26.01.2012

İkinci arvad da qaçdı

Kənan Hacı

Gülağa elektrik qaynaqçısı idi, yəni “svarşik”lik oxumuşdu. Gül kimi sənəti ola-ola getdi qurşandı qumara, bir gün uddu, bir gün uduzdu, o vaxt ayıldı ki, gördü öz ömrünü uduzub...
Ömrünün sandığında gizlədiyi naftalin qoxulu günlər isə daha əvvəlkitək təzə-tər deyildi; bu yıpranmış günlər indi nə ona lazım idi, nə də özgəsinə.

Gülağa bir arvad aldı, ayağı bəd oldu, toydan yığılan pulları elə toydaca uduzdu, səhər çörəyi dükandan nisyə götürdü. Sonra bədayaq arvadı boşadı.

İkimərtəbə evlərinin birinci mərtəbəsində qoca anası qartımış qızıyla birgə qalırdı. Bu evi dədəsi Əhməd kişi cavanlığında tikmişdi. Həddən ziyadə sadəlövhlüyünə görə kənd içində adının qarşısına bir ayama da qoşmuşdular- Gic Əhməd. Yaxşı başmaq, nəleyin tikərmiş- bir sözlə, hala adammış, rəhmətlik.

Onun ən qiymətli yadigarı məhlədə öz əliylə əkdiyi tut ağacıydı ki, hər il yay gələndə uşaqlar budaqlarından qopmaq bilməzdi; qarınları köp verincə şirəli tutdan yeyər, aşağıdan boylana-boylana qalan qocaların da payını yağdırardılar. Günün istisi aləmi yandıranda dözülməz bürküdən qaçıb ağacın sərin kölgəsinə sığınan məhlə cayılları az qala hər gün bu ağacı əkənə rəhmət oxuyardılar. Belə vaxtlarda Gülağanın üzü gülürdü.
Əhməd kişi bu tut ağacını öz övladlarından çox istəyərmiş və deyərmiş ki, mən dünyaya elə bu ağacı əkməkdən ötrü gəlmişəm.
Gülağa yuxarı mərtəbədə tək qalırdı, evin divarlarını lüt qız şəkilləri ilə bəzəmişdi. Dədəsi xalçadan asılmış taxta çərçivədən bu lüt əndamlara baxıb bığaltı qımışırdı. Gözləriylə oğluna “ay xətəkar!” deyirdi.

Növbənöv bahalı araq şüşələri(əlbəttə, bu şüşələrin içi boş idi), növbənöv müxtəlif fiqurlu alışqanlar bu evdə bəs deyincə idi. Onları səliqə ilə düzüb kolleksiya yaratmışdı. Bekarçılıq canını üzüb əldən salanda şam düzəldirdi. Şamın düzəldilmə üsulunu hamıdan gizli saxlayırdı. Yanına gələn dost-tanışı şamsız yola salmazdı. Bu işdən özü də ləzzət alırdı.

Gülağa ikinci arvadı alanda üstdəki evə yüngülcə əl gəzdirdi. Qonuşuluqdakı toyaxşamında naxışlığı gəlmişid; əli gətirmişdi bu dəfə. Aşıqda üç min “göy” aparmışdı, çöməltmə oturmaqdan qıçları qıc olmuşdu, sağ əlini dizinə o qədər çırpmışdı ki, baldırı göynəyirdi.

Hay-həşir qoparmışdılar ki, hara qaçırsan? –Oynamıram!-deyib sivişmişdi. İndi bir qucaq pulu evdə döşəməyə töküb çinlədikcə “qurtardım”, deyirdi, “oynamiyceyəm day”, deyirdi.

Gecə-gündüz “ağ at”ın belindən düşməyən Ramiz günü bir şüşə arağa iki günə evini rəngləyib təhvil verdi. Gülağa həyatında ikinci dəfə dəvətnamə vurdurdu. Dəvətnaməyə bu sözləri də yazdırdı: “Subaylarınızdan görəsiniz!”

Gülağanın yaşı qırxı ötmüşdü, aldığı qız da elə özünə bab idi. Qızın qoca anası ar-həya eləmədən sevincindən çırtıq çalıb oynayırdı, axır ki, qızının baxtı açılmışdı. Gülağa qayınanasını inandırmışdı ki, hər şey yaxşı olacaq.

Toy günü qonşu kəndlərdən qumarbazlar dəstəsi də axışıb gəldi. İnsafən, şuluqluq-filan olmadı. Hərçənd, lotuların dili ilə desək, o toyda iki, şuluqluq olmadı, dava düşmədi, nə ləzzəti?.. Hansı toyda ki, qarğaşalıq olur, kimsə kimisə bıçaqlayır, həmin toyun səsi-sorağı uzun müddət qulaqlardan çəkilmirdi. Aradan lap iyirmi il keçsə belə, söz düşəndə deyirdilər, yadındadır, filankəsin toyunda filankəs filankəsi vurdu, o toyda filan xanəndə oxuyurdu və s.

Gülağanın birinci toyunda qalmaqal düşmüşdü, qumar üstündə “razborka”ya çıxan cavanlar bir-birinin üstünə bıçaq çəkmişdilər. Ağsaqqalların işə qarışmasından sonra qan-qada sovuşmuşdu. İndi o vaxtdan on beş il-bir igidin ömrü –keçmişdi.
Təzə bəy köhnə qurd idi. İşin çəmini yaxşı bilirdi. Toyqabağı bütün tədarükü-filanı özü təkbaşına görmüşdü. Toy qaydasınca keçmişdi.

Gülağadan bədgüman olanlar yanıldıqlarına sevindilər. Şükür!- dedilər, - adam oldu.

O, yaxşı kabab bişirməyi də bacarırdı. Bir gün balıqçı dostu onu yolda görüb maşınını saxladı:

-Alə, səni göydə axtarırdım, yerdə əlimə düşmüsən. Bura bax, kababxananı açmışam, kababçım yoxdu, nə deyirsən?
Beləcə, Gülağa kababçılığa başladı. Kababxananın varlı müştərilərinə qulluq edə-edə şirin dili, səliqə-səhmanı, mehmannəvazlığı ilə onların rəğbətini qazandı. Kef-damaq çəkmək üçün bu xəlvət guşəyə çəkilənlər ondan səxavətlərini əsirgəmirdilər. Elə yüngülcə “Gülü” deyən kimi qabaqlarında fas-farağat dururdu. Müştərinin damarını tezcənə, çox asanlıqla tutmağı bacarırdı.

Di gəl, kababxananın şefi öz dostu olsa da onunla heç yola getmirdi. Neçə dəfə gəlib görmüşdü ki, Gülağa lül-atəş tüstüləyən manqalın önündə yellənir. Arvadına demişdi ki, bu bədbəxt axırda özünü yandıracaq. Dəfələrlə Gülağaya təpinmişdi:
-Bu zəhrimarı az tök də tuluğuva, ay zalım!

-İçməsəm, düz gəlmir, qədeş...-demişdi Gülağa.
İçindəki yanğını “şeytan suyu” ilə söndürürdü. Elə bil nəsə qiymətli bir şey itirmişdi, axtarırdı və tapmayıb dəli olurdu, cumurdu arağa...

Təzəlikcə kəndə xəbər yayılmışdı ki, Gülağanın arvadı üz qoyub dədəsi evinə və qayıtmayıb. Bu məyusedici xəbər heç gedib kəndin o başına çatmamış kəndin bu başından daha bu dəfə daha məşum bir xəbər ox kimi sıyrılıb hələ yolda olan əvvəlki xəbəri ötüb keçdi.

Gülağa keçən gecə toyaxşamında beş min “göy” uduzub və uduzduğu pulu səhər çatdıracağını vəd edərək evə gəlib. Elə həmin gecə zirzəmidə əlinə keçən kəndiri pərdiyə bərkidilmiş yoğun mismara bənd edərək özünü asıb...

Комментариев нет:

Отправить комментарий