaxt baş tutmayacaq) xam-xəyallara və çata bilməyəcəyi ümidlərə.
◘Üç şey həlakətə, üç şey isə nicata səbəb olar. Həlakətə səbəb olan şeylər bunlardır: paxıllıq, həvayi-nəfsə itaət etmək və özünü bəyənmək. Nicata səbəb olan şeylər isə bunlardır: gizlində və aşkarda Allahdan qorxmaq, yoxsulluq və varlılıq zamanı orta həddə riayət etmək, qəzəb və xoşhal olan zaman ədalətli olmaq (yə`ni, nə qəzəb onu haqq yolundan yayındırsın və nə də fərəh və sevinc).
◘Peyğəmbərdən (s) soruşdular: “Fəqirlik nədir?” Buyurdu: “Allahın xəzinələrindən biri.” Yenə də soruşdular: “Fəqirlik nədir?” Buyurdu: “Haqq-təala tərəfindən olan bir lütf.” Üçüncü dəfə də təkrar etdilər. Buyurdu: “Elə bir şeydir ki, Allah onu risalət məqamına malik olan peyğəmbərdən və Allah yanında xüsusi hörmətə malik olan mö`minlərdən başqasına verməz.”
Sonra yenə də buyurdu: “Fəqirlik ölümdən daha şiddətlidir. Həzrət İbrahimə (ə) vəhy oldu: “Biz səni yaratdıq və Nəmrudun atəşi vasitəsi ilə səni imtahan etdik. Əgər fəqirliklə imtahan edib səndən səbri alsaq onda nə edəcəksən?” İbrahim peyğəmbər (ə) ərz etdi: “Pərvərdigara! Məgər fəqirlik Nəmrudun atəşindən də yandırıb-yaxandır?” Xitab olundu: “And olsun Öz izzət və cəlalıma! Göylərdə və yerdə fəqirlikdən də şiddətli bəla yaratmamışam.” Soruşdu: “Ac insanı doyuran kəsin mükafatı nədir?” Buyurdu: “Bağışlanma.”
Sonra Peyğəmbər (s) əlavə etdi: “Əgər Allahın rəhməti mənim ümmətimin fəqirlərinin əlindən tutmasa, onlar küfr sərhədlərini aşarlar. (Bu hədisdən belə nəticəyə gəlmək olur ki, fəqirlik çox çətindir, lakin səbir və lazımı vəzifələri yerinə yetirməklə yanaşı olsa yüksək və dəyərli məqama səbəb olar.)
◘Fəqirlər Peyğəmbərə (s) ərz etdilər: “Varlılar behişti özlərinə nəsib etdilər. Çünki, həcc və ümrə ziyarətlərini yerinə yetirirlər, sədəqə verirlər, bizim isə bu ibadətə imkanımız çatmır.” Peyğəmbər (s) buyurdu: “Sizlərdən hər hansı biriniz Allaha xatir fəqirliyə səbr etsə ona heç bir varlının sahib olmadığı üç mükafat əta olunar. Birincisi budur: Behiştdə bir mənzil var. Həmin mənzil behişt əhli üzərində parlaq bir ulduz kimi saçır. Bu mənzilə daxil olmaqdan ötrü peyğəmbər, fəqir, fəqir şəhid, ya da fəqir mö`mindən başqa heç kəsə icazə verməzlər. İkincisi budur: Fəqirlər varlılardan beş yüz il əvvəl behiştə daxil olarlar. Üçüncüsü isə budur: (Allah fəqirlərin ibadətlərinə daha artıq savab verər.) Məsələn, əgər fəqir və varlı hər ikisi “Sübhanəllahi-vəlhəmdu lillahi-və la ilahə illəllahu-vallahu əkbər” desə, on min dirhəm pul infaq etsə də varlının savabı fəqirdən azdır. Həmçinin digər yaxşı işlər də bu cür.
Fəqirlər dedilər: “İndi razı olduq.”
◘Qiyamət günü peyğəmbərlərdən başqa üç dəstə insan da şəfaət edər; alim, mö`min və imanlı xidmətçi (yə`ni, camaatın xidmətində duran) və səbirli fəqirlər.
◘Atalar üç cürdür. Biri insanın yaradılış vasitəsi olan (doğma ata), ikincisi qayınata, üçüncüsü isə insana elm öyrədən müəllim, ya ustad.
◘Dünyanın zinəti üç şeydir; var-dövlət, övlad və qadın. Axirətin də zinəti üç şeydir; elm, pəhrizkarlıq və sədəqə. Bədənin də zinəti üç şeydir; az yemək, az yatmaq və az danışmaq. Qəlbin də zinəti üç şeydir; səbr, sükut və şükür.
◘Gün ərzində bir dəfə yemək yeyən ac deyil (yəni, ac hesab olunmur), iki dəfə yeyən abid deyil, üç dəfə yeyəni dördayaqlıların yanına bağlayın. (Burada məqsəd ətdən hazırlanmış xörəkdir. Red.)
◘Allah mənə üç imtiyaz verib, Əli onların üçünə də şərikdir. Üç imtiyaz da Əliyə verib, lakin mən onlara şərik deyiləm. Soruşdular: “Müştərək olan üç imtiyaz hansılardır?” Buyurdu: “Biri “Həmd” bayrağıdır ki, Əli onun bayraqdarıdır. Digəri “Kövsər” hovuzudur ki, Əli onun saqisidir. Üçüncüsü isə behişt və cəhənnəmin ixtiyarıdır ki, Əli onları ayırandır. Əliyə məxsus olan üç imtiyaz isə bunlardır: Mənim kimi qayınatası var, Fatimə kimi həyat yoldaşı var, Həsən və Hüseyn kimi övladları var ki, mən bunların heç birinə sahib deyiləm.
◘Əql üç hissədən ibarətdir; üçünə də sahib olan aqildir, heç birinə malik olmayan axmaq. Həmin üç hissə bunlardır; Allahı səhih və doğru-düzgün şəkildə tanıma, Allaha gözəl itaət və Allah barəsində xoş gümanda olmaq.
◘Üç şey hafizəni qüvvətləndirər; misvak (dişləri yumaq), oruc və Qur`an oxumaq.
◘Hər kəs bığını qısaltsa Allah ona üç nur əta edər. Biri üzündə olar, digəri qəbrində, üçüncüsü isə qiyamətdə ona verilər. Eyni zamanda, üç əzabı da ondan götürər; birincisi qəbir əzabı, ikincisi Nəkir və Münkərin əzabı, üçüncüsü isə Qiyamət çətinliyini.
◘Əllər üç cürdür; alan, verən, qoruyan. Bunların ən üstünü verən əldir.
◘Əllər üç qismdir. Birincisi Allahın əlidir, bəxşiş əta edəndir və hamıdan yüksəkdədir. İkincisi kərimlərin əlidir və bu ikinci dərəcəlidir. Üçüncüsü isə hamısından aşağı olan əldir. Bəs elə isə bacardığınız qədər dilənməkdən özünüzü saxlayın. And olsun canım əlində olduğu Allaha! Bir kəs ip götürüb həmin ipin arasında ucları bir-birinə çatmayacaq qədər odun toplayıb aparıb onu bazarda xurmanın dörddə birinə satsa camaat qarşısında əlini açıb dilənməkdən (bir şey verəcəklər, ya yox) qat-qat yaxşıdır.
◘Qur`an öyrənənlər üç dəstədir. Bir hissəsi Qur`anı özləri üçün qazanc vasitəsi qərar veriblər. Bu vasitə ilə padşahların hüzuruna yol tapıb var-dövlət ələ keçirirlər, yaxud da onu təkəbbür və böyüklük vasitəsi qərar verirlər. Digər hissəsi diqqətlərini yalnız onun (Qur`anın) sözlərinin düzgün oxunuşuna yönəldirlər, mə`nalarına isə fikir vermirlər. Üçüncü dəstə isə Qur`anı öz dərdlərinin dərmanı qərar veriblər. Onun tə`limlərinin kölgəsi altında gecələr oyaq, gündüzlər susuz olar, məscidlərdə namaz qılarlar. Bunlar bəla qarşısında sipərdirlər. Bunların bərəkəti sayəsində Allah düşməni dəf edib göydən yağış nazil edər. And olsun Allaha! Bu tayfa Qur`an qariləri arasında qırmızı yaqutdan da az tapılandır.
◘İnsan öz ailəsinə, var-dövlətinə (yaxud, malına) və əməlinə münasibətdə üç qardaşı olan insana bənzəyir. Ölüm vaxtı o, bir qardaşına deyər: “Bu çarəsiz vəziyyətimdə sən mənə nə fayda verə bilərsən?” Deyər: “Mən yalnız sən həyatda olduğun müddətdə sənə mənfəət verə bilərəm. Hələlik hər nə bəhrə istəsən məndən götür ki, tezliklə mən başqasına bağlanacağam və sənin xoşlamadığın bir kəs məni özünə aid edəcək.” Həmin vaxt Həzrət (s) üzünü öz əshabına tutub dedi: “Bu necə qardaşdır?” Dedilər: “Faydasız qardaş.” Buyurdu: «Bu mal-dövlətdir.» Sonra o, digər qardaşına deyər: “Bəs sən mənim bu çətin və şiddətli anımda mənə nə köməklik göstərə bilərsən?” Cavab verər: “Mən indi sənə şəfqət göstərərəm. Ölümündən sonra isə bədəninə qüsül verib kəfənə bükərəm və camaatla birgə qəbrə yola salaram.” Həzrət (s) yenə də soruşdu: “Bəs bu necə qardaşdır?” Cavab verdilər: “Səmərəsi olmayan qardaş.” Buyurdu: «Bu ailə kimidir.» Nəhayət, o, üçüncü qardaşdan soruşar: “Bəs sən mənə necə mənfəət verə bilərsən və ya hansı bəlanı dəf edə bilərsən?” Deyər: “Mən sənin tənha vaxtlarında yaxın dostun, qorxulu anlarında sənin yoldaşınam. Qəlbindəki qəm-qüssəni aradan apararam, qəbirdə səni müdafiə edərəm. Öz son qüdrətimi də sənin üçün sərf edərəm.” Yenə, Həzrət (s) üzünü əshabına tutub soruşdu: “Bəs bu necə qardaşdır?” Dedilər: “Bu ən yaxşı qardaşdır.” Buyurdu: “Bu da əməldir.”
◘Bilin ki, zülm üç cürdür. Birincisinin bağışlanmaq qabiliyyəti yoxdur. İkincisinə göz yummaq mümkün deyil. Üçüncüsünün isə bağışlanma qabiliyyəti var və sorğu-sual olunmayacaq. Birincisi Allaha şərik qoşmaqdır. Çünki Qur`an buyurur: “Allah ona şərik qoşanları bağışlamaz. (yə`ni, əgər tövbəsiz dünyadan getsə). Bundan başqa günahları isə istədiyi şəxsdən ötrü bağışlayar.” İkincisi Allah bəndələrinə olunan zülmdür. Bu işin aqibəti çox çətindir. Bunun cəzası bıçaqlamaq, şallaq vurmaq deyil. Bıçaq vurmaq və şallaq vurmaq bu işin cəzasının yanında heç nədir. Üçüncüsü isə özünə olunan zülmdür. Bu sair günahlardır ki, onların zərəri insanın özünə qayıdır.
◘Əbuzərə buyurdu: “Hər kəs üç xüsusiyyətlə məhşərə daxil olmasa ömrünü bada verib.” Əbuzər soruşdu: “O, hansı xüsusiyyətlərdir?” Buyurdu: “İnsanı haramdan çəkindirən təqva, axmaqların nadanlığını rədd edə bilən əql, camaatla keçinə bilən xasiyyət.
Ey Əbuzər! Əgər hamıdan qüvvətli olmaq istəyirsənsə Allaha təvəkkül et. Əgər hamıdan hörmətli olmaq istəyirsənsə, pəhrizkar ol. Əgər hamıdan daha artıq ehtiyacsız olmaq istəyirsənsə Allahın evlərinə öz qazanıb yığdıqlarından daha çox e`tibar et.
◘Sədaqətli aşiqin əlaməti üç şeydir: Məhbubla danışmağı camaatla danışmaqdan daha önəm verir. Onunla yoldaş olmağı başqaları ilə yoldaşlıq etməkdən üstün tutur. Onun üçün məhbubun razılığı başqalarının razılığından daha mühümdür.
◘Adəm övladı var-dövləti bəsləyib “sənin malın”, “mənim malım” deyir. Məgər dövlətdən sənə bunlardan başqa bir şey qalırmı?!; Sədəqə verirsən sənə qalır, yeyirsən aradan gedir və ya geyirsən cırılır.
◘Üqbə ibn Amir deyir: “Peyğəmbər (s) üç vaxtda müstəhəb namaz qılmağı və ölünü dəfn etməyi qadağan edib; gün çıxan vaxtdan günortaya qədər, günortanın əvvəlində, qüruba yaxın vaxtdan qüruba qədər. (Bu üç vaxtda həm namaz qılmaq məkruhdur, həm də dəfn işi.)
◘Yenə də buyurub: “Üç kəsə Allah Qiyamət günü nəzər salmaz, onlarla danışmaz və onları dərdli əzab gözləyir. Biri zinakar qoca, digəri yalançı rəhbər, üçüncüsü isə təkəbbürlü fəqir (ki, öz dini vəzifələrini yerinə yetirməkdən imtina edir). Bə`zi hədislərdə yalançı rəhbər yerinə yalançı padşah qeyd olunub.
***
Peyğəmbərdən (s) olan sünni hədisləri
◘Üç şey qəlbi daşa döndərər: “Şən mahnılara qulaq asmaq, ov etmək və padşahların yanına gedib-gəlmək.
◘Me`rac gecəsi gördüm behiştin qapısı üzərinə üç sətir yazılıb. Birinci sətirdə “Bismillahir-rəhmanir-rəhim, Məndən başqa Allah yoxdur, rəhmətim qəzəbimi üstələyib.”, ikinci sətirdə “Bismillahir-rəhmanir-rəhim. Sədəqənin savabı on qat, borcun savabı on səkkiz qat, sileyi-rəhmin savabı isə otuz qatdır.”, üçüncü sətirdə isə “Hər kəs Mənim qədir və məqamımı tanısa və Mənim Allahlığım barəsində mə`rifətə sahib olsa heç vaxt Məni ruzi barəsində müttəhim etməz. (Yə`ni, heç vaxt Mənə qarşı bədgüman olmaz.)
◘Həzrət Əliyə (ə) buyurub: “Ey Əli! Sənin Mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Fərq yalnız bundadır ki, məndən sonra peyğəmbər yoxdur. Mən sənə bir tövsiyyə edirəm. Əgər ona əməl etsən gözəl həyat sürərsən, şəhid olub dünyadan gedərsən və Qiyamət günü fəqih və alim kimi məhşur olarsan.
Bil ki, mö`minin üç əlaməti var; oruc, namaz və sədəqə. Münafiqin də üç əlaməti var; danışığında yalan sözlər işlədər, və`dinə əməl etməz və əmanətə xəyanət edər və moizə ona tə`sir qoymaz. Riyakarın da üç əlaməti var; xəlvətdə namazın ruku və səcdələrini kamil şəkildə yerinə yetirməz, camaat arasında Allaha zikr deyər, tənha olanda Allahı unudar.
Ey Əli! Zalımın üç əlaməti var; öz əlaltıları ilə sərt və qəzəblə davranar, bacardığı qədər insanların payından və malından oğurlayar və onu qorxmadan harda olsa yeyər.
Paxılın da üç əlaməti var; üzdə (üzbəüzdə) yaltaqlıq edər, arxadan dalca danışar və yersiz şəhadət verər (şahidlik edər).
Tənbəlin də üç əlaməti var; Haqqa itaət etməkdə süstlük göstərər, ibadətə yüngül yanaşar ki, əldən çıxsın, namazın da vaxtını o qədər tə`xirə salar ki, vaxtı keçsin.
Tövbəkarın da üç əlaməti var; günahdan uzaq gəzər, elm əldə etmək üçün çalışar və süd bir daha döşə qayıtmadığı kimi o da keçmiş günahlarına qayıtmaz.
Ağıllı insanın da üç əlaməti var; dünyaya qarşı e`tinasız olar, cövr və cəfaya qarşı dözümlü, çətinliklərə səbirli olar.
Hövsələli adamın üç əlaməti var; onunla əlaqə kəsən adamla əlaqə yaradar, (küsənlə barışar) onu məhrum edənə kərəm göstərər və zülmdən şikayət etməz.
Axmağın üç əlaməti var; dinin vacibatlarında süstlük göstərər, Allah bəndələrini məsxərə edər, çoxdanışan olar amma, heç, Allaha zikr deməz.
Ləyaqətli insanın üç əlaməti var; saleh əməl vasitəsi ilə Allahla öz arasını islah edər, dinini elm vasitəsi ilə islah edər, özü üçün bəyəndiyi şeyi başqaları üçün də bəyənər.
Pəhrizkar insanın da üç əlaməti var: yalançı dostlardan və pis yoldaşlardan uzaq gəzər, heç kəsin qeybətini etməz. Harama düşməməkdən ötrü bir sıra halallardan da imtina edər.
Daşürəkli adamın da üç əlaməti var; zəiflərə rəhm etməz, aza qane olmaz, öyüd nəsihət ona tə`sir etməz.
Siddiqin də (sözü ilə əməli uyğun gələn adam) üç əlaməti var; sədəqəni gizli şəkildə vermək, müsibəti bildirməmək, ibadəti məxfi saxlamaq.
Fasiqin (dinsiz) üç əlaməti var; fəsad yaymaq, camaata ziyan vermək, haqq yoldan azmaq.
Alçaq adamın üç əlaməti var; Allahın itaətindən çıxmaq, qonşuya əziyyət etmək, inadkarlıq və iğtişaş yaratmağa meyl.
Abidin üç əlaməti var; Allahdan ötrü özü-özünə qəzəblənər (ki, nəyə görə öz bəndəlik vəzifələrini lazımınca yerinə yetirmirsən), Allah yolunda şəhvətlərə qarşı düşmən olar, namazın qiyamını uzadar.
Müxlis bəndənin üç əlaməti var; mala, var-dövlətə qarşı düşmən olar, dünyaya qarşı düşmən olar, günaha qarşı kin bəsləyər.
Alimin də üç əlaməti var; düzdanışmaq, haramdan qorunmaq, camaat arasında təvazökar olmaq.
Səxavətli adamın üç əlaməti var; əlində qüdrət olduğu halda əfv etmək, zəkatı ödəmək, sədəqə verməyi xoşlamaq.
Yaxşı dostun üç əlaməti var; səndən qabaq xərcləyər, sənin abır-həyanı özününkündən mühüm bilər, öz canını sənə fəda edər. Bunlardan əlavə sənin sirlərini gizli saxlayar.
Facirin (yaramaz adamın) üç əlaməti var; yalandan and içər, qadınları aldadar, günahsızlara töhmət vurar.
Kafirin üç əlaməti var; Allahın dininə şəkk edər, Allahın bəndələri ilə düşmənçilik edər, Allaha itaətə qarşı laqeydlik və saymazyanalıq göstərər.
Bədrəftar adamın üç əlaməti var; Allahın məkrindən amanda olduğunu hiss edər, Allaha qarşı naümid olar, Peyğəmbərlə (s) müxalifətçilik edər. (Peyğəmbərin (s) Əliyə (ə) olan nəsihətlərinin sonu.)
◘Qadın və kişi olmağından asılı olmayaraq namazlarında səhlənkar olan kəslərə Allah on səkkiz cəza verər. Onun altısı dünyada, üçü ölüm zamanı, üçü qəbirdə, üçün Qiyamətdə, üçü də Siratdan keçəndə verilər. Dünyada olanlar bunlardır: Ruzi və güzəranından bərəkət alınar, üzündəki nur aradan gedər, İslamdan heç bir bəhrəsi olmaz, saleh insanların onun barəsində etdiyi dualar qəbul edilməz, onun öz duaları da müstəcab olmaz.
Ölüm anında olanlar bunlardır: Zillətlə can verər, özündə elə ağırlıq hiss edər ki, sanki üzərinə böyük bir dağ düşüb və o qədər zəif olar ki, sanki onu şallaqlayırlar. İkincisi odur ki, elə susuz olar ki, sanki dünyanın suyunu içsə doymaz. Üçüncüsü, elə ac olar ki, sanki dünyanın yeməyini yesə doymaz.
Qəbirdə olanlar bunlardır: Şiddətli qəm-qüssə və qaranlıq, qəbir sıxıntısı və qiyamətə qədər əzab, üçüncüsü isə rəhmət məlaikələrinin bəşarət və müjdəsindən məhrum olmaq.
Məhşərdə olanlar bunlardır; Heyvan surətində məhşur olar, əməl dəftəri sol əlinə verilər, haqq-hesabı da uzun çəkər.
Sirat körpüsündə olanlar da bunlardır: Allah ona öz rəhmət nəzərlərini salmaz və onu günahlardan paklaşdırmaz, onun səhvlərindən keçməz və üzrlərini qəbul etməz, min il haqq-hesab çəkməkdən ötrü saxlanılar, sonra cəhənnəmə salınar. Bu barədə Allah Qur`anda belə buyurur: “(Cəhənnəm əhlindən soruşarlar:) “Sizi cəhənnəmə aparan nə oldu?” Cavab verərlər: “Biz namaz qılanlardan deyildik.”
◘Allah-təala üç kəsə öz ərşinin kölgəsində yer verməz: Birincisi mütəkəbbir (yə`ni, təkəbbürlü adam), ikincisi qeybət edənin üzünə gülən (yə`ni, onun qeybətinə razı olan), üçüncüsü isə malı müştərini aldatmaqdan ötrü bəzəyən.
◘Allah-təala Qiyamət günü üç kəslə danışmaz, onları (günahlardan) paklaşdırmaz və onları dəhşətli əzaba düçar edər: Onlardan birincisi bir kəsə bir şey verən zaman minnət qoyan, ikincisi andı öz qazanc mənbəyi edən, üçüncüsü isə təkəbbür üzündən geyimini uzadan kəsdir.
◘Üç nəfər Peyğəmbərin (s) qadınlarından onun ibadəti barəsində soruşdular. Elə ki, onun ibadətindən xəbərdar oldular, birincisi dedi: “Amma mən, hər gecə sübhə qədər namaz qılacağam.” İkincisi dedi: “Mən günlərimin hamısını oruc tutacağam.” Üçüncüsü isə dedi: “Mən heç vaxt qadınla yaxınlıq etməyəcəyəm.”
Peyğəmbər (s) onların bu qərarlarından agah olduğu zaman onların yanına gəlib buyurdu: “Bu sözləri siz demisiz? Elə isə bilin! And olsun Allaha! Mən Allahdan sizin hamınızdan çox qorxuram və təqvaya da sizin hamınızdan çox riayət edirəm. Eyni halda bə`zən oruc tuturam, bə`zən yox. Həm namaz qılıram, həm də gecənin müəyyən miqdarını yatıram. Qadınlarla da yaxınlıq edirəm. Hər kəs ki, mənim yolumdan çıxsa mənim ümmətimdən deyil.
◘Üç xüsusiyyəti qarğadan öyrənin: gizli şəkildə yaxınlıq etməyi, sübh tezdən ruzi dalınca getməyi, düşməndən ehtiyatlı olmağı.
◘Mö`minin nişanəsi üç şeydir; az yeyər (çünki oruc tutar), az danışar (çünki, Allahı zikr etməklə məşğuldur), az yatar (çünki namaz qılmağa məşğul olar).
◘Mən özümdən sonra ümmətimdən ötrü üç şeydən qorxuram; hidayət olduqdan sonra azmaqdan, insanı azdıran fitnələrdən, qarın və fərc şəhvətpərəstliyindən.
◘Yeddi qat yer və yeddi qat asiman onlarda olanlarla birlikdə, müqərrəb məlaikələr, gecə və gündüz üç dəstə insandan ötrü bağışlanma diləyərlər; alimlərdən, tələbələrdən və əməl sahiblərindən ötrü.
◘İnsanların əli ölümdən sonra üç şeydən başqa bütün əməllərdən kəsilər: Birincisi, uzun müddətli sədəqə (məsələn, yol çəkmək, körpü salmaq, məscid tikdirmək və s. kimi əsəri həmişəlik qalan xeyir işlər) digəri insanların faydalandığı xeyir əməllər (məsələn, tədris, kitab yazmaq və s.), üçüncüsü isə valideyni barəsində dua edən saleh övlad.
◘Allahın kölgəsindən başqa heç bir sığınacağın olmadığı Qiyamət günündə üç dəstə insan Allahın ərşinin kölgəsində olarlar. Soruşdular: “Onlar kimlərdir?” Buyurdu: “Birincisi, müsəlman bir şəxsin qəlbindən qəmi dağıdan kəslər, ikincisi mənim sünnəmi diri saxlayanlar, üçüncüsü isə mənə çoxlu salavat göndərənlər.”
◘Mənim ümmətimin ən fəzilətli olanları üç dəstə insandır. Biri elm kəsb etməklə məşğul olanlar; onlar Allahın dostlarıdır. İkincisi döyüş meydanının əsgərləri; onlar Allahın sevimli bəndələridir. Üçüncüsü isə öz qolları gücünə ruzi qazananlardır ki, onlar da Allahın xalis dostlarıdır.
◘Qiyamət günü üç dəstə insan şəfaət edər; peyğəmbərlər, alimlər, şəhidlər. Alimlərin rütbəsi peyğəmbərlərdən aşağı, şəhidlərdən yuxarıdır.
◘Hər kəs üç xüsusiyyətə malik olsa imanın şirinliyini dadar. Biri budur ki, Allah və peyğəmbərini hamıdan çox sevsin. İkincisi budur ki, hər hansı bir bəndəyə qarşı sırf Allaha görə məhəbbət bəsləsin. Üçüncüsü budur ki, iman gətirdikdən sonra küfrə qayıtmağa elə nifrət etsin ki, sanki oda daxil olur.
◘Allah hər kəsdən daha çox üç nəfərə nifrət edir. Biri Allahın hərəminə qarşı ehtiramsızlıq edib oranın hörmətini sındıran, ikincisi hər hansı bir müsəlmandan cahiliyyətə xas olan davranış tələb edən, üçüncüsü isə qanını tökməkdən ötrü günahsız insanı təqib edən kəs.
◘Üç yerdən öz ehtiyacınızı ödəməkdən ötrü (ayaqyolu kimi) istifadə etməyin ki, camaatın lə`nətinə düçar olarsınız; suyu içməli olan yerdən, yolun ortasından bir də kölgəlikdən yaxud, ağac (və ya meyvə ağacının) kölgəliyindən, (çünki belə kölgəlikdə adətən, dincəlirlər.)
◘Üç kəs Allahın himayəsindədir (yaxud, Allah üç kəsdən ötrü zamindir). Onlardan biri Allaha xatir döyüş meydanına gedən şəxsdir. Həmin şəxs öldürülüb behiştə gedənə qədər, yaxud da savab və düşməndən ələ keçirdiyi qənimətlə öz vətəninə dönənə qədər Allahın nəzarəti altında olar.
İkincisi məscidə tərəf gedən şəxs, üçüncüsü isə Allah evinə salamat daxil olan şəxsdir.
◘Gecə namazını tərk etməyin ki, o, sabiq ləyaqətli insanların adətidir. O, Allaha yaxınlaşmağa, günahların bağışlanmasına və insanın günahdan çəkinməsinə səbəb olar.
◘Allah üç kəsdən çox razıdır; biri gecənin bir aləmi namaz qılan, digəri camaat namazı sıralarında duran, üçüncüsü İslam döyüşçülərinin arasında döyüşdə iştirak edən.
◘Yalan yalnız üç yerdə caizdir; qadının razılığından ötrü, döyüş meydanında və (küsülülərin arasını) düzəltməkdən ötrü.
◘Qiyamət günü Allah tərəfindən bəndəyə xitab olunar: “Ey Adəm oğlu! Mən xəstələndim nə üçün Mənə baş çəkmədin?” Cavab verilər: “Pərvərdigara! Sən Aləmlərin rəbbi olduğun halda mən sənə necə baş çəkim?” Buyurar: “Məgər bilmədin ki, mənim filan bəndəm xəstələnmişdi? Nə üçün onu ziyarət etmədin? Məgər bilmirdinmi ki, onu ziyarət etsəydin Məni onun yanında görərdin?
Ey Adəm oğlu! Mən səndən yemək istədim, nə üçün vermədin?” Deyər: “İlahi! Sən hamının Allahı olduğun halda mən necə Sənə yemək verə bilərdim?” Buyurar: “Filan fəqir səndən yemək istədi, nə üçün ona vermədin? Məgər bilmirdinmi ki, ona yemək versəydin, indi həmin yeməyi Mənim yanımda görəcəkdin? (Sanki, yeməyini mənə vermiş kimi idin?)
“Ey Adəm oğlu! Mən səndən su istədim nəyə görə vermədin?” Yenə də bəndə həmin sualı təkrar edər. Cavab gələr: “Filan bəndə susuz idi və səndən su istədi, sən isə vermədin. Məgər bilmirdinmi ki, ona verdiyin suyu indi Mənim yanımda tapacaqdın?”
◘İşlərin ən yaxşısı üçdür; varlı olduğun halda təvazökarlıq etmək, qüdrətli olduğun halda əfv və güzəşt etmək və minnətsiz bəxşiş vermək.
◘Mən Qiyamət günü üç kəsə düşmən münasibəti bəsləyərəm. Biri odur ki, Mənim adımla bir adama aman verib sonra xəyanət edər. Digəri odur ki, azad bir şəxsi qul kimi satıb pulunu yeyər. Üçüncüsü odur ki, fəhləni işlədib pulunu verməz.
◘Üç kəsdən başqa heç kəsə dilənmək rəva deyil. Biri odur ki, öhdəsində diyə (qan bahası) var, onu ödəməkdə acizdir və məqsədi həmin miqdarda caamatdan pul yığmaqdır. İkincisi odur ki, mal-dövləti əlindən çıxıb və nə qədər ki, əlinə kifayət qədər pul gəlməyib müəyyən qədər camaatdan yığa bilər. Üçüncüsü odur ki, səfalət və yoxsulluğa düçar olub və qohum-əqrəbasından da üç nəfər aqil şəxs onun bu hala, bu vəziyyətə düşməsini təsdiq edir. Bu halda həmin şəxsin dilənməyi caizdir.
◘Əbuzərə buyurub: “Təfəkkür və düşünmə vasitəsilə qəlbini diri və ayıq saxla, yuxunu azalt və öz Allahından qorx.
◘Üç şey hafizəni qüvvətləndirər və bəlğəmi aradan aparar, Qur`an oxumaq, bal və kündür çeynəmək.
◘Əql üç hissədən ibarətdir. Hər kim bunların üçünə də sahib olsa aqil hesab olunur, əks təqdirdə ağılsızdır; Allahı düzgün tanıma, ona yaxşı itaət etmək və Ona qarşı xoş güman bəsləmək.
◘Hər kim dünyaya məhəbbət şərbətini içsə və ürəyini bu fani aləmə bağlasa üç bəlaya mübtəla olar; əzab-əziyyət gətirən məşğuliyyət, sonsuz arzular, çarəsiz hərislik.
◘Üç şey insana nicat bəxş edər və üç şey də insanı həlak edər. Nicat verən şeylər bunlardır; gizlində və aşkarda Allahdan qorxmaq, fəqirlik və varlılıq arasında olan orta həddə yaşamaq, qəzəb və xoşhallıq zamanı mö`tədil vəziyyətdə olmaq. Həlak edən şeylər isə bunlardır; simiclik və ona tabe olmaq, həvəs (nəfsin istəkləri) və onun ardınca getmək və xudpəsəndlik (özünübəyənmək).
◘Qiyamət günü üç kəs Allahın ərşinin kölgəsində qərar tutar. Biri odur ki, dəstəmazı pozulan kimi (yaxud, ayaqyolundan çıxan kimi) dərhal yenidən dəstəmaz alır, digəri odur ki, gecə qaranlığında məscidə gedir, üçüncüsü isə odur ki, acları doyurur.
***
Sünni və şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər
◘İbadət edənlər üç dəstədir. Bir qismi Allahdan qorxduqları üçün ibadət edirlər. Belə ibadət qulların ibadətidir. Bir qismi də öz əməllərinin mükafatını almaq tamahı ilə ibadət edirlər. Bu ibadət də muzdurların ibadətidir. Üçüncü qisim isə ixlas üzündən Allaha məhəbbət bəslədiklərindən ötrü ibadət edirlər. Bu ibadət azad və hürr insanların ibadəti və bu ibadətlərin ən əfzəlidir.
◘Hər kəs günah zillətindən xaric olsa itaət izzətinə daxil olar. Allah onu heç bir malı olmadan ehtiyacsız edər, heç bir qoşunu olmadan qalib edər, heç bir qohum-əqrabası olmadan əziz (izzət sahibi) edər.
◘Bir gün öz səhabələrindən soruşdu: “Nə haldasız?” Dedilər: “Allaha iman və e`tiqad halındayıq.” Buyurdu: “İmanınızın əlaməti nədir?” Dedilər: “Bəla zamanı səbirli, rifah halında şükür edən və Allahın təqdirinə razıyıq.” Buyurdu: “Bəli, And olsun Kə`bənin Allahına ki, siz mö`minsiniz!”
◘Allaha qarşı məhəbbət və eşq bəsləmək mə`rifətin əsası doğru-düzgünlük, yəqinin nəticəsi və ən üstün yəqin Allahın təqdirinə razı olmaqdır.
◘İşlər üç növdür: Bə`ziləri mütləq hidayət və irşaddır. Bu işlərin ardınca get. Bə`ziləri mütləq azğınlıq və zəlalətdir. Bunlardan özünü qoru! Müəyyən qismi də ixtilaflıdır. Onları Allaha tapşır və onlar barəsində özündən rə`y vermə.
◘Allah üç şeyi sizin üçün bəyənib və üç şeyi bəyənməyib. Bəyənib ki, Ona pərəstiş edəsiniz və heç bir şeyi Ona şərik qoşmayasanız, hamılıqla ilahi ipə sarılıb bir-birinizdən ayrılmayasınız və sizin üçün tə`yin etdiyi rəhbərlərə qarşı xeyirxah olasınız. Bunun qarşısında bəyənməyib ki, ixtilaf və qarışıqlıq salasınız, çox üz vurasınız (ondan-bundan çox xahiş edəsiniz) və mal-mülkü zay edəsiniz.
◘Allah ehtiyacsız tanınmayan (adı məşhur olmayan) pəhrizkar bəndəni sevir. (Ehtiyacsız odur ki, tamah əlini heç kəsə tərəf açmasın, tanınmayan odur ki, yersiz şəhvətlərdən uzaq gəzsin.)
◘İmanın faydası üç şeydir; Allah yolunda dostluq etmək, Allah yolunda düşmənçilik etmək, Allahdan utanaraq günah etməmək.
◘Kərəm və alicənablıq təqvadan, şərəf tavazödən, Allah qarşısında təslim olmaq isə yəqindən irəli gəlir.
◘Peyğəmbər (s) Cəbraildən soruşdu: “Məlaikələr də gülüb-ağlayırlarmı?” Dedi: “Bəli. Üç nəfərə təccüblənib gülürlər və üç nəfərə də mərhəmət və ürəyiyananlıq edib ağlayırlar. Güldükləri kəslərdən birincisi odur ki, bütün gün ərzində pis-pis danışır, axşam olanda da elə ki, işa namazını qılır, yenə boş-boş və lazımsız söhbətlərə başlayır bu zaman məlaikələr ona gülüb deyirlər: “Ey bixəbər! Səhərdən axşama qədər doymadın, indi doyacaqsan?!”
İkincisi əlinə bel və külüng götürüb torpağını şumlamaqdan ötrü öz tarlasına gedən tamahkar kəndlidir. O, öz payını artırmaq məqsədilə qonşu tarla ilə öz tarlasını ayıran torpaq sahəsini də belləyib öz sahəsinə qatmaq istəyərkən məlaikələr ona gülüb deyərlər: “Bu genişlikdə torpaqdan gözün doymadı, bu kiçik hissədən doyacaq?!” Üçüncüsü özünü naməhrəm kişilərdən örtməyən qadın barəsindədir. Elə ki, ölən zaman onu kəfənə büküb qaranlıq və gözlərdən gizlin olan yerə – qəbirə qoyarlar, məlaikələr gülüb deyərlər: “Rəğbətə səbəb olduğu zaman onu gizlətmirdiniz, indi gizlədirsiniz?! Halbuki, indi ona yalnız nifrət və ikrah olunar.
Məlaikələrin ağladıqları kəlsər isə bunlardır: Biri elm ardınca gedərkən yolda ölən qəribdir. İkincisi övladları olmayan və ömürləri boyu övlad həsrəti ilə yaşayan yaşlı kişi və qadındır. Elə ki, yaşlı çağlarında övladları olar, onlar sevinər ki, bu yaşımızda bizim xidmətimizdə durar, öləndən sonra da bizi dəfn edər. Həmin vaxt həmin övladları ata-anasından qabaq dünyasını dəyişər. Məlaikələr ata-anadan qabaq həmin övladın halına ağlayarlar. Üçüncüsü gecənin bir aləmi oyanıb (yuxulu olduğu üçün) anasının yoxluğundan xəbəri olmayan, ağlayaraq onun dalınca getmək istəyən yetimdir. O, ağlayan zaman dayə onun üstünə acıqlanıb deyər: “Nə ağlayırsan?!” Həmin an anasının olmamağı uşağın yadına düşər və ümidsiz halda susar. Həmin vaxt məlaikələr onun qəribliyinə ağlayarlar.
◘Münafiqin (ikiüzlü) üç əlaməti var; qəlbi ilə dili düz gəlmir, danışığı ilə əməli müxalifdir və aşkarı ilə gizlini bir-birindən fərqlənir. Paxılın da üç əlaməti var; dalca (pis sözlər) danışar, üzdə yaltaqlanar, adama müsibət və bəla üz verən zaman isə sevinib şad olar.
◘Allah-təala üç qadını qəbir əzabından amanda saxlayıb Qiyamət günü Fatimeyi Zəhra (ə) ilə məhşur edər. Həmin qadınlar bunlardır; ərinin əli aşağı olan zaman səbr edən (və ondan ayrılmayan) qadın, ərinin bəd əxlaqına səbr edib ondan boşanmayan qadın və mehriyyəsini ərinə bağışlayan qadın.
◘Üç xüsusiyyət var ki, bunlar behişt əhlinin sifətlərindəndir və alicənab insanlardan başqa heç kəs bunlara malik olmaz. Həmin xüsusiyyətlər bunlardır: Pislik edənə yaxşılıq etmək, zülm edənə güzətş etmək və təvəqqösü olmayan adama bəxşiş vermək.
◘Üç kəs Allahın ərşinin kölgəsindədir. Biri odur ki, qohumları ilə xoşrəftar olar. İkincisi əri öləndən sonra ikinci dəfə ərə getməyərək onun yetim qalmış uşaqlarını tərbiyələndirməklə məşğul olan qadın. Üçüncüsü isə yoxsula və ya əsirə yemək verən kişi.
◘Əbləhin üç əlaməti var; günah, qonşuya əziyyət vermək, əhd-peyman sındırmaq. Zöhdün (zahidliyin) də üç əlaməti var; pis yoldaşdan uzaq gəzmək, yalandan çəkinmək və günahı tərk etmək. Bədbəxtin də üç əlaməti var; haram tikə yemək, alimlərdən uzaq gəzmək və əlinin altında işləyənlərə rəhm etməmək. Ağıllı insanın da üç əlaməti var; dünyanı tərk etmək, camaatın əziyyətinə dözmək, çətinliklər zamanı səbr etmək.
◘Həzrət Əliyə (ə) buyurub: “Xoşbəxt insanın üç əlaməti var; öz vətənində halal ruzi, alimlərlə yoldaşlıq və beş ədəd gündəlik vacibi namazları camaatla qılmaq. Bədbəxt adamın da üç əlaməti var; haram yemək, alimlərdən uzaq gəzmək və namazı tək qılmaq.”
◘Qəlblər üç növdür; dünyaya bağlı olan qəlb, axirət tələbində olan qəlb və Allaha aşiq olan qəlb. Dünyaya bağlı olan qəlb daim çətinlik və bəla içərisində olar. Axirət tələbində olan qəlb uca dərəcələrə çatar. Allaha aşiq olan qəlbin də ki, həm dünyası var, həm axirəti, həm də Allahı.
***
Digər tərzdə olan hədislər
◘Allah-təala Peyğəmbərə (s) vəhy edib buyurdu: “Ey Məhəmməd! Dünyada Məndən ötrü sevimli olan üç şey var; şakir qəlb, zakir qəlb, bəla və müsibətlər qarşısında sabir olan bədən.”
◘Başqa bir hədisdə də var ki, Allah Öz bəndələrində üç xüsusiyyəti sevir; imkan və qüdrət daxilində bəxşiş, günahdan peşman olan zaman ağlamaq, fəqirlik və yoxsulluq zamanı səbr etmək.
◘Cəbrail (ə) buyurub: “Mən dünyada üç şeyi sevirəm; yolunu azmışa (itən şəxsə) yolu göstərmək, zərər çəkmişə kömək, zavallı insanlarla dostluq edib onlara məhəbbət göstərmək.”
◘Başqa bir hədisdə var ki, Cəbrail (ə) buyurub: “Mən sizin dünyanızdan üç şeyi sevirəm; yolunu azanları hidayət etmək, qəriblərlə ülfət yaratmaq və ailə sahibi olan kasıblara kömək göstərmək.”
◘Peyğəmbər (s) buyurub: “Mən sizin dünyanızdan üç şeyi sevirəm; ətir, qadın və gözümün işığı olan namazı.” (Dünya dedikdə məqsəd dünyada həyata keçən əməllərdir. Baxmayaraq ki, Allah və axirət qəsdi ilə yerinə yetirilir.)
◘Mənim dünyada üç işdən xoşum gəlir; yayda oruc tutmaq, (Allah yolunda) qılınc vurmaq və qonaq qəbul etmək.
◘Mənim üç əməldən xoşum gəlir; məscidə getməkdən, alimlərin məclisindən və meyyit namazından.
◘Dindən zülal və saf olanları götür (yə`ni dindən olub-olmadığı mə`lum olmayan məsələləri dindən hesab etmə), həyat və yaşayışından kifayət qədərini götür, zülm və sitəmdən isə uzaq gəz. Çünki ömür qısa, əməllərin sərrafı isə görəndir.
◘Allah üç şeyi sevir; az danışmaq, az yatmaq və az yemək.
◘Allahın üç şeydən acığı gəlir; çox danışmaq, çox yatmaq və çox yemək.
Allah-təalanın üç işdən xoşu gəlir; dini vəzifələri yerinə yetirmək, camaatla təvazökar olmaq və Allah bəndələrinə yaxşılıq etmək.
◘Üç şey peyğəmbərlərin sünnə və qanunlarındandır; təharət və paklıq, evlənmək və pəhrizkarlıq.
◘Üç şey axmaqlıq əlamətidir; həddindən çox zarafat etmək, lazımsız şeylərə baş qarışdırmaq, tünd xasiyyətli və acıqlı olmaq.
◘Üç şey cəhənnəm əhlinin xüsusiyyətlərindəndir; təkəbbür, özünübəyənmə, bədəxasiyyətlik.
◘Üç iş dostluq və rəfaqəti xalis və tərtəmiz edər; dostun eyiblərini ona bildirmək, o, olmayanda onun abır və heysiyyətini qorumaq və çətinlik zamanı ona yardım göstərmək.
◘Üç kəs Qiyamətdə qorxmaz; xalis mö`min, yaxşılığın əvəzini verən, ədalətli rəhbər.
◘Üç kəslə bədbəxt insanlardan başqa heç kəs müxalifətçilik etməz; biliyinə əməl edən alim, dərrakəli və düşüncəli aqil və ədalətli rəhbər.
◘Üç kəsdən ötrü qeybət yoxdur (yə`ni, qeybət üç kəsə aid edilməz); zalım rəhbər, aşkar fasiq, şərab içən.
◘Qiyamət günü Allah üç kəsə nəzər salmaz, onlarla danışmaz və onları dərdli əzaba düçar edər. Biri elmindən mal-dövlət cəm etməkdən ötrü istifadə edən, harama şübhə yaratmaqla əməl edən, (məsələn, qeybət edir sonra öz qeybətinə bəraət qazandırır, yalan deyir sonra belə məsləhət olduğunu bildirir və s.) və qonşunun arvadı ilə zina edən.
◘Üç kəs hamıdan birinci behiştə gedər; Allah yolunda şəhid olan kəs, qul olduğu dövrdə də öz dini vəzifələrini yerinə yetirən qul, ailə sahibi olan həyalı fəqir.
◘Allah üç kəsi özünə düşmən bilir; biri sədəqə verərkən minnət qoyan şəxs, ikincisi rifah halında olmasına baxmayaraq simiclik göstərən şəxs, üçüncüsü isə israfçı fəqir.
◘Üç nəfər hamıdan öncə oda daxil olar; camaata zülm və sitəm hesabına hakim olan hökmdar, zəkat verməyən varlı, günaha adət edən yoxsul.
◘Üç vəzifə var ki, bir nəfər də olsun ondan azad deyil; istər kafirlə, istərsə də müsəlmanla bağlanılan əhd və peymana vəfa etmək, istər kafir olsun, istərsə də müsəlman ata-anasına yaxşılıq etmək, istər müsəlman olsun, istərsə də kafir, əmanəti sahibinə qaytarmaq.
◘Hər kəsdə bu üç xüsusiyyət olsa onun imanı kamildir; ilahi vəzifələri yerinə yetirməkdə camaatın tə`nəsindən qorxmasın, heç bir işdə riya və təzahürə yol verməsin, axirət işlərini dünya işlərindən üstün tutsun.
◘Üç iş bütün ibadətlərdən üstündür; nəfslə cihad, həva-həvəsə hakim olmaq və dünyaya qarşı e`tinasızlıq.
◘Üç işi tə`xirə salmaq olmaz; namazın əvvəl vaxtını, meyitin dəfnini və münasib həyat yoldaşı tapıldıqda evlənməni.
◘Üç kəsin haqqını münafiqdən başqa heç kəs tapdalamaz. Onlardan biri tüklərini müsəlmançılıqda ağardan qoca, digəri ədalətli rəhbər və üçüncüsü isə insanları xeyrə də`vət edən kəsdir.
◘Allah-təala üç kəsi hurul-eynlə evləndirər. Onlardan biri camaatın şahid olmadan ona verdikləri əmanətini qaytaran şəxs, digəri öz qatilini əfv edən, üçüncüsü isə hər namazdan sonra on dəfə İxlas surəsini oxuyan şəxsdir.
◘Üç kəsin qeybəti günah sayılmır; aşkar şəkildə günah edən şəxsin, zülmkar qazinin və dediyi ilə əməli uyğun gəlməyən münafiqin.
◘Təkcə o alimlə oturub-durun ki, sizi üç pis xislətdən üç ali xüsusiyyətə – təkəbbürdən təvazöyə, e`tinasızlıqdan xeyirxahlığa və nadanlıqdan elm və biliyə də`vət etsin.
◘İnsan nəfsini xarab edən üç şeydir; təkəbbür, hərislik və həsəd. Təkəbbür dini xarab edər, necə ki, şeytanı lə`nətə düçar etdi. Hərislik canın düşmənidir və Adəmi behiştdən çıxartdı. Həsəd bədbəxtlik gətirər və məhz həsəd Qabili Habilin qatili etdi.
◘“Həfat” (هفات), “həfat” (حفات) və “nəfat”نفات )) kişidən Allaha pənah! Birincisi odur ki, dildə dostdur, qəlbdə düşmən. İkincisi yerli-yersiz çox danışan adamdır. Üçüncüsü isə deyib əməl etməyəndir.
◘Əvvəli “Bismillahir-rəhmanir-rəhim”lə başlayan dua geri qaytarılmaz (əlbəttə ki, sair şərtləri ilə). Mənim ümmətim Qiyamət günü dillərində “Bismillah” olduğu halda daxil olarlar. Buna görə də yaxşı əməl tərəzilərinin gözü ağır olar. Deyərlər: “Məhəmməd (s) ümmətinin əməlləri nə ağır gəlir?!” Peyğəmbərlər cavab verib deyərlər: “Bu ümmətin hər sözünün əvvəli Allahın üç müqəddəs adı ilə başlanıb (yə`ni Allah, Rəhman və Rəhim). Əgər bu adlar tərəzinin bir gözünə, camaatın günahları isə digər gözünə qoyulsa bu müqəddəs adlar daha ağır gələr.
◘İbn Abbas deyir ki, bir gün Peyğəmbər (s) Kə`bə evinə nəzər salıb buyurdu: “Afərin sənə! Nə böyük əzəmət və ehtirama maliksən! Lakin mö`minin hörməti Allah qarşısında səndən daha artıqdır. Allah sənə qarşı bir ehtiram vacib bilib, lakin mö`minə qarşı üç ehtiram; canı möhtərəmdir, malı da möhtərəmdir və onun barəsində bəd gümanda olmaq qadağandır.”
◘Hər kəs Allahı tanısa ağzını haram sözlərdən qoruyar, qarnını haram yeməkdən saxlayar və bədənini də namaz və oruc vasitəsilə əziyyətə salar.
◘Qonşu üç cürdür; Bə`zisinin bir haqqı var, bə`zisinin iki haqqı, bə`zisinin də üç haqqı. Birinci qonşu müşrikdir, ikincisi biganə müsəlman, üçüncüsü isə müsəlman qohum-əqraba.
◘Hər kəsdə üç xüsusiyyət olsa Allah ona Öz pənahında yer verər və Öz rəhmətini onun üçün genişləndirər. Soruşanda ki, bu hansı xüsusiyyətlərdir. Buyurdu: “Ne`mət zamanı şükür, qüdrət zamanı əfv, üçüncüsü isə qəzəblənən vaxt soyuqqanlı olmaq.”
◘İmanın ləzzətini o kəs dadar ki, Allahın allahlığını, İslamın həqqaniyyətini və Məhəmmədin (s) peyğəmbərliyini qəbul etsin.
◘Üç kəsin əcri (mükafatı) iki qatdır. Biri Məhəmmədə (s) iman gətirən əhli-kitabdır. (yəhudi və ya xristian), digəri Allahın və öz sahibinin haqqını yerinə yetirən qulam, üçüncüsü isə bir yataqda yatdığı kənizi gözəl tərbiyələndirib azad edən, daha sonra onunla evlənən kişi.
◘Üç kəs Qiyamət günü Allahın ərşinin kölgəsində qərar tutar; adil rəhbər, müntəzəm olaraq azan verən (və onu tərk etməyən) müəzzin və gün ərzində Qur`andan iki yüz ayə oxuyan kəs.
◘Sənin dostun üç kəsdir; öz dostun, dostunun dostu və düşməninin düşməni. Düşmənin də üç nəfərdir; öz düşmənin, dostunun düşməni və düşməninin dostu.
◘Allah-təala buyurur: “Əgər bir bəndəmi xəstəliyə düçar etsəm və o da bir kəsə şikayət etməsə onun bədəninin ətini, dərisini və qanını əvvəlkindən daha yaxşısı ilə əvəz edərəm. Əgər həmin halda ölsə Mənim rəhmətimə qovuşar, yox əgər yaşasa günahlarını bağışlayaram.”
◘Əql üç qismdir. Hər kim hamısına sahibdirsə əqli kamildir. Hər kəs də heç birinə sahib deyilsə ağılsızdır. Onlar bunlardır; Allahı doğru-dürüst tanımaq, Ona yaxşı itaət etmək və vəzifəni yerinə yetirən zaman gözəl səbr etmək.
◘Üç şey işlərin ən üstünüdür; camaata qarşı insaflı olmaq, əldə olan mal-dövləti müsəlman qardaşlarla bölüşmək və hər bir halda Allahı yad etmək.
◘Üç günah var ki, onun cəzasını elə dünyadaca verərlər, axirətə saxlamazlar; ata-anaya əziyyət vermək, camaata zülm etmək və yaxşılıq müqabilində pislik etmək.
◘Üç şeyi çox yad edin ki, bəla və müsibətlər sizə asan görünsün; ölüm, qəbirdən çıxarılacaq vaxt və haqq-hesabdan ötrü Allah qarşısında dayanacağın gün.
***
Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər
◘Üç şey insanı xarab edər; əhd-peyman sındırmaq, sünnəyə müxalif olmaq və müsəlmanlardan uzaq gəzmək.Üç şey də insanın nicat tapmasına səbəb olar; dili saxlamaq, günahlardan ötrü ağlamaq və fitnə zamanı evdə oturmaq.
◘Üç dəstə insan var ki, sən onlara əziyyət etməsən də onlar sənə əziyyət verərlər; (ləyaqətsiz) qadınlar, nökərlər, alçaqlar. (Ona görə ki, bunlar rəftar qaydalarında orta həddə deyillər ki, başqalarının da hüquqlarını qorusunlar. Bunlar o kəsə oxşayırlar ki, vurmaq və ya öldürmək qəsdi ilə digərlərinə hücum edir, tərəf müqabili də məcburdur ki, ya vurub öldürsün, ya da ki, döyülüb öldürülsün.)
◘Behiştdə elə bir dərəcə var ki, həmin dərəcəyə adil rəhbər, qohumlarına yaxşılıq edən və səbirli ailə sahibi çatar.
◘Qiyamət günü üç gözdən başqa bütün gözlər ağlayar; Allah qorxusundan ağlayan göz, naməhrəmə baxmaqdan yumulan göz və Allah yolunda gecə yatmayan göz.
◘Həzrət Əliyə (ə) buyurub: “Qorxaqla məşvərət etmə, çünki yolu səndən ötrü çətinləşdirər. Simic insanla da məşvərət etmə, çünki o, səni məqsədinə çatmağa qoymaz. Həris insanla da məşvərət etmə ki, səni hərisliyə və tamahkarlığa sövq edər. Bil, ey Əli! Qorxu, simiclik və hərislik (tamah) üçün də Allaha qarşı bədgüman olmaqda xülasələnən bir qərizədir. (yə`ni, Allaha qarşı bədgüman olmaq bu üç xüsusiyyətin mənşəyidir.)
◘Üç xüsusiyyət var ki, hər kəsdə olsa o, imanın bütün sifətlərinə malikdir; xoşhal olan zaman batil işlərə meyl etməsin, qəzəbli olan zaman Allahın qoyduğu hüdudları aşmasın və qüdrətli olduğu zaman da öz həddini aşmasın.
◘Üç nəfər var ki, Qiyamət günü Allah onlarla danışmaz, onları günahlardan paklaşdırmaz və onlara dərdli-qəmli əzab verər. Biri odur ki, təkcə dünyadan ötrü hər hansı bir rəhbərə bey`ət etsin və sonradan əgər məqsədinə çatarsa əhdinə əməl etsin, yox əgər çatmazsa peymanından boyun qaçırsın. Digəri odur ki, qaranlıqda hər hansı bir malı satarkən and içərək müştərini aldatsın və müştəri də ona inanıb həmin malı alsın. Üçüncüsü isə odur ki, biyabanda yol gedərkən suyu ola-ola yoldaşlarından gizlətsin.
◘Ehsan və yaxşılığın əvəzi hər bir ibadətin mükafatından tez verilər və zülmün cəzası da hər bir günahın cəzasından tez çatar. Təkcə bu eyib kifayət edər ki, sənin özündə ola-ola onu özündə görməyib başqalarında görəsən, camaatı özünün tərk edə bilmədiyin naliyiq əmələ görə danlayasan və yoldaşını bihudə sözlər və səmərəsiz işlər vasitəsilə yorub ona əziyyət verəsən.
◘Mənim əhli-beytimi sevməyən şəxs bu üç naqislikdən hansınasa sahibdir; münafiqdir, ya haramzadədir (yə`ni, haram yolla dünyaya gəlib), ya da nütfəsi heyz halında bağlanıb.
◘Üç haldan başqa gecə oyaq qalmaq yaxşı deyil; Qur`an oxumaqdan ötrü, elm öyrənməkdən ötrü və toy vaxtı.
◘Üç dua şübhəsiz qəbuldur; məzlumun duası (yə`ni, zalım barəsində etdiyi nifrin), müsafirin duası (əlbəttə, halal və səhih bir işdən ötrü səfər edən şəxsin duası) və ata-ananın övlad barəsində etdikləri dua.
◘Dünyanın bəzəyi üç şeydir; mal, övlad və qadın. Axirətin də zinəti üç şeydir; elm, pəhriz və sədəqə. Bədənin də yaraşığı üç şeydir; az danışmaq, az yemək və az yatmaq. Əqlin də zinəti üç şeydir; səbir, şükür, sükut.
◘Əgər Adəm övladından ötrü üç bəla və giriftarlıq olmasaydı, heç bir şey onun başını əyməzdi; xəstəlik, fəqirlik və ölüm. Təəccüblü burasıdır ki, bunların olmasına baxmayaraq yenə dikbaşlıq edib boyun qaçırır.
◘Me`rac gecəsi Allah-təala Əli (ə) barəsində mənə üç şey vəhy etdi: “Əli pəhrizkarların imamı, mö`minlərin başçısı, namaz qılanların öndə gedənidir.”
◘Ya alim ol, ya tələbə, ya da alimləri özünə dost tut. Alimlərin düşməni olma ki, həlak olarsan.
Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri digər hədislər
◘Həzrət Əliyə (ə) buyurub: “Ey Əli! Çox pis olan üç xüsusiyyətdən səni çəkindirirəm; həsəd, hərislik və yalan.”
◘“Ey Əli! İşlərin ən üstünü üç şeydir; başqalarına qarşı insaflı olmaq, malını mö`min qardaşlarla bölmək və həmişə Allahı yad etmək.
◘Ey Əli! Mö`min dünyada üç şeylə şad olar; qardaşların görüşü ilə, oruc tutanda iftar zamanı və gecənin axırında etdiyi ibadətlə.
◘Ey Əli! Üç xüsusiyyət var ki, hər kəsdə olmasa işləri nizama düşməz: Günahdan çəkindirən təqva, camaatla keçindirən xoş xasiyyət və nadan insanları ağıllandıran hövsələ.
◘Ey Əli! Üç şey həqiqi imanın əlamətlərindəndir: Əl aşağı olan zaman infaq etmək, başqalarına qarşı insaflı olmaq və elm öyrənmək istəyənlərə elm öyrətmək.
◘Ey Əli! Üç xüsusiyyət şərəfli və üstün əxlaqdan irəli gəlir; səni naümid edənə bəxşiş vermək, səndən əlaqə kəsənlə əlaqə yaratmaq və sənə zülm edəni əfv etmək.
◘Ey Əli! Üç xüsusiyyət var ki, hər kim onlarla dünyadan getsə camaatın hamısından əfzəldir: Bütün vacibatlarını yerinə yetirən, insanların ən abidi olan (yə`ni, ən çox ibadət edən) və haram işləri tərk edən. Belə şəxs insanların ən pəhrizkarıdır. Allahın ona nəsib etdiyinə razılaşan şəxs isə insanların ən varlısıdır.
◘Ey Əli! Üç iş var ki, bu ümmətin ona taqəti çatmır; əlində olanı mö`min qardaşlarla bölmək, camaata qarşı insaflı olmaq və həmişə Allahı yad etmək (yə`ni, günahla rastlaşdığı zaman Allahı yad etməklə həmin günahı tərk etmək.)
◘Ey Əli! Üç dəstə insanla oturub durmaq qəlbi öldürər; alçaqlarla, valılarla və qadınlarla.
◘Ey Əli! İnsanların həlakətinə üç şey səbəb olar; həsəd, hərislik və təkəbbür.
◘Ey Əli! Üç şey qəlbi daşa döndərər: Musiqiyə qulaq asmaq, ov etmək, şahların və sultanların hüzuruna gedib-gəlmək.
◘Ey Əli! Dünyanın ləzzəti üç şeydədir; gen-geniş ev, gözəl kəniz və yaxşı minik.
◘Cəbrail mənim yanıma gəlib dedi: “Biz məlaikələr üç şey olan evə daxil olmarıq; it, heykəl və içinə sidik axıdılan qab.”
◘Əmr be mə`ruf və nəhy əz münkər edən, yaxud da xeyir dəllallığı ilə məşğul olan kəs əməl edənin savabı ilə şərikdir.
◘Yer üzərində baş verən işlərin heç birindən üç işdən şikayət etdiyim kimi Allaha şikayət etmirəm; qərib və yad adamın qanının tökülməsindən, zinadan sonra edilən qüsuldan və günəşdən qabaq olan yuxudan (yə`ni, sübh namazını qəzaya verən yuxu).
◘Mən bu kəslər üçün behiştin yuxarısında, ortasında və aşağısında üç evə zaminəm; müzakirə zamanı höcət etməyən, hətta zarafatla da olsa yalan danışmayan və xasiyyəti gözəl olan.
◘Allah üç şeyi möhtərəm bilib və hər kim də onların hörmətini qorusa Allah da onun din və dünyasını hifz edər və hər kim onların haqqına riayət etməsə Allahın hifzindən binəsib olar. Birincisi İslam, ikincisi mən və üçüncüsü isə mənim əhli-beytimdir.
◘Peyğəmbər (s) səfərlərinin birində bir karvana rast gəldi. Salam verdi və buyurdu: “Sizin dininiz nədir?” Dedilər: “Mö`minik.” Buyurdu: “İmanınızın əlaməti nədir?” Ərz etdilər: “Allahın qəza və qədərinə razılıq, Onun qarşısında təslim olmaq və işlərimizi Onun öhdəsinə qoymağımız (yə`ni, Ona təvəkkül etməyimiz). Buyurdu: “Sizlər alim və hikmət sahiblərisiniz. Hikmətinizin çoxluğundan peyğəmbərlərə bənzəyirsiniz. Elə isə, əgər doğru deyirsinizsə həmişəlik qalmayacağınız evə bel bağlamayın, yeyə bilməyəcəyiniz şeyi cəm etməyin və axır dönüşünüz Ona tərəf olacaq Allahdan qorxun!”
◘Üç dəstə insan şəfaət edər və onların şəfaəti də qəbul olunar; peyğəmbərlər, şəhidlər və alimlər.
◘Abdullah Məs`ud deyir ki, Peyğəmbərdən (s) soruşdum: “Allah yanında ən sevimli əməl hansıdır?” Buyurdu: “Əvvəl vaxtda qılınan namaz.” Dedim: “Ondan sonra?” Buyurdu: “Ata-anaya yaxşılıq.” Dedim: “Ondan sonra?” Buyurdu: “Allah yolunda cihad.
◘Mənim öz ümmətimdən ötrü ən çox qorxduğum üç şey var; alimin xatası, münafiqin (mübahisə zamanı) Qur`andan dəlil gətirməsi və boynunuzu sındıracaq dünyaya meyl etməyiniz. Elə isə, dünyaya ittiham gözü ilə nəzər yetirin (və ona ürək bağlamayın).
◘Allaha və axirət aləminə imanı olan şəxs üzərində şərab olan süfrə kənarında oturmasın, hər kəsin Allaha və cəza gününə imanı varsa (çılpaq) fitəsiz hamama getməsin və hər kəsin Allaha və Qiyamətə imanı varsa arvadını hamama getməyə qoymasın (əxlaqi fəsadlara səbəb ola biləcək xüsusi hamamlara).
◘Özümdən sonra ümmətim üçün üç şey barəsində nigaranam; Qur`anın yanlış tə`vili (açıqlanması), alimin səhvinə itaət etmək, tüğyan və əyyaşlığa səbəb olacaq mal çoxluğu. Mən bu təhlükələrdən nicat tapmağın yolunu göstərirəm. Qur`an barəsində; onun möhkəm (mə`nası açıq-aşkar) ayələrinə əməl edin, mütəşabih (məzmunu aydın olmayan) ayələrinə iman gətirin. Alimlər barəsində; elmlərindən bəhrələnin səhvlərini araşdırmaqla məşğul olmayın. Dünya malı barəsində; bunun çarəsi budur ki, Allaha ne`mətlərinə görə şükr edin və onun (yə`ni, mal-dövlətin) vacib hüquqlarını (xums-zəkatını) yerinə yetirin.
◘İman ibarətdir: qəlbən e’tiqadlı olmaqdan, dillə təsdiq etməkdən və bədən üzvlərilə əməl etməkdən.
◘Ey Ənəs! (Həzrətin (s) xidmətçisi olub) dəstəmazı sevinc və həvəslə al ki, sirat körpüsündən asan keçəsən, hamıya salam ver ki, evində xeyir-bərəkət artsın və gizli sədəqə çox ver ki, Allahın qəzəbini sakitləşdirər.
◘Ey Əbuzər! Məbada dilənəsən! (Yə`ni, bir kəsdən bir şey istəyəsən,) bu həqiqi zillətdir! Elə bir fəqirlikdir ki, özün ona tələsmisən. Bu iş Qiyamət günü hesabın uzanmasına səbəb olar. Əbuzər! Sən tənha yaşayacaqsan, tənha öləcəksən və tənha behiştə varid olacaqsan. İraq əhlindən olan bir dəstə insan sənin bərəkətindən səadətə nail olacaqlar. Onlar sənə qüsul verib kəfənə bükəcək və torpağa tapşıracaqlar.
◘Ey Əbuzər! Əlini camaat qarşısında irəli uzatma. Amma əgər bir nəfər sənə ehsan etsə (yaxşılıq məqsədilə bir şey versə) onu geri qaytarma.
Daha sonra əshabına buyurdu: “İstəyirsinizmi ki, ən pis insanların kim olduğunu sizə göstərim?” Dedilər: “Bəli, ey Allahın rəsulu!” Buyurdu: “Onlar o kəslərdir ki, söz gəzdirirlər, dostların arasını vururlar və günahsızlara böhtan atırlar.”
◘Xoş o kəsin halına ki, özünü kiçik tutur, malının çox hissəsini infaq edir və sözünün çox olmasından özünü qoruyur.
◘Qədim zamanlarda üç dost düzənlikdə yol gedirdilər. Birdən yağış başladı. Dağın çatlaq hissəsinə pənah apardılar. Həmin çatlaq yer bir parça daş vasitəsilə örtüldü. Onlar bir-birlərinə dedilər: Bura elə bir yerdir ki, düzlükdən başqa bir şey insana nicat verməz. Hər birimiz gərək dua edək və sırf Allah xatirinə yerinə yetirdiyimiz ən xalis əməlimizi yada salaq, ola bilsin ki, Allah fərəc yetirsin. Biri dedi: “İlahi, sən bilirsən ki, mənim bir işçim var idi ki, onun əl muzdu bir qab düyü idi. Müəyyən səbəblər üzündən həmin düyünü götürməyib getdi. Mən o düyünü əkdim və məhsulundan bir inək sürüsü aldım. Bir müddətdən sonra həmin işçi gəlib öz muzdunu tələb etdi. Mən ona dedim: “Bu inək sürüsü sənin muzdundur. Mənim sə`y və təlaşım sayəsində bu yerə çatıb. Götür, get.” Həmin şəxs onu götürüb getdi. Pərvərdigara, sən bilirsən ki, mən bu işi səndən qorxduğum üçün yerinə yetirdim. Elə isə sən də bizim üçün fərəc yetir.” O zaman bir az yol açıldı. İkincisi dedi:” Pərvərdigara, sən bilirsən ki, mənim qoca ata-anam var idi. Axşamlar qoyunlarımın südünü onlara aparırdım. Bir gecə gec getdim. Onlar artıq yatmışdılar. Öz arvad-uşağım da aclıqdan nalə edirdilər. Lakin mənim adətim bu idi ki, ata-anam yeməsəydi, onlara yemək verməzdim. Bir tərəfdən ata-anamı oyatmaq istəmirdim, digər tərəfdən də qayıtmaq istəmirdim ki, birdən ayılıb süd içmək istəyərlər. Bu minvalla oturub gözləməyə başladım. O qədər gözlədim ki, səhər açıldı. Pərvərdigara! Əgər bilirsənsə mən bunu sənin qorxundan yerinə yetirmişəm, yolumuzu aç.” Yenə də daş bir az geri getdi və asiman göründü. Üçüncüsü dedi: “İlahi sən bilirsən, bir əmim qızı var idi ki, məni hamıdan çox istəyirdi. Mən ondan (zina yolu ilə) kam almaq istədim. O, qəbul etmədi. Yalnız yüz dinar ödəyəcəyim təqdirdə buna razı olduğunu bildirdi. Min bir zəhmətlə həmin miqdar pulu toplayıb ona təqdim etdim. O, hazır oldu. Məqsədimə çatmaq üçün ona yaxınlaşanda dedi: “Allahdan qorx və mənim mehriyyəmi rəva olmayan şeydən ötrü sındırma.” Yerimdən qalxdım. Yüz dinardan da gözümü çəkdim. İlahi! Əgər bilirsənsə ki, bu işi sənin qorxundan yerinə yetirdim, bizim üçün yol aç!” Onun sözü qurtaran kimi yol açıldı və onlar mağaradan çıxdılar. (Bu hədisi əhli-sünnə də fərqli ibarələrlə nəql etmişdir.)
◘Allah yanında işlərin ən sevimlisi namaz, ehsan (yaxşılıq) və cihaddır.
***
Əmirəl-mö`minindən (ə) nəql olunan şiə hədisləri
◘Həzrət Əli (ə) buyurur: «İnsanlar üç cürdür; ağıllı, axmaq və dinsiz. Ağıllı insanın ayini din, xasiyyət və təbiəti mülayim, fitrəti isə rəydir. (Zahirən, məqsəd budur ki, işlərində məqsədyönlü fikrə və səhih rəyə malikdir.) Əgər soruşsalar cavab verər. Elə ki, ağzını açar düz söz deyər, qulaq asan zaman başa düşər. Söz danışanda yalan danışmaz. Ona arxayın olana xəyanət etməz. Lakin axmağa xeyirli bir iş təklif etsələr diqqət yetirməz, yaxşı iş göstərsələr tərk edər. Onu cahil-cahil işlərə də`vət etsələr qəbul edər. Danışanda yalan danışar, sözü düz başa düşməz, dərk etsə də diqqət yetirməz. Dinsiz insan isə əmanətə xəyanət edər. Ləyaqətsiz işləri sevir. Ona e`tibar edən şəxsdən ötrü xeyirxah niyyəti olmaz.»
◘Əql elə bir ağacdır ki, kökü təqva, budaqları həya, meyvəsi zöhd və pəhrizkarlıqdır. Təqva üç şeyə də`vət edir; dini öyrənməyə, dünyaya qarşı e`tinasız olmağa və Allahdan başqa hər şeydən qırılmağa. Həya da insanı üç xüsusiyyətə tərəf çəkir; yəqinə, xoş əxlaqa və təvazöyə. Pəhrizkarlıq da insanı üç işə də`vət edir; doğru danışmağa, xeyir işə tələsməyə və şübhəli işləri tərk etməyə.
◘Üç şey insanı həlak edər: Padşah qarşısında öz gücünü göstərməyə cür`ət etmək, xainə əmanət tapşırmaq və sınaqdan keçirmək üçün zəhəri içmək.
◘Qadın üç yolla insana halal olur: Daimi əqdlə, müvəqqəti əqdlə və kənizlik vasitəsilə.
◘Üç şey müsəlmanı kamal həddinə çatdırar: Dini öyrənib başa düşmək, öz güzəranında müəyyən ölçüyə riayət etmək və xoşagəlməz hadisələr müqabilində səbr etmək.
◘İbn Bəbaveyh “Xisal” kitabında nəql edir ki, bir kişi Həzrət Əlinin (ə) yanına gəlib ərz etdi: “Öz Allahını necə tanıdın?” Həzrət (ə) buyurdu: “İstək, iradə və qərarlarımın aradan getməsi ilə. Bə`zən hər hansı bir iş görmək istədikdə gözlənilmədən bir qüdrət mənim və məqsədimin arasına daxil olur. Qərar qəbul edirəm təqdir əli onu qarışdırır. Bu yolla dərk edirəm ki, işlərin idarəsi başqa bir əl vasitəsi ilə həyata keçir.” Soruşdu: “Allahın ne`mətlərinin şükrünü necə yerinə yetirirsən?” Həzrət (ə) buyurdu: “Fikir verib görürəm ki, məni başqalarının düçar olduğu bəlalardan qurtarıb və başa düşdüm ki, bu Allahın ne`mətidir. Beləliklə də vəzifəmin şükr etmək olduğunu bildim.” Soruşdu: “Allahın görüşünə müştaq olmağın necədir?” Həzrət (ə) buyurdu: “Gördüm ki, məndən ötrü din, məlaikələr və peyğəmbərlər seçib. Başa düşdüm ki, mənə belə bir iftixar nəsib edən məni heç vaxt unutmaz; beləliklə də, Onun görüşünü sevdim.”
◘Üç şey öldürəndir; simiclik, həvəs və özünübəyənmə. İmanın üçdə biri həya, üçdə biri əhdə vəfa və üçdə biri də səxavətdir.
◘Məhəmməd ibn Hənəfiyyəyə öz nəsihətnaməsində buyurur: “Özünübəyənmədən, bədxasiyyətli olmaqdan və səbirsizlikdən çəkin. Bu xüsusiyyətlər səndə olsa özünə heç bir dost tapa bilməzsən və camaat da həmişə səndən uzaq gəzər. Özünü camaatı sevməyə, onlarla xoş davranmağa məcbur et, onlara kömək etməyə daim hazır ol. Malını və canını dostundan əsirgəmə. Hamı ilə xoş üzlə və məhəbbətlə davran. Düşməninə qarşı ədalətli və insaflı ol. Hamının qarşısında dininə və abır-heysiyyətinə qarşı simic ol ki, həm dinin salamat qalsın, həm də dünyan.
◘Bir hədisdə nəql olunur ki, Osman öldürüldükdən sonra və xilafət həzrət Əliyə (ə) çatan zaman bir səhra ərəbi imamın (ə) hüzuruna gəlib dedi: “Ey Əmirəlmö`minin! Üç xəstəliyə düçar olmuşam: bədən ağrıları, kasıbçılıq və avamlıq.” Həzrət (ə) buyurdu: “Ey qardaş! Bədəninin xəstəliyindən ötrü gərək təbibə müraciət edəsən, kasıbçılığından ötrü isə kərəm sahibinə. Cəhalət xəstəliyindən ötrü də ki, gərək alimə müraciət edəsən.” Dedi: “Ey Əmirəlmö`minin, sən həm təbibsən, həm kərimsən, həm alim.” Həzrət (ə) göstəriş verdi ki, beytül-maldan ona üç min dirhəm pul versinlər və buyurdu: “Min dirhəmi bədənin müalicəsi üçün, min dirhəmi fəqirliyindən ötrü və min dirhəmi də savadlanmağından ötrü xərclə.”
◘Bir nəfər Əlini (ə) qonaq də`vət etdi. Həzrət (ə) buyurdu: “Bir şərtlə ki, üç işdən ötrü öhdəçilik qəbul edəsən: Evində olmayan bir şey alıb hazırlamayasan, nəyin var əsirgəməyəsən və ailənə sıxıntı verməyəsən.” Ərz etdi: “Qəbul etdim.” Həzrət də qəbul etdi.
◘İbn Bəbaveyh həzrətdən (ə) müfəssəl bir hədis nəql edib. Münasib məqam olduğuna görə biz də onun bir hissəsini nəql edirik: “Məsciddə Əli (ə) buyurdu: “Nə qədər ki, sizin aranızdan getməmişəm, hər nə istəyirsiniz məndən soruşun.” Məscidin axırından bir kişi qalxıb yaxına gəldi və ərz etdi: “Ey Əmirəlmö`minin, məni elə bir işə hidayət et ki, onu yerinə yetirsəm Allah mənə oddan nicat versin.” Buyurdu: “Ey kişi! Qulaq as, düzgün başa düş və yəqinin olsun. Dünyanın davamı üç kəsin varlığından asılıdır: Elminə əməl edən bəlağətli nitqi olan alim, dövlətinin müəyyən hissəsini müsəlmanların istifadəsindən əsirgəməyən varlı və fəqirliyinə qarşı səbirli və dözümlü olan kasıb. Elə isə əgər alim öz elmini yaymadı, dövlətli simiclik etdi və kasıb səbrini əlindən verdi, həlakət zamanı çatmışdır. Həmin zaman Allahı tanıyanlar dövranın geri getdiyini, küfrün yenidən meydana gəldiyini dərk edərlər. Həmin dövrdə məscidlərin çoxluğuna, bədənlərin yaxın, qəlblərinsə uzaq olduğu cəmiyyət çoxluğuna aldanma!
İnsanlar üç dəstədir: Mö`min, hövsələli və dünyaya həris. Mö`min nə dünyanın ona üz tutmasından sevinər, nə də ondan üz döndərməsindən qəmgin olar. Hövsələli adamın ürəyində dünya təmənnası var, lakin əlinə gələndən gözünü çəkməyi də bilir. Çünki dünya malının axırının nə olduğunu bilir. Lakin hərisin heç bir qorxusu yoxdur ki, dünya malını halaldan əldə edib, ya haramdan.” Soruşdu: “Həmin dövrdə mö`minin əlaməti nədir?” Buyurdu: “Diqqətlə baxar, Allahın göstəriş verdiyi hər bir hökmü yerinə yetirər, Onun razılığına xilaf olan işlərdən isə özünün xoşu gəlsə də çəkinər.” Doğru dedin, ey Əmirəl-mö`minin.”
Həmin kişi “doğru dedin, ey Əmirəl-mö`minin” deyib qeyb oldu. Nə qədər axtardılarsa da onu tapmadılar. Həzrət təbəssüm etdi və dedi: “Kimin dalınca gəzirsiniz? Bu mənim qardaşım Xızr idi.”
◘Əmirəl-mö`minin (ə) buyurur: “Üç şey insanı əldən salar: Kasıbçılıq, qorxu və qəm-qüssə. Üç şey də ruhu dirildər: alimlərin söhbəti, dostlarla görüş və heç bir sıxıntı olmadan güzəran keçirmək.”
◘Bütün xeyirlər üç şeydə cəm olub: Təfəkkür, sükut və danışıqda. Lakin təfəkkür ibrətalma olmazsa heçdir, fikir və düşüncəsiz sükut qəflətdir və Allahın zikri olmazsa danışıq da faydasızdır.
◘Allah üç nəfərin qazancından bərəkəti götürüb: İnsan satanın, dişi inək kəsib satanın və ağac kəsənin.
◘Üç halda dostunun haqqını yerinə yetirməyənə dost demək olmaz: Çarəsizlik halında, qeybəti olunan zaman və ölümündən sonra.
◘Biz vəzifəyə tə`yin olunmuş sülaləyik: Gərək acları doyuraq, miskinlərə kömək edək və camaat yuxuya gedəndə də namaz qılaq.
◘Allah yanında hamıdan üstün ol, öz gözündə hamıdan pis. Camaatın nəzərində isə bu ikisindən biri kimi ol.
◘Abdullah ibn Məs`ud o həzrətdən nəql edir: “Allahın vacibatını yerinə yetir ki, hamıdan daha abid olasan, günahları tərk et ki, hamıdan daha zahid olasan və Allahın qismətinə razı ol ki, hamıdan daha artıq ehtiyacsız olasan.
◘Hər kəsə yaxşılıq etsən onun sərvərisən, hər kəsə ehtiyacın olmasa onunla bərabərsən və hər kəsdən öz ehtiyacını istəsən onun əlaltısısan.
◘Üç şey hafizəni qüvvətləndirər və bəlğəmi aradan aparar: Misvak, oruc və Qur`an oxumaq.
◘Dünya aldadar, ziyan verər və keçib gedər.
◘Ey elm tələbində olan! Hər bir şeyin nişanəsi həmin şeyin (varlığının) şahididir. Dinin əlaməti üç şeydir: İman, Allaha e`tiqad, məlaikələr və peyğəmbərlər.
◘Elmin üç nişanəsi var: Allahı tanımaq, Allahın istədiyi şeyləri tanımaq və Onun istəmədiklərini tanımaq.
◘Əməlin də üç nişanəsi var: Namaz, oruc və zəkat.
◘Mənliyi olmayan şəxsin üç əlaməti var: Özündən üstün olan şəxslə mübahisə və höcət edər, bilmədiyi sözü danışar və heç vaxt çata bilməyəcəyi şeylərin ardınca gedər.
◘Münafiqin üç əlaməti var: Dili qəlbindən fərqlidir, danışığı əməli ilə düz gəlmir və gizlini aşkarı ilə uyğun deyil.
◘Zülmkarın üç əlaməti var: Özündən böyüyün göstərişinə itaət etməz əlaltılarını sıxışdırar və zülümkarlara kömək edər. Riyakarın da üç əlaməti var: Təklikdə tənbəl və süst, camaat arasında isə fərəhli və gümrahdır və camaatın xoşladığı hər bir işi böyük həvəslə yerinə yetirər.
◘Qafilin üç əlaməti var: İnsanı oyadan şeylərə diqqət yetirməz, başı həmişə qarışıq olar və unutqan olar.
◘Allahın hər gecə üç qoşunu olur. Birinci qoşun ataların belindən anaların rəhminə daxil olur, ikincisi rəhmlərdən dünyaya gəlir, üçüncüsü isə dünyadan axirətə köçür.
◘Dünya üç gündür. Onun dünənində olan hər bir şey keçib gedir və heç vaxt qayıtmır. Bu gününü gərək qənimət biləsən. Sabahına da ki, mə`lum deyil çatacaqsan ya yox. Dünən ədəb öyrədən həkimdir. Gərək onun təcrübəsi bu günü işıqlandırsın. Bu gün vida halında olan dostdur. Sabahsa, sadəcə olaraq, bir arzudur. Ona da ki, bəlkə çata bildin.
◘Qadınların ən yaxşı xüsusiyyətləri kişilərin ən pis xüsusiyyətləridir. Yə`ni, kibr, qorxu və simiclik. Bu xüsusiyyətlər qadında olarsa onun öz iffətini və ərinin malını qorumasına, kişidə olarsa onun bədbəxtliyinə və geridə qalmışlığına səbəb olar.
◘Rəiyyətə və əlaltılarına qarşı xoşniyyət və tamahsız ol və pəhrizkar ol ki, ədalətlə davrana biləsən.
◘Elə bir dövr gələr ki, hakimiyyət yalnız dava-dalaş və zülmlə əldə olunar. Sərvət yalnız simicliklə cəm olunar. Dostluq yalnız dostun istəklərini qəbul etmək və dini göstərişləri tərk etməklə müyəssər olar. Hər kim ki, bu dövrə yetişib sərvət toplamağa qüdrəti olduğu halda kasıbçılığa razı olsa, qeyri-şər`i yolla izzət sahibi olmaq imkanı olduğu halda bundan imtina etsə və müəyyən şəxslərin məhəbbətini cəlb etməkdənsə onların qəzəbinə üstünlük versə, Allah-mütəal ona əlli siddiqin əcrini (savabını) əta edər. (Siddiq o şəxslərə deyilir ki, peyğəmbərlərin danışığını təsdiq edir və öz rəftarlarını onların davranışları ilə uyğunlaşdırırlar.)
◘Hər kəs ki, uzun ömür sürmək istəyirsə sübh tezdən yemək yesin, yüngül paltar geyinsin və qadınlarla az yaxınlıq etsin.
◘Ümid bəsləmədiyin şeyə intizarında olduğun şeydən daha çox ümidvar ol. Musa (ə) yoldaşı üçün od götürməyə getdi, Allah onunla danışdı və onu peyğəmbərliyə seçdi. Səba şəhərinin mələkəsi Süleyman peyğəmbərlə (ə) görüşməyə getdi, ona iman gətirdi və azğınlıqdan nicat tapdı. Fir`onun cadugərləri onun səltənətini qüvvətləndirmək məqsədi ilə getdilər, Allaha əqidə ilə geri döndülər.
◘Kumeylə vəsiyyətində buyurur: “Bu qəlblər qabdır. Hamısından yaxşısı tutumu çox olanıdır. Dediklərimi yadında saxla! İnsanlar üç dəstədir: Allahpərəst alimlər, nicat yolun yolçusu olan elm öyrənən və hər hansı sədanın dalınca getsə də, hər hansı bir küləyin ardında əssə də elm nuru əldə edə bilməyən və möhkəm bir dayağa söykənməyən dəyərsiz axmaq. Ey Kumeyl! Elm maldan üstündür. Elm səni qoruyur, malı isə sən qoruyursan. Bəxşiş və əliaçıqlıq malı azaldır, elmi isə artırır. Alim hökmü icra edəndir, mal da hökmün məcrası. Alimlə dostluq etmək dinin bir hissəsidir və Allah bu iş müqabilində insana savab verir. Elm dünyada camaatın itaətinə, öləndən sonra yaxşı ada səbəb olar. Ey Kumeyl! Sərvət yığanlar yaşasalar da ölüdürlər, elm tələbində olanlar isə ölümdən sonra da yaşayırlar. Onların bədənləri gözlərin önündən gedirsə də görkəmləri və qiyafələri qəlblərdə mövcuddur. Ah! Ah! Bura (mübarək sinəsinə işarə edərək buyurdu) elmlə doludur. Kaş liyiqli kəslər tapaydım ki, onu qəbul edəydilər. Lakin elə insanlara düçar olmuşam ki, ya tez öyrənirlər, lakin arxayın kəslər deyillər, dindən dünya işləri üçün istifadə edirlər, Allahın hökmlərindən onun bəndələri ilə mübarizədə istifadə edirlər, Allahın ne`mətlərindən onların (həmin ne`mətlərin) ziddinə istifadə edirlər, yaxud da elə insanlardırlar ki, haqq əhli müqabilində ramdırlar, amma kordurlar, görmürlər və bəsirət sahibi deyillər. Kiçicik şübhə olduqda şəkkə düşürlər. Nə birinci dəstənin tə`limdən ötrü ləyaqəti var, nə də ikinci dəstənin. Üçüncü bir dəstə də var ki, yalnız istəklərinə nail olmaqdan ötrü çalışırlar. Öz cilovlarını şəhvətlərinə tapşırıblar. Onlar mal-dövlət dəlisidirlər ki, dinin hörmətini saxlamırlar və adamlıqları yoxdur, özləri də dördayaqlılar kimidirlər. Bəli! Elmin yoxluğu belədir! Alim ki, olmadı elm öləcək. Lakin belə deyil ki, yer Allahın hüccətindən xali olsun. Hər bir əsr və zamanda elə kəslər var ki, sayları azdır, lakin, Allah yanında olan qədir-qiymətləri çox. Bunlar haqqın nişanələrinin keşikçiləridir. Allah Özünün aşkar dəlillərini onlar vasitəsilə qoruyar və beləliklə, onlar da digər hüccətlərə çatdırar, həmin toxumları onların pak qəlblərinə səpərlər. Onların elmi işlərin həqiqətindən agahdır və onlar yəqin ruhuna malikdirlər. Çətinliklər əyyaşların nəzərincə çətin, lakin onlar üçün asandır. Ağılsızlardan ötrü qorxu və dəhşətə səbəb olan şeylər onlar üçün üns və ülfət vasitəsidir. Bədənləri dünyadadır, lakin ruhları isə ən ali məkanlardadır. Bunlar yer üzərində Allahın canişinləri və dinin mübəlliğləridirlər. Ah! Ah! Onları necə də görmək istəyirəm! Allah məni də, səni də bağışlasın. İndi isə, əgər istəyirsənsə qalxa bilərsən.
◘Alimin üç nişanəsi var: Elm, səbr və sükut.
***
İmam Sadiqdən (ə) nəql olunan hədislər
◘Üç kəs hesabsız behiştə daxil olar: Ədalətli rəhbər, doğrucul tacir və əziz ömrünü Allaha itaətdə keçirən qoca. Üç kəs də ki, hesabsız cəhənnəmə varid olar: Zülümkar rəhbər, yalançı tacir və zinakar qoca.
◘Qiyamət günü Allah mö`mindən üç şeyin hesabını çəkməz: Yediyi yeməyin, geyindiyi paltarın və həyatı boyu ona kömək edən və onu haramdan qoruyan qadının. (Əlbəttə, bunların halaldan olduğu halda.)
◘Üç kəs Qiyamət günündə Allahın ərşinin kölgəsində olar. Biri odur ki, başqalarına qarşı insaflı olsun. Digəri odur ki, Allahın razı olub-olmadığını bilmədiyi bir işdən ötrü heç bir addım atmır. Üçüncüsü isə odur ki, nə qədər ki, bir eyibi özündə aradan qaldırmayıb, başqalarını həmin eyibə görə qınamaz. Belə bir kəs özünün hər hansı bir eyibini aradan qaldıran kimi digər bir eyibi gözünə görünür və beləliklə, başı həmişə öz eyiblərinə qarışmış olur və başqalarının eyiblərini axtarmaqla məşğul olmur.
◘Üç iş var ki, əgər mö`min onları öyrənsə ömrü uzun, ne`məti davamlı olar. Soruşdular: “Bu üç iş nədir?” Buyurdu: “Namazın ruku və səcdələrini uzatmaq, qonağı olan zaman süfrə başında çox oturmaq və ailə ilə xoşrəftar olmaq.”
◘Üç kəs Qiyamət gününün haqq-hesabı qurtarana qədər Allaha hamıdan yaxın olar. Birincisi qəzəblənən zaman əlində qüdrət olduğuna baxmayaraq əlaltılarına zülm etməyən, digəri iki nəfər arasında vasitəçilik edən zaman zərrə qədər də tərəfkeşlik etməyən, üçüncüsü isə zərər, yaxud xeyir görəcəyinin fərqinə varmadan haqqı deyəndir.
◘Elə ki, Allah qorxusundan və günahlarını yad etməklə bədənin titrədi, gözünün yaşı töküldü və ürəyin qorxdu, bu halı qənimət bil, çünki məqsədin yaxındır.
◘Bir kişinin ki, paxıllığı, həsədi və qorxusu var, onun imanı yoxdur. Mö`min nə qorxaqdır, nə həris nə də simic.
◘Hər kəsdə üç xüsusiyyət olsa Allah istədiyi hər xüsusiyyətinə görə ona bir hurul-eyn nəsib edər. Birincisi budur ki, qəzəbini uda bilsin, ikincisi odur ki, Allah yolunda döyüşərkən aldığı qılınc yaralarına səbr etsin, üçüncüsü isə odur ki, əlinə haram mal düşsə Allaha görə onu yeməsin.
◘Mənim üç kəsə ürəyim yanır (və bunun yeri də var): Zillətə düşən əziz, dilənçiyə çevrilən dövlətli, axmaqlar və öz ailə üzvləri tərəfindən təhqir olunan və alçaldılan alim.
◘Allah üç şəxsi özünə düşmən bilir; zülmkar dövlətlini, zinakar qocanı və malı olan lakin təkəbbürlük üzündən onu Allah yolunda sərf etməyən kəsi.
◘Hər kəsin dili düz desə, əməli pak olsa və xoşniyyət olsa Allah onun ruzisini bol edər. Hər kəs də ki, ailəsi ilə xoş davransa Allah onun ömrünü uzadar.
◘Dünyaya bel bağlayan hər bir kəs üç şeyə mübtəla olar: Sonsuz qüssəyə, həyata keçməyən arzuya və qət olmayan ümidə.
◘Üç xüsusiyyət Allahın qəzəbinə səbəb olar: Gündüz yatmaq (gecə də yatarsa), səbəbsiz gülmək və tox halda yemək.
◘Hədiyyə üç cürdür: Biri hədiyyə müqabilində, digəri tərəf müqabili ilə xoş əlaqə yaratmaqdan örtü, üçüncüsü isə Allahın rizayətindən ötrü.
◘Küfrün üç kökü var: Hərislik, təkəbbür və həsəd (paxıllıq). Hərislik Adəmi Allahın ona qadağan etdiyi ağacdan meyvə yeməyə vadar etdi, təkəbbür şeytanı Adəmə səcdə etməyə qoymadı, həsəd isə Adəmin oğlunu öz qardaşını öldürməyə təhrik etdi.
◘Əhməd ibn Hənbəl deyir ki, İmam Sadiqdən (ə) soruşdum: “İnsan üçün ən üstün xüsusiyyət nədir?” Buyurdu: “Heç bir qorxunun əmələ gəlməsinə yol verməyən vüqar və böyüklük, əvəzinin intizarı olunmayan səxavət və bəxşiş və qeyri-dünyəvi işləri yerinə yetirmək üçün çalışmaq. (Yə`ni, insanın əsas məqsədi, hətta dünya işlərində də o biri aləmin xoşbəxtliyini tə`min etmək olmalıdır.)
◘Üç iş israfdır: İşləyən zaman təzə paltar geyinmək, toxumu sağa-sola səpmək və suyun artığını tullamaq.
◘Nəhslik üç şeydədir: Qadında, dördayaqlıda və evdə. Qadının nəhsliyi mehriyyəsinin çoxluğunda və əri ilə yola getməməsindədir. Heyvanın nəhsliyi harınlıqda və minilməkdən imtina etməyindədir. Evin nəhsliyi isə onun darlığında, çoxlu çatışmazlığında və qonşuların pisliyindədir.
◘Üç kəs Qiyamət gününün hesabı qurtaranadək Allahın pənahında olar. Biri odur ki, heç vaxt zina fikrində olmayıb, digəri odur ki, heç vaxt malını ribaya bulaşdırmayıb və üçüncüsü odur ki, heç vaxt riba və zina üçün vasitəçilik etməyib.
◘Hər kəs üç halda olsa üç şeydən məhrum olmaz: Hər kəs dua etmək tövfiqi əldə edibsə ne’mət icabəti varıdır, hər kəsdə ki, təşəkkür etmək xasiyyəti varsa ne`mət çoxluğuna sahibdir və hər kəsdə ki, təvəkkül etmək xüsusiyyəti varsa, Allahın himayəsini əldə edib. Allah-təala buyurub: “Hər kəs Allaha təvəkkül etsə Allah ona bəsdir, əgər şükr etsəniz, sizə olan ne`mətlərimi artıraram.” “Məni çağırın, Mən də sizə cavab verim.”
◘Hər kəsdə bu üç xüsusiyyət olsa, imanın bütün sifətlərinə malik olar: Səbr, qəzəbi udmaq və xatalardan keçmək. Belə bir kəsi Allah hesabsız behiştə daxil edər və onun bir çoxları barəsində etdiyi şəfaəti qəbul edər.
◘Paltarına yamaq vuran, ayaqqabısını tə`mir edən və öz yükünü özü daşıyan şəxs təkəbbürdən uzaqdır.
◘Şeytan öz qoşununa dedi: “Əgər üç işdə Adəm övladına hakim ola bilsəniz daha qorxum olmaz, çünki bundan sonra onun heç bir əməli Allah dərgahında qəbul olunmaz. Bunlar xeyir işi böyük hesab etmək, günahı unutmaq və özünü bəyənməkdir.”
◘Mütəal Allah buyurub: “Mən bəndələrimə üç ne`mət verməklə onların boynuna minnət qoymuşam. Biri budur ki, öləndən sonra onların bədəninə pis iy vermişəm. Əgər belə olmasaydı heç kəs öz yaxınlarını dəfn etməzdi. Digəri budur ki, bəla və müsibətləri onların yadından silirəm. Əgər belə olmasaydı həyat onlar üçün dözülməz olardı. Üçüncüsü isə budur ki, arpa və buğdaya həşərat daraşdırıram ki, səltənət sahibləri qızıl-gümüş yığdıqları kimi onları da yığıb saxlamasınlar.
◘Allah-təala Musaya (ə) belə vəhy göndərdi: “Bəndələrimin Mənə yaxınlaşma vasitəsi olan əməllərindən üçü Mənim üçün daha sevimlidir.” Ərz etdi: “Onlar hansılardır?” Buyurdu: “Zöhd və dünyaya qarşı e`tinasızlıq, günahdan pəhriz etmək və Mənim qorxumdan ağlamaq.” Ərz etdi: “İlahi, əgər birində bu üç xüsusiyyət olsa onun əcri nədir?” Vəhy olundu: “Zahidlər behiştdədirlər, ağlayanlar ən ali məqamda, pəhrizkarlarsa bütün insanlar arasında əməllərin təftişindən amandadırlar.”
◘İmamət və rəhbərlik üç xüsusiyyətə malik olmayanlardan başqa heç kəsə layiq deyil: Günahdan qoruyan təqvaya, qəzəbi sakitləşdirə bilən helm və mehriban ata kimi rəiyyətin halına yanmaq.
◘Həzrət Yusifin köynəyində üç nişanə var idi ki, Qur`anda da bunlar yad olunub. Biri yalançı qan idi. Allah-təala buyurur: “(Qardaşları) onun köynəyini yalançı qana bulaşmış halda atalarının yanına gətirdilər.” İkincisi arxadan cırılmağı idi ki, bu da Onun günahsızlığına dəlalət edirdi. Bu barədə də Qur`anda belə buyurulur: “(Misir hakiminin yaxınlarından biri dedi:) Əgər köynəyi öndən cırılıbsa qadın düz deyir (və Yusif yalan, yox əgər arxadan cırılıbsa qadın yalan deyir, Yusifsə doğru). Üçüncüsü (Yaqubun iylədiyi zaman onun gözünə tə`sir qoyduğu) iydir ki, bu barədə də Qur`anda belə buyurulur: “(Yusif dedi:) Mənim bu köynəyimi aparın (və atamın) üzünə çəkin ki, gözü açılsın.
◘Ali-Davudun hikmətində yazılıb: “Hər bir kəs yalnız üç şeydən ötrü səfər edər; axirət tədarükündən ötrü, yaşayışını tə`min etmək üçün, izzət və ləzzətdən ötrü.” Sonra Həzrət Sadiq (ə) buyurdu: “Hər kim qəlbini dünyaya bağlasa xar olar.”
◘Loğman oğluna dedi: “Ey oğul! Hər şeyin əlaməti var ki, sənə onları bəyan edirəm. Dinin üç nişanəsi var; elm, e`tiqad və əməl. İmanın üç nişanəsi var; Allahı tanımaq, onun bəyəndiyi şeyləri tanımaq və Onun bəyənmədiyi şeyləri tanımaq. Ağıllı adamın üç əlaməti var; namaz, oruc və zəkat. Mütəzahirin (elmi Allahdan başqasından ötrü öyrədən) üç əlaməti var; özündən üstünlə çəkişər, heç bir elmi və mə`lumatı olmadan söz deyər və çata bilməyəcəyi şeylərin ardınca gedər. Zülümkarın üç əlaməti var; özündən üstün olana itaət etməz, əlaltılarını incidər və zülümkarlarla həmkarlıq edər. Münafiqin də üç əlaməti var; ürəyindəki ilə danışığı əməli ilə ürəyi və gizlini ilə aşkarı, bir-birinin ziddinədir. Günahkarın üç əlaməti var; zülm, yalan və sözünə xilaf çıxmaq. Riyakarın üç əlaməti var: Təklikdə (ibadətdən ötrü) halsızdır, camaat arasında fərəhlidir və hər bir işində gözü camaatın tə`rifindədir.
◘Paxılın üç əlaməti var: Dalca danışar (qeybət edər), üzdə yaltaqlıq edər, bəla və müsibət üz verən zaman isə insanı məzəmmət edər.
◘İsrafkarın üç əlaməti var: Lazımsız şeylər alar, öz şə`nindən yuxarı paltarlar geyər və özünə uyğun olmayan xörəklər yeyər.
◘Tənbəlin üç əlaməti var: Səhvə yol verənə qədər süstlük edər, iş əlindən çıxana qədər səhlənkarlıq edər və öz vəzifələrini o həddə qədər tərk edər ki, günaha mürtəkib olar.
◘Qafilin üç əlaməti var: Səhv (və faydası olmayan) işlərə baş qatmaq, yanlışlıq və unutqanlıq.
◘Sonra İmam Cə’fər Sadiq (ə) buyurdu: “Bu əlamətlərdən hər birinin də ayrı-ayrılıqda şö`bələri var ki, onların da elmi minə, minə, minə çatır. Elə isə ey Himad, (hədisi nəql edənə xitab) gecə və gündüz elm dalınca ol. Əgər gözünün aydınlığını, dünya və axirət xeyrini istəyirsənsə gözünü onun-bunun əlinə dikmə və tamahı kökündən qır at. Özünü ölənlərin sırasında hesab et və özünü bir nəfərdən də olsun yuxarı sayma, malını hifz etdiyin kimi dilini də qoru!”
◘Üç iş var ki, heç kəs bu barədə üzürlü hesab olunmur: Pis adamın da yaxşının da əmanətini qaytarmaq, ataya–pis əməl sahibi də olsa, yaxşı əməl sahibi də olsa– yaxşılıq etmək, pislə də olsa, yaxşı ilə də olsa bağladığın əhd-peymana riayət etmək.
◘Hər gecə və gündüz Allahın bir məlaikəsi fəryad edib deyir: “Ey Allahın bəndələri! Günah etməkdən çəkinin! Əgər otlayan heyvanlar, südəmər körpələr və beli bükülmüş qocalar olmasaydı başınız üzərinə elə bir bəla nazil olardı ki, sümükləriniz bir-birinə keçib qırıq-qırıq olardı.
◘Üç vəzifə insanlar üçün olduqca ağırdır: Başqalarına güzəştə getmək, malı mö`min qardaşlarla bölmək və Allahı çoxlu yad etmək.
◘Əməllərin ən yaxşısı üç şeydir: İnsanlara qarşı insaflı olmaq; bir həddə ki, özün üçün bəyəndiyin şeyləri onlar üçün də bəyənəsən. Öz malını mö`min qardaşlarla bölmək və hər bir halda Allahı yad etmək. (Nəinki, hər bir halda “Subhanallahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər” demək, əksinə, zikrdə məqsəd vacibatı yerinə yetirib haramlardan çəkinməkdir.)
◘Üç şey olmazsa ehsan həqiqi hesab olunmaz; onu kiçik hesab etmək, gizlətmək və tə`cili yerinə yetirmək. Nə qədər kiçik hesab etsən tərəf müqabilinin gözündə o qədər böyük görünəcək, onu izhar etməsən kamil həddə çatacaq və nə qədər də tez yerinə yetirsən daha da gözəlləşər. Bu halların heç biri olmasa ehsan öz səfa və dəyərini itirəcək.
◘Osman Mədinə məscidinin qapısında oturmuşdu. Oradan bir fəqir keçirdi. Göstəriş verdi ki, ona beş dirhəm pul versinlər. Fəqir dedi: “Mənə bir yol göstər.” Dedi: “Məscidin küncündə oturan cavanların yanına get.” Orada İmam Həsən (ə), İmam Hüseyn (ə) və Abdullah Cə`fər oturmuşdu. Fəqir onlara yaxınlaşıb köməklik istədi. İmam Həsən Müctəba (ə) buyurdu: “Dilənmək üç haldan başqa hallarda rəva deyil: Ağır qanbahası ödəməkdən ötrü, böyük borcdan ötrü və insanı taqətdən salan fəqirlik səbəbi ilə. Sən bunların hansına düçar olmusan? “ Dedi: “Onlardan birinə.” İmam Həsən (ə) göstəriş verdi ki, ona əlli dinar versinlər. İmam Hüseyn (ə) da ona qırx doqquz dinar, Abdullah Cə`fər də qırx səkkiz dinar əlavə etdi. Fəqir qayıtdı. Osman soruşdu: “Nə etdin?” Dedi: “Mən səndən istədim, sual-cavabsız mənə beş dirhəm verdin. Lakin o uzun saçlı cavandan istədim aramızda belə bir söhbət oldu.” Osman dedi: “Bunlar kimi cavan haradan tapa bilərsən?! Bunların elmlə dolu sinələri, xeyir və hikmətlə dolu qəlbləri var.”
◘Dilənməkdən çəkinin, çünki o, dünyada xar olmağa, tez gəlib yetişən fəqirliyə və Qiyamət günü haqq-hesabın uzun çəkilməsinə səbəb olar.
◘Üç şey mö`minin asayişinə səbəb olar: Eyib və sirləri örtən geniş ev, dünya və axirət işlərində ona kömək edəcək qadın, ölüm və ya evlənmək vasitəsi ilə evdən çıxıb gedən bacı və ya qız. (Çünki onların evdə qalmağı narahatçılığa səbəb olar.)
◘Vəlid ibn Səbih deyir: İmam Sadiqin (ə) xidmətində idim. Onun qabağında böyük bir qabda xurma var idi. Bir dilənçi gəldi. Xurmanın bir miqdarını ona verdi. Sonra bir dilənçi də gəldi. Ona da bir qədər xurma verdi. Üçüncüsü də gəldi. Həzrət (ə) buyurdu: “Allah artıq etsin.” Sonra buyurdu: “Əgər bir nəfərin otuz-qırx mini (dirhəmi, yaxud dinarı) olsa və hamısını da düzgün və səhih yolda məsrəf etsə, yoxsul həddinə çata bilər. Lakin o, üç nəfərdən biri olacaq ki, onların da heç birinin duası qəbul olunmaz.” Dedim: “Sənə qurban olum, onlar kimlərdir?” Buyurdu: “Biri odur ki, Allah ona kifayət qədər mal-dövlət verir və onu xərcləyib deyir: “İlahi, mənə ruzi ver!” Cavab gələr ki, məgər sənin ruzini vermədimmi?” İkinsici odur ki, öz arvadına nifrin edər. (Yə`ni, bir yerdə dolanmaq heç cür mümkün olmadığı halda ona talaq verib boşamaq əvəzinə nifrin edir.) Allah-təala buyurar: “Məgər onun talağını sənin əlinə verməmişəmmi?” Üçüncüsü odur ki, evdə oturub Allahdan ona ruzi verməsini diləyir. Xitab olunar: “Məgər ruzi kəsb etmək yolunu sənin ixtiyarında qoymamışammı?!”
◘Allahın bir bəndədən xoşu gəlsə ona nəzər edər və elə ki, nəzər etdi ona üç töhfədən birini hədiyyə edər; qızdırma, göz ağrısı, baş ağrısı. Peyğəmbər (s) buyurur: “Allah mənimlə danışdı və buyurdu: “Ey Məhəmməd! Elə ki, mənim bir bəndədən xoşum gəldi ona qarşı üç iş görərəm; qəlbini qəmgin, bədənini xəstə, əlini isə dünya malından xali edərəm.” (Şübhəsiz, bu işlər bəndənin günahlarının bağışlanmasına və beləliklə də onun dərəcəsinin qalxmasına səbəb olar ki, bu da ilahi lütfün bir əlaməti hesab olunur.)
◘Əbu Həmzə deyir: “İmam Sadiqdən (ə) soruşdum: “Oruc barəsində Peyğəmbərin (s) sünnəsi nədir?” Buyurdu: “Hər ay üç gün; ayın birinci cümə axşamı günü, ayın ortadakı çərşənbə günü və ayın axırıncı cümə axşamı günü. Bu üç gündə oruc tutmağın savabı bir ömür oruc tutmağın savabına bərabərdir, çünki Allah-təala buyurdu: “Hər kəs bir yaxşı iş görsə, əvəzi on qatdır.” Əgər bir kəs zəiflik üzündən oruc tutmağa qadir olmasa sədəqə versin, çünki bir dirhəm sədəqə bir gün oruc tutmaqdan əfzəldir.
***
Şiə və sünnilərin İmam Sadiqdən (ə) nəql etdikləri hədislər
◘Mədinənin fəqihi olan Malik ibn Ənəs (Əhli-sünnənin dörd məzhəbindən birinin imamı) deyir: “Mən İmam Sadiqin (ə) xidmətinə gedirdim. O, mənim üçün mütəkkə qoyur və ehtiram edərək deyirdi: “Mənim səndən xoşum gəlir.” Mən bu lütfdən çox xoşhal olur və Allaha şükür edirdim. O Həzrət həmişə üç haldan birində olurdu; ya oruc tuturdu, ya namaz qılırdı, ya da zikr edirdi. Zahid və abidlərin böyüyü idi və Allahdan hamıdan çox qorxurdu. Çoxlu hədis deyərdi. Çox faydalanmalı bir şəxsiyyət və yaxşı həmsöhbət idi. Hər zaman Peyğəmbərin (s) adı çəkilən zaman halı tanınmayacaq qədər dəyişilərdi, rəngi ya sarı olardı, ya da yaşıl. Bir il onunla Həccə getdim. Elə ki, Miqata (Məkkədə ehram bağlanılan yer) çatdı, nə qədər istədi “ləbbeyk” desin, mübarək səsi qəhər içində tutuldu və az qaldı ki, minikdən yıxılsın. Dedim: “Ey Allah rəsulunun övladı! Çarə yoxdur gərək “Ləbbeyk” deyilsin.” Buyurdu: “Ey Əbu Amirin oğlu! Hansı cür`ətlə “Ləbbeyk, Allahummə Ləbbeyk” (yə`ni, “Pərvərdigara, sənin də`vətinə cavab verirəm”) deyim?! Qorxuram “la ləbbeyk və la sə`dik” cavabı gələr və Allah məni qəbul etməz.”
◘Süfyan Suri deyir: “Həzrət İmam Sadiqə (ə) ərz etdim: “Mənə nəsihət edin!” Buyurdu: “Süfyan! Kim qövm və qəbiləsi olmadan izzət sahibi, heç bir malı olmadan ehtiyacsız və heç bir qüdrəti olmadan cəlal sahibi olmaq istəyirsə, gərək günah zillətindən itaət izzətinə daxil olsun.” Dedim: “Ey Allah rəsulunun övladı! Daha artıq buyurun!” Buyurdu: “Atam məni üç şeydən çəkindirərək buyurdu: “Övladım! Hər kim pis dostla oturub-dursa salamat qalmaz, hər kim münasib olmayan yerlərə getsə müttəhim olunar və hər kim dilini saxlamasa günaha düşər.” Sonra aşağıdakı məzmunda bir şe`r oxudu:
Dilini haqq və doğru söz danışmağa adət etdir ki, haqq əhli olasan, çünki dili hər nəyə adət etdirsən ona da alışar. Dil hər hansı bir yaxşı və ya pislə tanış olsa onu da tələb edəcək. Buna görə də bax ki, nəyə adət edirsən.”
◘Hər zaman üç mö`min başqa bir mö`min qardaşlarının yanına getsələr, elə bir mö`min ki, ondan onlara qarşı heç bir şər və məkrli iş baş verməz, həmin məclisdə hər nə dua etsələr Allah cavab verər, bir şey istəsələr Allah əta edər, artırılacaq bir ne`mət istəsələr Allah artırar, əgər bir şey istəməsələr duasız Allah onlara inayət edər. (Yə`ni, mö`minlərin ictiması bəyənilib və cəm halda etdikləri dua da qəbul olunmağa çox yaxındır.)
◘Hər kim ki, sənin əlindən üç dəfə qəzəbləndi və sənə heç bir pis söz demədi, onunla dost olmaq planı barədə fikirləş.
◘Camaatla tanışlığını azalt, tanışların barəsində də özünü elə apar ki, sanki onları tanımırsan. Əgər yüz nəfər dostun olsa onun doxsan doqquzunu kənara qoy, birindənsə kənar gəz. (Əlbəttə, bunların əksəriyyəti fasid zəmanə əhlindən və haqdan uzaq olanlardan olarsa.)
◘Mö`minin kamalı üç şey vasitəsi ilə mə`lum olar; bəsirət, hadisələr müqabilində səbr və yaşayışda müəyyən ölçülərə riayət etmək.
◘Üç kəsin əməlini Allah yüksəltməz: Müharibədən qaçmış bəndə (fərari), əri ondan qəzəbli olan qadın və mütəkəbbir.
◘Üç şey hər bir dövrdə çətin tapılandır; Allah yolunda qardaşlıq edən şəxs, din işlərində əri ilə həmkarlıq edən ləyaqətli qadın və (atasının meylləri ilə müvafiq olan) rəşid övlad. Hər kim bu üç ne`mətdən birini əldə etsə dünya xeyrinə və uca bir bəxtə sahib olub.
◘Üç xüsusiyyət var ki, hər kəsdə olmazsa onda xeyir olmasını ümid etmək olmaz; Allahdan xəlvətdə qorxmaq, qoca yaşında günah etməkdən qayıtmaq və eyiblərdən utanmaq.
◘Qiyamət günü üç gözdən başqa bütün gözlər ağlayar; harama baxmayan göz, Allaha itaət yolunda yatmayan göz və gecənin bir aləmi Allah qorxusundan ağlayan göz.
◘Üç şey var ki, əgər mö`min onları öyrənsə ömrünün uzanmasına və ne`mətlərin davamlı olmasına səbəb olar; namazın rüku və səcdələrini uzatmaq, qonağı olan zaman süfrəsinin başında oturmağını uzatmaq və ailəsinə və qohumlarına ehsan və yaxşılıq etmək.
◘Haramzadənin üç əlaməti var; pis yoldaşlıq, zinaya meyl və biz Əhli-beytlə (ə) düşmənçilik.
◘Təqva üç cürdür. Biri Allah yolunda Allaha xatir olan təqva. Bu nəinki şübhəli şeylərdən, hətta halallardan da çəkindirən təqvadır. Bu təqva sırf xalis təqvadır. İkincisi Allah xatirinədir. Bu nəinki haramlardan, hətta şübhəli şeylərdən də çəkindirən təqvadır. Bu təqva xalis təqvadır. Üçüncüsü əzabdan və oddan qorxmaqdan irəli gələn təqvadır. Yə`ni, yalnız haramlardan çəkindirən təqva. Bu ümumi camaata aid olan təqvadır. Təqva axar çaya bənzəyir. Yuxarıda qeyd olunan dərəcələr də həmin çayın kənarında əkilmiş rəngarəng ağaclar kimidir. Bu ağacların hamısı bir yerdən su içirlər, lakin bunların həqiqəti, lətafəti, meyvələrinin dadı müxtəlifdir. İnsanların da faydalanmağı onlar kimidir.
◘Şiələr üç dəstədir; sevimli dostlar - bunlar bizdəndirlər; bizi öz zinətləri qərar verənlər–əlbəttə, biz də onların zinətiyik; üçüncüsü bizi qazanc və iş vasitəsi qərar verənlər. Hər kəs bizi özü üçün alət etsə bədbəxt olar.
◘Bizim şiələri üç şeylə yoxlayın. Birincisi namaz vaxtı ilə. Baxın görün namaz vaxtına dəqiq yanaşırlar, ya yox. İkincisi sirr saxlamaları ilə. Baxın görün, sirlərini bizim düşmənlərimiz qarşısında açırlar, ya yox. Üçüncüsü maliyyə işlərində. Baxın görün, öz mallarını mö`min qardaşları ilə bölüşürlər, ya yox.
Onuncu fəsil
Sair imamlardan (ə) nəql olunan hədislər
◘İmam Riza (ə) buyurur: “Bir gün Əbu Hənifə (Əhli-sünnə məzhəblərindən birinin imamı) İmam Sadiqin (ə) hüzurundan qayıdırdı. Yolda Musa ibn Cə`fər ilə (ə) rastlaşdı. Ərz etdi: “Oğul! Günah kimin tərəfindəndir?” Buyurdu: “Bu məsələ üç hal çərçivəsindən xaricdə deyil: Ya təkcə Allah tərəfindəndir və bəndənin buna heç bir müdaxiləsi yoxdur. Bu halda Kərim Allahın bəndəni günaha görə cəzalandırması layiq deyil. Çünki ixtiyar bəndənin əlində olmayıb. Ya Allahla bəndənin iştirakı ilə baş verib. Yenə də layiq deyil ki, qüvvətli şərik zəif tərəf müqabilini incitsin. Ya da təkcə bəndə tərəfindəndir. (Əlbəttə ki, bəndə tərəfindəndir, çünki Allah günaha razı deyil.) Bu halda əgər Allah bəndəni cəzalandırarsa, bu bəndənin yol verdiyi nöqsan və səhvlərinə görədir, yox əgər bağışlasa da, bu, Allahın kərim və bağışlayan olmasına dəlalət edir.
◘Həzrət Riza (ə) buyurub: “Bir kəsdə üç xüsusiyyət olmasa onu mö`min adlandırmaq olmaz; Allahın bəndələrlə davranma üslubu, Peyğəmbər (s) sünnəsi, imamların (ə) rəftar tərzi. Allahın üslubu gizlilik və sirr saxlamaqdır. Qur`anda buyurulur: “(Allah) qeybi (gizlində olanları) biləndir və sevdiyi peyğəmbərlərdən başqa heç kəsə də qeybdən bir şey bildirməz.” Peyğəmbərin sünnəsi xoş davranmaqdır. Allah bu barədə ona göstəriş verib buyurur: “Əfv etməyə adət et, yaxşı işlər görməyə əmr et və nadan insanlardan çəkin.” İmamların rəftar tərzi isə müharibə, çətinlik və xəstəlik zamanı səbr etməkdir. Bu barədə də Allah-təala buyurur: “Bunlardır doğru danışanlar və bunlardır pəhrizkarlar.”
◘Yeddinci imam (ə) buyurur: “Allaha itaətin kökü üç şeydir; qorxu, ümid və sevgi. Qorxunun nişanəsi günahı tərk etməkdir. Ümidin əlaməti ona itaət etməyə meyl etməkdir. Allahı sevməyin əlaməti şövq və tövbədir.”
◘Həzrət İmam Məhəmməd Təqi (ə) buyurdu: “Məhəbbəti cəlb edəcək üç şey var; insanlarla ünsiyyət zamanı onlara qarşı insaflı olmaq, çətinlik zamanında insanlarla həmdərd olub onlara təskinlik, ürək-dirək vermək, insanlarla üz-üzə gələn zaman pak və sağlam qəlbə malik olmaq. (Yə`ni, onlara qarşı heç bir kin-küdurət bəsləməmək.)”
◘Həzrət Baqir (ə) buyurub: “Allah mö`minə üç imtiyaz bəxş edib; dünya izzəti, axirət səadəti və zülmkarların qəlbində əzəmət.”
◘Həzrət Baqir (ə) buyurub: “Allahın bir behişti var ki, üç kəsdən başqa heç kəs ora yol tapa bilməz. Biri odur ki, zərərinə tamamlanacaq olsa belə haqqı deyər, digəri odur ki, Allah xatirinə mö`min qardaşını görməyə gedər və üçüncüsü odur ki, bir mö`mini Allaha xatir özündən qabağa salar. (Yə`ni, onun manafeyini öz mənafeyindən üstün tutar.)”
◘Həzrət Musa ibn Cə`fər (ə) buyurdu: “Ey Hişam ibn Həkəm! Hər kəs üç şeyi üç şeylə əvəz etsə, elə bil ki, öz əqlini əldən verməkdən xilas olar. Fikirləşmə nurunu uzun-uzadı arzularla, hikmətli mətləbləri zay və bihudə sözlərlə, ibrət və nəsihət nurunu şəhvətlərin ardınca düşməklə aradan aparan kəs öz əqli vasitəsilə həvəslərini döyəcləməklə batil edər. Hər kəsin əqli xarab olsa dini də xarab olar, dünyası da.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Üç şey uca məqamlılıq bəxş edər, üç şey günahın kəffarəsidir, üç şey həlak edər, üç şey də nicat verər. Uca məqam bəxş edən şeylər hamıya salam vermək, qonaqlıq vermək və gecə namazı qılmaqdır. Günahın kəffarəsi qışdı fərəhlə və həvəslə dəstəmaz almaq, gecə-gündüz məscidə getmək və camaata qarşı diqqətli olmaqdır. (Yə`ni, onların haqqına riayət etmək). Həlak edən şeylər simiclik, nəfsani arzu və istəklər və xudpəsəndlikdir. (Yə`ni, özünübəyənmə). Nicat bəxş edən şeylər isə gizlində də, aşkarda da Allahdan qorxmaq, istər varlı, istərsə də kasıblıq halında orta həddə riayət etmək, həm qəzəb və həm də sevinc halında ədalətlə danışmaq.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Bəndə həmişə üç şeyin arasındadır; bəla, qəza və qədər və ne`mətin. Allah tərəfindən gələn bəla müqabilində səbr etmək, qəza və qədər müqabilində təslim olmaq və ne`mət qarşısında isə şükr etmək vacibdir.”
◘Həzrət Musa ibn Cə`fər (ə) buyurub: “Allah peyğəmbərlərə, onların övladlarına və ardıcıllarına üç imtiyaz verib; xəstəlik, sultanlardan qorxu və yoxsulluq. (Onlar haqq fərmanına itaət etməkdə heç bir qorxu olmadan hamıdan qabağa düşdüklərinə görə bu işlərə düçar olurlar).”
◘Həzrət Riza (ə) buyurub: “İnsan üçün onun həyatının üç ən qorxulu anı var. Biri doğulan vaxt gözünü dünyaya açdığı zaman, digəri ölən vaxt o biri aləmin varlıqlarını görən zaman, üçüncüsü isə Qiyamət günü qəbirdən qalxıb yeni səhnələr müşahidə etdiyi zaman. Allah-təala Yəhya peyğəmbərə (ə) bu üç vaxtda salam göndərib buyurub: “Salam olsun ona doğulduğu gün, ölüm zamanı və (Qiyamət günü yenidən) diriləcəyi zaman.” Eyni zamanda bu üç mərhələdə İsa Məsih də (ə) özünə salam göndərərək həmin dəhşətli anlardan ötrü özünə təskinlik vermişdir: “Salam olsun mənə doğulduğum gün və öləcəyim vaxtda və bir də dirilib ayağa qalxacağım gün.”
◘Həzrət Riza (ə) buyurub: “Hər kim məni qürbətdə ziyarət etsə Qiyamət günü üç anda onun köməyinə gələrəm və onu qorxudan xilas edərəm; sağdan və soldan əməl dəftərlərinin verildiyi zaman, sirat körpüsündən keçən zaman və əməllər haqq-hesab olunan zaman.”
◘Həzrət Səccad (ə) buyurub: “Zülmkar, ona kömək edən və onların işinə razı olanın hər üçü edilən zülmdə şərikdirlər.”
◘Həzrət Səccad (ə) buyurub: “Xızr peyğəmbərin (ə) Musaya (ə) verdiyi göstərişlərdən biri də bu idi: Heç kəsi günahda ittiham etmə. Allah yanında ən sevimli əməl üçdür; varlı olduğun zamanda orta həddə yaşamaq, qüdrətli olduğun zamanda əfv edib güzəştə getmək və Allah bəndələri ilə dostcasına davranmaq. Elə bir kəs yoxdur ki, Allahın bəndələri ilə dostcasına davransın, lakin Allah onunla axirətdə dostcasına davranmasın. Bütün hikmətlərin başı Allahdan qorxmaqdır.”
◘Əbu Malik deyir: “Bir gün həzrət Səccada (ə) ərz edib dedim: “ Dinin bütün proqramlarını bəyan edin!” Buyurdu: “Haq söz danışmaq, ədalətli hökm vermək, əhd-peymana vəfa etmək dinin bütün proqramlarının əvvəlidir.”
◘Yenə də İmam Səccad (ə) buyurub: “Həyatın ən çətin vaxtları üç andır; ölüm mələyi görünən zaman, qəbirdən hərəkətə gələn zaman və Allahın hüzurunda dayanıb ya cənnət fərmanının sadir olmasını, ya da cəhənnəm göstərişinin verilməsini gözləmək.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Bu ümmətdən bizim haqqımızı tanıyıb qəbul edənlər üçün nicat yolu var. Yalnız üç kəsdən - zülümkar padşahların qapısında işləyən, həva və həvəsə (nəfsani istəklərə) tabe olan və açıq-aşkar günaha qurşananlardan başqa.”
◘Həzrət Baqir (ə) buyurub: “Nuh (ə) öz ümmətinə nifrin etdikdən sonra şeytan onun yanına gəlib dedi: “Sən mənə yaxşılıq etmisən, mən də gəlmişəm onun əvəzini verim.” Nuh (ə) buyurdu: “Sənə xidmət etməkdən Allaha pənah! Mən sənə nə yaxşılıq etmişəm?!” Dedi: “Sən nifrin etdin, Allah da sənin qövmünü qərq etdi və artıq mən çalışıb onları yoldan azdırma əziyyətindən xilas oldum. Bir də növbəti qövm gələnə qədər rahatam.” Həzrət Nuh (ə) buyurdu: “İndi mənə nə əvəz verəcəkdin?” Dedi: “Məni üç yerdə yad et. Bu üç yerdə mən insana hər zaman olduğundan daha yaxınam; qəzəblənən zaman, iki nəfər arasında hökm verən zaman və naməhrəm bir qadınla heç kəsin olmadığı bir yerdə oturduğun zaman.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Allah-təala buyurur: “Ey Adəm oğlu! Mən sənin barəndə üç lütf həyata keçirmişəm; sənin günahlarının üstünü örtmüşəm və əgər yaxınların bilsəydi səni dəfn etməzdilər, ikincisi sənə imkan verib sonra borcumu istəmişəm, amma sən axirət tədarükündən əsirgəyirsən, üçüncüsü də mal-dövlətinin üçdə birini ölümündən sonra sənin ixtiyarında qərar vermişəm, amma sən özündən qabağa göndərmirsən.”
◘Yenə də İmam Məhəmməd Baqir (ə) buyurub: “Allah mö`minə üç imtiyaz verib; dünya izzəti, axirət səadəti, ürəklərdə əzəmət.” Sonra bu ayələri oxudu: “İzzət Allaha, Onun peyğəmbərinə və mö`minlərə məxsusdur”, “Həqiqətən mö`minlər nicat tapdılar...”
◘Həzrət Riza (ə) buyurub: “Allah üç şeyi üç şeylə birlikdə vacib buyurub: “Namazı zəkatla və hər kim namaz qılıb zəkat verməsə namazı qəbul deyil. İkincisi öz şükrünü ata-ananın şükrü ilə bərabər və hər kim ki, öz ata-anasına minnətdarlıq və təşəkkür etməsə Allaha etdiyi şükrü də qəbul olmaz. Üçüncüsü də təqvanı sileyi-rəhm ilə birlikdə. Qohumlarına qarşı xoşrəftar olmayanın təqvası da yoxdur.
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Mö`min üç vaxtda şad olar; qadından kam alan zaman, mö`min qardaşları ilə zarafatlaşan zaman və gecə namazı vaxtı.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Zülm üç cürdür. Birincisi özünə olunan zülm. Bu Allah ilə öz arasında etdiyi günahdır. İkincisi, şirk vasitəsilə Allaha edilən zülm. Üçüncüsü isə camaatın haqlarını tapdalamaqla onlara olunan zülm.
Ayətullah Meşkini, “Nəsihətlər” kitabı.
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Комментариев нет:
Отправить комментарий