Öz işindən, güzəranından narazı bir heykəltaraş çox varlı bir tacirin evinin önündən ötürdü. Qapı açıq olduğundan o tacirin dəbdəbəli evini, böyük bağını, çox sayda nökər-qaravaşını gördü. Halına acıyaraq öz özünə "Bu tacir nə qədər sərvətilidir!", - deyə düşünüb onun kimi tacir olmağı arzuladı. Möcüzə baş verdi və bir an içində çox varlı tacirə çevrildi.
Bir müddət hamıdan güclü olduğunu düşünürdü. Günlərin bir günü şəhər hakimi məhəllələrindən ötəndə hamının, hətta tacirlərin ona ehtiram etdiyini gördü. O "Kaş mən də hakim olaydım, o vaxt hamıdan güclü olardım", – deyə öz-özünə düşündü. Elə həmin an da şəhərin iqtidarlı hakiminə çevrildi. Hündür taxtında əyləşdiyi halda hamı ona təzim edirdi. Bu anda hiss etdi ki, günəş şəfəqləri onu narahat edir. Günəşin necə də qüdrətli olmasını düşündü. Ona görə də günəş olmağı arzuladı və o anda da günəşə çevrildi. Bütün gücü ilə yerə şəfəq salıb onu isitməyə çalışırdı. Bir müddətdən sonra böyük bir qara bulud gəlib onun qarşısını aldı. Bu vaxt buludun günəşdən daha güclü olmasını fikirləşdi. Bulud olmaq istədi və elə o anda böyük bulud oldu. Bir az ötdükdən sonra külək onu qovmağa başladı. Bu dəfə külək olmaq istədi və küləyə çevrildi. Lakin böyük bir daş parçası ilə qarşılaşanda onu yerindən tərpədə bilmədi. Öz-özünə fikirləşdi ki, dünyada ən güclü şey böyük daş parçasıdır. Böyük bir daşa çevrildi. Qürurla dayandığı bir vaxtda qəfildən bir səs eşitdi, əzildiyini hiss etdi. Aşağı boylananda bir heykəltaraşın cəkic və mismarla onun köksünü dəldiyini gördü!..
Комментариев нет:
Отправить комментарий