20.01.2012

Şəhidlər

Bextiyar Hidayet
Bəxtiyar Hidayət

Ucaltdıq ölməzlik saraylarını 
Bu yolda şəhidlər memara döndü
Vətəni ag günə çıxartmaq üçün
Hərəsi bir qara mərmərə döndü

Onların yoluna bir nəzər salın
Keçəndə onların küçələrini
Hələ bığ yerləri tərləməmişdən
Əcəl təri basdı neçələrini

Hərbi qaydaları pozmazdı onlar
Həmişə hər işdə düz olubdular
İndi pozubdular boy sırasını
Ölüm sırasınnan düzülübdülər
 

Arxadan gələnlər bir-biri ilə
Rahat çilingağac oynasın deyə
Əzrayılnan çilingağac oynayıb
Onlar tuş gəldilər qızıl gülləyə

Titrətdilər düşmən ölkələrini
Bircə dəfə titrəmədi dizləri
Mələklər uçanda çiyinlərindən
Çiyinlərdə mələk oldu özləri

Alın yazısını güllələr yazsa
Faciə deyilmiş ömrün azlığı
Onlar getsələr də vaxtsız zamansız
Vaxtlı qazandılar zamansızlığı

Zamansız ömürə zaman neynəsin
Demə ki bu hökmü zaman veribdi
Naməlum qəbirdə yatana bir bax
Yurda adını da qurban veribdi

Foto 20 yanvar 1990-cı ildə çəkilib. Fotoqraf Oktay Məmmədov 20 yanvar hadisələrini çəkən tək-tük fotoreportyorlardan idi. Maraqlı fotodur. Tankların qarşısında insanlar sülh istədiklərini nümayiş etdirirlər. Fotoqraf Oktay Məmmədov özü 2009-cu ildə 20 yanvarda vəfat edib...

Комментариев нет:

Отправить комментарий