20.01.2012

Adnan Menderes (1899-1961)


Sizlərədən incimirəm, sizin və böyüklərinizin kimlər tərəfindən idarə edildiyini yaxşı bilirəm

Əli Adnan Ərtəkin Menderes 1899-cu ildə Türkiyənin Aydın şəhərində varlı əkinçi ailəsində anadan olub. Atası İbrahim Ədhəm bəy, anası isə Tövfiqə xanım olan Adnanın babası Hacı Əli Paşa əslən krım tatarlarındandır. Bacısı Məleykə kiçik yaşlarında dünyasını dəyişib.

İbtidai sinfi bitirdikdən sonra İzmirdəki Amerika kollecindən məzun olan Adnan I Dünya Müharibəsi başlanarkən xəstəliyindən dolayı müharibədə iştirak edə bilmir. Daha sonra idmanla məşğul olmağa başlayan Adnan Karşıyaka futbol klubunda hücumçu, bir müddət sonra Altay klubunda qapıçı kimi çıxış edir. İdman həyatı ilə bərabər təhsilini də davam etdirən Adnan 1935-ci ildə Ankara Universitetinin Hüquq fakültəsindən məzun olur. Bundan sonra İzmirin tanınmış ailələrindən olan Övliyazadələrin üzvü Fatma Bərinlə ailə həyatı qurur. Bu izdivacdan onun üç oğlu - Yüksəl, Mutlu və Aydın dünyaya gəlir.

Siyasi fəaliyyəti: 1930-cu ildə Aydın şəhərində qısa müddətli “Sərbəst Cumhiriyət Firqəsi”nin bir qolunun yaradılmasında iştirak edən A. Menderes partiyanın öz fəaliyyətinə xitam verməsindən sonra Cumhuriyyət Xalq Partiyasının (CXP) sıralarına qoşulur. Menderes 1931-ci ildə parlamentə keçirilən seçkilərdə Aydın şəhərindən parlamentə mandat qazanır. Atatürkün vəfatından sonra İsmət İnönü partiyanın sədri postuna yiyələnir. Adnan yeni sədrin istehsal sahələrinin dövlətin nəzarətinə keçirilməsi ilə bağlı apardığı islahatlara etiraz edir. İnönünün xüsusilə kənd təsərrüfatı sahəsində apardığı islahalara kəskin reaksiya nümayiş etdirməkdən çəkinməyən Adnan Menderes İnönünü kəndçinin əlindəki torpaqları SSRİ-dəki kimi “kolxozlaşdıracağını” bəyan edərək əkin sahələrinin kəndlilərə paylanmasını tələb edir. Nəticədə partiya sədri ilə yola getməyən Menderes partiyanın sıralarından uzaqlaşdırılır.

Demokrat Partiyası: 1945-ci il dekabr ayının 27-də CXP sıralarından dostları ilə Cəlal Bayar, Fuad Köprülü və Rəfiq Koraltan ilə birlikdə qovulan A. Menderes Demokrat Partiyasını təsis edir. 1950-ci ildə keçirilən növbəti parlament seçkilərində CXP səslərin 40, DP isə 52%-i qazanır. Nəticədə parlamentdə millətvəkilləri ilə majoritar qaydada təmsil olunma qanununun müddəalarına görə, Menderesin sədri olduğu DP 488, CXP isə 32 üzvlə parlamentə daxil olur. A. Menderes baş nazir seçilir. 1954-cü və 1957-ci illərdə keçirilən seçkilərdə də DP xalqın böyük etimadını qazanaraq təkbaşına hakimiyyətini davam etdirir.

A. Menderesin 10 illik baş nazirliyi dövründə Türkiyənin daxili və xarici siyasətində böyük dəyişikliklər baş verib. Menderesin yeni vəzifəsində ilk işi çox vəsait tələb edən dövlət avtomobillərinin satılması olub. Bundan sonra yeni baş nazirin qərarı ilə ölkədə Atatürkün zamanından türk dilində oxunan azan yenidən ərəb dilində oxunmağa başlayıb. Menderes hökuməti CXP-nin 1948-ci ildə qurduğu İmam-Xətib kurslarını liseylərə çevirir və onların sayını çoxaldıb. Menderesin ilk baş nazirliyi dövründəki ən yadda qalan islahatı isə ölkənin Baş Qərargah rəisi Nazif Gürman başda olmaqla 15 generalın və 150 yüksək rütbəli zabitin istefaya göndərilməsi olub.

1951-ci ildə Menderes hökuməti Türkiyənin Koreya müharibəsində BMT-nin qüvvələri tərkibində türk alayı ilə iştirakı barədə qanunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarını gözləmədən qəbul edib. A. Menderesin baş nazir olmasından iki il sonra, 1952-ci ildə Türkiyə NATO-ya tamhüquqlu üzv qəbul edilib.

A. Menderes ilk baş nazirliyi (1950-54) dövründə “Türkiyə Marşal Planı” çərçivəsində  ölkənin qısa müddətdə inkişafını nəzərdə tutan iqtisadi islahatları həyata keçirməyə başlayıb. Ancaq 1958-ci ildə 600 milyon dollara çatan xarici borcun qaytarılmaması nəticəsində hökumət ölkə iqtisadiyyatını tənəzzülə uğradığını bəyan edib.

Menderesin yürütdüyü siyasət daha liberal olsa da xüsusilə iqtisadi siyasəti daha çox xaricə meylli idi. Bu ilk mərhələdə öz bəhrəsini vermiş, xüsusilə əhalisinin kasıb təbəqəsi bundan razı qalır. Ancaq daha sonra bu asılılığın fəsadları özünü büruzə verməyə başlamış və ölkə iqtisadiyyatı tənəzzül etməyə başlayır. Məhz bu dövrdə kəndlərdən şəhərlərə, xüsusilə də İstanbula köç başlayır və İstanbulda ilk dəfə “gecəqondular” yaranmağa başlayır.

Menderesin başçılığı altında 23-cü hökumətin gördüyü ən yadda qalan işlərdən biri də 1974-cü ildə həyata keçirilən Kipr Sülh Əməliyyatının hüquqi zəmininin hazırlanması olub. Məhz A. Menderesin dövründə Kipr məsələsinə dair imzalanan müqaviləyə “qarant olma” maddəsi əlavə edilərək türk ordusunun lazım olduğu təqdirdə Kipri müdafiə etməsi təmin edilib.

1957-ci ildə keçirilən növbəti parlament seçkilərində bəzi nazirlərlə birlikdə Səid Nursinin əlini öpməyə getməsi bir sıra dairələri bərk narahat edir. Ancaq Menderes xarici siyasət və iqtisadiyyat kimi məsələlərdə qərb ölkələri ilə sıx əməkdaşlıq kursuna sadiq qalır.

27 may: 1955-ci ildən sonra ölkədə siyasi vəziyyət gərginləşməyə başlayır. Ölkədə hakimiyyət əleyhinə yazılarla çıxış edən jurnalistlər həbs edilir. Dövrün Ədliyyə naziri Əsəd Budaqoğlu 1954-58-ci illərdə 238 jurnalistin hakimiyyət əleyhinə yazmasından dolayı həbsə atıldığını bildirir. Digər tərəfdən parlamentdə CXP ilə münasibətlər pozulmağa başlayır. İş o yerə gəlib çatır ki, hətta İsmət İnönü belə hökumətin siyasətinə etiraz etdiiynə görə, məclisin 12 toplantısında iştirak etməkdən kənarlaşdırılır. 1959-cu ildən etibarən universitet tələbələri hakimiyyətə qarşı mitinqlər keçirməyə başlayırlar. 1960-cı ildə prokurorluq orqanlarının yüksək səviyyəli işçiləri bir gün içində vəzifələrindən uzaqlaşdırılır. Vəziyyətin getdikcə daha kəskin xarakter aldığı bir dövrdə 1960-cı il may ayının 21-də Alparslan Türkeş Türkiyə Silahlı Qüvvvələri adından çıxış edərək hakimiyyəti ələ keçirdiklərini bildirir. Bundan altı gün sonra 1960-cı il may ayının 27-də baş nazir Menderes həbs edilir. O, digər yüksək səviyyəli dövlət xadimləri ilə birlikdə Yassıadaya aparılır. Bu zaman Cəmal Gürsel tərəfindən müvəqqəti qurulan Milli Birlik hökuməti ölkəni idarə etməyə başlayır.

Edam: Menderesə qarşı bir çox ittihamlar irəli sürülür. Ona qarşı qeyri-qanuni uşağı öldürməyə cəhd, mitinqlər zamanı millətə atəş açdırmaq, bəzi müxalifət rəhbərlərinin rəsmi səfərlərini məhdudlaşdırmaq, Kırşəhərin qəsəbəyə çevirmək və CXP-nin mallarının qəsb edilməsi kimi 13 ittiham irəli sürülür. A. Menderes ona qarşı irəli sürülən uşaq cinayəti istisna olmaqla digər maddələr üzrə təqsirli bilinir və barəsidə edalm hökmü çıxarılır. ABŞ prezidenti Kennedi, Fransa prezidenti Şarl de Qoll, Pakistan prezidenti Əyyub Xan və İran şahı Rza Pəhləvi dəfələrlə Menderesi edam etməməyə çağırırlar. Məhkəmə prosesi zamanı ABŞ kəşfiyyat orqanlarının türk kəşfiyyat orqanlarının işçilərinrüşvət verərək Menderesin telefonlarına qulaq asması faktı da ortaya çıxır.

Menderes 1961-ci il sentyabrın 17-də 9 ay davam edən məhkəmədən sonra İmralı adasında saat edam edilir.

Menderes ölümündən əvvəl yazdığı məktubda bunları qeyd edir:

Sizlərədən incimirəm, sizin və böyüklərinizin kimlər tərəfindən idarə edildiyini yaxşı bilirəm. Onlardan da incimirəm. Kəlləmi onlara apardığınız zaman deyin ki, Adnan Menderes hürriyyət uğruna qoyduğu kəlləsini 17 il əvvəl ala bilmədiyiniz üçün sizlərə minnətdardır. Edam edilmək üçün ortada heç bir səbəb yoxdur. Görəsən siz ölümə mətanətlə getdiyimi, silahların kölgəsində yaşayan qəhrəman böyüklərinizə deyə biləcəksinizmi? Onu da deyim ki, millət olaraq qazanılacaq azadlıq mübarizəsində sizi və böyüklərinizi yenə də 1950-ci ildə olduğu kimi xilas edə bilərəm. Ancaq indi millətlə əl-ələ verərək Adnan Menderesin ruhu sizi əbədiyyətə qədər təqib edəcək və bir gün sizi silip süpürəcəkdir. Ancaq bütün bunlara baxmayaraq, dualarım (bu cümlənin üzərini mərhəmətlə çizilib) sizlərlə bərabərdir.

Menderes edamdan əvvəl isə bunları demişdir:

Heç kimdən incimirəm. Həyatla vidalaşmaqda olduğum bir vaxtda dövlətim və millətimə əbədi səadət diləyirəm. Həyat yoldaşımı və uşaqlarını şəfqətlə anıram…

Комментариев нет:

Отправить комментарий