24.07.2015

KONFUSİON AYİNİ

Buddizm, konfusion və taoizm Çin əhalisinin ən mühüm və geniş yayılmış dini inanclarından hesab olunur. Bu üç din arasında konfusion digər iki dinlə müqayisədə daha çox nüfuz qazana bilmişdir. Bu din Maonun kommunist hökumətindən əvvəlki vaxtlara qədər Çinin hakim dini hesab olunurdu və onun vəfatından sonra da öz nüfuzunu və geniş arealını qoruyub saxlaya bilmişdir. Bu ayinin buddizm qarşısında üstünlüyünün səbəbi buddizmin Hindistandan Çinə nüfuz etdiyi halda Konfusionun yerli və milli din sayılmasındadır. Konfusionun taoizmə bu ayinin  tərkidünyalıq və asketik həyat tərzinə meyilli olan taoizmdən fərqli olaraq insanlara və cəmiyyətə müsbət yanaşmasına görə qələbə çalıb üstünlük əldə etmişdir. Bu ayində hər bir şəxs öz cəmiyyətini puçluq və fəsad girdabında görməsinə baxmayaraq nəinki onu tərk etmir, hətta islah etmək üçün hərəkətə keçir və insanlara yol göstərir. Konfusion əsas etibarı ilə ictimai islahatlara çalışır.
Onu əvəz edə biləcək ideoloji və əxlaqi prinsip irəli sürmür; əksinə insanların ənənəvi etiqadı üzərində dayanır. Bu amil konfusionun taoizm qarşısında üstünlük qazanmasının əsas səbəbi olmuşdur. Konfusion təlimləri Çin cəmiyyəti və insanlarının mədəniyyət, inanc və qanuni prinsiplərinin əsas mahiyyətinin inanclarını təşkil edir.
KONFUSİON BARƏSİNDƏ. Əsl adı Konq-çiyu olan Konfusion miladdan əvvəl 551-ci ildə Lo (hazırkı Şantung) əyalətində dünyaya gəlmişdir. Üç yaşında atasını itirdiyindən anasına kömək etmək üçün uşaq çağlarından işləməyə məcbur olur. O, təhsildən də uzaqlaşmamış və böyük müvəffəqiyyətlər əldə etmişdir. 22 yaşında müəllimlik sənətini seçmiş, öz evini məktəbə çevirmiş və orada şagird hazırlamağa başlamışdır. Bu məktəb get-gedə genişlənmiş və Konfusion üç min şagird hazırlaya bilmişdir. Şagirdləri onu Konq-fotze (yəni müəllim Konq) adlandırırdılar. Həmin dövrlərdə Konfusion Lo əyalətində məhkəmə sədri təyin olunur və vergi yığımı ona tapşırılır. Gözəl idarəçiliyinə, sədaqətinə və düz işlədiyinə görə hər dəfə vəzifədə yüksəlmiş, nəticədə Lo hökumətində vəzir təyin olunmuş, sonra baş vəzir olmuşdur. Gözəl rəhbərliyi və bacarığı rəqiblərinin paxıllığına səbəb olduğundan, onu öz vəzifəsindən istefa verməyə məcbur etmişdilər.
Bir müddətdən sonra öz görkəmli şagirdlərindən bir neçəsi ilə rəsmi iş axtarmaq üçün Lo əyalətindən çıxır və 13 il Çinin digər şəhər və əyalətlərinə səfər edir. Amma hər yerdə ona mənfi cavab verilirdi. Qəbul edilməməsinin səbəbi onun qəbul etdiyi və əxlaqi meyarlara riayətə əsaslanan idarəçilik və hakimiyyət prinsipinin hökmranların xoşuna gəlməməsi idi. Hətta Kuvanq şəhərində şübhəli bilinərək bir müddət həbsdə saxlanılır. Nəhayət miladdan əvvəl 484-cü ildə Lo hökumətində böyük rütbə sahibi olan şagirdi hörmətlə ondan doğma vətəninə qayıtmasını istəyir. Bu zaman Konfusion 60 yaşına çatmışdı. Buna görə də hər bir vəzifə və mənsəbdən imtina edir və ömrünün miladdan əvvəl 479-cu ilə qədər qalan hissəsini öz fəlsəfəsinin əxlaq və ideoloji əsaslarını toplayıb kitab halına salır.
KONFUSİON AYİNİNİN ƏSAS MƏNBƏLƏRİ. Konfusionun ömrünün axırlarında yazıb topladığı başlıca əsərləri beş kitabdan ibarətdir və onlar bu ayinin əsas mənbələrindən hesab olunur. Bu beş kitab aşağıdakılardır:
1. Şuçinq (tarix kitabı). Bu kitab qədim Çinin sülalələri haqda məlumatları əhatə edir. Konfusion bu məlumatlarda hakimiyyətdə olmuş sülalərinin yaranma və süqut etmə səbəblərini öz şagirdlərinə izah, onları bu sahədəki həqiqətlərdən hali etmişdir. Bu kitab Çinin, miladdan əvvəl 24-cü əsrdən 8-ci əsrə qədər davam edən hakimiyyət sülalələrinin sənədlərinə şamil edilir. Hal-hazırda bu sənədlərdən yalnız 28-i qalmışdır.
2. Şiçinq (şeir kitabı). Konfusion bu kitabda həmin dövrdə camaat arasında yayılan üç min şeirdən 305-ni seçərək onları öz təlimlərinin əsasına çevirmişdir. Onun təlimlərinin çoxunda bu şeirlərdən istifadə olunmuşdur. Konfusion bu şeirləri 4 qrupa bölüb təsnif etmişdir: A) Qadınla kişinin əlaqələri barəsində olan şeirlər; B) Xalq bayramları ilə əlaqədar nəğmələr; C) Dövlət bayramları üçün nəğmələr; D) Qurbanlıq mərasimləri və məbədlərdəki dini ayinlərin icrası zamanı oxunan dini nəğmələr.
3. Liçi (ayinlər, yaxud şeirlər kitabı). Bu kitab qədim Çin imperator sülalələrinin və əhalisinin ictimai rəftar və davranışlarını bəyan edir.
4. İçing (dəyişikliklər kitabı). Bu kitabın mühtəvasını xəyali fəlsəfi dəstgahlar təşkil edir. Bəzi din tədqiqatçıları onu falçılıq və qeybdən xəbər vermə sistemi adlandırmışlar. Bu sistem üç ədəd səkkizlik xətt üzərində qurulub. Bu üç xəttin hər biri də bir bütöv, düz xəttdən və bir də qırıq-qırıq xəttdən ibarət olmaqla bu iki xəttdən biri təkrarlanır. Bu xəyali-ideoloji sistemdə düz xətt yanq (erkək qüvvəsi), qırıq-qırıq xətt yinin (dişi qüvvəsinin) göstəricisidir. Həmin iki qüvvə bütün təbiət aləmini yaratmışdır və təbiətin bütün simvolları iki-iki, yaxud yanq və yinə aid edilir. Göylər və yerlər, ay və ulduz, işıqlıq və qaranlıq, həyat və ölüm kimi təzahürlər də belələrindəndir.
5. Çun-çyo (bahar və payız salnaməsi). Bu kitab Lo əyalətindən Yin padşahlığının ilk dövründən (miladdan əvvəl 722-ci il) Ay şahın hökmranlığının 14-cü ilinə qədər (miladdan əvvəl 481-ci il) baş verən mühüm hadisələri barəsində gündəlik xəbərlərdir. Konfusion dəqiq məlumatlar verməklə səlahiyyətli hökumətin formalaşmasını, qəddar vəzirlərin islahı üçün mexanizmləri göstərir. Bütün bunlar qədim Çin hökumətinin və siyasət elminin əsası sayılır.
Qeyd olunan beş kitabdan əlavə, Konfusionun əlaçı tələbələri vasitəsilə, o da Konfusionun əxlaqi şəxsiyyəti və fəlsəfəsini şərh edən başqa dörd kitab da qələmə alınmışdır. Həmin kitablar aşağıdakılardan ibarətdir:
1. Analekt. Lunyunun müntəxabatından ibarət olan bu kitab Konfusionun və onun bəzi şagirdlərinin sözlərini ehtiva edir. Kitabda Konfusionun fəlsəfəsinin kökləri və şəxsiyyəti gözəl şəkildə bəyan olunmuşdur.
2. Tasoe, yaxud böyük elm kitabı. Bu kitab şərafət, alicənablıq, xüsusilə də orta məktəbdə yeni təhsilə başlayan şagirdlərə təlim-tərbiyə üsullarını aşılayır.
3. Çunq-yunq, yaxud min kitabı. Bu kitab əslində Konfusionun nəvəsi Tzoso tərəfindən şərh olunmuş Liçi kitabının bir hissəsi olmuşdur. Kitabın mövzusu dünyadakı nizam-intizamla insanın əxlaqi vəzifələri arasında əlaqədir.
4. Mənkyus kitabı. Konfusionun fəlsəfi görüşlərinin izahı üzrə miladdan əvvəl üçüncü əsrdə yazılmış bu ilk kitab Konfusion əcdad və ardıcıllarının kəlam və sözlərindən ibarət olmaqla nizamlı şəkildə tərtib olunmuşdur.
KONFUSİON AYİNİNİN FORMALAŞMA ZƏMİNİ. Lao tze və Konfusionun meydana gəldiyi əsr Çin tarixində günah və əxlaqsızlığın baş alıb getdiyi dövr hesab olunur. Bu kimi günah və əxlaqi pozğunluqlar fərdi, ailə, sosial həyatda və hökumətdə müxtəlif səviyyələrdə yayılmışdı. Bu iki filosofun mövcud vəziyyətdən keçirdiyi iztirablar da bu fəsadın əleyhinə mübarizə yolu axtarmaq olmuşdur. Onlar öz tədqidat və təfəkkürlərində səadət və qurtuluş yolunu, həmçinin insanların azğınlığa düşməsinin səbəblərini ayırd etmək üçün müəyyən mənada insani kamillik və yaradılışın motivlərini prinsipial şəkildə araşdırmışlar. Bununla belə, həmin filosofların tədqiqatlarının nəticəsi bir-birindən çox fərqlənən və hətta ziddiyyətdə olan iki nəzəriyyənin yaranmasına səbəb olmuşdur. Lao-tze belə fikirləşirdi ki, bu fəsad və günahlar insanların əməllərindən yaranır və insanların işlərinin günahdan, fəsaddan başqa bir nəticəsi olmur. Həyatın hər bir sahəsində insanın əməl və fəaliyyət dairəsi nə qədər genişlənərsə, cəmiyyətdə günah və əxlaqsızlıq da bir o qədər artar. Buna əsasən Lao-tze fəaliyyətsizlik prinsipini irəli sürür ki, bunun vasitəsilə bütün işlərin gedişatını Taonun istəyinə uyğun izah edilib əsaslandırılsın. O əslində varlıq aləmindəki bütün işlərin Taonun iradəsinə tabe və insan özünü tamamilə ona tapşırarsa, onun işləri Taonun istədiyi tərzdə olacaqdır. Buna görə də, onun bütün işləri və ehtiyacları düzgün və məsləhətə uyğun həll olunacaqdır. Təbiidir ki, cəmiyyətdə belə fikirlərin yayılması cəmiyyətdə durğunluğa və tənəzzülün başlanmasına səbəb olacaq. 
Bu təfəkkürün əksi cəmiyyətdəki fəsadın səbəb və amillərini bəzi əxlaq normalarından uzaq düşməkdə görən Konfusion ideologiyasıdır. O da cəmiyyətin islahı üçün bu prinsip və meyarların hakim olması şərtini irəli sürərək həmin prinsipləri şərh edir.  Konfusion insan cəmiyyəti və sivilizasiyasının əsaslı prinsipial olaraq Tao və təbiət müqabilində formalaşdığına, insanın tarix boyunca göstərmiş olduğu bütün fəaliyyətinin Taonun iradəsinə zidd olmasına inanmırdı. Buna görə də onun nəzərində insanların yaxşı əməl və rəftarları dəyərli, eyni zamanda varlıq nizam qamusu ilə uyğun sayılır. Ancaq, Konfusion əxlaq meyarlarına zidd, səhv olan əməl və rəftarlar üçün islahedici mexanizmlərin işlənməsini təklif edir. O, həmin mexanizmləri açıqlamağa çalışmışdır. Konfusionun inancına görə Li termini sağlam cəmiyyəti formalaşdıran  mexanizm və qanunlarından ibarətdir. Cəmiyyətin idarəçiliyi, təkamülü də Li qanununun hakim olması ilə şərtlənir və yalnız bu halda cəmiyyət Taonun istəyi əsasında hərəkət edəcəkdir. Buna əsasən cəmiyyətdə Tao iradəsinin gerçəkləşməsi Li qanunlarının icrasından asılıdır. Konfusionun bu ideologiyası insani fəaliyyət, səylərə, tədbirlərə dəyər vermək deməkdir və Lao-tzenin inancına əksinə olaraq, onların inkar edilməsi kimi qiymətləndirilməməlidir.
ƏSAS VƏ ETİQADLARI. Qeyd olunduğu kimi, Konfusion cəmiyyətin islah olunması üzərində xüsusi dayanmış və  bu məqsədlə bir sıra əxlaqi təlimatlar vermişdir. Bununla belə, o bir məktəbi digərlərindən fərqləndirən digər ideoloji əsaslar barədə yeni bir nəzəriyyə təqdim etməmişdir. Konfusionun özü yeni bir ideoloji cərəyan yaratmadığını, Çinin qədim və ən`ənəvi e’tiqad prinsiplərini qəbul etdiyini etiraf edərək deyir: “Mənim işim ixtiraçılıq və təşəbbüskarlıq deyil, bir yerə toplamaqdır”. “Mən bir ixtiraçı deyil, mətləbləri nəql edənəm”. O, hətta öz ayininin ən ümdə əxlaqi təlimlərinin bir qismini də şəxsi təşəbbüs və ixtirası hesab etmir, onlara əvvəlkilərin rəftarları kimi baxırdı.
Hər halda əxlaqi prinsipləri Konfusionun əsaslarının ən mühüm hissəsi sayılır. Əhəmiyyət və bu ayinin belə təlimatlar üzərində qurulması baxımdan onları digər prinsip və əsaslardan öncə şərh etməyi lazım bilirik.
KONFUSİON ƏXLAQI. Konfusionun əxlaqi təlimlərinin üç əsas prinsipı aşağıdakılardır: Li qanunu, Şu qanunu, Çun-tzo, yaxud kamil insan qanunu.
1. Li. Konfusionun Çin cəmiyyətini islah etmək naminə bir qanun və norma olaraq yaratdığı bu söz müxtəlif mənalarda işlənmişdir. Bu mənalardan “paklıq və təharət, ədəb və insaniyyət, qayda-qanunlar, ibadət və əməllər, ictimai fəaliyyət və rəftar nümunəsi”ni qeyd etmək olar. Li əslində sağlam cəmiyyəti formalaşdıran qanun və prinsiplərə şamil edilir. Cəmiyyətin idarə olunması və təkamülü də bu prinsip və qanunların əsasında baş tutur. Bu prinsiplər ailə, cəmiyyət və hökumətin islah olunmasında əsas rola malikdir. Konfusion inanırdı ki, bu qayda-qanunlara riayət olunarsa bütün ictimai ixtilaflar aradan götürülər, cəmiyyət maddi-mə’nəvi təkamül yoluna qədəm qoyaraq, fəsad və əxlaqsızlıqdan xilas olar. 
Konfusionun Li qanunun təlimləri ilə əlaqədar üç məsələni araşdırırıq.
Birinci, Li qanununun işlərin nizamlanması və insanlar arasında mehriban münasibətlərə xidmət edən beş əsas prinsipi vardır: övladın ataya, kiçik qardaşın böyük qardaşa, qadının ərinə, fəhlənin sahibkara və rəiyyətin hakimə itaət etməsi. Konfusion inanırdı ki, bu beş prinsipə riayət olunarsa ata, böyük qardaş, ər, sahibkar və hakim də öz vəzifələrinə əməl edəcək, bununla da cəmiyyət sağlam və xoşbəxt olacaq. O deyir: “Hər bir ata öz ailə üzvlərinə asayiş və səadət yaratmaq işində tam məsuliyyət daşıyır. O, öz övladlarına gözəl insani keyfiyyətlər aşılamalı, onlar üçün nümunə olmalıdır”. Atanın bu vəzifəyə əməl edə bilməsi üçün övladın da öhdəsinə müəyyən vəzifələr düşür: “Ata sağ olduğu müddətdə onun istəyinə uyğun əməl etməli, dünyadan gedəndən sonra onun rəftar və əməllərini nəzərə almalıdır. Mümkün qədər onu təqvalı və düzgün əməl sahibi bilməlidir”. Övlad valideynə itaət etməkdən əlavə, onlara ehtiram və qayğı göstərməli, incimələrinə, narahatlıqlarına səbəb olmamalıdır. Bu barədə deyilir: “Yaxşı övlad o deyil ki, imkanı olan təqdirdə öz gücsüz ata-anasına yemək çatdırsın. Çünki bəzi heyvanlar da bu işi görürlər. Yaxşı övlad o kəsdir ki, öz valideyninə ehtiram göstərsin”. “Yaxşı övlad o kəsdir ki, qeyri-iradi qarşıya çıxan xəstəliklər istisna olmaqla, heç bir vəchlə öz ata-anasının inciməsinə səbəb olmasın”.
Konfusion rəiyyət-hakimin, fəhlə-sahibkar əlaqəsi barədə belə deyir: “Əgər rəiyyət dövlət başçılarının fərmanına itaətsizlik etməsə, dövlət adamları onun işlərində ədalətdən kənara çıxmayacaqlar. Fəhlələr sahibkarlara itaət etsələr, məhz bu zaman sahibkarlar adları sahibkar olsa da fəhlələrin təsiri altına düşəcəklər (yəni fəhlələrin bütün istəklərinə müsbət cavab verəcəklər). Belə olan halda cəmiyyətdə heç bir təzad, müharibə, zülmə yer olmayacaq və insanlar bir-birini sevəcəklər. Beləliklə də cəmiyyət rifah və asayişdə yaşayaraq, maddi-mənəvi kamilləşmə yoluna qədəm qoyacaq”.
Buna görə də, ümumiləşdirmə aparsaq Konfusion övlad atasına itaət etsə, atanın da yaxşı tərbiyəçi olacağına, kiçik qardaş müti olsa, böyük qardaşın onu himayəsinə alacağına, qadın itaətkar olsa ərinin ona vəfalı qalacağına, rəiyyət itaət edərsə, hakimin rəiyyətin qayğısına qalacaq, fəhlə sahibkara itaət edərsə, sahibkar onun ehtiyaclarını təmin edəcəyinə və beləliklə, bir-biri ilə sülh və səmimiyyət şəraitində yaşayacağına inanmışdır.
İkincisi, Konfusionun tövsiyələrinə əsasən Li qanunu ev, şəhər və kəndlərdə, nəhayət bütün ölkədə icra olunarsa, mötədillik və uyğunlaşma nəticə e`tibarı ilə insanla varlıq aləmi, yəni yerlə göy arasında gözəl əlaqə yaranacaq. Bu halda insani əməllər Tao yoluna uyğun- yəni dünyanın qüdrətli, mələkut iradəsi ilə həyata keçəcəkdir. Beləliklə, insanların iradəsi vasitəsilə Taonun istəyi gerçəkləşəcəkdir. Düzgün və Liyə müvafiq olan əməl bu iradənin həyata keçməsini mümkün edir. Taonun özü isə birbaşa cəmiyyətin təkamül və islahına əsaslanan istəyini (taostlərin inancına görə) həyata keçirməklə məşğul olmayacaqdır. 
Üçüncüsü, Konfusion nəzəriyyəsinə uyğun olaraq, Li qanunu əsasında yerinə yetirilən ictimai qayda və ənənələr qədim nəslin adət-ənənəsinə müvafiq olmalıdır. Belə ki, keçmişdəki insanlar hamının səadətini istəmiş, qarşılıqlı qayğı və ehtirama səbəb olan insani ruh onlarda kamil zühur etmişdir. Ata-babaların hamısı bir-biri ilə ədalət və ədəblə rəftar etmişdir; onların münasibətlərində ciddi nizam-intizam və möhkəm ədalət hakim olmuşdur. Yüksək rütbəlilərlə aşağı təbəqəyə mənsub olanlar bir-birinin vəziyyətindən tam xəbərdar olmuşlar. Bir-birinin məqam və mövqeyini gözləmiş, öz aralarında hədd-hüduda riayət etmişlər. Bu barədə Konfusion belə deyir: “Qədimdə Li qanununa əsasən camaata hökmranlıq edən Fuşi kimi imperatorlar olmuşlar. Onlar rəiyyətə qarşı ədalətli və xeyirxah idilər, rəiyyət də onları sevir və itaət edirdi. Buna görə də ölkəni başdan-başa haqq-ədalət bürümüşdür. Buna əsasən ata-babalarımıza ehtiram qoymalı, onların adət-ən`ənələrinə pərəstiş etməliyik”. Həmin səbəbdən, Konfusion şəxsən özü dini qayda-qanunlarda yeni bir şey ixtira etməməklə yanaşı, ata-babaların ənənəvi qayda-qanunlarına riayət  və pərəstiş məsələsində sədaqətini göstərmişdir. O, çoxlu məbudlara sitayiş, ruhlara pərəstiş, imperatora təzim edir, qurbanlıq ayinlərini, eləcə də düzgün olub-olmamasından asılı olmayaraq, keçmişdən yadigar qalan xurafatçı adət-ənənələri yerinə yetirirdi.
2. Şu. Bu kəlmə Konfusion ayininin ikinci əxlaqi prinsipi olan bu sözün mə’nası “özünə rəva bilmədiyini, başqalarına da rəva bilmə”dən ibarətdir. Dinşünaslar bu əxlaqi prinsipi xristianlıqda mövcud olan “camaatın sizinlə necə rəftar etməsini istəyirsinizsə, onlarla həmin cür rəftar edin” prinsipi ilə müqayisə etmişlər. Bu prinsip xristianlıqda qızıl qanun adı ilə məşhur olduğu kimi, Konfusion qanununda da gümüş qanun kimi tanınır. Konfusion bu prinsipi taoizmin birində deyilən “pisliyin əvəzini yaxşılıqla ver” əxlaqi prinsipinə qarşılıq olaraq qəbul etmişdi. Deyilənə görə, bir gün Konfusionun “pisliyin əvəzini yaxşılıqla vermək” barədə fikrini  soruşduqda belə cavab verir: “Əgər pisliyi yaxşılıqla mükafatlandırsan, onda yaxşılığın əvəzində nə mükafat verəcəksən? Yaxşılığa yaxşılıqla cavab verilməli, amma pis rəftara ədalətlə yanaşmaq lazımdır”.
O inanırdı ki, “şu”nu ümumi bir göstəriş qismində ömür boyu həyatın bir qanunu kimi tətbiq etmək olar. Bu barədə deyilir ki, bir gün bir nəfər Konfusiondan soruşur: “Dünyada elə bir hamıya aid söz və ümumi göstəriş varmı ki, onu bütün ömür boyu həyat qanunu seçək?” O cavab verir: “Bəli! Qarşılıqlı əməl, yəni şu həmin ümumi söz və təlimatdır”. Bu sözün də mənası budur ki, özünə rəva görmədiyini başqalarına da rəva görmə.
3. Çun-tzo. Konfusionun üçüncü əxlaqi əsası çun-tzo, yaxud kamil insandır. O inanırdı ki, insanın kamali, üstünlüyü də Li qanunu və şu prinsipinə riayət olunmasından asılıdır. Onun nəzərində kamil insan “valideynə məhəbbət həmişə qəlbində olan oğul, övladlarına qarşı ədalət və mehribanlıqla rəftar edən valideyn, öz sahibkarına vəfadar və əmanətdar olan məmur, həyat yoldaşına vəfalı və səmimi olan ər, dostu ilə ədəbli və səmimi olan insandır”.
Konfusion bütün bu xüsusiyyətləri sədaqət sifətində ümümiləşdirməklə insan şəxsiyyətinin və rəftarının əsasının sədaqət olmasına inanır. Bu sifət insanın üstünlüyünə və kamilləşməsinə səbəb olur. O, həmçinin kamil insan üçün sədaqətdən aşağı pillədə olan digər xüsusiyyət və sifətləri də qeyd edir. O cümlədən: “Üstün insan camaat arasında tanınmaqdan deyil, qüdrətə çatmaqda pərişan olar. Üstün insanın axtardığı onun varlığında mövcuddur, alçaq insanın axtardığı isə başqalarındadır. Kamil insan söz deməmişdən qabaq əməl edər, daha sonra öz əməlinin tələbinə uyğun danışar. O, az danışıb çox iş görəndir. İş və rəftarda mötədildir. Kamil insanın rəftarı və danışığı əvvəlki nəsillərin yaşadığı cəmiyyətin ümumi qanunlarına müvafiq olmalıdır”.
KONFUSİON AYİNİNİN ƏQİDƏLƏRİ. Konfusionun əsas məşğuliyyəti cəmiyyətdə, xüsusilə də hökumətin vəziyyəti, xalq kütlələri ilə dövlət məmurlarının əlaqələrində islahat aparmaq olmuş mənəvi məsələlərə daha az diqqət yetirmişdir. O, hətta dəfələrlə öz şagirdlərinin mənəviyyət və fövqəltəbii məsələlərə dair suallarına cavab verməkdən yayınmışdır. Misal üçün, şagirdlərindən biri ölülərə (ruhlara) xidmət barəsində soruşduqda cavabında demişdir: “Xalqa xidmət etməyə qadir olmadığın halda onların ruhlarına necə xidmət edə bilərsən?” Yaxud, ölüm barəsində soruşulduqda demişdir: “Sən həyatı dərk etmədiyin halda, ölümü necə başa düşə bilərsən?” 
Bütün bunlara baxmayaraq Konfutsionun müqəddəs kitabları böyük dünyanın ali qüdrəti olaraq böyük allahı açıq şəkildə qəbul və bəzən onu ilahi hakim mənasını daşıyan Şankti, bəzən də ərş, asiman mənasında olan Tiyen adı ilə qeyd edir. Konfusiondan nəql olunmuşdur ki: “Səmavi istəkləri bilmədən ali insan olmaq mümkün deyildir. Yol qanunları ilə (Tao asiman yolu) tanış olmadan fərdi şəxsiyyətin sabitləşməsi qeyri-mümkündür”.
Bununla belə, əvvəldə qeyd olunduğu kimi, Konfusion özündən yeni ideoloji əsas yaratmamış, öz ardıcıllarını ata-babalarının ayininə dəvət və təşviq etmişdir. Onun özü də keçmişdəkilərin etiqad və adət-ənənələrinə çox ciddi şəkildə riayət edirdi. Adi camaat kimi məbudlara sitayiş və onlara qurbanlıq hədiyyə edirdi.
Konfusionun ölümündən sonra ardıcılları onu o dərəcədə müqəddəsləşdirdilər ki, ilahilik məqamına yüksəltməkdən əlavə, onun üçün məbədlərdə dua mərasimi, sitayiş və qurbanlıq da geniş yayıldı. Bu qanunların əsası ilk dəfə miladdan əvvəl 195-ci ildə Çin imperatorunun onun məzarı üstündə heyvanların kəsilməsini əmr etdikdən sonra qoyuldu və tədricən  genişlənib yayıldı. Artıq 1200 ildir ki, hər il minimun iki dəfə Konfusion üçün məbədlərdə qurban kəsməklə müşaiyət olunan dua mərasimləri keçirilir.

Seyid Əhməd Mahmudi: “Dinlərlə tanışlıq”. Tərcümə edən: Ağabala Mehdiyev

Комментариев нет:

Отправить комментарий