20.01.2012

Gilyotin haqda nə bilirik?


Gilyotin bir sıra Avropa ölkələrində barəsində ölüm hökmü çıxarılmış məhkumun boyun nahiyəsindən üzülməsi ilə icra olunmuş edam üsulunda istifadə edilən alətə verilən addır. Qeyd edilən üsulla icra olunan edam üsulu isə gilyotinləmə adlanır. Gilyotinin alt hissəsi məhkumun başının yerləşdirilib tərpənməməsi üçün “bərkidildiyi” iki taxtadan, üst hissəsi isə çəkisi 40 kq-dan 100 kq-dək dəyişən iti bıçaqdan ibarətdir.

Alətin hündürlüyü 2-3 metrdir. Hökm icra olunarkən əvvəlcə məhkumun baş hissəsi iki taxta arasında yerləşdirilir, sonra cəllad 2-3 metr hündürdə yerləşən iti bıçağı sürətlə aşağı doğru çəkərək, məhkumun boyun nahiyəsindən başını üzürdü.

Gilyotinin tarixi: Gilyotin 1738-ci ildə Fransada anadan olan ixtisasca həkim və Fransa məclisinin İosif İqnak Giyotin tərəfindən təkmilləşdirilib. Aləti icad edən şəxsin isə Giyotinin müəllimi Antuan Lui olduğu tarixi mənbələrdə qeyd olunsa da, qeyd edilən dövrdən əvvəl Şotlandiyada və İrlandiyada da gilyotindən ölüm maşını kimi istifadə edilirdi. Sözügedən ölkələrdə bu alət “Şotland qızı” adlanırdı. Elə Fransada da bu alətin xalq arasındakı adı məhz “Şotland qızı” idi.

Gilyotin Fransada: Gilyotinə bənzər edam alətlərindən Avropanın İngiltərə, İtaliya, İsveç, İsveçrə, Almaniya və başqa ölkələrində də qeyri-rəsmi şəkildə istifadə edilirdi. Ancaq bu alət ilk dəfə rəsmi olaraq Fransada edam hökmlərinin icrasında tətbiq edilib.  Belə ki, 1789-cu ildə Fransa məclisinə üzv seçilən İ. İ. Giyotin ölkədə edamın vahid və “humanist” üsulla – ağrının minimuma endirilməsi üçün məhkumun başının boyun nahiyəsindən üzülməsi üsulu ilə keçirilməsini təklif edir. Təklif uzun müzakirələrdən sonra 1791-ci ildə qəbul edilərək Fransa Cinayət Məcəlləsinə daxil edilir.

1792-ci ildə Antuan Lui məhkumun qılıncla başının kəsilərək öldürülməsinin yöndəmsiz olmasına görə gilyotin alətini hazırlayır. Luinin hazırladığı alət Parisin məşhur Qrevs meydanında ölmüş insanlar üzərində sınaqdan keçirilərək bəyənildikdən sonra Fransa məclisində qəbul edilir. Alətin ilk qurbanı oğruluqda təqsirli bilinərək, edama məhkum edilən Jak Nikol Pelletyer olur. Fransada gilyotində edamı icra edən ilk cəllad Şarl Anri Sanson idi. Adətən cəlladlar məhkumun başını üzdükdən sonra onu kütləyə nümayiş etdirir, bununla da məhkum sonuncu dəfə ona tamaşa edərək gülən insanları görürdü. Maraqlıdır ki, edamdan qabaq oxunan ölüm hökmündə məhkumun Fransa xalqı adından edam edildiyi bəyan edilirdi.

Fransa inqilabından sonra geniş tətbiq edilən edam vasitəsinə çevrilən gilyotindən əvvəl ölkədə əsilzadələr qılınc və ya balta ilə, sadə xalq nümayəndələri isə dar ağacından asılmaqla, ağır cinayət törətməkdə təqsirli bilinənlər isə tonqalda yandırılmaqla edam edilirdilər. Gilyotinə bənzər edam üsullarında isə yaxınları məhkumun ağrı çəkmədən öldürülməsi üçün cəllada pul belə təklif edirdilər.

Fransada “Terror gərginliyi” kimi xarakterizə edilən 1793-cü ilin iyunundan 1794-cü ilin iyulunadək olan dövrdə monarxiyanın süqutundan sonra hökm sürən anarxiya, əcnəbi monarxist qüvvələr tərəfindən hücuma məruz qalma qorxusu və monarxiya hakimiyyətindən sonra formalaşan əks-inqilab partiyaları Fransanı tamamilə paranoyaya sürükləyirdi. İnqilabdan sonra həyata keçirilən demokratik islahatların bir çoxu bu dövrdə yarımçıq kəsildi. Əsilzadələr, sadə insanlar, ziyalılar, siyasətçilər fahişələr, bir sözlə hər bir insan istənilən an gilyotinə göndərilə bilərdi. “Madam gilyotin” adlı bu ölüm maşını ilə tanış olmaq üçün “respublika əleyhinə” ifadəsi belə kifayət idi. Bu müddət ərzində gilyotinli edamlar edam meydanına toplaşan kütlənin populyar əyləncəsinə çevrilir. Hətta bu dövrdə edam saatlarının yazıldığı siyahıların satışı belə təşkil edilir. Bir çox insan gilyotində edamlara tamaşa etməyə öz uşaqlarını da gətirirlər. “Terror gərginliyi” dövrü başa çatması ilə “gilyotin tamaşaları”na da son qoyulur. “Madam gilyotin”in digər adı isə “Milli kəsici” idi. Bu dövrdə Maksimilian Robespyer “Terrorun simvolu” sayılır və hökumətin ən güclü fiqurlarından birinə çevrilir. Lakin elə Robespyer də 1794-cü ildə “Şotland qızı”nın qurbanı olur.

Sonuncu dəfə kütlə qarşısında gilyotində edam edilən şəxs Oyqen Veydmandır. Fransada gilyotinin son qurbanı isə Həmidə Cəndubi olur. Cəndubinin edamı 1977-ci ilə təsadüf edir. Bundan 4 il sonra, yəni, 1981-ci ildə Fransada edam hökmü ləğv edilir.

Bu edam alətini icad edən doktor Giyotinin özünün də gilyotində edam edildiyinə dair iddialar səsləndirilsə də bu, həqiqəti əks etdirmir. Belə ki, Giyotin 1814-cü il may ayının 26-da vəfat edir. Maraqlıdır ki, o, gilyotinin məhz öz soyadı ilə xatırlanmasından narahat olaraq, Fransa məclisinin sözügedən aləti vahid ölüm icraçısı kimi təsdiqləməsindən bir müddət sonra soyadını dəyişdirmişdir.

Avropa ölkələrində gilyotin: Fransada “Terror gərginliyi” dövrünün gilyotinlə “isti” münasibəti bu edam alətinin sürətlə köhnə qitənin digər ölkələrində də tətbiqinə şərait yaradır. Belə ki, Avropanın bir sıra ölkələrində gilyotinə bənzər edam vasitələrinin mövcud olmasına rəğmən sözügedən ölkələr bu “müasir” edam maşınına üstünlük verirlər.

Almaniyanın gilyotini “Folbeyl” (Düşən balta) adlanırdı. Hələ XVII əsrdən bəri almanlar bu alətdən ölüm hökmlərinin icrasında istifadə edirdilər. Fransız nümunəsindən fərqli olaraq, alman gilyotinin hündürlüyü daha az idi.

1853-cü ildə Almaniyanın Saksoniya vilayətində tətbiq edilməyə başlanılan gilyotinlə edam sürətlə digər qonşu vilayətlərə də yayılır. Sözügedən ölkədə gilyotinin sonuncu rəsmi qurbanı 1949-cu il mayın 11-də 24 yaşlı Bertold Vemeyer adlı məhkum olur. Lakin sözügedən tarixədək təxminən 40 min insan ölkədə gilyotinin qurbanına çevrilir. Almaniya Federativ Respublikasında gilyotinlə sonuncu edam hökmünün icrası 1966-cı ildə baş tutur. Daha sonra onu tüfəngdən atəş açaraq, öldürmə şəklindəki edam əvəz edir. Dəyişikliyə səbəb isə sonuncu gilyotinin də sıradan çıxması idi.

1819-cu ildə İtaliyada edama məhkum edilmiş şəxslərin gilyotin vasitəsilə öldürülməsi barədə qərar təsdiq edilir. Ölkədə gilyotində sonuncu ölüm faktı 1870-ci ilin 9 iyulunda qeydə alınır.

Maraqlıdır ki. ABŞ-da gilyotindən ümumiyyətlə istifadə edilməyib. 1996-cı ildə Corcia ştatının məclis üzvü Douq Teper elektrikli stul əvəzinə gilyotindən istifadəni təklif etsə də, bu təklif qəbul edilmir.

Gilyotinlə ölüm dərhal gerçəkləşirmi?

Gilyotinin Fransada ilk dəfə tətbiq olunduğu vaxtdan indiyədək bu alət ilə ölüm hökmünün icrası zamanı məhkumun dərhal ölüb-ölmədiyi mövzusu daim mübahisə mövzusu olmuşdur.

Keçmiş dövrlərdəki digər edam üsullarında məhkumun müəyyən qədər əzab çəkməsi, demək olar ki, hamı tərəfindən qəbul edilirdi. Ancaq gilyotinin “humanist” ölüm vasitəsi olması şübhə ilə qarşılanıb. Hətta bəziləri gilyotində edam edilən məhkumun digər üsullarla öldürülənlərlə müqayisədə daha çox ağrı hiss etdiklərini iddia etmişlər. Belə ki, başı kəsilən məhkumun hərəkətlərini izləyənlər edam edilən şəxsin gözlərinin bir müddət hərəkət etdiyini, eləcə də ağız quruluşunun dəyişdiyinə dair saysız-hesabsız hekayələr nəql etmişlər.

Gilyotinə etiraz: XVII-XIX əsrlərdə bir sıra avropalı yazıçılar və ədiblər gilyotində edama qarşı çıxırdı. Belələrindən ən tanınmışı isə fransız yazıçı Viktor Hüqo idi. O, özünün “Edam məhkumunun sonuncu günü” adlı povestində bu cəza üsulunun ömürlük həbs cəzası ilə dəyişdirilməsinin gərəkdiyini açıq şəkildə bildirirdi.

Gilyotinə etiraz edənlərdən biri də fransız yazıçısı və filosofu Alber Kamyu idi. O, Artur Kestler ilə birgə qələmə aldığı “Ölüm haqqında düşüncələr” adlı əsərində bu məsələyə toxunmuşdu.

Gilyotində edam edilmiş məşhurlar:

Kral XVI Lüdövik və kraliça Maria Antuanetta (1793);
Lui Antuan Sen-Jüst (fransız inqilabçısı, Robespyerin həmkarı, “Terror” ideoloqu, 1794);
Maksimilian Robespyer (1794);
Jorj Jak Danton (1794);
Marinus van der Lübbe (Reyxstaqı yandıran şəxs, 1934);
Yulius Fuçik (çex jurnalist, ədəbi tənqidçi, publisist, 1943);
Obolenskaya Vera Apollonovna (Rusiya şahzadəsi, Fransadakı partizan dəstələrinin liderlərindən biri, 1944);
Musa Cəlil Mustafoviç (Berlin həbsxanasında qurulan məxfi təşkilatın lideri, 1944).

P.S. Belçikanın pivə istehsalı ilə məşğul olan “Brouverj Hyuc” şirkəti artıq uzun illərdir ki, yüksək alkoqollu (9,1%) “La Guillotine” (Gilyotin) pivəsi istehsalı ilə məşğuldur.

Hazırladı: Anar Rüstəmov                   http://profliqa.blogspot.com/

Комментариев нет:

Отправить комментарий