21.01.2012

Çürüyən təhsilimiz

Zahir Əmənov

“Uzaqdan baxıram, ağappaq, təmiz,/ Yaxına gəlirəm kif düşüb qara”,- Məmməd Arazın bu misraları başqa məqamları hədəfə alsa da, bu günki təhsilimizin vəziyyəti ilə də həmahəng səslənir. Baxırsan, televizorda bu sahənin naziri bəlağətli sözlər danışır, bir-birinin ardınca istifadəyə verilən yaraşıqlı məktəb binaları göstərilir, arabir müəllimlər 10 faiz artan əmək haqlarını bayram edir və sairə. Lakin hər hansı məktəbə ayaq qoyan kimi fikirlərin alt-üst olur. Bu gün müstəqil mətbuatın təhsildəki nöqsanlarla bağlı yazdığı məqalələri kağız şəklində toplasaq, həmin kağızlarla ən azı bir neçə məktəbi bir neçə ay qızdırmaq olar.
Təəssüf ki, nəinki yazılanlara əhəmiyyət vermirlər, əksinə, sanki bilərəkdən təhsili uçuruma yuvarladırlar.


Əlbəttə, biz bir qəzet yazısında təhsilin bütün köklü, qlobal problemlərini araşdırmaq fikrindən çox uzağıq. Sadəcə bəzi sadə detallara diqqətinizi çəkmək istəyirik.
Nə qədər yaxşı müəllimlər, yaxşı şagirdlər, yaxşı kitablar, təhsil haqqında gözəl qanunlar olsa belə, soyuq, buz kimi otaqlarda təhsili necə reallaşdırmaq olar? Şagird müəllimi, müəllim direktoru ittiham edir – “odun verin, soyuqdan ölürük”. Müəllim nə vaxta qədər sinfə paltolu, papaqlı girəcək? Soyuqdan donan uşağın özündən, yaxud valideynindən hansı üzlə, hansı mənəviyyatla məktəbli forması üçün pul tələb etmək olar? Əlləri, sifəti soyuqdan donmuş müəllimdən hər 6 aydan bir qəzet pulu tələb edənlərin normal mənəviyyata malik olması böyük suallar doğurur. Bəzən evində çörək olmayan müəllimdən təkidlə qəzet pulu yığılır, məktəbli forması üçün sinif rəhbərindən pul tələb olunur. Əməkhaqqı cədvəlində özündən xəbərsiz Müdafiə Fonduna (Bir milyarddan yuxarı büdcədən pul ayrılmış müdafiəmiz müəllimin qəpik-quruşuna qalıb sanki), ekologiya üçün (əslində öz ciblərinə), YAP-ın üzvlərindən üzvlük haqqı üçün (bunun isə heç bir rayonda analoqu yoxdur) 1 faiz pul tutmaları aparan təhsil şöbəsinin rəhbərliyi, görəsən, hansı ölkənin qanunları ilə işləyirlər? Doğrudanmı, özü büdcənin əlinə baxan, birtəhərlə gün keçirən bir zümrədən bu qədər pul tutmalarından Nazirlər Kabinetinin və ya Təhsil nazirliyinin xüsusi göstərişi vardırmı? Doğrudanmı, Belorusa 300 milyon manat faizsiz kredit verən ölkənin, hər il işıq dirəklərinin dəyişdirilməsinə, bardura, metlaxa milyonlar xərcləyən rayonun gənc nəsli məktəbə gedəndə özü ilə təzək, talaşa aparmalı, məktəb direktorları bəzi imkanlılardan odun dilənməlidirlərmi? Doğrudanmı, müəllimə, məktəbə, təhsilə edilən belə ədalətsiz, haqsız, biganə, vətəndaşlıq mövqeyindən uzaq, insanlığa sığmayan münasibətin sonu olmayacaq?
Biz bir dəfə məktəblərin odun təminatı ilə bağlı kiçik araşdırma aparmışdıq. Məlum olmuşdu ki, odun pulu, ocaqçı ştatı adı ilə kifayət qədər pul çırpışdırılır. Bu sahədə pullar heç də siniflərin sayına görə yox, direktorun bəzi qurumlarla dil tapmaq bacarığına görə müəyyənləşir. Ən yaxşı halda, yəni bu pullar ədalətli bölüşsə belə, odun pulundan heç kim oğurlamasa belə həmin pulla alınan oduna məktbi heç bir ay da qızırmaq olmaz.
Təəccüblüsü isə odur ki, bu cür bərbad gündə olan məktəblərə də direktor təyin ediləndə onlardan ən azı 5-10 min manat şirinlik alırlar. Sinif otaqlarının bəzisində qapı, bəzisində pəncərə şüşəsi olmayan məktəbin direktoru hər ay rəhbərlik etdiyi məktəbdəki şagirdlərinin sayına görə təhsil şöbəsi rəhbərliyinə bir neçə yüz manat tərləməyə məcburdur. Bu cür aylıq verən direktorların çoxunun məktəbində adi dama, şahmat taxtası, futbol, voleybol topu belə olmur.
Tək-tək məktəblər var ki, direktorun və yerli sakinlərin ciddi səyi nəticəsində orada tam da olmasa, müəyyən qayda yaradılıb. Amma əksər müəllimlər onlardan tutulan qeyri-rəsmi rüsumlardan - qəzet pulundan, fond pulundan, direktor pulundan və sair tutmalardan dad edirlər. Elə məktəb var ki, orada dərslə-tənəffüs bilinmir.
Keçmişdə deyərdilər ki, filan sinifdə yalançı şagirdlər var. Yəni özü Rusiyada, Bakıda olub burada təhsil alan uşaqlar var. Bu vəziyyət nəinki düzəlmədi, indi əksər məktəblərdə yalançı siniflər ilbəil artır. Həm də belə siniflər bir deyil, beş deyil. Belə getsə, təkcə yalançı şagirdlər, yalançı siniflər yox, yalançı, yəni adı olub özü olmayan məktəblər də olacaq. Çünki belə saxtakarlıqların önündə əksər hallarda təhsil şöbəsinin yüksək çinliləri dayanır.
Təhsilin harasına əl vurursan, necə deyərlər, qan çıxır. Bizim günlərdə müəllimlər otağında pedaqoji söhbətlərə çətin rast gəlmək olar. Bəs müəllimlər nədən danışır? Əmək haqqı haçan veriləcək, sinfə haçan odun veriləcək, bu ayın əmək haqında görəsən hansı adla pul tutulacaq?... Bir də görürsən ki, 1-ci saatda siniflərin çoxu boş, yəni şagirdsizdir, sonuncu dərslərdə məktəbdə qu desən, qulaq tutulur. Müəllim dərs deməyə auditoriya tapmır.
... Ənənəvi bayramlarda bəzi məktəblərdə keçirilən şablon tədbirlər nəzərə alınmasa, demək olar ki, hər hansı tədbir – disput, şən və hazırcavab klublarının tədbiri, bilik yarışı, oxucu konfransı, kitab müzakirəsi, müxtəlif müsabiqələr və sair keçirilmir. Hansı sinifdənxaric, məktəbdənkənar tədbirdən danışmaq olar ki, əgər həmin məktəbdə adi dərs saatlarında şagird tapılmırsa? Nə bilim, indi hər hansı fənn gecələrindən danışmaq olar ki, məktəbdəki laboratoriyalar, kitabxanalar, kompüter otaqları və digər yardımçı otaqlar qəbiristan sükutunu xatırladırsa? Gözünü xadimənin əmək haqqından gələn pulu çırpışdırmağa və yalançı ştatlardan qazanacağı vəsaitə zilləyən məktəb direktorundan və ondan da böyük rəsmilərdən hansı pedaqoji məharət, yaradıcı münasibət gözləmək olar? Valideynlər məktəbə gəlməyə ehtiyat edirlər ki, yenə də onlardan nə üçünsə pul istəyəcəklər.
Məktəbdə bəzi ştatlar sanki kimlərəsə maddi yardım etmək, kimlərisə “lal” etmək üçündür.
Hələ sovet dövründən qalma və gündə dəyərdən düşməmiş bir fikir var – hər şeyi kadr həll edir. Haradadır belə kadrlar. Bəzən 40-50 nəfərlik bir kollektivdən bir nəfər direktorluğa layiq adam tapmaq olmur. Layiqli olanlar da bu vəzifəni öhdəsinə götürmək istəmir. Çünki məktəb direktoru bu günümüzdə ən yaxşı halda təsərrüfat müdiri vəzifəsini, ya da müxtəlif məqsədlər üçün yuxarıların cibini doldurmaq üçün pul yığan funksiyasını yerinə yetirir. Son vaxtlar isə qadınları direktor təyin edən, onun arxasında gizlənən kişilərin sayı günbəgün artır. Direktorluğa o qədər təsadüfi adamlar, daha dəqiq desək, bəzi peşəkar alverçilər ayaq açıb ki, adam onlara baxanda təhsilə, məktəbə nifrət edir.
Hörmətli professorumuz Cəmil Həsənlinin maraqlı bir fikri var: “İndiyə kimi eyni vaxtda bu qədər nadan, savadsız, qeyri-ziyalı eyni vaxtda bizdə vəzifə başında olmayıb”. Eyni fikri 5-10 nəfəri çıxmaq şərti ilə məktəb direktorlarına da şamil etmək olar.
Bu yazını hazırlayanda televiziyada mərhum şairimiz Tofiq Bayramın “Volokardin” şeri səslənirdi. Şerin sonu belə fikirlə bitirdi ki, ürək hər cür əzaba dözər. Dözmədiyi bir məqam varsa, o da nadanın ona dərs deməsidir. Məhz bu gün biz nadanların “dərs”lərini dinləməyə məcburuq.
Nəriman Nərimanov da insanlarda ən pis cəhət nadanlığı sayırdı və bütün pisliklərin nadanlıqdan başladığını bildirirdi. Bu gün vəzifədə olanlara nəzər salaq - nə qədər nadan müəllim, nadan direktor, nadan təhsil şöbə müdiri, nadan icra başçısı olar və çox təəssüflər ki, biz artıq bu halı norma kimi qəbul etməyə məhkumuq.
Təhsil nazirinin yalançı vədləri az qalır qanad açıb uça. Nazir nə qədər yalan danışar.
Biz hələ 2001-ci ildə yazdığımız “Gəncədən gəlirəm yüküm diplomdur” yazısında yalançı kadr istehsalını hədəfə alaraq yazmışdıq ki, saxta diplomlar rayonları başına götürüb. Təəssüf ki, bizim 2001-ci ildə yazdığımız hörmətli təhsil nazirimizə 10 il sonra çatıb və o, mətbuata açıqlayıb ki, saxta diplom verənlər bizimlə bir zalda əyləşib. Bəs sonra nə oldu? Həmin saxtakarlıqlar əvvəlkindən də geniş miqyasda davam etdi.
Oxucumuz Mustafanın da bu mövzuda nazirə ünvanladığı suallar maraqlıdır. Mustafa bəy təhsil nazirinin məktəblərin qızdırılması, məktəb-valideyn assosiasiyası, eləcə də, saxta diplom barədə dediklərinə böyük şübhə ilə yanaşır və bəyan edir ki, bütün bunlar kağız üzərindədir.
Çox təəssüf ki, bu gün təhsil şöbələri təhsillə bağlı ən elementar nöqsanları aradan qaldırmaq gücündə deyil. Təhsil naziri hər hansı məktəb direktorunun səviyyəsindən xəbərsiz ola bilər. Lakin nəninki məktb direktorluğuna, hətta sıravi müəllimliyə layiq olmayan dünənki bəzi mal-qara alverçilərini təhsil şöbə müdiri kimi ali vəzifəyə təyin edəndə adam təəccübünü gizlədə bilmir.
Bütün belə məqamları ümumiləşdirəndə maraqlı sual doğur: təhsil şöbələri nəyə lazımdır?
Vaxtilə rayonlarda “AqroProm” deyilən Aqrar-Sənaye Komleksləri adlı idarə var idi. Bütün sovxoz və kolxozların başına ağıl qoyurdu ki, pamidoru necə ək, badımcanı necə ək. İndi həmin AqroPromlar yoxdur, çamaat badımcan, xiyar əkmir, ya yemir?... Təhsil şöbələri də elə. Bu təşkilat nəinki direktoru, heç müəllimi işə götürə bilmirsə, məktəblərə xadimə təyin etmək də onun səlahiyyətinə daxil deyilsə, eləcə də, məktəblərin yanacaq və sair təminatları da təhsil şöbəsinə aid deyilsə, bu təşkilat nəyə lazımdır? Hərdən adama elə gəlir ki, təhsil şöbələri təkcə bəzi təyinatlarda vasitəçilik, dəllalıq etməkdən, eləcə də, arabir məktəblərə səfər edib nöqsanları ört-basdır etdiyinə görə haqq yığmaqdan başqa bir işə yaramır.

Комментариев нет:

Отправить комментарий