28.03.2020

İlham Əliyev: Vəzifəli şəxslərin uşaqları insanları təhqir edirlər, özlərini apara bilmirlər

"Təmtəraqlı toylar, ad günləri, bahalı hədiyyələr - bunları yığışdırın. Bəsdirin. Və kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu həm yerli icra orqanlarına aiddir, mərkəzi icra rəhbərlərinə də aiddir. Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər".
Bu sözləri Prezident İlham Əliyev “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.
"Mən öz əlli illiyimi Ağacabədidə, köçkünlərlə keçirmişəm. Bu mənim təbiətimdir. İkincisi, bir yol göstərirəm. Belə olmaq lazımdır"- Prezident bəyan edib.
İlham Əliyev ad çəkməsə də, vəzifəlilərin işdən qovula biləcəyini bildirib: "Onların güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxardacağam lazım bildikdə. Əgər bir də bilsəm ki, kimsə ailə üzvü hardasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır".
Yanvarın 23-ündə İsmayıllıda icra başçısı Nizami Ələkbərovun qardaşı oğlu və ya bacısı oğlu olduğu deyilən şəxs "Hammer" markalı maşını ilə "Çıraq” otelindən çıxarkən taksi sürücüsünün maşınını vurub, sürücülər arasındakı mübahisə zamanı həmin şəxs söyüş işlətdiyindən yerli sakinlər narazılıq bildirib.
Prezident Əliyev sahibkarları rayonlarda həyata keçirilən işlərə məcburi qaydada cəlb etməyin yolverilməz olduğunu deyib: "Hər bir rayonun oz büdcəsi var. Prezidentin Ehtiyat Fondundan da mütəmadi qaydada vəsait ayrılır. Bu vəsaitlə iş görmək lazımdır. Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Kim istəyir kömək eləsin, amma bəzi hallarda onları məcbur edirlər".
Prezident deyib ki, sahibkarlar böyük həcmdə xərc çəkirlər, "sonra da onların pulunu vermirlər". "Belə olmaz. Əgər kimsə fikirləşirsə ki, bu məlumatlar mənə çatmır, səhv edir. Bütün məlumatlar mənə çatır. Bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq"- ölkə başçısı əlav edib.
Əliyev qonşu ölkələrə ixrac edilən elektrik enerjisinin ötürücü xətlərin vəziyyətinin “qane etmədiyini” və 2013-cü ilin investisiya proqramında bu məsələnin nəzərə alındığını deyib. Ölkədə qazlaşdırma isə ilin sonuna qədər 90 faizə “çatmalıdır”. Kanalizasiya və içməli su layihələrinə isə 800 milyon manata yaxın vəsait ayrılıb. Bu ilin hazır olması gözlənilən ən böyük kənd təsərrüfatı layihəsi isə Taxtakörpü su anbarı layihəsidir. Digəri isə iki il sonra təhvil veriləcək Şəmkirçay su anbarı layihəsidir.
O kənd təsərrüfatı sahəsində konkret kompleks tədbirlər üçün yaxın aylarda İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyindən təkliflər istəyib.
Əliyev ölkənin taxıla olan ehtiyacının ödənilməsi üçün 50 böyük fermer-taxılçılıq təsərrüfatları yaradılmalı olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda təkcə Ağcabədi və Beyləqan rayonlarında belə təsərrüfatlar yaradılıb. "Hər rayon üzrə ixtisaslaşma layihələri icra edilməlidir. Göstərişlər verilmişdir. Ancaq mən hələ ki, konkret nəticələri görmürəm. Hesab edirəm ki, yaxın zamanda mənə hər rayon üzrə konkret təkliflər verilməlidir".
Fermerlərə dəstəklə bağlı Əliyev deyib ki, indiyə qədər bir milyard iki yüz milyon manat güzəştli şərtlərlə kredit verilib və bunun 83 faizi rayonlara aiddir. Əliyev bu sahədə şəffaflığın əldə edilməməsinə "təəssüflənib": "Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda fermerə çatacaq subsidiyaların bir hissəsi dövlət məmurlarının cibinə gedir".
O deyib ki, bu "nöqsanlar tezliklə aradan qaldırılmalıdır": "Fermerə nə qədər çatmalıdır, o qədər də o bunu almalıdır. Heç kim onun puluna gözünü dikməsin!".
Əliyev deyib ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə onu qane etmir: "Əfsuslar olsun ki, bu mübarizə lazımi səviyyədə deyil. Korrupsiya böyük bəladır. Biz doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyanı aradan götürməliyik".
Əliyevin sözlərinə görə, bu problemlərin qarşısını almaq üçün Azərbaycanda güclü siyasi iradə və beynəlxalq təcrübə mövcuddur. /bbc.com/

Комментариев нет:

Отправить комментарий