Bu dünyada xeyirlə şər çarpışır,
Yaxşı adam şərə ürcah olmasın.
Doğulandan insan canla yarışır,
Can içində ağrı-acı qalmasın.
Gün ərzində min bir üzü görürük,
Xeyir şərlə birgə ömür sürürük,
Zəkamızın əkdiyini dəririk,
Ömür bağı tez saralıb solmasın.
Həyat özü imtahana çəkəndi,
Sualları üstümüzə tökəndi,
Can sarayın uçurdandı, tikəndi,
Dəryalar tək qabarmasın, dolmasın.
Hər kəs özün özlüyündə haqq sayır,
İçi görmək müşkül, deyil çöl-bayır,
Bir çoxunun basıb könlün ot-çayır,
Kimsə şəri öz yolunda bulmasın.
Zamanədən hamı çəkir dad-aman,
İnsan özü törədəndi pis-yaman,
Vicdan ilə bağlayanda əhd-peyman,
Heç kəs haqqı qəlbdən yerə salmasın.
Ürəyinə kin-küdurət yükləyən,
Özü yükkən başqasına yük deyən,
Göylə gəzib yerə düşüb bərk dəyən,
Nahaq yerə boş xəyala dalmasın.
Şadimanı çəkdi zaman sınağa,
Bir çoxları mehman etdi qınağa,
Dünya şahid insan adlı qonağa,
İlan, əqrəb olub ürək çalmasın.
Комментариев нет:
Отправить комментарий