Yaşından asılı olmayaraq bütün insanlar üçün salfetlər önəmlidir. Gündəlik yaşam zamanı insanı bir çox narahat vəziyyətlərdən xilas edən salfetlər, demək olar ki, hər kəsin çantasında mövcuddur. Müxtəlif formalı, qoxulu, dizaynlı olan bu salfetlərə tələbat o qədər artıb ki, istehsalçı firmalar bunu növlərə ayırmağa başlayır; körpə salfeti, yeniyetmə salfeti, gündəlik alkoqollu salfet, alkoqolsuz salfet, qoxulu, sərinləşdirici, əsəb sakitləşdirici və s. Təmizlik, xüsusən mikroblardan qorunmaq üçün istifadəsinin vacibliyini qeyd edən firmalar bu salfetlərin heç bir əks təsirindən söz açmır. Halbuki, böyüklər üçün belə, təhlükəli olan bu salfetlərin uşaqlar üçün istehsal olunub satışa buraxılması heç də düzgün deyil.
Apardığımız sorğu zamanı məlum oldu ki, insanlar nəm salfetlərdən istifadə etsələr də, onun gigiyenik tərəfinə o qədər də əhəmiyyət vermirlər. Halbuki, ən yüngül halda ağır dəri allergiyası yarada bilən bu salfetlərin tərkibində olan kimyəvi maddələr xərçəngə qədər apara bilər.
Dermatoloq Sahib Rzayevin sözlərinə görə, üzdə dəri problemlərindən əziyyət çəkən gənc xanımların 90%-i nəm salfetlə makiyaj təmizləyirlər. Körpələrin dəri bişməcəsindən əziyyət çəkməsinin ilkin səbəbi də elə bu nəm salfetlərdir. Hətta valideynin bu salfetlərlə əllərini silib körpəsinə toxunması belə, körpə sağlamlığı üçün təhlükəlidir: "İstər böyüklər, istərsə də uşaqlar üçün istehsal olunan nəm salfetlər olduqca çox kimyəvi maddə saxlayırlar. Kim desə ki, uşaq salfetləri belə deyil, əmin olun, yalandır. Əvvəla, sağlamlıq üçün zidd olmayan əşyaların tərkibi kimyəvi maddələrlə zəngin olmamalıdır. Salfetlər isə belə deyil. Nəm salfeti sıxdıqda yuyucu tozlu su damcıları çıxır. Eləcə də kasaya su doldurub nəm salfeti içərisində fırladın. Kasadakı su köpüklənəcək. Körpələrin geyimləri, yataq dəstləri dəfələrlə durulanır ki, yuyucu maddə qalıb allergik reaksiya verməsin. Digər tərəfdən, ana tərkibi yuyucu maddə ilə dolu olan salfeti körpəsi üçün istifadə edir. Bu cür ziddiyyət körpəni qoruya-qoruya təhlükəyə atmaq deməkdir".
Xanımları nəm salfetlərdən makiyaj təmizləmək üçün istifadə etməməyə çağıran müsahibimiz bildirir ki, üzərindən su ilə yuyulsa belə, siz artıq bu salfeti dəfələrlə üzdə gəzdirmiş olursunuz. Onun sözlərinə görə, yanma, qaşınma və çivzə kimi geniş yayılan problemin əsas kökü də məhz budur.
Pediatr Xatirə İsayevanın sözlərinə görə, körpələrin təmizliyində nəm salfetlərdən istifadə edilməməlidir. Su və sabunla yuyulmalı olan bədənə bu cür kimyəvi maddələrlə zəngin olan salfetlər vurulmamalıdır. Bu salfetlər uşaqları öldürməz, amma sağlamlığına ciddi təsir göstərər: "Körpə dərisi çox həssasdır. Buna görə də yumaq əvəzinə nəm salfetlər qətiyyən istifadə olunmamalıdır. Körpə üçün 1 qram kimyəvi maddə belə təhlükəlidir".
Bir çoxları hesab edir ki, bu salfetlər sağlamlıq üçün faydalıdır və gigiyenik cəhətdən dərinin təmizlənməsinə yardım edir. Lakin tədqiqatçılar tez-tez istifadə etdiyimiz vasitənin daşıdığı təhlükəni aşkar ediblər. Raut.ru yazır ki, müvafiq iddia bütün nəm salfetlərə aiddir.
Dermatoloqlar gigiyenik vasitəni dəqiqliklə araşdırıb, təkidlə bildiriblər ki, salfetlər dərinin allergik reaksiyasına səbəb ola bilər. Bundan əlavə, tibbi statistikaya əsasən, bu cür hallar dünyanın müxtəlif bucaqlarında tez-tez baş verir.
Mətbuatda çıxan məlumatlar həkimləri sadəcə şoka salıb. Məlum olub ki, nəm salfetlərdən istifadə edən şəxslərin 11%-də ciddi dəri xəstəlikləri əmələ gəlib. Bu göstəricilər eyni zamanda körpələri də əhatə edib. Sözügedən məlumat uzun müddət gizli saxlanılsa da, "Sydney Morning Herald" onu ictimaiyyətə təqdim edib.
Alimlər bu xəstəliklərin dəqiq hansı səbəbdən yarandığını araşdırmağa çalışır. Ehtimal olunur ki, salfetlərin hopdurduğu maddədə olan metilizotiazolin dermatitin üzə çıxmasına təsir göstərir. /ekspress.az/
Комментариев нет:
Отправить комментарий