20.01.2012

Böyük adama balaca təbrik…


Nilufər Muğantürk
“Facebook” Sosial Şəbəkəsinin zərərlərindən çox danışılsa da xeyirlərindən demək olar ki, danışılmır. Razıyam, bəlkə də, müasir dövrümüzün ən bağışlanmaz qatilidir. Hansı ki, ən dəyərli zamanımızı öldürür… Amma yaxşı tərəfləri də çoxdur. Mənimçün bütün dəyərlərin fövqündə insan dayandığından, elə “Facebook”da da, sözün həqiqi mənasında TANIDIĞIM adamdan yazmaq istəyirəm. Tanıdığıma, dost olduğuma, həyatımın önəmli hadisələrinin müəyyən bir qismini paylaşdığıma görə məmnun olduğum adamlar çoxdu…
Ama bu gün BİRindən, bu gün doğum günü olan, özünün də “tərcümeyi halı”nda yazdığı kimi “Yer kodu 1. Doğulduğu ay 1-inci. Evin 1-incisi. İlk dəfə 71-ci ildə, həftənin 1-ci günü qışqıran”, özü də bir İNCİ olan, bir nömrəli yazar, sevimli şairim və sadə insan Pərviz Cəbrayıldan yazacam.
Pərviz bəyi ilk öncə şeirləriylə tanımışam. Hər biri ən içdən, ən səmimi hisslərlə yazılmış sözlərin yaratdığı möhtəşəm əsərlərlə… Pərvizin hər şeirinin, hər misrasında həyatın bər-bəzəksiz, ən doğal halı var. Məhz buna görə sevirəm o şeirləri, pafosdan, “təm-təraq”dan çox uzaq, yaşam gerçəkləri çılpaq, acısı ilan zəhəri kimi ölümcül, şirini bal kimi şirindi…

Uzun müddət sonra, Rəşad Məcidin belə, sona qədər oxumağı bacarmadığı, “Yad Dildə” romanını, günlərlə səhrada, su həsrətiylə qovrulan adamın ağzını bulağın gözünə dayayıb, nəfəsi kəsilənə qədər su içməsi kimi acgözlüklə oxudum. Və əminliklə deyirəm ki, Azərbaycan ədəbiyyatında “Əli və Nino”dan sonra içində hər şeyin – tarix, siyasət, milli-mənəvi dəyərlər, sevgi, həyat, gizlədilən gerçəklər və ən əsası İnsanın hər üzünün olduğu ikinci möhtəşəm romandır. İçində öz “prototip”ini tapanda roman daha sürətlə, həvəslə oxunur. Bir romanın içində özünü görməyəndə onu oxumaq da çətinləşir, hələ üstəlik özünə etiraf edə bilmədiklərini, qəhrəmanlar sənə deyirsə, öz naqis üzünü görürsənsə oxumaq heç mümkün olmur. Mən “Yad Dildə”ni oxumadım, ölümə məhkum edilmiş məhkumun, son anda əfv edildiyi xəbərini eşidib həyata sarıldığı kimi, kitaba dörd əllə sarılıb, içimdə ölməyə başlayan bir şeyləri xilas etdim…
Sonra, “Hər sabah yaşam”la tanış oldum. Bir günün içində, metroda, marşrutda, sonunu da evdə bitirdim. O qədər doğma, mənə yaxın hisslər var ki, o şeirlərdə, sanki özüm yazmışam nə vaxtsa…
Əsəd Cahangir şübhə etsə də nəinki “ Yad Dildə”, eyni zamanda “Hər sabah yaşam” da mənim stolüstü kitabımdır. Ətrafımda, mənim kimilərin də çox olduğunu bilirəm! Bu şeirlər kitabı, Pərviz bəyin dərin mənəvi, ruhi dünyasını tanıtdırdı mənə. Onun şeirlərinin hər misrası, insanda hər sabah bütün acılara, ağrılara, ədalətsizliklərə rəğmən böyük yaşam həvəsi yaradır!
Daha sonra, Pərviz bəyi mənə daha yaxından tanıdan roman- “Öləngi”ni oxumaq qismət oldu. Ölkəmizdə kiminsə, adını bilmədiyim, bu janrda yazdığını təsəvvür belə etməzdim. Pərviz bəy “Öləngi”də gözə belə dəyməyən ən xırda problemlərin, törədə biləcəyi dəhşətli faciələri, dünya durduqca davam edəcək, gərgin “Ata-Oğul” münasibətlərini ortaya qoyur. Psixoloji cəhətdən insanın ən dərin mənəvi qatlarını açan, güclü təsiriylə öz oxundan kənara çıxmağa qoymayan “Öləngi”ni də sevə-sevə, zövqlə oxudum…
Nəsr əsərlərini oxuyandan sonra, mənim sevimli şairim, həm də sevimli yazarım oldu!
Pərviz bəyə o qədər arzum var ki… Ama ən əsası hər şey ürəyincə olsun! Ürəyi çox gözəldi, elə olsa həyatında da hər şey gözəl olar.
Sevdiyim türk şairi Can Yücəlin, sevdiyim bir şeirindən bir-iki misrayla sözümü bitirmək istəyirəm:
Boş ver bə yaşı, başı! Könlün nə qədər şux sən ondan xəbər ver?
Atıb bir tərəfə tünd bozları, qaraları sabahdan,
Sarı bir şərf ata bilərsənmi boynuna, ondan xəbər ver?
Qoyma bir kənara ürəyini, aç qapılarını.
Bilirəm, yenə göyərəcək bir çiçək taparsan budaqda,
Ama ağlını itirəcək qədər bir eşq varsa ovuclarında, burax axsın yollarına.
Yağ keç, yıx keç, heç kim inanmasa inanmasın.
Sən inan ürəyinə…
Pərviz bəyi sevib, dəyər verən yazar, şair, jurnalist və mənim kimi sıradan dostlarının da ürək sözlərini yerləşdirməkçün fikirlərimi qısa və lakonik yazdım. Bütün böyük adamlar kimi Pərviz bəyə də, onsuz, zaman öz qiymətini gec-tez verəcək amma gəlin bu dəfə istisna edib zamanı gözləməyək, ona dəyəri biz, elə indi verək!!!
Sonda Ataol Bəhramoğlu`nun “Yaşadıqlarımdan öyrəndiyim bir şey var” şeirindən bu misralarla bitirmək istədim:
Yaşadınmı böyük yaşayacaqsan,
Çaylara, göyə, bütün kainata qarışarcasına…
Çünki ömür dediyimiz şey, həyata verilmiş hədiyyədir.
Və həyat, verilmiş bir hədiyyədir insana.
Sənə ən böyük hədiyyəni O verib. Bizsə o hədiyyəyə ürəyimzidən gələn ən səmimi sözlərlə rəng qatmaq istədik. Yaşa, böyük adam və yaşat!!!

“Facebook” təbrikləri
Məmləkətimizin mümtaz yazarı Pərviz Cəbrayıl: yazar dünyaya insanların gələcəyini əngəlləmək istəyənlərlə savaşmaq üçün gəlir. Sən bu işin səngərində durmusan. Orada möhkəm durmağın bəşəriyyətin ehtiyacıdır. Möhkəm duracağına görə tarix səni yaşadacaq. Bu missiyanı yaşamın boyu və yaşamından sonra yerinə yetirəcəyinə inamımız tamdır. Bundan arxayın olaraq 42-ci yaşına doğru irəlilə!

Mayis Əlizadə
___________
Əziz dostum Pərviz! Təbrik edirəm. Ad günün mübarək. Nə yaxşı ki, varsan… Nə yaxşı ki, dostumsan…
Patrisia Pepe
______________
Ruhu, mənəvi dünyası böyük olan insandı Pərviz Cəbrayıl. Kiçik beyinlər insanları, orta beyinlər hadisələri, böyük beyinlər isə ideyaları düşünər. Pərviz bəy ideyaları düşünənlərdəndir. Təşəkkürlər sizə və həyata. Sizə, ona görə ki, dəyərlərimizə sahib çıxırsınsız. Həyata isə: Pərviz bəy kimi insanla tanış oldum, deyə!
Pəri Miniatür
_____________
Sadə və təmkinli bir insan kimi tanıdığım istedadlı yazıçı Pərviz bəyi ad günü münasibətilə təbrik edirəm. Ona hər zaman hədəflərinə çatmağı arzulayıram.
Samirə Əşrəf
_______________
Pərviz Cəbrayıl haqda mən ancaq xoş sözlər deyə bilərəm. Onun haqqında pis söz demək məcburiyyətində qalsam, bunları deyərdim: siqaret çəkir, yeməyinə fikir vermir, nazik geyinir. Pərviz səmimiyyəti ilə mənə doğmadır. Hər insanın Pərviz kimi dostu, sirdaşı olmalıdır. Varsa nə mutlu beləsinə. Əminəm ki, yaxın illərdə Pərviz bəyin yeni yaradıcılıq ugurları hamımızı heyrətləndirəcək.
Natiq Adilov
_____________
Biz hər birimiz bir adamıq, amma Pərviz yüz adamın bir obrazını yaratmış, yüz obrazıdı… Obrazlı desək, dəvədən böyük Fil odur! Arzuları, ruhu təzə, min yaşlı kimi müdrük… Min yaşasın desəm yaxşı olmaz, dünya durduqca dursun…
Seymur Həzi
____________
Pərviz Cəbrayıl çox dəyərli qələm sahiblərimizdəndir. Onun yaradıcılığı mənə çox doğmadır. O, həm də gözəl insan, yaxşı dost, yaxşı məsləhətçidir. Ona ad günündə ancaq uğurlar və can sağlığı arzulayıram! Bu il onun yeni romanının işıq üzü görəcəyinə inanıram!
Kənan Hacı
___________
Pərviz bəyi tələbə yoldaşımın mənə hədiyyə etdiyi “Hər sabah yaşam” kitabı ilə tanımışam. O vaxta qədər müasir poeziyadan, şeirdən uzaq qaçmağa çalışırdım. Mənə görə ən müasir şair Rəsul Rza idi və ondan sonrakıları qəbul etməyəcəyimi düşünürdüm. Ona görə bu kitaba da əvvəlcə şübhə ilə baxmışdım. Lakin həmin gün Universitetdə və daha sonra yolboyu oxuduğum şeirlər fikirlərimdə böyük bir inqilab etdi. Artıq həmin axşam istifadəçisi olduğum bir neçə forumda kitabdan şeirlər yerləşdirmişdim.
…İndi uzun-uzadı Pərviz bəyin yaradıcılığını nə qədər çox sevdiyimi yazmaq istəmirəm. Onsuz da Nilufər xanımın “bir-iki cümləlik təbrik” limitini aşmışam. Söz adamını sözlə təbrik etməkdən çətin heç nə yoxdur. Ona görə də Pərviz bəyin öz sözlərindən sitat gətirmək istəyirəm. Bir neçə ay öncə dəyərli yazarımız mənim doğum günümdə “facebook” lövhəmə belə bir təbrik yazmışdı: “Əziz Şəbnəm, hesab elə ki, düz 24 il səni təbrik eləmək üçün gözləmişəm. İndi məqam yetişib və məlum olur ki, səni sevindirə biləcək, sənə yaraşacaq o sözü bu 24 ildə tapa bilməmişəm. Neynək, bəlkə növbəti 24 ildə tapdım…”
Pərviz bəy, təəssüf ki, mənim 41 il gözlədiyimi deməyim doğru çıxmayacaq. Amma sizə yaraşacaq sözü mən də tapa bilməmişəm. Amma növbəti 41 ildə tapa biləcəyimə inanıram. Ona görə də sizdən bir şey xahiş edəcəyəm, mənim təbrikimi gözləyin.
Şəbnəm Xeyrulla
______________
Mən qələm dostum Pərvizin doğum gününü ürəkdən təbrik edirəm. Xoş gəlib bu əyri-üyrü, kələ-kötür dünyaya. Pərvizdən yaşca kiçik olsam da, bir yazıçı kimi onun haqqında aydın bir təsəvvürüm var və deyim ki, haqqında yazılan yazılar, deyilən fikirlər bu təsəvvürün formalaşmasında heç bir rol oynamayıb. Ola bilsin ki, Pərviz çağdaşlarımız arasında çoxlarından fərqli olaraq necə bir yazıçı olduğunu deyə bilib. Onun haqqında əsl həqiqəti isə zaman deyəcək. Hardasan ey zaman, tez gəl!
Kəramət Böyükçöl
_______________
Pərviz mənim ən sevimli dostlarımdan biridir. Ürəyi, ruhu, düşüncəsi sağlam olan yazıçıdır. Varlığından ilham aldığım, dünyanı yaşanmalı edən insandır. Yazdıqları xalqımızın mənəvi sərvəti, gəncliyin qazancıdır. Mən ona tanıdığım gündən böyük qardaş deyirəm. Doğum günü kutlu olsun Pərviz abimin!!!
Cəlil Cavanşir
________________
Əmi, doğum günün mübarək. Sənə həyatda və yaradıcılıqda uğurlar arzulayıram. Mənim tərifləməkdən, sənin də təriflənməkdən zəhlən getdiyi üçün burda dastan açmaq istəmirəm. Yalnız bunu deyirəm: sadəliyini heç kimdən əsirgəmə!
Vidadi Məmmədov
_______________
Pərviz bəyin adı çəkiləndə ilk öncə kitabımın ilk səhifəsində yazdığı “Kitabımı sevən hər kəsi sevirəm” kəliməsi yadıma düşür. Gözəl insandı. Onun yazılarını, məqalələrini, şeirlərini, əsərini oxuduqca oxumaq istəyirsən, yazışmaqdan isə heç doymursan, zamanın necə keçdiyini belə hiss etmirsən. Yüz yaşayın, Pərviz bəy!  Var olun ki, varsınız!
Zara K.
______________
Pərviz Cəbrayıl mübariz insan olmağı ilə yanaşı, həm də mübariz yazıçıdır. Yazarlıqla xarakterin vəhdət təşkil etməsi, şəxsiyyəti yetişdirir. Pərviz Cəbrayıl şəxsiyyətli yazıçıdır. Mən də onu ad günü münasibəti ilə səmimi hisslərlə təbrik edir, ona ürəyindəkilərin heç olmasa, yarı faizini yazması üçün uzun ömür, can sağlığı arzu edirəm.

Zaur Qəriboğlu
_______________
Pərvizə mən USTAD deyə müraciət edirəm. İlk tanışlığımız elə də uzağa getmir. Kənan Hacı “Azadlıq”dakı Pərvizin (bax, o belə də dedi) “Öləngi” kitabını oxumağı mənə məsləhət görmüşdü. Kitab əldə etməyin ən yaxşı üsulunu müəllifə məktub yazmaqda gördüm. Iki gündən sonra artıq “Öləngi”ni – Pərvizin şəhadətnaməsini çantamda gəzdirirdim. Düz üç ay kitab əlimdən yerə düşmədi. Heç yadımdan çıxmır. Dostlarımdan birinə həkim”içməsən, üç il yaşaya bilərsən” diaqnozunu qoymuşdu. O da dayanmadan içirdi. Başqa bir dostumuz ondan içkini tərgitməyi xahiş edəndə “Qalıb nə edəcəm? Onsuz da Pərviz kimi yaza bilməyəyəm” cavabını almışdı. Bəli, o, ömrünü üç il qısaltmağını bəlkə də, Pərvizə görə etmişdi. Onun kimi yaza bilməmək acısını dadmamaq üçün…
Bax, Pərviz budur. Insan kimi də, yazar kimi də çox dəyərli bir şəxsiyyətdir!

Ramin Deko

Комментариев нет:

Отправить комментарий