26.01.2012

Tənha


Rövşən Yerfi

Tənhalığını duyan yaradıcı dostlarıma ithaf edirəm...

Onu həyatda kimsə sevirdimi?.. Həmişə bu sual ürəyini sıxırdı. Düşünürdü, heç kim... Kimsəyə gərək deyildi. Ona görə də daim özünü dünyada tək, kimsəsiz, tənha sayırdı. Başqa insanlar adətən Tanrını tək sanırdıldar, insanın təkliyinə isə ayrı nəzərlə yanaşırdılar. Onun aləmində o da tək idi. Tam əmin idi ki, dünyanın bu zamanında, bu adda, bu şəkildə, bu taledə - heç yerdə onun təkrarı, ikincisi yoxdu. Oxşarı, bənzəri ola bilərdi, ancaq eynisi yox... Ola bilməzdi! Onun barmaqlarındakı izlərdən kimdəsə eynisi ola bilərdimi?..

O da Tanrı kimi tək idi. Üstəlik həm də tənha... Tanrının doğmaları, yaxınları olmasa da, əlində sonu bilinməyən kainatı, ildən-ilə törəyib artan bəndəsi vardı. Onun kimi var idi?!

Dünyanı anlamağa başlayanda tənhalığın daşını atmaq üçün eşqə düşdü. Sevdi. Evləndi. Yaşlandıqca düşündü: görən doğrudanmı seçdiyi, sevdiyi qadını da onu sevir?

Ilk vaxtlar hiss etməsə də, sonralar başa düşdü ki, həyat yoldaşı əslində onu yox, özünü sevir. Onu da özünə görə sevir. Nə yaxşı ki, şeytan başqa qadın qiyafəsində onun qəlbinə yol tapa bilməmişdi. Tapan günü sevimli qadını dönüb barışmaz düşməni olacaqdı...

Hiss edirdi ki, qardaşları, bacıları, qohumları, dost-tanışları, hamısı adamı əsasən öz xeyirlərinə görə istəyirlər, salam verirdilər. Nə vaxt birinə ziyanlığın dəysə idi, səni görməyə gözləri olmayacaqdı.

Böyük qardaş onu ən çox qulluğa göndərmək üçün sevirdi. Kiçik qardaşı ömür boyu qayğı, kömək ummağa, işi çətinliyə düşəndə isə özü geri çəkilib, onu irəli vermək üçün sevirdi. Bacıları da vaxtlı vaxtında mollaya gedib, onun əlini üstlərindən çəkməməsinə görə yoldaşının dilini-ağzını bağlamaq üçün dua yazdırırdılar.

Atası isə daim onu danlamaq, ata olmasını xatırladıb, övlad borcunu tələb etmək üçün sevirdi. Uşaqları da sevmirdi onu. Ancaq pula ehtiyacları olandan-olana yadlarına düşürdü.

Ailənin istər içi, istərsə də çölü, fərqi yox idi. Bir az çox, bir az az, hamısı daxilən bir-birinə oxşayırdı. Fikirləşdikcə heyrətlənirdi: Bu dünya, bu insanlar necə də riyakar idilər. Saxtalıq mənəviyyatı iflic etmişdi. Hərə ilk növbədə özünü, öz xeyrini güdürdü.. Öz xeyirlərini yaratmaq, qorumaq, artırmaq naminə bir-birindən alət, vasitə kimi istifadə etməyə çalışırdılar. Kimsə yox idi, onu heç nəsiz, təmənnasız istəsin, sevsin. Təkcə anası belə sevə bilərdi. O da erkən bu mənfur dünyanın üzündən canını qurtarıb getməsəydi...

Heç Tanrı da onu dünyada boş yerə, məqsədsiz, istifadəsiz saxlamırdı. O da bəndələrinə oxşayırdı, qara qaşına aşiq olmamışdı. Bir gün alnına yazılan yazı bitəndə , cismini gərəksiz əşya kimi torpağa basdırdıb, ruhunu alıb aparacaqdı. Yəqin, yalnız o zaman Tanrının zərrəsinə çevrilib tənhalıqdan qurtulacaqdı.

Bəs o özü kimi isə təmənnasız sevirdimi?! Ömrünü, canını istəsələr, kiməsə qurban verərdimi? Bu çətin sualların cavabını tapmaq asan deyildi. Cavab axtardıqca dəhşətə gəlirdi: Həyat eybəcər, acı olduğu qədər də gözəl və şirin idi. Belə bir müdhiş seçim anında Tanrının müdaxiləsi olmazsa, öz ağlı, istəyi ilə heç kimə özünü fəda etməzdi. Çünki o da insan idi! Əti, qanı, xisləti onlar - ətrafındakılar kimi olan, onlardan elə də ciddi fərqlənməyən varlıq! Lakin , sadəcə qəlbini Tanrıdan ayrı düşən, tənha güman edən insan...

Əzablıydı, ağır idi dünyada tənha yaşamaq. Özlərini sevənlər arasında, kimsəni sevmədən yaşamaq məşəqqətli idi. Məcbur idi qanuniləşmiş, həyat norması olmuş ikiüzlülüyə alışmağa, ikili həyat sürməyə. Xaricdən o, xoşbəxt görünürdü. Guya hər şey qaydasında idi. Dünyanın saxtalıqlarını duyan daxili isə tənha idi. Niyə belə idi?! Niyə Tanrı onu belə yaratmışdı? Bu idimi yaşamaq? Bu idimi ona verilən həyat? Anlaya bilmirdi... Bəlkə də elə bu anlamaq, həyatı, dünyanı hamıdan fərqli tərzdə dərk etmək istəyi, eşqi idi onu yaşadan! Inanırdı ki, heç nə olmasa da, təkcə bu eşq onu Tanrının məsləhət bildiyi an tənhalığın cazibəsindən ayıracaqdı...

Amma hələ ki, o, tənha idi... Bəzən ətrafından, dünyanın səksəkəsindən bezib, yorulub sakit bir yerdə tənhalığına qapılıb dincəlmək itstəyirdi. Yaxın, uzaq insanlardan kənarlaşıb, aralanıb qaçırdı kimsəsizliyə.

"Işim var" bəhanəsiylə otağının qapısını bərk-bərk bağlayıb, saatlarla tənhalığının keşiyini çəkirdi. Yalnız bir halda - ürəyəyatımlı, həzin musiqini eşidəndə özünü unudurdu. Elə bil nəşələnib tərki-dünya olurdu. Kənardan belə hərəkətlərini görənlər onu anormal, kimlərsə "ağıllı dəli" sayırdılar. Nə hesab edirlər etsinlər, o, tənhalığını dəyişməyəcək, atmayacaqdı!..

Illər keçdikcə, yaş ötdükcə əzizləri, yaxınları bir-bir dünyadan köçdükcə, onun xətrini istəyənlərin, eyni zamanda istədiklərinin sayı azalır, tənhalığı rəsmiləşirdi...

Tanrı onun ağlı kəsəndən bəri hamıdan daxilində gizlətdiyi qayğısını aləmə faş edirdi...

Комментариев нет:

Отправить комментарий