“Cəngəllikdə cəhənnəm diskotekası”- amerikan hərbçiləri Vyetnamdakı müharibəyə belə ad qoymuşdular. Cəngəllikdə vyetnamlılar amerikan hərbçilərindən daha effektiv müharibə aparırdılar. Hazırlıqsız adamın rütubətli tropik meşədən sağ qayıtmaq şansı çox azdır. Amerikan hərbçiləri Vyetnam cəngəlliklərində pələngdən tutmuş bakteriyalara kimi müxtəlif təhlükələrlə üz-üzə gəlirdilər. Rütubət və havasızlıq o dərəcədə idi ki, ət konservaları tez xarab olur, ayağa göbələk xəstəliyi düşür, dəridə xırda bir cızıq irinləmiş yaraya çevrilirdi. Vyetnamlılar partlamamış amerikan mərmi və bombalarından mina və fuqaslar düzəldirdilər ki, bu da yankilərin cəngəllikdə hərəkətinə böyük təhlükələr törədirdi. Müharibənin xarakteri elə idi ki, əsgərlər daim həyəcan içində olurdular. Amerikanlar sərt partizan müharibəsinə hazır deyildilər. Yüzlərlə amerikan əsgəri vyetnamlıların qurduğu hiyləgər tələlərə düşür, minalarda partlayır, kilometrlərlə uzanan tunellərdə azıb itirdilər. Daimi gərginlik, təhlükə hissi, Qərb adamı üçün dözülməz iqlim şəraiti, yerli əhalinin barışmaz nifrəti öz işini gördü. Vyetnam müharibəsi dövründə amerikan hərbçiləri arasında narkonamiya, intihar və fərarilik geniş vüsəl aldı. İş o həddə çatmışdı ki, döyüşmək istəməyən amerikan əsgərləri öz komandirlərinin çadırlarına qranat tullayırdılar. Müharibədən sonra “Vyetnam sindromu”nun təsiri altında depressiyadan əziyyət çəkən 150 minə yaxın veteran intihar etdi. Geri qayıdarkən onları vətəndə heç də qəhrəman kimi qarşılamamışdılar. Elə hallar olmuşdu ki, sinəsi medallı hərbçi aeroportda düşüb vətənə ayaq basarkən üzünə lomba ilə tüpürmüşdülər. Veteranlar Ağ Evin qabağında etiraz aksiyası keçirirdilər və medallarını bu binaya tərəf tullayırdılar. Müharibə Amerikan cəmiyyətini elə dəyişdi ki, o dövrdən çağırışçı orduya son verildi və müqavilə ordusuna keçildi. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)
Комментариев нет:
Отправить комментарий