16.01.2012

İnsanlar necə zənginləşir?


Səadət Cahangir

Məşhur “Forbes” jurnalı hər il dünya zənginlərinin siyahısını açıqlayır. Bu siyahıda uzun illər mövqelərini möhkəm saxlayan milyarderlər də var, rəqabətə davam gətirməyib bu sıranı tərk edənlər də, siyahıya hər il əlavə olunan yeni adlar da.
Keçən il açıqlanan siyahıya yenə meksikalı telekommunikasiya lideri Karlos Slim Helu başçılıq edirdi. Onun 74 milyard dollar sərvəti var. Əvvəlki il siyahıda  sərvəti 53,5 milyard olan Helu “kisəsi”ni xeyli şişirdərək, onu 20,5 milyard dollara çatdırmağı bacarıb. Heludan geridə “Microsoft” firmasının qurucusu amerikan Bill Qeyts gəlir. Keçən il zənginlərin sırasına qoşulanların sayı 214-ə çatıb. Bununla  dünyadakı milyarderlərin sayı 1210 nəfər olub.

Milyarderlərin sayına görə birinciliyi yenə Amerika özündə saxlayır. Təbii ki, bu siyahıda söhbət hakimiyyət gücünə və ya başqa qeyri-qanuni yolla çirkli pullar hesabına deyil, normal şərtlər əsasında, öz əməyi sayəsində açıq şəkildə sərvət toplayan iş adamlarından gedir. Bəs o zaman görəsən normal şərtlərdə zənginləşməyin yolu nədir? Tutaq ki, qonşu Türkiyə, Rusiya kimi ölkələrdə milyarderlər siyahısına düşən onlarca şəxs varkən, neft ölkəsi Azərbaycanda niyə olmasın? Məncə, bunun əsas səbəbini hər şeydən öncə ölkədə azad bazara və sahibkarlığa yaradılan mühitdə axtarmaq lazımdır...
Hələ lap qədim zamanlardan azad ticarətin və azad bazarın tərəfdarı olan iqtisadçı alimlər bolluq yaradılmasının ən doğru yolunu monopoliyanın, məhdudiyyətlərin və yüksək vergilərin aradan qaldırılmasında görürdülər. Onlar dönə-dönə vurğulayırdılar ki, məcburi sıxışdırmanın yox edilməsi harmoniya və zənginlik gətirər.
Rəvayətə görə XV Lüdovik bir qrup tacirdən soruşur: “Sizə necə kömək edə bilərəm?” Onlar isə belə cavab verirlər:”Bizə dəyməyin, bizi sərbəst buraxın. Dünya onsuz da öz-özünə idarə olunur.”
Şübhəsiz, iqtisadi azadlıq təbii azadlıqların bir hissəsi olduğuna görə, insanları hər zaman maraqlandırır. Bura insan azadlığının elə bir vacib həlqəsi bağlıdır ki, onunla öz əməyi sayəsində zənginləşən şəxs böyük iqtisadi güc qazanmış olur. Bu güc ona dünya vətəndaşı statusu qazandıraraq, kimsədən asılı olmadan istənilən ölkədə yaşamaq, çalışmaq və sahibkarlıqla məşğul olmaq imkanı verir. Təbii, bir çox rejimlərdə inhisar, ağır vergi yükü və sıxışdırma hesabına insanların biznes fəaliyyətinin və zənginləşməsinin qarşısının alınması da əsassız deyildir. Çünki iqtisadi baxımdan azad olan insanı daha mühüm məsələlər-siyasi hüquqlar, zəngin cəmiyyət, qanunun aliliyi məsələləri  hamıdan artıq düşündürür.
İnsanların şəxsi mülkiyyəti də, heç şübhəsiz,  şəxsi maraq əsasında yaranır. Adam Smit deyirdi ki, insanlar öz şəxsi maraqları naminə istehsal və ticarət apararkən, sanki bir “görünməz əl” onları başqalarına fayda verməyə istiqamətləndirir: “Bir qəssabın, pivə hazırlayanın və ya çörək bişirənin iltifatının deyil, şəxsi maraqlarına münasibətinin nəticəsi kimi öz naharımızı əldə edirik”.
Bu deyimin mənası odur ki, azad sahibkarlığın inkişafı və şəxsi mülkiyyətin artması, əslində, cəmiyyətdəki bütün insanlara fayda qazandırmış olur-həm o sahə ilə məşğul olanlara, həm də onların istehsal etdikləri məhsullardan istifadə edənlərə. Biz yaşadığımız cəmiyyətdə hökumətə yaxın şəxslər tərəfindən monopoliyaya alınmış bazar bahalığı, qiymət artımı, inflyasiya məhrumiyyətləri və yoxsulluq ilə məhz bu prinsiplərin pozulması səbəbindən üzləşirik. Əgər hökumət bütün iqtisadi konturları düşünülmüş şəkildə öz adamlarının cibi istiqamətində cızırsa, böyük müqavilələri və layihələri öz himayəsindəki sahibkarlara “bağışlayırsa” əhalinin güzəranının gündən-günə pisləşməsi qaçılmaz hal alır. Belə rəqabətsiz və qeyri-bərabər mühitdə “Forbes” jurnalına hansı azərbaycanlı milyarderin adı düşə bilər ki?
“Bir qrup səxsin sərvətini oğurlayıb digər şəxslərə verməyə çalışan hökumət sadəcə bütün ölkədə yoxsulluq yaradır.  Təbii ki, yüksək vəzifə ələ keçirmiş və heç vaxt bahalı imarət və avtomaşınlardan korluq çəkməyən şəxslər istisna təşkil edir. Təcavüz və zorakılıq qarşısında ədalətin qorunması dövlətin ümdə vəzifəsi olmalıdır. Əgər dövlətin özü təcavüz və zorakılıq mexanizminə çevrilirsə, demokratiya təhlükə altına düşür”.(T.G.Palmer “Demokratikləşmənin problemləri”)

Комментариев нет:

Отправить комментарий