29.07.2012

Məmməd Səid Ordubadinin Bayıl həbsxanası və Bakı qoçuları barədə xatiratı

"Qoçular mənə qəzet oxutdururdu"


Məmməd Səid Ordubadi klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olmaqla yanaşı, maraqlı və ziddiyyətli ömür sürən, XX əsr Azərbaycan ictimai-siyasi tariximizdə fəal rol oynayan şəxsiyyətdir. "Söz odası"nın ötən sayında onun qəddar türk düşməni Androniklə müsahibəsini dərc etmişdik. Bu dəfə isə M.S.Ordubadinin Bayıl həbsxanasında həyatı və Bakı qoçuları ilə bağlı xatirəsinin bir hissəsini oxucuların diqqətinə çatdırırıq. Xatırladaq ki, oxuculara təqdim olunan bu xatirat da müəllifin "Həyatım, mühitim" adlı kitabından götürülüb.

   Axşam lampaları, su altında uyumuş sabah yeli şəhərin tərli çöhrəsinə işıq saçırkən biz Bakı bulvarının qarşısında idik. Yeni əkilmiş nazik ağacların titrək kölgəsində Bakı varlılarının qalın və nahamvar kölgələri bir-birinə toxunurdu.
   Biz həbsxanaya yetişdikdə hava artıq tamamilə qaranlıqlamışdı. Bizi sayıb içəri buraxdılar. Mən salındığım odada bir yəhudi, bir də rus var idi. Bunlar rus-yəhudi ixtilafı haqqında danışırdılar. Söhbətləri qızışmışdı. Mən şeylərimi qoyub oturmuşdum. Qalxmağa, hətta yıxanmağa taqətim yox idi. Çox yorğun idim. Stansiyadan Bayıl həbsxanasına qədər ağır şeylərimi daşımağa məcbur olmuşduq. Araba verməmişdilər. Odanın döşəməsi taxta idi. Yer də quru idi. Odadakıların söhbəti daha da qızışdı. Bunlar yüz ildən bəri çar Rusiyasında hökm sürmüş yəhudi məsələsini həbsxanada həll etməyə tələsirdilər. Onlar danışdıqca sözləri bir vuruşmaya qədər varıb çıxdıqda mənə müraciətlə: "Siz də doğrusunu deyiniz. Belə deyilmi?" - deyib soruşurdular. Mənim cavab verməyə vaxtım yox idi. Gözüm, qulağım onlarda olsa da, fikrim, düşüncəm tamamilə başqa tərəfdə idi. Bu söhbətdə qapının bacasından uzun bir papağın içəri soxulduğunu gördüm. Papaq bütün bacanı qapadığından səs sahibinin üzünü görmək mümkün deyildi. Səslədi:
   - Burada neçə müsəlman vardır?
   Mən:
   - Yalnız bircə nəfərdir, - deyə cavabını verdim. Papaq çəkildi. Odada söhbət edənlər yenə də sakit olmamışdılar. Az sonra həmin papaq sahibi əlində böyük bir podnos içəri girdi. Podnosu mənim yanımda yerə qoydu:  
   - Bunu sizin üçün Kəblə Ağakərim göndərdi, - dedikdə mən ona cavabla:
   - Mənim hər bir şeyim vardır. Bu zəhmətə heç razı deyiləm, - dedim. Papaq sahibi qaş-qabağını turşudub mənə təəccüblə baxdı:
   - Yox, elə etməyin. Qəbul etməsəniz Kəblə Ağakərim inciyər.
   - Kəblə Ağakərim kimdir?
   - Təəccübdür, bütün dünyada Qoçu Kəblə Ağakərim məşhur ola-ola, siz onu tanımırsınız?
   Mən ona tanıdığımı söylədim. Çox razılıq etdim. O yenə də sözünə davam edərək:
   - Kəblə Ağakərim buyurdu ki, yenə də hər nəyə ehtiyacı varsa, xəbər versin, - dedi.
   - Bu qədər kifayətdir. Tək adamam. Çox zəhmət çəkib. Məndən ona salam söylə.
   Papaq sahibi getdi. Açarçı qapını bağladı. Yəhudi ilə rus Ağakərim qoçu ilə Teymur bəyi bir-birinə tərif etdilər. Mən iki məşhur Bakı qoçusunun həbsxanada olduğunu anladım. Taleyimin təsadüf yaratdığından təəccübləndim. Məni istər Əhməd bəy Ağayev, istərsə Haşım bəy Vəzirov qəzetdə işləmək üçün bir neçə kərə Bakıya dəvət etmişdilər. Fəqət, mən qoçuların qorxusundan Bakıya gəlməmişdim. İndi isə bunlarla bir damın altında yaşayıram.
   Ac idim. Yeyib yatmalı idim. Ayağa qalxıb yıxanmaq istədikdə oda arkadaşlarım əlimə su tökmək üstündə bir-birinə macal vermirdilər. Yıxandım. Yerimi açdım. Adyal və balışım var idi. Şeylərimi balışın altına qoydum. Bu, həbsxananın ümumi adətlərindəndir. Podnosu aralığa çəkdim. Odadakılar çox həris və iştahalı bir surətdə podnosa və mənə baxırdılar. Onlara pay verib-verməyəcəyim barəsində bir şey öyrənmək istəyirdilər. Mən əvvəlcə podnosu gözdən keçirdim. Üç dənə yağlı və qalın çörək, beş girvənkəlik doğranmış şəkər, çay, üz dəsmalı, sabun, şit yağ, pendir, papiros, diş poroşoku və diş şotkası idi. Burada mənim üçün ən qiymətli şey bir çaynik isti çaydan ibarət idi. Sonra dönüb arkadaşlara baxdım. Onların ağzıma dikilmiş göz bəbəkləri titrəyirdi. Bir kərə:
   - Buyurun görək! - dedim.
   Onlar inanmadılar. Bir də təklif etdim:
   - Gəlin çay isti ikən için! - dedikdə şad bir surətdə irəli gəldilər. Stəkan bir idi. Onların dəmir qabları var idi. Şəkər salıb, şirin çay qayırdılar. Şam yeməyi bitdi. Bir az da qaldı. Onlar: "Bu da səhər sizə yetər", - deyə razılıq edib süfrədən çəkildilər. Podnosu aralıqdan təzə götürmüşdük. Mən yol paltarlarımı dəyişib, təmiz kostyum geyindim. Yaxalığımı da bağlamışdım. Odada dolaşırdım. Qapının pəncərəsinə bir nəfər yanaşdı. Arkadaşlarım bunu görən kimi birdən: "Kəblə Ağakərim!" - dedilər. Kəblə Ağakərim salam verdi. Kefimi, haradan gəldiyimi, hara göndərildiyimi təfsilən soruşdu. Mən də olduğu kimi söylədim. Nə iş sahibi olduğumu ən axırda xəbər aldı. O, bir az düşündü:
   - Eşitmişəm, qəzetlərdə də oxumuşam. Təəssüf edirəm ki, sizinlə həbsxanada görüşdük. Fikir etməyin, bu müharibə uzun çəkməz. Bizi də Teymur bəylə bir yerdə həbs etmişlər. Kefini pozma. Hələlik rahat ol. Sabah görüşəcəyik. Təfsilən söhbət eyləyərik, - deyib getdi.  
   Mən onun dalınca çox təəccüblə baxdım. Öz-özümə: "Əcəba, bu qoçudurmu?" - deyə düşündüm. Mən bunları öyrənmək üçün artıq dərəcədə maraqlanırdım.
   Yatmaq vaxtı idi. Arkadaşlarım da, mən də soyunduq. Hər kəs şalvarını ütüləmək üçün döşəməyə açıb yerini onun üstündən döşədi. Başqa şeyləri də meşoka qoyub başımın altında yerləşdirdim. Mənzil yoldaşlarımın heç birisi rahat ola bilmirdi. Çox rahat yatdım. Səhər tezdən ayıldım. Vaxtında qalxmağı gözləyirdim. Zəng vuruldu. Yəhudi hamıdan əvvəl paltarlarını geyindi. O tərəf-bu tərəfə dolaşıb, ağzını pəncərədən Kaspi dənizinə tutub bir kərə ucadan oxudu: "Mərhəmət qıl mənim qiymətli dostum,/ Mənim qaranlıq həyatıma işıq ver!" Mahnının sözlərini rusca oxudu. Rus arkadaşım isə bunun cavabında: "Binyansın namazı bitdi!" - söyləyərək güldü. Onların hər ikisi gənc idi və hər ikisi də eşq macərası nəticəsində həbs edilib öz yerlərinə sürgün edilirdilər. Yəhudi arkadaşım öz macərasını belə təsvir edirdi:
   - Daşkənddə yaşayırdım. Əndincanda böyük mülkədarlardan Hasan bəyin qızı Teyyibə ilə sevişmişdik. Qızın atası da izdivacımıza mane deyildi. Mən yəhudi olduğumu gizlətmişdim. Özümü Şimali Qafqazdan çərkəz Məhəmməd kimi təqdim etmişdim. Türküstanlılar, ümumiyyətlə, Dağıstan müsəlmanlarına çox ehtiram bəsləyirlər. Mən hörmətdən istifadə edirdim. Düşmənlərim mənə həsəd apardılar. Dəşkənddə həbsə alındım. Hasan bəy məni xilas etmək üçün gəldi. Vəsiqələrimi yoxladıqda yəhudi olduğum meydana çıxdı. Hasan bəy çox acıqlandı. Sürgün edilməyimə o dəxi yardım etdi. Lakin bilirəm ki, yəhudi olduğum üçün Teyyibə mənə olan sevgisini heç vaxt dəyişməz.
   Yəhudi arkadaşım öz macərasını bitirdi. Rus gənci isə çox uzun danışmadı:
   - Toyuma ikicə gün qalırdı. Həbs edilmişəm. Kazlov quberniyasına göndərirlər, - dedi.
   Yenə də bizim üçün səhər yeməyi və çay gətirdilər. Yedik, içdik. Süfrə götürülmədən Türküstandan yeni yatab gəldi. Odamıza bir çox özbək məhbuslarla bir nəfər də cibkəsən və adamsoyan gətirdilər. Adına Knyaz deyirdilər. O, Binyansı (yəhudini) görən kimi tanıdı: "Zalımın gözəl əli vardır. Gözdən kipriyi oğurlayırdı", - deyə Binyansın məşhur cibkəsən olduğunu söylədi. Bir-iki saatdan sonra bir nəfər də qubalı qolçomaq gətirdilər. Qolçomağın qoyun itini qonşu kəndin qolçomağı öldürmüşdür. Bu isə itin əvəzində iki nəfər adam öldürmüşdü. O bu işdə çox para sərf etdiyini və bunun əvəzində həbs cəzasından qurtardığını söyləyirdi. Vuruşmaya əl davası adını verib qatilin cəzasını yüngülləşdirmişdilər. Fəqət, qatili Qafqazdan bir neçə müddətə sürgün edirdilər. O özündən şeirlər də oxuyurdu. Lakin xoşa gələn təbi yox idi. Çox oxuyurdu. Nəhayət, cibkəsən Knyaz onun üstünə qışqırdı. Sakit olmasını tapşırdı. O yenicə susmuşdu ki, Ağakərim qapını açdırıb mənim görüşümə gəldi. Odanın darısqallığını görüb müdiri çağırdı. Məni öz yanlarına köçürməyi müdirə tapşırdı. Müdirə gəldikdə, o, bu gün olmasa da, sabah yatab gedəcəyimi və məni Rostov həbsxanasına yola salacağını xəbər verdi. Ağakərim yenə də təkrar olaraq ona tapşırdı: "Əgər sabah göndərilməzsə, bizim yanımıza gətirməlisən". Müdir bu təklifi kamal-ehtiramla qəbul etdi. Mən Rostova getməyə tələsirdim. Çünki Rostovdan sonra Saritsına buraxılacaqdım. Bununla bərabər, qoçuların həyatını da öyrənməklə maraqlanırdım. Xüsusən onların həbsxana içərisindəki nüfuzu və həbsxana işçilərinin onlara bu qədər qorxa-qorxa yanaşması məni maraqlandıracaq işlərdən idi.
   İkinci gün axşam vaxtı yatab gedəcəyi bəlli oldu. Şeylərimizi götürüb həyətdə düzüldük. Bir-bir səslədilər. Adları səslənən adamlar şeylərini götürüb bir tərəfə keçdilər. Hamının adını oxuyub qurtardılar. Məni səsləyən olmadı. Polislər dəftərləri yığışdırıb getdikcə mən onlara yanaşaraq qalmağımın səbəbini soruşdum.
   - Rostov həbsxanasına məhbus qəbul etmirlər. Çünki orada tif xəstəliyi vardır, - dedilər. Məni yenə də odaya qaytardılar. Lampa da xarab olmuşdu. Çox qaranlıq idi. Burada nəfəsindən bir nəfər olduğunu bildim. Nə o danışırdı, nə də mən. Bir-birimizin hansı millətdən olduğunu bilmirdik. Şeyləri qoyub oturmuşduq. Odada olan adam birdən ah çəkərək: "Ey gözəgörünməz Tanrı!" - dedikdə onun türk olduğunu bildim. Həsən kişi adlı qoca bir türk idi. Türkiyənin Qara dəniz sahilində olan Rizə şəhərindən idi. Batumda çörəkçi dükanı olduğundan, tutub Rusiyaya sürgün edirdilər. Bir-birimizin üzünü görmədən, oturub yemək yedik, uzandıq. Lakin yuxu aparmırdı. Gecə saat 3-ə qədər danışdıq. Səhər tezdən hələ çay içilməmişdi. Həbsxananın müdir müavini gəlib məni qoçular olan mənzilə köçürdü.
 
   Qoçular odasında  
 
   Mən içəri girəndə Ağakərim odanı dolaşır, Teymur bəy isə əlindəki ağ dəsmalı ilə eynəyinin şüşələrini təmizləyirdi. Ağakərim: 
   - Xoş gəlmişsiniz, səfa gətiribsiniz. Kefiniz necədir? - deyə əlimi sıxdı.  
   Teymur bəy Aşurbəyov isə eynəyini taxıb mənim boy-buxunuma diqqətlə baxdıqdan sonra qalxdı və əlimi sıxdı. Onların qulluqçusu Məhərrəm mənim şeylərimi gətirib odanın bir tərəfində qoydu. Teymur bəylə tanış olduq. Onlar hələ səhər çayını içməmişdilər. Məni gözləyirmişlər. Çayı içdik. Mən bunlarla söhbəti haradan başlayacağımı bir növ təyin edə bilmirdim. Ağakərim sözün başını tez-tez Ordubad, Naxçıvan tərəflərə çevirir və:
   - Orada igid ceyillər vardır, - deyirdi. Bununla da mən onlara öz tərəfimizdə olan qoçulardan danışmalı idim. Mən onlara ancaq bu sözləri deyirdim:  
   - Bizim tərəflərdə sizin adınız yaxşılıqla məşhurdur. Hətta bir çox igid adamlar sizi görməyin həsrətindədirlər. 
   Mən sözümü qurtararkən Teymur bəy özünü bir düzəltdi:
   - Yeriniz böyük yerdirmi? 
   - O qədər də böyük deyildir. Fəqət, igid və varlı adamlar çoxdur, - dedim. O, fikrə getdi. Daha bir söz danışmadı.
   Ağakərim Məhərrəmi çağırdı və tapşırdı:  
   - Get müdirə xəbər ver ki, təzə qonaq üçün hamam hazır etdirsin.  
   Yarım saatdan sonra müdir müavini özü gəlib hamam hazır olduğunu xəbər verdi. Ağakərim mənə alt paltarları təklif etdi. Heç bir şey qəbul etmədim. Çünki hər bir şeyim var idi. Məhərrəm məni hamama yola saldı. Həbsxanada cansürtən və dəllək olduğunu xəbər verdi. Bakı qoçularının hökmü altında olan həbsxanada bu qədər isti və təmiz hamam olduğunu heç də zənn etmirdim. Mən hamamdan çıxdım. Məhərrəm məni tez geyinməyə tələsdirirdi. Çünki qoçular səhər yeməyi yeyəcəkdilər. Yemək bayırdan gətirilmişdi. Çilov və kabab yedilər. Mən bilmədiyim səbəblərə görə onlar tez-tez Məhərrəmi çağırıb soruşurdular:   
   - Hələ qəzetlər gəlmədimi?   
   Məhərrəm isə qorxa-qorxa:   
   - Xeyr, hələ gətirməmişlər, - deyirdi.
   Onlar qəzet haqqında hər gün bu qərarla tələsirdilər.Səhər yeməyi bitdikdən sonra bir stəkan çay içib bayıra çıxdıq. Bunları rus, müsəlman, erməni - hər kəs görürdüsə, ikiqat olub baş əyirdi. Onlar bəzilərinin kefini xəbər alırdılar. Bəzilərindən isə nəyə ehtiyacları olduğunu soruşurdular. Məhbuslardan bəziləri onlara yalvarıb, qohumlarının görüşə gəlməsinə icazə istəyirdilər. Onlar isə bu barədə həbsxana müdirinə əmr verirdilər. Mən bu iki qoçunun əlində alət olan çar məhbəsinin vəziyyətinə və çar polisinin qayət qorxaq və yaltaq olduğunu təəccüb edirdim. Biz həbsxana kilsəsinin həyətinə gəldik. Həyətdə məhbuslara gül və sair şeylər əkdirirdilər. Saat 3-ə qədər gəzib dolaşdıq. Ağakərim tez-tez o tərəf-bu tərəfə yüyürürdü. Dediyinə görə, doktorlar belə məsləhət görmüşdü. Çünki ürəyi getdikcə yağlanırmış. Biz odaya qayıtdıqda qəzetlər gəlmişdi. Qəzetləri götürüb baxdılar. Heç birisi yaxşı oxuya bilmirdi. Oxumağı mənə təklif etdilər. Onlar əvvəlcə Bakı xəbərlərini və hadisələrini oxumağı tapşırdılar. Oxudum.Teymur bəy çox acıqlı və çox da məyus bir surətdə Ağakərimə müraciət etdi.   
   - Sənə yüz dəfə demişəm ki, onların qeyrəti yoxdur. Onlar bizsiz bir pişiyi də vura bilməzlər. Onlar boş oğraşlardır, - dedi. Ağakərim isə:   
   - Teymur bəy, biz bu hasarın içində oturmuşuq. Eşiyin işindən xəbərimiz yoxdur. Uşaqları məzəmmət etmək olmaz. Bəlkə də, fürsət olmur.
   Mən Bakıya qədər həbsxana xatiratını yazmışdım. Bakı həbsxanasında tərtibə salmağa başladım. Qoçular bununla çox maraqlanırdılar. Mən onlara parça-parça oxuyurdum. Onlar hər gün nahardan sonra məni oxumağa məcbur edirdilər. Onlar Naxçıvan və Tiflis həbsxanasındakı xatiratı eşitdikdə mənim bu işlər ilə nə üçün maraqlandığımı soruşdular. Mən isə:
   - Bir vaxt bu xatiratı kitab şəklində çap etdirəcəyəm. Bunu hər kəs oxuyub çar hökumətinin nə qədər həyasız və zalım bir hökumət olduğunu anlayacaqdır, - dedim. Ağakərim bir az düşündü:  
   - Hərgah bu cür şeyləri çap etdirməyə qoymasalar, necə olacaq? - dedi.  
   - İndi qoymasalar da, bir vaxt buna imkan tapılar - dedim. Teymur bəy güldü:
   - Mirzə! Demək, bizim də adımız kitaba düşəcəkdir, - deyərək əlini çiynimə vurdu.
   - Əlbəttə, düşəcəkdir. Sizin mənə qarşı olan hörmətinizi unutmuş olsam, xəyanət etmiş olaram, - söylədim. Bunu təsdiq etmək üçün Ağakərim:
   - Bir yaxşılıq, bir də yamanlıq yaddan çıxmaz, - deməklə biz söhbəti dəyişdik.


sherg.az

Комментариев нет:

Отправить комментарий