Son günlər sosial şəbəkədə "dövlət koronavirus xəstələrini qəsdən talış zonasına yerləşdirir" tipli ajiotaj yaşanır.
Şəxsən mən bu ajiotaja görə çox təəssüf edirəm. Nə yaxşı ki, çox deyil belə adamlar. Yoxsa bu təəssüf hissi ruhuma dərin bir yara vura bilərdi.
Ukraynadakı məlum hadisələrdən sonra ölkəmdə də belə halların baş verməsinə sakit tamaşa etməyi bacarmayacağımı bilirəm.
Əzizlərim! Dünya böyük bir təhlükə ilə üz-üzədir. Bu virusu dəf etməmiş yeni bur virus peyda oldu. Müharibə gedir. Ölkəmiz də həmçinin bu müharibədədir.
Bəzi dövlətlər və cəmiyyətlər bu sınaqdan şərəflə çıxmadılar. Bəziləri isə şərəflə çıxdılar və ya çıxmaqdadırlar. Məsələn, Ukraynada cəmiyyət nə qədər deqradasiya uğradığını göstərdi. Onların hərəkətlərinə baxanda insanlıq adından xəcalət çəkdim. Həmvətənləri potensial virus daşıyıcıları olduqlarına görə öz şəhərlərinə buraxmadılar, onların olduğu təyyarə oturmağa yer tapa bilmirdi. Olduqları avtobuslar həmvətənləri tərəfindən daşa tutuldu. Ordu BTR-lərlə işə qarışmasa idi vəziyyət daha acınacaqlı ola bilərdi. Hətta bu tip xəstələrin karantin şəraitində müalicə edilməsi üçün dövlət tərəfindən ayrılan Ukrayna DİN-nin qoskapitalının həkimləri belə bu qərara etiraz etdilər və iş yerlərini tərk etdilər. İçdikləri andı pozdular, insanlıq və həkim peşəsi adına ləkə qoyub getdilər. Bu Ukrayna cəmiyyətin məhvinin göstəricisi idi. İnanmıram ki, Ukrayna adlı dövlət 10 ildən sonra mövcud olsun. Belə cəmiyyət məhvə məhkumdur.
Azərbaycanda da bu tip hərəkətlərə meyllərin olduğunu sezirəm. Hələ ki, bu fəallıq sosial şəbəkələr üzərindədir. Divan qəhrəmanları hesab edirlər ki, dövlət qəsdən bütün xəstələri bu bölgəyə yerləşdirir ki, talışları qırsın.
Bu bir müharibədir və bu müharibə zamanı hansısa bölgəyə qərəzli münasibət bəslənməsi barədə deyilənlər məntiqsiz və vicdansız fikirlərdir.
Qaldı ki, niyə məhz bu bölgə? Gəlin faktları təhlil edək. Onda hər şey aydın olar. Ölkəmiz virus mənbəyi olan ölkələr, ilk növbədə İran ilə sərhədlərini bağladı, oradan ölkəmizə daxil olan vətəndaşlarımızı ilk növbədə Astara rayonunda yerləşən müalicə mərkəzində yerləşdirdi və müalicə etməyə başlandı. Bundan sonra Cəlilabad rayonunda anoloji müalicə mərkəzi yaradıldı və xəstələrin bir qismi də ora yerləşdirilməyə başlandı. Daha sonra Neftçala, Qobustan, son günlərdə isə Quba rayonunda anoloji mərkəzlər yaradıldı. Astarada FHN-in səhra qospitalları quruldu. Həkim və texniki resurslar ilk növbədə bu rayona cəlb edildi. Son günlərdə xaricdə olan həmvətənlərimiz xüsusi reyslərlə Lənkəran aeroportuna gətirildi və bu rayonda yerləşən otellərdə ilkin karantin şəraitində cəmiyyətdən təcrid edildilər.
Bilirəm ki, bəziləri üçün əsas sual budur:"Niyə məhz Lənkəran?" Məncə cavab belədir. Yuxarıda da qeyd etdiyim kimi virus daşıyıcılarının ilk yerləşdiyi yer Astara və Cəlilabaddır. İlkin resurslar bu bölgəyə cəlb edildi. Burada virus daşıyıcılarının izolyasiya edilməsi və xəstələrin sağalması üçün görülən tədbirlərin daha da gücləndirilməsi və bu prosesin idarə edilməsi üçün daha münbit şərait var. Bakıdan da əvvəl virusla mübarizə praktikası burada yarandı və digər rayonlara nisbətən daha təcrübəli personal buraya cəlb edilib. Belə olan halda buranı qoyub Quzanlıda karantin-müalicə mərkəzi yaradası deyildik ki.
Son günlərdə xüsusi reyslərin başqa aeroportlarına deyil, Lənkərana endirilməsində isə təəccüblü heç nə yoxdur. Karantin-müalicə mərkəzləri bu aeroporta daha yaxın yerləşdiyi üçün belə qərar verilmişdir. Bakıdakı müalicə mərkəzləri isə daha ağır xəstələr üçün nəzərdə tutulmuşdur və lazım olan təqdirdə xəstələr daha yaxşı kliniki təchizat olan Bakıya göndərilir. Həm də potensial virus daşıyıcılarının birbaşa çoxmilyonluq şəhərin tibb mərkəzlərini doldurulması özlüyündə səhv addım olardı. Bəs Bakıda yaşayanların xəstəxanalara olan ehtiyacları necə ödəniləcəkdi? Belə də ki, lazım olsa (Allah göstərməsin!) lap Kürdəmirdə də yerləşdirilə bilər. Bütün bu halları nəzərə alaraq hesab edirəm ki, dövlət doğru yoldadır, cənub regionunda daha çox xəstə və ya potensial virus daşıyıcılarının izolyasiya və müalicəsinin təşkili rasional qərardır.
Əziz yerlilərim! Burda başqa səbəblər axtarmayın! Bir az düşünün. İnanın ki, hər şey yaxşı olacaq. İnşallah bu bəlaya da qalıb gələcəyik. Bu sınaqda insanlığımızı unutmayaq! Ora yerləşdirilən həmvətənlərimiz, qardaş və bacılarımızdır. Bu müharibədə birlikdə döyüşək. O zaman mütləq qalib gələcəyik. Özünüzü qoruyun! Provakatorların sözlərinə uymayın!
Sonda talış qardaşların yaratdığı bir şüarı demək istəyirəm: I bıbəmon, ım koronə enəmon!
Комментариев нет:
Отправить комментарий